Ana Sayfa > Manşet / Gündəm > Bərpa Agentliyinin rəhbərliyinə qarşı “hücumlar” təxribat xarakteri daşıyır

Bərpa Agentliyinin rəhbərliyinə qarşı “hücumlar” təxribat xarakteri daşıyır


13-02-2019, 15:10. Yazar: admin
Bərpa Agentliyinin rəhbərliyinə qarşı “hücumlar” təxribat xarakteri daşıyır




Əməkdar mühəndis Əli Məmmədovun rəhbərliyi altında Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması Agentliyinin səmərəli fəaliyyəti ölkənin dinamik inkişafına dəyərli tövhələr verməkdədir

Jurnalist peşəsinin əsas fəaliyyət istiqamətlərindən biri də təbii ki, cəmiyyətdə mövcud olan nöqsanları, yol verilən haqsızlıqları aşkar etmək və üzə çıxarmaq, bu kimi halların baş vermə səbəblərini araşdırmaq, həmin nöqsanların, eləcə də onların aradan qaldırılması yolları barədə fikir və təkliflərin ictimai müzakirəsi üçün media məkanı təqdim etməkdir. Aydındır ki, əgər jurnalist araşdırmaları zamanı bu və ya digər problemli məsələ ilə bağlı konkret məsul şəxsin adı müəyyənləşərsə və həmin şəxsin ölkə qanunlarını, vətəndaşların hüquqlarını pozmaqda ittiham edə bilmək üçün kifayət qədər fakt və dəlillər əldə olunarsa, bu zaman əldə edilən informasiyanın ictimailəşdirilməsi araşdırma aparan jurnalistin haqqıdır. Əlbəttə ki, istənilən halda dövlət sirri əhəmiyyəti daşıya biləcək və ya ictimailəşdirilməsi dövlətin mənafeyinə ziyan vura biləcək informasiyalar tam fərqli bir yanaşma tərzi tələb edir. Lakin bu, bugünkü müzakirəmizin mövzusu deyil...

Jurnalist araşdırmalarında obyektivlik mütləq şəkildə təmin olunmalıdır

Beləliklə, yuxarıda qeyd olunanları bir qədər də sadə formada ifadə etsək, cəmiyyətdə müşahidə olunan bu və ya digər neqativ hallarla bağlı tənqidi fikirlərlə çıxış etmək jurnalistin peşə vəzifələrindən biridir. Amma bu halda da diqqət yetirilməsi vacib olan bir məqam var. Məsələ bundadır ki, neqativ hal məfhumunun özü bu gün müxtəlif insanlar tərəfindən tam fərqli interpretasiyalarda həm qəbul olunur, həm də cəmiyyətə təqdim edilir. Nəticədə bir çoxları artıq şəxsi maraqlarının təmin olunmamasını belə, ümumi qəbul edilmiş anlamda neqativ hal kimi təsəvvür edirlər. Belə olduqda isə, maraqları təmin olunmamış şəxs bunda “təqsirkar” bildiyi istənilən digər bir insana qarşı sərt mövqeylərdən çıxış edə bilər. İndi təsəvvür edin ki, həmin o maraqları təmin edilməmiş şəxs hər hansı media məkanına çıxışı olan jurnalist həmkarlarımızdan biridir. Bu zaman nə baş verir? Bu zaman artıq obyektivlik də, dürüstlük də ikinci plana çəkilir və nəticədə ictimaiyyət bu və ya digər mətbu orqanı vasitəsilə obyektiv jurnalist araşdırması əvəzinə, cəfəng iddia və əsassız ittihamlarla dolu, şər və böhtan yığınından ibarət bir material əldə etmiş olur.



Bunu etiraf etmək acınacaqlı olsa da, son vaxtlar məhz bu üslubda hazırlanan “tənqidi” yazılara ölkə mətbuatında tez-tez rast gəlmək olur. Həm də məsul vəzifəli dövlət qulluqçuları, orta və yüksək çinli məmurlar, iri şirkət və müəssisə rəhbərləri adətən belə materiallar üçün hədəf kimi daha çox seçilirlər. O cümlədən, son vaxtlar ünvanına şər və böhtan xarakterli “hücumlar” düzənlənən rəhbər vəzifəli şəxslərdən biri də Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması Agentliyinin direktoru, Əməkdar mühəndis Əli Məmmədovdur.

