Ana Sayfa > Yazar1 > Tək ağac

Tək ağac


27-05-2019, 11:18. Yazar: sevinc1
Tək ağac




Şəcahan Gün

Meşənin ortasında, talada Tək bir ağac ucalırdı. Bu Tək ağacın ətrafında çoxlu cavan pöhrələr, eyni zamanda illəri yola salmış qoca palıd ağacları vardı. Tək ağacın da yaşı az deyildi. Neçə illərdir ki, bu meşənin sakinidir və bu meşədə baş verən bütün hadisələri diqqətlə müşahidə edir. Soyuqda, istidə meşədəki bütün ağaclar bir – birinə həyan olurdu. Güclü külək əsəndə də ağaclar bir – birinə sığınar, küləkdən qorunardılar. Təkcə Tək ağacdan başqa. Bütün ətrafındakılara baxmayaraq, Tək ağaca belə gəlirdi ki, o, həmişə təkdir və bütün çətinliklərə də tək sinə gərməlidir.

Meşənin də öz musiqisi var. Bu musiqi bəlkə də ən dahi bəstəkarların belə yarada bilməyəcəyi bir musiqidir. Tək ağacın xəyalları hər gecə bu nəğmənin içərisində itib batırdı...

O, çox hadisələrin şahidi olmuşdu...

Yenə də meşəyə yanında uzunqulağı və iti olan qoca bir kişi gəldi. Tək ağac bu kişini çoxdan tanıyırdı və nədənsə bu qoca kişi meşəyə gələndə narahatlıq əvəzinə rahatlıq duyurdu.

Elə bil itlə qoca kişi arasında bir oxsarlıq vardı. İt də bu kişi kimi qoca idi və onun kimi asta – asta yeriyirdi. Kişi hər dəfə meşəyə gələndə ağaclara diqqətlə baxa-baxa bütün meşəni gəzir, sonra meşənin harasındasa balta səsi eşidilir. Tək ağac bilirdi ki, bu, həmin qoca kişidir. Meşədəki quru ağacları tapır və onları kəsib özünə qış tədarükü görür.

Bir dəfə də meşəyə iki gənc daxil oldu. Onlar gəlib bir ulas ağacının altında oturdular. Qız başını oğlanın dizinin üstünə qoyub ağlayırdı. Oğlan isə ona təskinlik verirdi ki, ağlama, hər şey yaxşı olacaq. Mən həmişə sənin yanında olacam, səni qoruyacam. Qız da oğlanın bu gözəl sözlərinə qulaq asa-asa xəyallara dalmışdı. Elə bu zaman meşəyə səs-küy düşdü. Adamlar bir – birinə qarışaraq nə isə axtarırdılar.V ə onlara tamaşa edən Tək ağaca belə gəlirdi ki, bu adamlar özlərini lap itiriblər. Nə etdiklərini, nə danışdıqlarını heç özləri də bilmirlər. Ona belə gəldi ki, insanların ancaq geyimləri dəyişib, xislətləri elə yüz illər bundan əvvəlki kimidir...

Adamlar meşədə çox vurnuxub axırda bu iki gənci tapdılar. Onlar kötəklə oğlanı yaxşıca əzişdirib, qızı da qabaqlarına qatıb apardılar. Sonra meşəyə uzun müddət sakitlik çokdü. İnsanların səs- küyündən qorxan quşlar pərən- pərən olmuş, heyvanların da bəziləri yuvalarına girib gizlənmiş, bəziləri isə qaçıb uzaqlaşmışdılar.

Ağacın altında sərilib qalmış gənc xeyli sonra özünə gəldi və sürünə- sürünə hansısa səmtə tərəf gedərək gözdən itdi.

Səhər açılmışdı. Ağaclar dayanmadan sübhədək işləmişdilər. Son zamanlar onların işi lap çətinləşmişdi. Çünki insanlar get – gedə havanı daha da çox çirkləndirirdilər. Zavodların borusundan çıxan tüstüləri, maşınların atmosferə buraxdığı zəhərli qazları təmizəmək asan deyildi.

