Ana Sayfa > Gündəm > Yazıçı Gülzar İbrahimova: "Heç bir Küpəgirən qarı, heç bir İfritə məni zorla balalarımızın ürəyindən çıxara bilməz!"

Yazıçı Gülzar İbrahimova: "Heç bir Küpəgirən qarı, heç bir İfritə məni zorla balalarımızın ürəyindən çıxara bilməz!"


31-10-2018, 10:57. Yazar: sevinc1
Yazıçı Gülzar İbrahimova: "Heç bir Küpəgirən qarı, heç bir İfritə məni zorla balalarımızın ürəyindən çıxara bilməz!"



Deyirlər, paxıllıq hissi hər bir insanda azacıq, müvəqqəti də olsa mövcuddur. Paxıllığı bəzən xudbinlik, qibtə ilə səhv salırlar. Xudbinlik kibrdir, başqalarına yuxarıdan aşağı baxmaqdır. Qibtənin isə zərəri yoxdur, tərəqqiyə xidmət edir. Paxıllığın vərdişə çevrilməsi, xəstəlik halını alması insanlıq hisslərini öldürür. Kinə çevrilən paxıllıq fəlakətə gətirib çıxarır. Bu hiss insanın qəlbində uşaq vaxtından kök salır. Misal üçün, valideynlər hər zaman övladlarına həmyaşıdlarından kimisə nümunə gətirir, lakin bunu düzgün formada edə bilmirlər. Uşağın da qəlbində sağlam rəqabət hissi əvəzinə paxıllıq, əsəbilik və qəzəb yaranır.

Həmsöhbətim, müasir Azərbaycan uşaq ədəbiyyatının "Gülzar nənə" imzası ilə tanınan nümayəndəsi, yazıçı Gülzar İbrahimovanın nağılları da məhz balacaların qəlbini paxıllıq və başqa mənfi hisslərdən qorumağa xidmət edir. Amma əfsus, Gülzar nənənin heç ağlına da gəlməzdi ki, bu gün özü paxıllığın, böyük paxılların hədəfinə çevriləcək...



- "Facebook"da haqqınızda yanlış məlumat yayanlara cavabınız çox qısa oldu. Sadə, nağılvari, amma çox aydın. Hər kəs də bu işin böhtan, yalan olduğuna inandı. Üstündən də özünü təsdiq etmiş bir tənqidçinin – Vaqif Yusiflinin yazdığınız “İlanlı dərənin sirri” nağılı haqda yüksək fikirləri şayiələrə son qoydu. Amma biz qələm sahibləri gücümüz çatan qədər haqqı müdafiə etməliyik, necə deyərlər, yalançını, böhtançını evinə qədər qovmalıyıq.



- Elədir! Çünki, bu ikinci haldır ki, Təhsil Nazirliyi ilə məni birgə suçlayırlar. Hər dəfə də yanaşma eynidir: “Baxın, görün Təhsil Nazirliyi ibtidailərin dərsliyinə nə qoyub!”. Halbuki, nə keçən dəfə, nə də bu dəfə həmin materiallar dərsliyə salınmayıb. Hətta ötən dəfəki "feyzbuk" müzakirəsinə Təhsil Naziurliyinin Mətbuat Xidmətindən açıqlama da vermişdilər. Çox düzgün hesab edirəm ki, bu dəfə Təhsil Nazirliyi “özünü savadlı, xeyirxah göstərməyə çalışan, həqiqətdə isə başqalarının əsəbi hesabına, ara qatmaqla “layk”, “bəyənmə” toplayanlara cavab vermədi.



- Özünüz “İlanlı dərənin nağılı”nı necə dəyərləndirirsiz və onu oxumağı hansı yaş qrupuna məsləhət görürsüz?



- Nağıl tərbiyəvidir, öyrədicidir, fitnə-fəsaddan uzaq durmağa çağırır, nəfsi saxlamağı öyrədir, ailə şərəfini qorumağı aşılayır, xəyanəti pisləyir, sonda isə haqq-ədalət qalib gəlir ki, bu da oxucunun ürəyindən xəbər verir. Nağıl əsasən 14 - 20 yaş dövrünə aiddir. Çünki əsərdə göstərilən tipli səhv addımlar da həyatda məhz bu yaşlarda baş verir.



