Ana Sayfa > Manşet / Səhiyyə > Səhiyyəmizin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir

Səhiyyəmizin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir


10-01-2019, 12:33. Yazar: sevinc1
Səhiyyəmizin inkişafı dövlət siyasətinin  prioritet istiqamətlərindəndir


Bakı şəhər 5 saylı Kliniki Xəstəxanasında pasiyentlərə ən müasir tələblərə uyğun tibbi xidmətlər göstərilir

Məlumdur ki, bu gün Azərbaycanda səhiyyə xidmətlərinin yüksək səviyyədə təşkili dövlətin qarşısında duran əsas prioritet istiqamətlərdən biridir. Ölkə rəhbərliyinin və birbaşa Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən ölkəmizdə yeni tibb müəssisələrinin inşası, eləcə də mövcud səhiyyə ocaqlarının əsaslı təmir edilərək tamamilə yeni bir formatda vətəndaşlarımızın xidmətinə verilməsi artıq çoxdan bir ənənə halını almışdır. Bir müddət əvvəl əsaslı təmir olunaraq, tamamilə yeni, daha yüksək standartlar səviyyəsində öz fəaliyyətini uğurla davam etdirən tibb müəssisələrindən biri də Bakı şəhər 5 saylı Kliniki Xəstəxanadır.

Oqtay Şirəliyev: “Bu il ölkəmizin sosial-iqtisadi rifahı ölkə başçısının yorulmaz səyi nəticəsində bütün sahələrdə, o cümlədən də səhiyyə sahəsindəki inkişafı da sürətlə davam edib. Cari ildə bir neçə tibb müəssisələrinin istifadəyə verilməsi, bir neçəsinin təmir və tikintisinin davam etməsi, səhiyyə sahəsinin inkişafının bariz nümunələrindəndir” (28.12.2018-ci il tarixində Səhiyyə Nazirliyində keçirilmiş geniş tərkibli kollegiya iclasındakı çıxışından).

Səhiyyənin inkişafı üçün dövlət qayğısı həlledici amildir

Qeyd etmək lazımdır ki, ötən il ərzində 18 yaşdan yuxarı Respublika əhalisinin 77,4 faizi tibbi müayinələrdən keçirilmişdir. Onların 6 faizində ilkin xəstəliklər aşkar olunmuş, 1,1 faizi dispanser nəzarətə alınmış, 2,9 faizi sağlamlaşdırılmış, 32,1 faizi əlavə müayinələrə cəlb edilmiş, 0,5 faizi hospitalizasiya olunmuşdur. Əhaliyə göstərilən tibbi xidmətin genişləndirilməsində və keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul edilmiş dövlət proqramlarının xüsusi rolu olmuşdur. Həmçinin 2018-ci ildə uşaqların 90 faizdən çoxu müayinələrə cəlb olunmuşdur. Tibbi müayinədən keçirilmiş uşaqların 5,5 faizi sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülmüş, 1,2 faizi isə ixtisaslaşdırılmış tibb müəssisələrinə hospitalizasiya olunmuşdur. Ümumilikdə 2018-ci il ərzində Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrinə 49 milyondan artıq müraciət olmuş, 727 min xəstə stasionar müalicə kursu keçmişdir. Cari ildə 9 minə yaxın insan reabilitasiya və sanator xidmətlərindən istifadə etmişdir.

Maddi texniki bazanın inkişaf etdirilməsi, kadrların ixtisas səviyyəsinin yüksəlməsi hesabına hazırda ölkəmizdə bir sıra ağır xəstəliklər müalicə olunur, mürəkkəb əməliyyatlar, o cümlədən qaraciyər transplantasiyası, süni oynaq və açıq ürək əməliyyatları aparılır.

O cümlədən, bu gün Bakı şəhər 5 saylı Kliniki Xəstəxananın timsalında bir daha ölkə səhiyyəsinin inkişafına göstərilən dövlət qayğısının yüksək nəticələrini müşahidə etmək mümkündür. Belə ki, bir müddət əvvəl başa çatmış təmirdən sonra şöbə və laboratoriyalar, diaqnostika kabinetləri tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilib.

Pasiyentlərə peşəkar həkimlər tərəfindən yüksək səviyyədə tibbi xidmətlər göstərilir

Təbii ki, dövlət tərəfindən göstərilən bu diqqət və qayğının qarşılığında 5 saylı Kliniki Xəstəxananın tibbi personalı da onlara göstərilən etimadı doğrultmaq üçün əllərindən gələni edirlər. Əldə etdiyimiz məlumatlara əsaslanaraq deyə bilərik ki, bu gün 5 saylı Kliniki Xəstəxanada əhaliyə həqiqətəm də yüksək səviyyədə tibbi xidmətlər göstərilir. Pasiyentlər xəstəxananın baş həkimi Fazil Alməmmədovdan xüsusilə razılıq edirlər. Onların sözlərinə görə, klinikada ciddi nizam-intizam olmaqla yanaşı, öz peşəsini mükəmməl bilən bilikli və təcrübəli həkimlər çalışırlar. Xüsusilə vurğulamaq lazımdır ki, xəstəxananın elmi potensialı da yüksək səviyyədədir. Bu gün 5 saylı Kliniki Xəstəxana təkcə paytaxt sakinlərinə deyil, eyni zamanda bir çox rayon və bölgələrdə yaşayan vətəndaşlara da yüksək səviyyədə xidmət göstərir. Bir məqamı da qeyd edək ki, Fazil Alməmmədov 5 saylı Kliniki Xəstəxananın baş həkimi vəzifəsinə 2017-ci ilin noyabr ayında təyin olunub. Bundan əvvəl isə, Fazil Alməmmədov Oğuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. Lakin aradan hələ az bir müddətin keçməsinə baxmayaraq, Fazil həkim artıq 5 saylı Kliniki Xəstəxanada da həm pasiyentlərin, həm də personalın səmimi rəğbətini qazana bilib.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov
Geri dön