Ağaclar bir azca dincəlmək istəyirdilər. Quşlar həvəslə balalarını yedizdirirdilər. Qoca ağacların ətrafında cucərən xəzəz ətrafa xüsusi bir gözəllik verirdi. Elə bil ağacların dibinə yaşıl xalça sərilmişdi. Meşənin sakinləri açılan xoşbəxt bir səhərin şirinliyini yaşayırdılar.

Səhərin gözü açılmamış əlində mişar bir kişi meşəyə daxil oldu. Tək ağacın canına üşütmə düşdü. Bildi ki, insan meşəyə elə - belə gəlməz. Nə isə bir xoşagəlməz niyyəti var...

Elə də oldu. Çox keçmədi mişarın uğultusu bütün mesəni başına götürdü. Ağacların iniltisi bir – birinə qarışdı. Meşəni bir matəm ab – havası bürüdü. İnsan cavanına , qocasına, yaşına, qurusuna baxmadan ağacları mişarlayırdı. Məkanları dağılmış quşlar nalə çəkirdilər. Özlərini dağılıb yerə tökülmüş yuvalarına, yerdə çabalayan balalarına çırpmaqdan başqa əllərindən bir şey gəlmirdi. Yenə də heyvanlar pərən – pərən düşdülər, harada gizlənəcəklərini bilmədən, üzlərini tanımadığı səmtə tutub qaçırdılar.

Tək ağac düşünürdü: “Görəsən insanlar nə vaxt başa düşəcəklər ki, onlar təbiətlə bərabər özlərini də məhv edirlər. Zaman gələcək onlar bir ovuc bulaq suyuna, bir udum təmiz havaya möhtac qalacaqlar. Amma imdadlarına çatan kimsə tapılmayacaq. Özləri də məhv etdikləri təbiətin qurbanına çevriləcəklər. Təbiət ona edilən haqsızlığı bağışlamır. Təbiətin cavabı çox amansız olur. İnsanın ona qarsı çıxmağa nə gücü, nə də iradəsi çatar”.

Xəyallarından onu yenə də meşəni alt – üst edən səs – küy ayıltdı.

Yenə insan... kimlərsə ucadan danışırdılar. Tək ağac diqqətlə fikir verib gördü ki, bu, bir dəstə gəncdir .

Bir azdan onlar ocaq qaladılar. Kababın tüstüsü meşəni bürüdü. Tək ağacın altında süfrə açdılar. Yeyib – içməyə başladılar. Hamısı da çox ucadan danışırdı. Ağız deyəni qulaq eşitmirdi. Tək ağac səbirsizliklə insanların meşəni tərk edəcəyi anı göləyirdi. Onlar isə deyəsən tələsmirdilər. Yeyib- içdikdən sonra siqaret çəkməyə başladılar. Və siqaretin kötüyünü də hara gəldi atırdılar. Tək ağacın ürəyi döyünürdü. Meşəyə yanğın düşəcəyindən

qorxurdu. Sonra insanlar boş butulkaları, süfrədən qalan artıq – urtuğu da ağacın dibinə töküb çıxıb getdilər. Onların getməsi Tək ağacı sevindirsə də, özlərindən sonra qoyub getdikləri onu narahat edirdi. Bilirdi ki, bu töküntülər meşəyə çox zərər vuracaq...Tək ağac yenə də düşünürdü ki, insanların insan olmasına hələ çox zaman var...

Meşədə bir necə vaxt sakitlik hökm sürdü. Yenə də quşlar oxuyur , heyvanlar öz heyvan həyatlarını yaşayırdılar. Ilin elə vaxtı idi ki, meşənin sakinləri yenicə dünyaya gətirdikləri balalarını böyütməklə məşğul idilər. Ayı da öz balalarına ayı olmağın sirlərini - ov ovlamaq, ağaca şıxmaq, və s. bildiklərinin hamısını , səbirlə balalarına başa salırdı. Ayı balalarını yedizdirəndən sonra ağacın altında uzanır, balalar da analarının ətrafında xoşbəxtcəsinə oynayırdılar. Onların dünyaya gəldiyi cəmi üç ay olsa da, bu zaman ərzində xeyli böyümüşdülər.

