Ana Sayfa > Karusel / Gündəm > “Ona nəsə deməyim ayıb olar” - Sabiq nazirin qardaşı

“Ona nəsə deməyim ayıb olar” - Sabiq nazirin qardaşı


26-12-2018, 17:08. Yazar: sevinc1
“Ona nəsə deməyim ayıb olar” - Sabiq nazirin qardaşı


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

aia.az Report-a istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə Ə.Əhmədovun vəkili vəsatət qaldırıb.

O, jurnalistlərin məhkəmə zalından çıxarılmasını, iclasın qapalı keçirilməsini istəyib. Vəsatət təmin edilməyib.

Daha sonra zərərçəkmiş H.Əskərov suallara cavab verib. O bildirib ki, Ə.Əhmədova hələ də 100 min manat borcu var.

Zərərçəkmişin sözlərinə görə, xəsarətləri barədə polisə şikayət etməyib: "Sonradan istintaqa ifadə verəndə də döyüldüyümü demədim. Bədənimdə döyülən zamandan qalan çapıq var. Mən pulu Rəşada vermək üçün almamışam, belə bir söz də deməmişəm. Mən ondan əvvəl də Əvəzdən 200 min, 80 min pul alıb və sonra qaytarmışam. Pulu da makler Hətəm Ramazanova verirdim. Çünkü onunla ev işi görürdük. Axırıncı dəfə Hətəmə 100 min manat pul verdim və sonra yoxa çıxdı. Onu axtarsam da, tapa bilmədim. Onun barəsində şikayət etməmişdim, bu işdən sonra istintaq axtarışa verdi".

Təqsirləndirilən Ə.Əhmədov söyləyib ki, H.Əskərovu döyməyib: "Onu Rəşad Tahirovla dostu Dəyanət Yusifov döyüb. Hörməti məcbur ediblər ki, məndən şikayət etsin. Sonra da onu çöl əraziyə buraxıblar".

H.Əskərov isə belə bir hadisə olmadığını vurğulayıb.

Prosesdə təqsirləndirilən Ə.Əhmədov sərbəst ifadə verib, deyib ki, bu hadisədən əvvəl H.Əskərovla arasında pul alıb-vermək məsələləri olub.

O qeyd edib ki, H.Əskərovun vasitəsilə R.Tahirovla görüşüb, armatur biznesi haqqında danışıb: "Bundan bir həftə sonra Hörmət gəlib məndən 140 min dollar pul götürdü, armatur işinə görə Rəşada verəcəkdi. Bir ay yarımdan sonra Hörməti çağırıb pulumu istədim. Mənim yanımda Rəşada zəng edib ləzgi dilində nəsə danışdılar, sonra telefonu mənə verdi. Rəşad dedi ki, "pul məndədi, bir həftəyə verəcəyəm". Mən Hörməti döyməmişəm, ona zor tətbiq etməmişəm. Sadəcə, söhbət etmişik. Sonra Rəşada zəng çatmadı, mən də polisə ərizə yazıb şikayət etdim. Bundan sonra 3 ay ərzində pulu hissə-hissə ödədilər. Bu ərəfədə Rəşad "rozborşik"lər - Dəyanətlə Habili üstümə göndərmişdi. Onlar da mənlə söhbət edəndən sonra Rəşada "kişinin pulunu qaytarmalısan" dedilər".

Ə.Əhmədov suallara cavabında söyləyib ki, qardaşı, keçmiş nazir Əhməd Əhmədovun bu işlərdən xəbəri olmayıb: "Ona bu barədə nəsə deməyim ayıb olardı".

Məhkəmənin növbəti iclası 2019-cu ilin yanvarın 9-na təyin edilib.

İttiham aktına əsasən, Ə.Əhmədov iki nəfərdən - Rəşad Tahirov və Hörmət Əskərovdan 140 min dolları hədə-qorxu ilə almaqda təqsirləndirilir.

Belə ki, 2016-cı ildə H.Əskərovun Ə.Əhmədova borcu olub. Ə.Əhmədov da faizlə borcunu geri almaq məqsədi ilə onun ofisə gəlib, girov saxlayıb. Daha sonra Ə.Əhmədov H.Əskərovun qohumu R.Tahirova zəng edib, ondan hədə-qorxu ilə 140 min dollar pul tələb edib.

H.Əskərov daha əvvəl Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki olub. 2015-ci il dekabr ayında nazir Zakir Həsənov onu vəzifəsindən azad edib.

H.Əskərov da dələduzluq ittihamı ilə həbs edilib və hazırda ibtidai istintaqı davam etdirilir. Onun barəsində bu iş üzrə digər zərərçəkmiş R.Tahirova qarşı dələduzluq etmə ittihamı irəli sürülüb.

H.Əskərov R.Tahirovun arvadının qohumudur.

Ə.Əhmədovun barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 145.2.5-ci (azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Ə.Əmədov bir neçə dövlət orqanında çalışıb.

aia.az
Geri dön