Ana Sayfa > İdman > Sabahdan Azərbaycana gələn əcnəbilərə viza veriləcək

Sabahdan Azərbaycana gələn əcnəbilərə viza veriləcək


14-05-2019, 13:04. Yazar: sevinc1
Sabahdan Azərbaycana gələn əcnəbilərə viza veriləcək


Sabahdan UEFA Avropa Liqasının 2019-cu ildə Bakı şəhərində keçiriləcək final oyunu ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə ölkənin beynəlxalq hava limanlarında viza veriləcək.

Bu, Prezident İlham Əliyevin "UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında” 11 mart 2019-cu il tarixli sərəncamında əksini tapıb.

Sərəncama əsasən, aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir:

- Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu;

- Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənəd;

- UEFA Avropa Liqasının 2019-cu ildə Bakı şəhərində keçiriləcək final oyununa bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

Qeyd edək ki, sərəncama əsasən, Xarici İşlər Nazirliyi UEFA Avropa Liqasının 2019-cu ildə Bakı şəhərində keçiriləcək final oyunu ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə ölkə Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən təsdiq edilmiş ölkələrin siyahısına uyğun olaraq əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin "ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə UEFA-ya və xarici ölkələrin müvafiq orqanlarına məlumat verib. Eyni zamanda UEFA Avropa Liqasının 2019-cu ildə Bakı şəhərində keçiriləcək final oyunu ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin "ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın Xarici İşlər Nazirliyinin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin edib.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda Londonun "Arsenal” və "Çelsi” komandaları arasında UEFA Avropa Liqasının final oyunu keçiriləcək.(ONA)

aia.az
Geri dön