Ana Sayfa > Manşet / Ölkə / Seçilənlər-2 > Tarix dahilərin əli ilə yazılır

Tarix dahilərin əli ilə yazılır


14-03-2019, 11:56. Yazar: admin
Tarix dahilərin əli ilə yazılır



Gülbəniz Babaxanlının “Heydər Əliyev və Hüseyn Cavid” tədqiqat əsərində Ulu Öndərin mədəniyyət siyasəti kontekstində iki dahinin münasibətləri araşdırma obyektinə çevrilmişdir

Bu gün doğma Bakımızda bir çox tanınmış yazıçıların, şairlərin, incəsənət adamlarının ev muzeyləri mövcuddur. Onlardan biri də görkəmli şair və dramaturq Hüseyn Cavidin ev muzeyidir. Muzey Hüseyn Cavidin 1920 – 1937–ci illərdə yaşadığı evdə yerləşir və 2002-ci ildə açılıb. Binanın 3-cü mərtəbəsində 4 otaqlı evdə yaradılan muzey 4250 eksponatdan ibarətdir. Eksponatlar arasında məktublara, sənədli fotoşəkillərə, nəşr olunmuş kitablara, səhnə əsərlərinin proqram və afişaları və s. rast gəlmək olar.

Tarixə bir baxış:



Azərbaycan KP MK-nın 21 iyul 1981-ci ildə “Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında” qəbul etdiyi qərarda Bakı və Naxçıvan şəhərlərində Hüseyn Cavidin xatirə muzeylərinin yaradılması, Bakı şəhərinin İstiqlaliyyət (o vaxtkı Kommunist) küçəsində Hüseyn Cavidin 1920-ci ildən 1937-ci ilədək yaşamış olduğu 8 saylı evin fasadının təzələnməsi və ona yazıçının xatirə lövhəsinin vurulması göstərilirdi. Bu qərar əsasında Mədəniyyət Nazirliyninin 14 avqust 1981-ci il tarixli 228 saylı əmri ilə Hüseyn Cavidin 100 illik yubileyinin keçirilməsi və 15 dekabr 1981-ci il tarixli 522 saylı əmri ilə Bakı şəhərində Hüseyn Cavidin memorial muzeyinin açılması nəzərdə tutulurdu. Mədəniyyət Nazirliyinin 1991-ci il 16 aprel tarixli əmrinə əsasən adı çəkilən binanın 5 otağı Hüseyn Cavidin ev muzeyi üçün ayrılmışdı. Lakin bina həmin bina olsa da, ayrılmış 5 otaq Cavidlərin yaşadığı otaqlar deyildi. Yeganə üstünlük onda idi ki, Hüseyn Cavid vaxtı ilə bu otaqlarda dərs demişdi...




10 iyun 1995-ci ildə Azərbaycan prezidenti Heydər Əliyevin yanında tarixi müşavirə keçirildi və 14 illik fasilədən sonra Hüseyn Cavidin Naxçıvanda məqbərəsinin, Bakıda ev muzeyinin yaradılması ilə əlaqədar məsələlər müzakirə olundu və dərhal öz həllini tapdı. Bununla əlaqədar Nazirlər Kabinetinin 10 iyul 1995-ci il 160 saylı qərarı ilə Hüseyn Cavidin ev muzeyinin yaradılması, onun Azərbaycan EA-nın tabeliyinə verilməklə ədibin yaşadığı binanın, (İstiqlaliyyət küçəsi, 8) 2-ci mərtəbəsində giriş də daxil olmaqla, 3-cü mərtəbəsində yerləşməsi və Hüseyn Cavidin ev muzeyi adlandırılması məsələsi həll olundu.

Cavidlər dünyası

H.Cavidin ev muzeyi 245 kv metr sahəni əhatə edir və onun 130 kv metrində ekspozisiya yerləşir. Muzeyin yerləşdiyi binanın özünün də maraqlı tarixçəsi var. Bina Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə 1898-1901-ci illərdə tikilmişdir və o dövr üçün fövqaladə hadisə sayıla biləcək bir məqsəd üçün, müsəlman qızlar məktəbinin binası kimi istifadə edilmişdir. Binanın ilk iki mərtəbəsi məktəb kimi fəaiyyət göstərib, 3-cü mərtəbədə isə məktəbdə dərs keçən müəllimlər yaşayıb. Hüseyn Cavid də bu məktəbdə müəllim olduğu üçün burada yaşayıb. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti də bu binada idi. Muzeyin tərtibatı elə düşünülüb ki, ekspozisiya artıq 2-ci mərtəbədən başlanır və muzeyə gələn hər bir adam artıq girişdən Cavidlər mühitinə düşüb, Cavidlər dünyasına qatılır. Ekspozisiyada 1000-ə yaxın eksponat nümayiş etdirilir. Bu eksponatlar içərisində məhz