Tək ağaca belə gəldi ki, qulağına güllə səsi gəldi. Bir də diqqətlə dinləməyə basladı. Gözü görüncəyə qədər meşəni müşahidə etdi. Elə bu zaman ana ayının zarıltısı eşidildi. Yenə də meşəyə insan gəlmişdi...

İnsan ana ayını vurmuşdu. İnsanın sevinci yerə- göyə sığmırdı. Oxuya-oxuya ayının dərisini soyurdu ki, aparıb baha qiymətə satsin. Tək ağac baxıb gördü ki, ayının balaları insandan qorxub onun koğusunda gizləniblər. İnsan ayının balalarını da axtardı, amma tapa bilməyib, soyduğu dərini çiyninə atıb meşəni tərk etdi. Güllə səsindən qorxan ayı balaları xeyli vaxt koğuşdan çıxmadılar. İnsanın meşəni tərk etdiyinə tam əmin olduqdan sonra koğuşdan çıxıb analarının dərisi soyulmuş cəsədinə yaxınlaşdılar. Və onun başına fırlanmağa başladılar. Analarının niyə bu günə düşdüyünü anlamayan balalar, onu yalayırdılar, ayağa qalxacağına inanaraq, ona yardım etmək üçün əllərindən gələni edirdilər. Sonra ayı balaları yoruldular, bir qədər zarıdılar, nəmli gözlərlə analarının yanında uzanıb yatdılar. Artıq analarının qalxacağına ümidlərini itirərək, özlərinə yem axtarmaq üçün meşəni gəzməyə başladılar. Nə qədər axtardılar, yeməyə bir şey tapa bilmədilər. Nəhayət insanların ağacın dibinə atıb getdikləri töküntünü yemyə başladılar. Başqa əlacları yox idi, ov etməyi hələ bacarmayan körpələr əllərinə nə keçdisə yedilər, ac olduqlarından boş plastik butulkaları da uddular. Tək ağac hıçqırtıyla ağlayırdı...

Ayı balalarının acınacaqlı taleyi onun qəlbini param – parça etmişdi. “Axı , onların nə günahı vardı? Əgər Yer kürəsində Tanrı heyvanları da yaradıbsa, deməli heyvanların da insanlar qədər yaşamaq haqları var. Niyə insan bunu anlamır? Niyə insan bu qədər qəddardır...”

Tək ağac bilirdi ki, sahibsiz qalan balalar çox da yaşaya bilməyəcəklər. Elə də oldu. Bir neçə gün keçdi. Bir səhər Tək ağac gördü ki, meşəni milçəklərin vızıltısı başına götürüb. Ətrafa nəzər saldıqda, ayı balalarının axşamdan kolların arasında düşüb qalan cəsədlərini gördü.

“Tanrı insanı bu işlər üçünmü yaratdı? Bir gün elədiklərinin qat – qat artıqlığı ilə özünə qayıdacağını bilirsənmi, ey insan! - bumeranqdır bu həyat” – Tək ağac düşünürdü...

Tək ağac öz meşəsini çox sevirdi. Bu meşədə baş verən hər bir hadisə onun ürəyindən keçirdi. Meşəsinin kiçik böcəyindən tutmuş , qoca palıd ağacına kimi ona dəyərli idi.

Bir gün yenə meşəyə beli bir az da bükülmüş həmin qoca kişi iti ilə birgə yenidən gəldi.

Əlində nə isə tutmuşdu. Tək ağac fikir verib gördü ki, kişi meşəni gəzir və nə isə qeydlər edir. Sonra kişi itini də götürüb yoxa çıxdı.

Bir neçə gün keçdi. Tək ağc gördü ki, bu qoca kişi qoltuğunda ağac tingəri ilə meşəni gəzir və harada kəsilmiş ağac varsa ora cavan tinglər əkir. Tək ağac dərindən nəfəs aldı. Ona belə gəldi ki,o, daha özünü tək hiss etməyəcək...
Geri dön