Açığını desəm, mətbuatda həmin materiallardan biri ilə şəxsən tanış olmasaydım, nə bu quruma, nə də onun rəhbərliyinə qarşı belə yaramaz addım atıla biləcəyini güman etməzdim. Məsələ bundadır ki, Əli müəllimin, eləcə də onun hazırda rəhbərlik etdiyi qurumun bu ölkə qarşısında
danılmaz xidmətləri kifayət qədərdir. Həmçinin Əli Məmmədovun bütün fəaliyyətini hər zaman dövlətə və dövlətçiliyimizə sədaqət prinsipləri əsasında qurduğu da istər ictimaiyyətə, istərsə də ölkə rəhbərliyinə çox yaxşı məlumdur. Təsadüfi deyil ki, o, Prezident İlham Əliyevin 9 aprel 2010-cu il tariхli Sərəncamı ilə tikinti kоmpleksinin inkişafındakı хidmətlərinə görə “Əməkdar mühəndis” fəхri adına layiq görülmüş, 2017-ci ildə isə, Azərbaycan Respublikasında inşaat sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Maraqlıdır, görəsən effektiv fəaliyyəti ilə hər zaman diqqət mərkəzində olan bir qurumun və onun rəhbərinin işinə kölgə salmağa qalxan şəxsin özünün bu Vətən qarşısında hər hansı bir xidməti varmı? Məşhur bir filmdə deyildiyi kimi, bu daş, bu da tərəzi...

Azad olunan ərazilərdə və cəbhəyanı bölgələrdə əsaslı bərpa işləri görülüb



Məlum olduğu kimi, Ərazilərin Bərpası və Yenidən Qurulması Agentliyi yüksək ixtisaslı idarəetmə işçilərinə malik olmaqla, işğaldan azad olunmuş ərazilərin bərpa işlərinin səmərəli aparılmasını koordinasiya etməli və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması üçün onların həyat və məişətində minimum tələbata uyğun şəraitin yaradılmasını təmin edir. Artıq uzun müddətdir ki, Azərbaycanda işğaldan zərər çəkmiş ərazilərin bərpası BMT və Avropa Birliyi kimi nüfuzlu beynəlxalq təşkilatlar, Dünya Bankı və İslam İnkişaf Bankı kimi böyük maliyyə institutları və müxtəlif saylı donor ölkələr tərəfindən maliyyələşdirilməyə başlanmışdır. Bu dövr ərzində Bərpa Agentliyinin “Bərpa Proqramı”nın reallaşdırılması istiqamətində xeyli iş görülmüşdür. Belə ki, Füzuli rayonunun Horadiz qəsəbəsi müharibədən sonra bütün infrastrukturu ilə Bərpa Agentliyi tərəfindən yenidən qurulmuşdur. Goranboyun Aşağı Ağcakənd kəndində quruculuq işləri aparılmış, yeni inzibati bina, fərdi yaşayış evləri inşa edimiş, su təchizatı ilə bağlı problemlər həll olunmuşdur. Həmçinin, 1997-2016-cı illər ərzində Ermənistanla və işğal olunmuş Qarabağ ərazilərilə həmsərhəd olan Naxçıvan MR-nın, Qazax, Ağstafa, Tovuz, Göygöl, Tərtər, Goranboy, Gədəbəy, Ağdam, Ağcabədi və Füzuli rayonlarının yaşayış məntəqələrində elektrik təchizatı üzrə 110 kv-luq 5 ədəd y/stansiya, 35/10 kv-luq 17 ədəd y/stansiya, 218 ədəd 10/0,4 kv-luq KTY-lər quraşdırılmış, 110-220 kv-luq 246,4 km elektrik hava xətləri, 35 kv-luq 66,6 km elektrik hava xətləri, 0,4-10 kv-luq 757,9 km elektrik hava xətləri çəkilmişdir. Müharibədən zərər çəkmiş 9636 fərdi yaşayış evlərinin bərpası təmin edilmiş, 94887 şagird yerlik 174 orta ümumtəhsil məktəbi və 236 yerlik 7 uşaq bağçaları bərpa edilmiş və tikilmişdir. Səhiyyə sistemi sahəsində 572 çarpayılıq 10 ədəd xəstəxana bərpa edilmiş, 31 ədəd feldşer-mama məntəqəsi, 17 ədəd ambulator məntəqə, 5 ədəd tibb məntəqəsi tikilmiş, 1 ədəd aptek və 1 poliklinika binası bərpa edilmişdir. Əhalinin içməli suya olan tələbatını ödəmək üçün 155 ədəd subartezian quyuları qazılmış və 21,0 km su boru xətləri çəkilmiş. 17 ədəd nasos stansiyası tikilmiş, cəmi 22850 m³ tutumu olan 66 ədəd su anbarı tikilmiş, 249,1 km su paylayıcı xətlər quraşdırılaraq içməli su təchizatı sistemləri yaradılmışdır. Meliorasiya və irriqasiya sistemlərinin bərpası üçün 744 ədəd subartezian quyuları qazılmış, 21 ədəd nasos stansiyası tikilmiş, 57,2 km boru kəmərləri və 62,3 km beton kanallar çəkilmişdir. Yol təsərrüfatı bərpa olunaraq 201,4 min m² asfalt yollar salınmış, Horadiz dəmir yolu stansiyası yenidənqurulmuşdur. Mina Agentliyinin (ANAMA) Horadiz şəhərində əsas bazasının tikintisi aparılmışdır. Bərpa olunan ərazilərə qayıdan əhalinin məşğulluğunun təmin edilməsi üçün Ümumdünya Bankının 31090AZ saylı krediti çərçivəsində 2550 baş mal-qara paylanmış və əhaliyə mikrokreditlər verimişdir. Evlərin və həyətyanı sahələrin düşmən tərəfdən atılan güllələrdən qorunması məqsədilə ümumi uzunluğu 6692 metr olan mühafizə daş-beton divarları tikilmişdir. Yerinə yetirilmiş bu işlər nəticəsində həmin yaşayış məntəqələrində 35 mindən çox insan öz doğma evlərinə qayıda bilmiş, 200 min nəfərə qədər adamın isə yaşayış şəraiti yaxşılaşdırılmışdır.

