Ana Sayfa > Manşet / Gündəm > “Qadınların əməkhaqqında artım olacaq” - Nazir

“Qadınların əməkhaqqında artım olacaq” - Nazir


9-02-2019, 16:07. Yazar: sevinc1
“Qadınların əməkhaqqında artım olacaq” - Nazir



"Prezident İlham Əliyevin minimum aylıq əməkhaqqının artırılması ilə bağlı sərəncamının multiplikativ effekti var. Minimum əməkhaqqı 180 manata qaldırılanda bütün digər əməkhaqları da pillələr üzrə artırılır və son nəticədə demək olar ki, bütün dövlət sektorlarında işləyənlərə bu və ya digər hallarda təsir göstərəcək”.

BakuPost xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, sərəncamın digər bir əhəmiyyəti isə əməkhaqlarının leqallaşması ilə əlaqədar mühüm bir addım olmasıdır: "Belə ki, bir çox hallarda 180 manatdan aşağı əməkhaqqı göstərilərək bəzi hallarda əməkhaqqı rəsmi olaraq tam şəkildə ödənilmirdi. Yeni sərəncamın nəticəsi olaraq artıq qanunvericiliyin tələbi olacaq ki, 180 manatdan aşağı əməkhaqqı göstərilməsin və bu, əməkhaqlarının leqallaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Sərəncamın digər bir müsbət cəhəti qadınlarla kişilərin əməkhaqları arasında olan fərqin azaldılmasına xidmət etməsidir. Çünki sərəncamın əsas əhatə dairəsi məhz vahid tarif cədvəli üzrə işləyənlərdir ki, onların da böyük əksəriyyətini qadınlar təşkil edir. Ona görə də vahid cədvəl üzrə tarif vəzifə maaşları artdığına görə qadınların əməkhaqqında artım olacaq”.

Xatırladaq ki, Prezident İlham Əliyev fevralın 8-də minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb. Sərəncamla minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilib.

Qeyd edək ki, Azərbaycanda indiyədək minimum aylıq əməkhaqqının məbləği 130 manat idi.

aia.az
Geri dön