Ana Sayfa > Manşet / Ölkə > Bayılda sürüşmə zonasındakı evlərin taleyi necə olacaq? - Nazirlər Kabineti hələ qərar verə bilmir

Bayılda sürüşmə zonasındakı evlərin taleyi necə olacaq? - Nazirlər Kabineti hələ qərar verə bilmir


7-11-2018, 11:44. Yazar: sevinc1
Bayılda sürüşmə zonasındakı evlərin taleyi necə olacaq? - Nazirlər Kabineti hələ qərar verə bilmir


Bu il fevralın 10-da Bayıl sürüşmə sahəsində, Bakı Televiziya Qülləsi yaxınlığında (teleqüllədən 200-250 m cənub-şərqdə) sürüşmə baş verib. Səbail rayonu Bayıl yaşayış sahəsində yerləşən Cənubdərə adlanan ərazidə sürüşmə nəticəsində 4-ü tam, 2-i qismən olmaqla, 6 ev uçub. Nazirlər Kabineti tərəfindən yaradılan Dövlət Komissiyasının qərarı ilə həmin 6 ev köçürülüb. Nazirlər Kabinetinin sərəncamına əsasən, Səbail rayonu Bayıl yaşayış sahəsində yerləşən Cənubdərə adlanan ərazidə 10 fevral 2018-ci il tarixdə baş vermiş lokal torpaq sürüşməsi nəticəsində ev əşyaları ilə birlikdə dağılaraq yaşayış üçün tam yararsız vəziyyətə düşmüş, ümumi sahəsi 306 kvadrat metr olan 4 fərdi yaşayış evinin, həmçinin bir hissəsi dağılaraq yaşayış üçün yararsız vəziyyətə düşmüş ümumi sahəsi 182 kvadrat metr olan 2 fərdi yaşayış evinin sahiblərinə evin bir kvadrat metri üçün 700 manat və hər bir evdə yararsız vəziyyətə düşmüş ev əşyaları üçün 1500 manat olmaqla birdəfəlik maddi yardım ödənilməsi qərara alınıb.

Nazirlər Kabineti sürüşmə zonasında yaşayan 98 ailənin də müvəqqəti olaraq həmin ərazidən köçürülməsi və onlara kirayə mənzillərdə yaşamaları üçün ailə tərkibinin sayına uyğun olaraq fevral ayından başlayaraq 11 ay müddətində kirayə haqqı verilməsi barədə də qərar verib. Normativlərə uyğun olaraq ailə tərkibi 1-5 nəfər arası olanlara 200 manat, 6-7 nəfər olana 250 manat, 8-dən çox olanda 300 manat müəyyən olunub. O əraziyə işıq, qaz və digər kommunal xidmətlər müvəqqəti dayandırılıb.

Gələn ay 11 aylıq müddət başa çatacaq. Bəs sürüşmə ərazisində vəziyyət necədir, 98 ailənin evləri ilə bağlı hansı qərar verilməsi gözlənilir?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov BakuPost-a açıqlamasında bildirib ki, Bayıl sürüşmə sahəsində, Bakı Televiziya Qülləsi yaxınlığında bu il fevralın 10-da baş vermiş sürüşmə ilə bağlı geoloji işlər aparıb. Nazirlik təkliflərin də yer aldığı hesabatı müvafiq orqanlara göndərib.

Ə. Qaralov deyib ki, buna baxmayaraq, dəyişikliklərin olub-olmamasını müəyyənləşdirmək üçün ərazidə müxtəlif vaxtlarda müşahidələr aparırlar: "Hələlik Bayıl sürüşmə sahəsində stabil vəziyyət hökm sürür, gərginlik yoxdur”.

Səbail Rayon İcra Hakimiyyətindən BakuPost-a bildirilib ki, uzun müddətdir ki, həmin ərazidə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Mərkəzi, Geologiya İnstitutu, o cümlədən Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri araşdırmalar aparırlar, xarici mütəxəssislər baxıb: "Bu araşdırmaların nəticəsi ilə bağlı Nazirlər Kabinetinə geniş material təqdim olunmalıdır. Nazirlər Kabineti də ərazidəki mövcud tiklilərin gələcək taleyi ilə bağlı qərar qəbul olunacaq. Qərara əsasən, ya həmin 98 ailəyə müvafiq kompensasiya ödənilərək köçürüləcək, ya da digər qərar qəbul olunacaq. Nazirlər Kabinetinin qərarı da Səbail Rayon İcra Hakimiyyəti tərəfindən icra olunacaq. Bu gün Nazirlər Kabinetinin qərarı gözlənilir. Yeri gəlmişkən, ərazidən müvəqqəti köçürülərək aylıq kirayə haqqı verilən 98 ailənin nə evlərinin hüquq müəyyənedici sənədi, nə də o vətəndaşların orada qeydiyyatı var. Sadəcə, hadisə təbii fəlakət kimi qəbul olunduğu üçün köçürülmə barədə qərar verilən zaman həmin 98 ailəyə kompensasiya ödənəcək”.

Qeyd edək ki, ötən dövr ərzində Respublika Seysmoloji Mərkəzi də ərazi ilə bağlı hazırladığı hesabatı Nazirlər Kabinetinə təqdim etdiyini açıqlayıb.

Beləliklə, ortaya çıxan mənzərə budur ki, 98 ailəyə kirayə pulunun ödənməsi üçün müəyyənləşdirilmiş 11 aylıq müddətin başa çatmasına az qalsa da, Nazirlər Kabineti hələ 98 ailənin birdəfəlik köçürülüb-köçürülməməsi ilə bağlı qərar verə bilmir. Baş nazirin müavini kimi bu sahədə son söz sahibi Hacıbala Abutalıbovdur. Hacıbala Abutalıbovla əlaqə saxlamaq cəhdimiz isə baş tutmadı. Baş nazirin müavininin mobil telefonuna zəngimizə cavab verən xanım əməkdaş bildirdi ki, Hacıbala müəllim baş nazirin yanındadır, daha sonra isə böyük bir toplantıda iştirak edəcək, ona görə də əlaqə saxlamaq mümkün deyil.

98 ailə isə səbirsizliklə qərar gözləyir…


BakuPost

aia.az
Geri dön