- Ünvanınıza belə bir fitnə-fəsad dolu yazı kim tərəfindən gündəmə çıxarıla bilər sizcə?



- Bilirsiz, mənim çox zamanım yoxdur ki, gördüyüm işlərdən instaqram, facebookda paylaşmalar edim. Amma bir ara on gün zökəm oldum, işsiz dura bilmədiyimdən yataqda da olsa, həmin görüşlərin az bir hissəsini "İnstaqram"da paylaşdım. Kim maraqlansa, baxa bilər, internet keçirilən görüşlərlə doludur. Həmin görüşlər də "İnstaqram"la paylaşılan kimi 15 il bundan öncə yazılmış, 10 il bundan öncə çap olunmuş nağıl düşdü ortaya. Əlbəttə, bu, paxıl, pis adamların işidir. Əminəm ki, kimsə uğurlarımı həzm edə bilməyib.



- Pis adamlara deyəcəkləriniz var?



- Var! Qoy pislər bilsinlər ki, “Gülzar nənə” təxəllüsü Gülzar İbrahimovada uşaqlara məhəbbətdən yaranıb. Bu adı ona xeyirxah rəssam, gözəl insan Bulud verib. O vaxtdan da şirin “nənə” kəlməsi və şirin nağıllarımla körpə balalarımızın ürəyinə yol tapmışam. Heç bir Küpəgirən qarı, heç bir İfritə məni zorla balalarımızın ürəyindən çıxara bilməz! Biz uşaqlarla bir “Sehrli dünya” qurmuşuq, ora pisləri buraxmırıq. Həmin “Sehrli dünya”mızın 13 min nəfər abunəçisi olan "Yutub" səhifəsi də var. Həmin səhifədə, nağıllarımıza, şeirlərimizə, tapmacalarımıza, müdrik hekayələrimizə 4 milyon 500 min baxış sayı ilə bütün uşaq saytlarından irəlidəyik. Bəlkə elə bu milyonlardır “kimləri” isə narahat edir?..



- Gülzar nənəyə hansı mövzu daha doğmadır?



- Tarixi hadisələri öyrənib onu nağıla və ya hekayəyə çevirməyi lazımlı bir ədəbiyyat kimi dəyərləndirirəm.



- Bu haqda nə qədər əsərləriniz var, onları kimlərə və hansı tarixi hadisələrə həsr eləmisiz?



- Məhəmməd Peyğəmbər (s) haqda, Onun bizə çatdırdığı Quran haqqında, Babək haqda, Nadir şah, Çahan şah, Atabəylər dövlətinin banisi Eldəgiz, Tomriz və Kir, Hippokrat... Çoxu xatirimdə qalmır.



- Eşitdiyimə görə və düşmən saytından götürdüyüm məlumata görə ermənilərlə internet savaşına da vaxt tapa bilirsiz...



- O da lazımdır. Hər kəs gərək əlindən gələni etsin. Axı müharibə qurtarmayıb. Hələ də şəhidlərimiz var.



- Belə bir internet savaşı uşaq nağılları yazmaqda yaradıcılığınıza mənfi təsir göstərmir ki...



- İnternet savaşları gecələr baş verir, qaranlıq düşən kimi. Elə ki səhər açıldı, Günəş çıxdı, hər şey dəyişir, gözəlləşir, uşaqların gözəl dünyasına düşürəm.



* * *



...Bir çox cinayətlərin motivi məhz paxıllıq hissindən yaranır. Çox üzücüdür ki, düşmənlə informasiya savaşında olan Gülzar İbrahimovanın uğurlarını həzm edə bilməyən paxıllıq və ondan doğan qeyri - verbal hərəkətlər cinayətlərin ən böyüyünə - Vətənə xəyanətə (!) hamilədir.



Söhbətləşdi:

Adil



aia.az
Geri dön