Azərbaycanın digər bölgələrində Agentlik tərəfindən aparılan quruculuq işləri də əhatəliliyi və səmərəliliyi ilə diqqəti cəlb edir

Son illər ərzində Bərpa Agentliyi ölkəmizdə gedən quruculuq işlərinə dəstək verərək, yeni məktəblərin tikintisində, bir sıra mədəniyyət, təhsil obyektlərinin bərpasında və yenidən qurulmasında, təbii fəlakətlərin qarşısını almaq üçün görülən işlərin reallaşmasında yaxından iştirak etmişdir. Qurum bir sıra obyektlərin tikintisini, bərpa işlərini davam etdirmişdir. O cümlədən, qeyd olunan müddət ərzində Bərpa Agentliyi tərəfindən Azərbaycanın müxtəlif rayonlarında aşağıdakı işlər həyata keçirilmişdir:



Yevlax rayonunda Şorsu kanalı üzərində körpünün, 65 yaşayış evindən ibarət qəsəbənin tikintisi, Yevlax şəhərinin içməli su sisteminin yaxşılaşdırılması, kreditdən əldə edilmiş qənaət hesabına 5 məktəblərin təmiri;

Şəmkir rayonunda SES tunelinin başa çatdırılması, Şəmkir maşın kanalının və qurğuların tikintisi, 126 ailəlik qəsəbənin tikintisi, Düyərli kənd 1 №-li, 1174 şagird yerlik tam orta məktəbinin əsaslı təmiri;

Göygöl rayonunda 3831 şagird yerlik 13 məktəbin bərpası, ağıldan kəm uşaqlar üçün pansionatın əsaslı təmiri, Mollacəlilli kənd 360 şagird yerlik tam orta məktəbin əsaslı təmiri;

Gəncə şəhərinin və Samux rayonu Nəbiağalı qəsəbəsinin və digər yaşayış məntəqələrinin içməli su təchizatının Şəmkir çayı üzərində tikilən su anbarından təmin edilməsi üçün diametri 1420 mm olan 27,4 km magistral su xəttinin tikintisi, Milli Arxiv İdarısinin Gəncə regional filialının tikintisi;

Yevlax, Ağdaş, Göyçay və Şəki şəhərlərinin 290 munisipal binalarda daxili su və kanalizasiya xətləri yenilənmiş, Kiş, və Göyçay çaylarında sahilbərkitmə üçün beton divarların tikintisi, Milli Arxiv İdarısinin Şəki regional filialının tikintisi;

İsmayıllı rayonunun İvanovka kəndində 780 şagird yerlik tam orta məktəbin tikintisi, Girdmançayda Lahıc kəndi ərazisində betondan sahilbərkitmə işləri;



Astara, Lerik, Masallı, Yardımlı və Daşkəsən rayonlarında 02-04 yanvar 2014-cü il tarixlərdə güclü qasırğa nəticəsində dəymiş zərərin aradan qaldırılması istiqamətində fərdi yaşayış evlərinin, 300-ə yaxın sosial obyektlərin, o cümlədən, Yardımlı rayonunda 642 şagird yerlik 4 ədəd yeni məktəb binasının tikintisi;

Oğuz rayon Padar kəndində 55 yerlik uşaq bağçasının tikintisi;

Qobustan rayonunda 680 şagird yerlik orta məktəbin yenidənqurulması;

Quba, Qusar və Xaçmaz, Siyəzən rayonlarında məktəb və uşaq bağçalarının təmiri, bərpası və tikintisi;

Quba rayonunda kütləvi qətl qurbanları məzarlığının Qudyalçay çayının sel sularından mühafizəsi işləri;

Sumqayıt şəhərində 220/110/10 kv-luq 250 MVt gücündə “Sənaye qovşağı” yarımstansiyasının və 110 kv-luq elektrik xəttlərinin tikintisi, 14 mənzillik evin tikintisi;

Abşeron rayonunun Mehdiabad kəndində qaçqınlar üçün 50 evlik qəsəbənin tikintisi, Ceyranbatan su anbarının ekoloji mühafizəsi, Masazır qəsəbəsində valideyinlərini itirmiş kimsəsiz məzunların yerləşdirilməsi üçün 2 ədəd 13 mərtəbəli 245 mənzilli yaşayış evlərinin tikintisi.