H.Cavidin əlyazmaları, Cavidlər ailəsinə məxsus məişət və geyim əşyaları, Hüseyn Cavidin müxtəlif illərdə çap olunmuş əsərləri, şəxsi kitabları, ailəvi fotolar, dram əsərlərinin tamaşalarından proqramm, afişa və fotolar, Ərtoğrul Cavidin istifadə etdiyi kitablar, bəstələdiyi musiqi əsərlərinin notları, bunlardan Ü. Hacıbəyova həsr etdiyi fortepiano üçün “9 variasiya”, “Eşq olsun”, “Skripka ilə fortepiano üçün poema” və s. əsərləri, daha sonra vallar, müxtəlif sənədlər, məktublar vardır. Həmçinin Turan Cavidin fəaliyyəti ilə bağlı olan materiallar nümayiş edilir. Hüseyn Cavidin yazı masası, Mişkinaz xanıma məxsus tikiş maşını, radioqəbuledici, yemək masası və bir çox eksponatlar ekspozisiyada əsas yer tutur. Ekspozisiyanın tərtibatı zamanı bir neçə görkəmli sənət xadimlərinə süjetli əsərlər sifariş olunmuş və bu əsərlər ekspozisiyanı daha da zənginləşdirmiş, onu baxımlı və maraqlı etmişdir. Bunlardan Oqtay Sadıqzadənin “Cavid dünyası” triptixi, “Mişkinaz xanım” portreti, Ömər Eldarovun “Hüseyn Cavid”, “M. Cavid”, “Ə.Cavid”, “T.Cavid” mərmər büstləri, A. Hacıyevin “Son yay” və “Hüseyn Cavid” əsərləri, İ.İbrahimovun “Naxçıvandakı məqbərənin maketi”, Cavidlər ailəsinin hər birinə həsr olunmuş süjetli xalça, Ə.Əliyevin “İblis operasının yaranması” əsəri, S. və F. Məmmədvəliyevlərin ağacda oyma üsulu ilə Hüseyn Cavidin ərəb qrafikası ilə adı və soyadı yazılmış miz və üstündə “Azər”dən parçalar olan gümbəz şəkilli fiqur, Cavid əsərlərinin adlarının ağac üzərində oymaları və s. əsl sənət nümunələrini göstərmək olar. Muzeydə məxsusi olaraq 1 otaq, Cavidin iş otağı, repressiya otağı kimi ayrılıb. Bu otaqda O.Sadıqzadənin böyük ürək yanğısı ilə işlədiyi “1937-ci ilin repressiya qurbanları” “Qara yazı” əsəri və V. Ucatayın “Zordan üstün” əsəri həm Hüseyn Cavidə, həm də Azərbaycanın digər repressiya qurbanlarının xatirəsinə rekviem kimi qəbul olunur. Muzeyin otaqlarında bir çox maraqlı eksponatlar var. Hüseyn Cavidin müxtəlif dövrlərdə çəkdirdiyi maraqlı fotolar və əsərlərinin əlyazmaları ilə yanaşı, şəxsi kitabxanasına daxil olan kitabların arasında alman dilində kitabların olması da diqqəti çəkir. Belə ki, Cavid əfəndi7 ay müalicə üçün Almaniyada yaşayıb. Bir eksponatı isə xüsusi fərqləndirmək lazımdır. Hüseyn Cavidin məzarı Sibirdən Bakıya gətirilərkən Sibirdə onun məzarı bir vaxtlar həyat yoldaşı Mişkinaz xanımın toxuduğu yun corabın ayaq sümüyündə izinin aşkarlanması faktına görə tapılmışdı ki, bu təsirli hadisə də çox insan tərəfindən bilinir. Muzey də həmçinin Mişkinaz xanımın toxuduğu corab da sərgilənir…

Cavid irsinin carçısı

Qeyd etmək lazımdır ki, bu gün Hüseyn Cavidin ev-muzeyinin baxımlı və maraqlı şəkildə fəaliyyət göstərməsində, bura gələnlərin dolğun və hərtərəfli məlumatlandırılmasında əvəzsiz xidmətləri olan insanlardan biri də muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru, Gülbəniz İbrahim qızı Babaxanlıdır.



Qısa arayış:Gülbəniz xanım 1956-cı ildə Naxçıvan MR Şərur rayonunda anadan olmuşdur. 1980-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini filoloq ixtisası üzrə bitirmişdir. 1992-ci ildə namizədlik, 2009-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1974-cü ildən əmək fəaliyyətinə başlamış, 2004-cü ilə qədər AMEA Nizami adına Ədəbiyyat Muzeyində müxtəlif vəzifələrdə o cümlədən “19-20-ci əsr Azərbaycan ədəbiyyatı şöbəsi”nin müdiri vəzifəsində çalışmışdır. 2004-cü ildən AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktorudur.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

ICOM-un (Beynəlxalq Muzeylər Şurası) üzvüdür. Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif edilmişdir. HUMAY-XXII Akademiyası tərəfindən “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcilidliyinə görə “HUMAY” Milli Mukafatı ilə təltif edilmişdir.



