Ana Sayfa > Manşet / Gündəm > Bakı Metropolitenində irtica dərinləşir

Bakı Metropolitenində irtica dərinləşir


27-10-2018, 14:00. Yazar: sevinc1
Bakı Metropolitenində irtica dərinləşir


Sadiq oxucularımız xatırlayarlar, bu ilin may ayında "Pressinfo.az" saytı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) bir qrup maşinistinin müraciətnaməsini internetə çıxardı. Maşinistlər QSC rəhbərliyində bəzi vəzifəli şəxslərin onlarla kölə kimi rəftar etmələrindən, əmək və istirahət hüquqlarının pozulmasından, korrupsiya hüquqpozmaları ilə üzləşmələrindən şikayətlənmişdilər. Yazmışdılar ki, zəhmətkeşlərlə quldarcasına münasibətinə görə qatarları idarə edən maşinistlərin yuxuları kəsirdə qalır, o üzdən səhhət durumları, əmək qabiliyyətləri arzuolunan səviyyədən aşağı düşür. Bu mövzuda qələmə alınan birinci məqalənin sonunda inam ifadə etmişdik ki, problem ictimailəşəndən sonra aidiyyəti qurumlar onun həllinə nail olacaq, hüquqpozma faktlarının araşdırılmasını təmin edəcəklər.

Ancaq çifayda! Gözləntilərimiz özünü doğrultmadı, əksinə, birinci məqalədə tənqid olunan vəzifəli şəxslər barədə redaksiyamıza yeni-yeni şikayətlər daxil olmaqdadır. "Bakı Metropoliteni" QSC-nin Qatarların hərəkət təhlükəsizliyi üzrə müfəttişi Nazim Mədət oğlu Abdullayev redaksiyamıza məktubla müraciət edib. Müəllif bildirir ki, 02 noyabr 1981 - ci il tarixdən Bakı Metropolitenində işləyir. 37 illik əmək fəaliyyətinə çilingərlikdən başlamışdır. 02 may 1994-cü il tarixdən 05 oktyabr 2017-ci il tarixədək Qatarların hərəkət təhlükəsizliyi üzrə müfəttiş vəzifəsində çalışmışdır. Yazır ki, 05 oktyabr 2017-ci il tarixdə Qatarların hərəkət təhlükəsizliyi üzrə baş müfəttiş Elxan Məmmədov onu yanına çağırıb, "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun tapşırığını elan edib: "Öz ərizənlə bu gün işdən çıxmalısan. Əks halda Azərbaycan Respublikasının heç bir yerində özünə iş tapa bilməyəcəksən".

Nə səbəbə işdən çıxarıldığını soruşduqda isə, baş müfəttiş ona: "Səbəb yoxdur, sədr belə istəyir" - cavabını verib. Nazim Abdullayev ərizə yazmayacağını bildirdikdə, Elxan Məmmədov onu İnsan Resursları Şöbəsinin rəisi Əli Əliyevin yanına göndərib: "Əli Əliyev də mənə eyni təklifi etdi. Mən ərizə yazmadıqda, o mənə "məzuniyyət götür, get, özünə iş tap" dedi. Mənə məcburi məzuniyyət verdilər, lakin yenə də əl çəkmədilər. Hər gün zəng edib İdarəyə çağırır, ərizə yazmağımı tələb edirdilər. Əsəbdən xəstəliyə tutuldum. Əli Əliyev və İdarənin Hüquq Şöbəsinin rəisi Adil Atakişiyev Dəmiryol Xəstəxanasına və yaşayış yerimdəki poliklinikaların baş həkimlərinə zəng edib hədə - qorxu gələrək mənə xəstəlik vərəqəsi verilməməsini tapşırmışdılar. İdarəyə verdiyim xəstəlik vərəqələrini Əli Əliyev və Adil Atakişiyev özlərində saxlayırlar, ödəniş üçün mühasibatlığa vermirlər. 17 sentyabr 2018-ci il tarixdə xəstəxanaya gedərkən, iş yoldaşım Rzayev Asif Mirzə oğluna dövlət notariat kontorunda etibarnamə verdim ki, mənim əmək haqqı kartımı İdarədən alsın və xəstəlik vərəqələrinin ödənişinin nə vaxt ediləcəyini öyrənsin. Rzayev Asif İdarəyə gedib etibarnaməni göstərən kimi Əli Əliyev sənədi ondan alıb Adil Atakişiyevə vermişdir. Atakişiyev isə Asifə mənim əvəzimə işdən çıxmaq haqda ərizə yazmağı təkid etmişdir. Asif ərizə yazmaqdan imtina etdikdə, ona "etibarnamənin üzünü görməyəcəksən!" - deyib otaqdan çıxarmışdır".

Şikayətçi xatırladır ki, dövlət notariusu tərəfindən verilmiş etibarnaməni qaytarmamaq, başqasına məxsus əmək haqqı kartını verməmək, başqa şəxsi mənim yerimə işdən çıxmaq haqda ərizə yazmağa məcbur etmək vəzifəli şəxsin öz vəzifə səlahiyyətlərini aşması, vəzifəsindən sui-istifadə etməsi deməkdir. Odur ki, redaksiyadan Azərbaycan Respublikası qanunlarının Bakı Metropolitenində işləməməsindən dolayı yaranan problemləri ictimailəşdirməyi xahiş etmişdir.

Xatırladaq ki, "Bakı Metropoliteni" QSC-nin Hüquq Şöbəsinin rəisi Adil Atakişiyev ümumiyyətlə metropolitenin yuxarı vəzifəli şəxslərindən şikayətçi düşən maşinistlərə təzyiq göstərməkdə pərgardır. Maşinistlər yazırdılar ki, Atakişiyev onları dələduz adlandırır, dövlət rəsmilərinə onlardan şikayət ünvanlayacağını, onları tutduracağını bildirir. Atakişiyevlə müharibə veteranı olan Asif Rzayevin əvvəllər də aralarında insident baş vermişdir. İnsan Resursları Şöbəsinin rəisi Əli Əliyev isə istirahət günləri işləməyə məcbur edilən maşinistlərə "öz hesabınıza yazıb neçə gün istəsəniz istirahət edə bilərsiniz" cavabını vermişdi. Bütün bunlar göstərir ki, Bakı Metropoliteninin özbaşınalıq edən, səlahiyyət həddlərini aşan vəzifəli şəxsləri barədə ciddi ölçü götürülmədikcə, onlar daha da mürtəce siyasət yürüdürlər.

Mövzuya qayıdacağıq. Qarşı tərəfin də mövqeyini öyrənməyə çalışacağıq.

Nüşabə Əhməd

Geri dön