Ana Sayfa > Siyasət > “Zelenski Moskva ilə danışıqlara hazırdır”

“Zelenski Moskva ilə danışıqlara hazırdır”


21-05-2019, 09:41. Yazar: sevinc1
“Zelenski Moskva ilə danışıqlara hazırdır”


Ukrayada prezident seçilən Vladimir Zelenskinin parlamentdə andiçmə mərasimi keçirildi. Andiçməyə müxtəlif ölkələrin rəsmiləri qatılsa da, 2010 və 2014-cü ildəki andiçmə mərasimlərinə daha çox qonaq qatılmışdı.

Vladimir Zelenskinin andiçmə mərasimindəki çıxışından hansı əsas nəticələr hasil olur?

Modern.az xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun qənaətinə görə, ilk öncə Zelenski parlamenti buraxdığını elan edib: “Bu çoxları üçün gözlənilməz qərar idi. Bu o demək deyil ki, prezident istəyinə nail oldu. Parlamentdə hakim fraksiya dağılıb və yeni fraksiyasnın formalaşması üçün qanunvericiliyə görə 30 gün vaxt lazımdır. Bu zaman kəsiyində prezidentin parlamenti buraxmaq səlahiyyəti yoxdur. Buna görə də böyük ehtimalla parlamentdəki bir necə partiya Zelenskinin parlamenti buraxmaq qərarına etiraz edərək Ali Məhkəməyə şikayət ərizəsi ilə müraciət edəcəklər.



İkincisi, aydındır ki, Zelenski hazırki hökumətlə işləmək istəmir, baş naziri istefaya çağırır. Zelenski bu zaman Amerikanın özü kimi artist olmuş keçmiş prezidenti Ronald Reyqanın bu sözlərinə müraciət edir: “Hökumət problemləri həll etmir, Hökumətin özü başlıca problemdir”. Zelenski ictimaiyyətin hökumətin fəaliyyətindən narazı qaldığını bilərək baş naziri və bütövlükdə hökuməti istefaya çağırır. Ancaq baş nazir Qrosymanın necə qərar verəcəyini yaxın günlər göstərəcək.



Üçüncüsü, Zelenski Donbasda müharibəyə son qoyulmasını istəyir və çıxışında bu mövzu ön planda idi. Zelenski hətta Donbasda yaşayan rusdillilərə xoş gəlsin deyə çıxışının bir hissəsini rus dilində davam etdi. Ancaq anındaca onu dinləyən müxalif deputat Lyaşkodan “ana dilində danış” replikasını aldı. Andiçmə zamanı bu kiçik qovğanın özü gələcəkdə sülhün necə çətin olacağını və həmin sülhün Ukraynada hamı tərəfdən birmənalı qarşılanmayacağını göstərir.

Zelenski Krım və Donbasdan danışarkən maraqlı ifadə işlətdi: “Biz ərazilərdən başqa Krımda və Donbasda yaşayan insanları itirmişik, onları geri qaytarmalıyıq”.

Maraqlı yanaşmadır, ancaq reallaşması bu qədər asan olaydı, bunu elə keçmiş prezident Petro Poroşenko həyata keçirərdi. Zelenski hansı yolla Krımı və Donbassı geri qaytaracağına dair fikir bildirmədi. O da aydındır ki, Zelenski üçün güc yolu istisnadır.



Dördüncüsü, Zelenskinin andiçmə mərasimindəki çıxışının ruhundan o da aydın oldu ki, yeni prezident separatçılarla və Moskva ilə danışıqlara hazırdır. Onun bu yanaşması Ukraynada fikir ayrılığının dərinləşməsinə səbəb olacaq. Zelenskinin hazırda başlıca məqsədi Donbass separatçılarının və Moskvanın əlində olan bütün ukraynalı əsirlərin azad olunmasını tezləşdirməkdir. Bu mümkündür, bir şərtlə ki, Ukrayna da separatçıların və Rusiyanın arzuladığı bütün əsirləri azad etməlidir. Poroşenko zamanında əsirlərin “hamının hamıya” prinsipi ilə azad olunmasına razılıq vermədi. Çünki Poroşenko əsirlərin içində insanları qətlə yetirən terrorçuların da olduğunu bildirir və onları azad etmək istəmirdi. Zelenski isə “hamının hamıya” prinsipinə razı olmuş kimi görsənir, Moskva və separatçılar da bunun arzusundadırlar.



Beşincisi, Zelenski çıxışında Ukraynanın Avropa İtifaqı və NATO üzvlüyü barədə qəti bir fikir söyləmədi. Prezident sadəcə onu dedi ki, Avropa beyinlərdə olmalıdır və ordunun NATO standartları ilə inkişaf etdirmək lazımdır. Zelenski hardasa haqlıdır. Petro Poroşenkonun adı çəkilən iki quruma üzvlük hədəfi onun prezidentliyi dövründə reallaşmadı. Zelenski də bu acı təcrübədən çıxış edərək reallaşması çətin hədəflərdən danışmaq istəmir”.



Politoloqun qənaətinə görə, Zelenski ilk gündən prezidentliyinə böyük hədəflərlə başlayıb: “Ancaq Zelenskinin siyasi təcrübəsi yoxdur. Zelenskinin çıxışındakı bütün tezislər qulağa xoş gəlir. Zelenski siyasi elitalara deyil ona səs verən seçicilərə arxayındır. Bəli, Zelenski 73 faizlə prezifent seçilib və bu xalqın ona inamından xəbər verir. Ancaq atılan və atılacaq addımlar Zelenskini oliqarxlarla və siyasi elitalarla üzbəüz qoyacaqsa cəmiyyət hər dəfəsində onun köməyinə çatmayacaq. Ukrayna müstəqillikdən bu yana oliqarxlar və siyasi elitalar tərəfindən idarə olunur və heç bir prezident siyasi təcrübəsindən də çıxış edərək mövcud durumu dəyişə bilmədi. Zelenskiyə də çətin olacaq. Ukraynanın hər tərəfdən dərin problemləri var. Bu problemlərin həlli üçün Zelenskinin ölkə daxilində və xaricində güclü tərəfdaşlara ehtiyacı var. Bu tərəfdaşları isə tapmaq və onları inandırmaq lazımdır”.

aia.az
Geri dön