Gülbəniz Babaxanlı 2004-cü ildən Cavid irsinin təbliği, tədqiqi və nəşri sahəsində, eləcə də cavidşünaslığın inkişafı istiqamətində elmi fəaliyyət göstərir. Bu illər ərzində alimin elmi tədqiqat fəaliyyəti cavidşünaslığın başlıca predmeti kimi ədibin zəngin ədəbi-fəlsəfi və bədii-estetik irsinin obyektiv şəkildə, elmi əsaslarla düzgün qiymətləndirilməsinə yönəlmişdir. Bütün dövrlərdə tədqiqat predmeti olan Cavid yaradıcılığı, özündə əks etdirən ümumbəşəri fəlsəfi ideyalarla dünyanın böyük sənətkarlarının əsərləri ilə səsləşdiyindən onun yaradıcılığından yazmaq və əsərlərini təhlil etmək hər bir tədqiqatçıdan böyük məsuliyyət tələb edir. Bu baxımdan G. Babaxanlının bir cavidşünas-alim kimi elmi tədqiqat fəaliyyətində aşağıdakı mühüm problemlərin həlli diqqət mərkəzində durur:

1. Hüseyn Cavidin və ümumilikdə cavidlər ailəsinin həyat və yaradıcılığının geniş oxucu kütləsinə çatdırılması;

2. Cavidin müxtəlif dövrlərdə (sağlığında, sovet dönəmində və müstəqillik illərində) çap olunmuş əsərlərinin yenidən nəşri, elmi təhlili, romantik bir şair kimi ədibin dramaturgiyasının təhlilini verən elmi-nəzəri monoqrafiyaların və məqalələrin yazılması.

Onun rəhbərliyi ilə AMEA Hüseyn Cavidin Ev Muzeyində son dövlərdə cavidşünaslığa böyük töhfə olan mühüm nailiyyətlər əldə edilmişdir. Belə ki, G.Babaxanlının ideya müəllifliyi ilə muzeyin elmi fəaliyyətinin əsas istiqamətlərindən biri kimi “Cavidşünaslıq” çoxcildli toplusu hazırlanmışdır. Toplunun 2012-ci ildə nəşr edilən 10 cildində böyük şair Hüseyn Cavidin zəngin irsi haqqında müxtəlif illərdə (1912-1983) mətbuat səhifələrində dərc olunmuş məqalə və resenziyalarla yanaşı, həm də Cavidlə bağlı irili-xırdalı bütün məlumatlar öz əksini tapmışdır. Gülbəniz xanımın rəhbərliyi ilə toplunun növbəti cildləri üzərində də iş davam etdirilir və bu istiqamətdə geniş araşdırmalar həyata keçirilir. Özündə əks etdirdiyi zəngin elmi informasiya baxımdan çoxcildli nəşr cavidşünaslığın inkişafında tədqiqatçılar üçün dəyərli bir mənbədir.



2013-cü ildə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Gülbəniz Babaxanlının “Heydər Əliyev və Hüseyn Cavid” monoqrafiyası çap olunmuşdur. Tədqiqat əsərində Ulu öndərin mədəniyyət siyasəti kontekstində iki dahinin münasibətləri araşdırma obyektinə çevrilmişdir.

Kitab özünəməxsus üslubu ilə Azərbaycan tarixində əvəzsiz rol oynamış, hətta ölkə tarixinin axarını müəyyənləşdirmiş iki böyük şəxsiyyətin - Heydər Əliyevin və Hüseyn Cavidin fəaliyyətlərindəki qarşılıqlı münasibətləri geniş oxucu kütləsinə çatdırır.

Ədəbiyyatşünas alimin fundamental elmi tədqiqat fəaliyyətinin təhlili bir daha onu təsdiqləyir ki, dahi Cavidin sənəti Azərbaycan xalqının milli-mənəvi və bədii-fəlsəfi irsi kimi daim tənqid və ədəbiyyatşünaslığın diqqət mərkəzindədir.



Məhz bütün bunalara görədir ki, bir alim kimi Gülbəniz Babaxanlının cavidşünaslıq sahəsində elmi və ictimai fəaliyyəti Azərbaycan ziyalısı nümunəsində daim yüksək qiymətləndirilir. Son olaraq, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənabları 03 noyabr 2015-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi münasibətilə imzaladığı “Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında” sərəncamla Azərbaycan elminin inkişafında xidmətlərinə görə Gülbəniz Babaxanlının layiq görüldüyü “Əməkdar mədəniyyət işçisi” fəxri adını eyni zamanda, Hüseyn Cavid irsinin təbliği və tədqiqinə böyük qayğı kimi qiymətləndirmək olar.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov
Geri dön