Ana Sayfa > Gündəm > Tahir İmanov: “Artıq bizi də efirlərə dəvət edirlər”

Tahir İmanov: “Artıq bizi də efirlərə dəvət edirlər”


4-03-2019, 16:05. Yazar: sevinc1
Tahir İmanov: “Artıq bizi də efirlərə dəvət edirlər”



“Televiziyalar bizi hələlik qonaq qismində efirlərə dəvət edirlər, amma konsertlərimizi göstərmək niyyətində deyillər. Bu həftə də gözləyək, ondan sonra tam açıqlama verə bilərik”

Bunu Azvision.az -a "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri, Əməkdar artist Tahir İmanov deyib. Onun sözlərinə görə, rəhbəri olduğu teatrın fəaliyyətinin işıqlandırılması barədə televiziyalardan təklif gəlməyib:

“Hər bir işin başında səbr dayanır. Biz də səbirliyik. 4 il gözləmişik, bir az da gözləyə bilərik. Bəzi televiziya işçiləri bizi qonaq kimi dəvət etmək istəyirlər. Bununla sübut etmək etmək niyyətindədirlər ki, baxın, biz sizi çağırırıq. Məni özəl kanallardan birindən zəng edib verilişə dəvət edirlər. Onlara deyirəm ki, siz istənilən müğənnini verilişə dəvət edəndə, onun sənətindən danışırsınız. Çünki həmin müğənninin mahnılıarını, kliplərini efir vasitəsi ilə göstərirsiniz. Bir halda ki teatrımızın fəaliyyətini işıqlandırmırsınız, biz nədən danışacağıq? Mənim uşaqlıq dövrümdən? Sənət adamını verilişə çağırırsansa, gərək onun sənətindən danışasan. Ancaq istəmirəm bu məsələyə pessimist yanaşım. Bu həftəni də gözləyək. Düşünürəm ki, müəyyən addımlar atılacaq”.

Aktyor vurğulayıb ki, Babası Süleyman Ələsgərovun adına küçə salınması ilə bağlı işlər artıq həllini tapıb: “Məsələ dərhal öz həllini tapdı. Sadəcə indi küçələr üzərində işləyirik, baxırıq, seçirik. Ölkə başçısına təşəkkür edirəm. Operativ halda qərar qəbul olundu və icrasına başlanıldı. İcra başçısı Eldar Əzizov da sağ olsun”.

Qeyd edək ki, Əməkdar artist Tahir İmanov ötən həftə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşü zamanı bəzi televiziyaların onların fəaliyyətinə qadağa qoyduğunu bildirib.

Prezident İlham Əliyev Tahir İmanovun şikayətinə dərhal cavab verib: "Mən Tahir İmanovun sözlərini də şərh etmək istərdim. Mən bilmirəm, Əbülfəs Qarayevdən soruşdum, kim qadağa qoyub sizə? Sizə heç kim qadağa qoya bilməz. Əgər qadağanı kim qoyub, de, biz bu qadağanı aradan götürək".
Geri dön