Agentliyin 2010-2015-ci illərdə həyata keçirdiyi və xüsusi olaraq qeyd etmək istədiyimiz iri həcmli layihələrdən biri də Ağstafa, Tovuz, Göygöl, Goranboy, Zaqatala və Oğuz rayon mərkəzlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulmasıdır. Bu layihə çərçivəsində qeyd olunan rayonlarda 4 böyük su mənbəyi tikilmiş, 17 ədəd subartezian quyusu qazılmış, 1027,0 km içməli su boru xətləri, 837,7 km kanalizasiya boru xətləri çəkilmiş, ümumi həcmi 27100 m³ olan 33 ədəd su anbarları, ümumi həcmi 1035 m³ olan 19 ədəd təzyiq söndürən hovuzlar, 34 ədəd nasos stansiyaları tikilmiş, şəhər su və kanalizasiya şəbəkələrində 2658 ədəd siyirtmələr, 1614 ədəd yanğın hidrantları, 31343 ədəd "SMART" tipli su sayğacları, 33751 ədəd dəmir-beton kanalizasiya quyuları quraşdırılmışdır. Qeyd olunan hər bir rayonda beynəlxalq standartlara uyğun çirkab su təmizləyici qurğular kompleksləri tikilmiş və texnoloji avadanlıqlarla təchiz edilmişdir. Bu komplekslərin ümumi gündəlik məhsuldarlıqları 44200 m³/gün təşkil edir.

Agentliyin fəaliyyətindən paytaxtımız da çox faydalanıb



Həmçinin Bərpa Agentliyi tərəfindən son illər ərzində paytaxt Bakıda da bir sıra uğurlu layihələr həyata keçirilib. Bu işlərdən nümunə kimi Bakı radioaktiv tullantılar mərkəzinin yenidən qurulması və avadanlıqlarla təchizatı, 220/110/10 kv-luq 250 Mva gücündə “Müşviq” Yarımstansiyasının genişləndirilməsi və 42 km 220 kv-luq EHX-nin tikintisi, Binə təcridxanasında vərəm korpusunun tikintisi, “Həzi Aslanov” metro stansiyasının tikintisi, M.F.Axundov adına kitabxananın bərpası, 9 ədəd tibb müəssisəsinin və 9 ədəd əlil uşaq müəssisələrinin bərpası. Ramana qəsəbəsində qaçqınlar üçün 160 ailəlik qəsəbənin tikintisi, Bakı şəhərinin 9 rayonunda zəlzələ nəticəsində yararsız vəziyyətə düşmüş 39 ədəd məktəb binalarının bərpası və bir neçə yeni məktəb binasının tikintisi, şəhərin 6 rayonunda qaz xəttlərinin dəyişdirilməsi, Azərbaycan Dövlət Tibb Universitetinin, Texniki Universitetin, Neft Akademiyasının və Rəssamlıq Akademiyasının binalarının əsaslı təmiri və bərpasını qeyd etmək olar. Bundan başqa, Azərbaycan Tarixi Muzeyinin bərpası, “Hökumət Evi” İnzibati Binasının təmiri, “Gülüstan” Sarayının yenidənqurulması, Türkiyə Səfırliyinin enerji təchizatı, Milli Arxiv İdarəsinin binalarının yenidənqurulması, Strateji Araşdırmalar Mərkəzi binasının yenidənqurulması, Nəsimi, Səbayıl, Binəqədi, Xətai və Suraxanı rayonlarında hər biri 1296 şagird yerlik 5 orta məktəbin yenidənqurma və tikinti işlərini göstərmək olar...

Az öncə də dediyim kimi, bütün bu sadaladıqlarımız tərəzinin Bərpa Agentliyinin gördüyü işləri çəkəcək gözünə qoya biləcəklərimizin yalnız bir hissəsidir. İndi buyursunlar, “tənqidçilər” digər gözə nə əlavə edə biləcəklərini yaxşı-yaxşı düşünsünlər

aia.az
Abbas Abbasov
Elbrus Bağırov
Geri dön