Ana Sayfa > Ölkə / Seçilənlər > Lerik rayonu dinamik inkişaf yollarında

Lerik rayonu dinamik inkişaf yollarında


24-10-2018, 11:20. Yazar: sevinc1
Lerik rayonu dinamik inkişaf yollarında




Ölkə Prezidenti cənab İlham Əliyev ucqar dağlıq rayona səfər etmiş ilk dövlət başçısıdır

Etiraf etmək lazımdır ki, ötən əsrin 70-ci illərinə qədər Lerik rayonu inkişafdan xeyli geri qalmış ucqar bir dağ rayonu idi. Yalnız ümummilli liderimiz Heydər Əliyevin diqqət və qayğısı sayəsində 1970-ci illərdən başlayaraq Lerikin inkişafının uğurlu təməli qoyuldu. Ondan sonra Lerikdə neçə-neçə təhsil və mədəniyyət müəssisələri, səhiyyə ocaqları, inzibati və yaşayış binaları tikilib xalqın istifadəsinə verildi. Ulu öndər xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra, öz müstəqilliyinə qovuşmuş Azərbaycan çiçəklənmə dövrünə qədəm qoydu.

Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın inkişafı özünün daha yüksək mərhələsinə qədəm qoyub. O cümlədən ölkəmizin bütün regionlarında da bu inkişaf dinamikası müşahidə olunmaqdadır.

Hazırda “Azərbaycan Respublikası Regionlarının Sosial-İqtisadi İnkişafı” Dövlət Proqramlarının icrası nəticəsində sürətli inkişaf dövrünü yaşayan bölgələrimizdən biri də Lerik rayonudur. Rayonda tikinti, abadlıq, quruculuq işləri böyük vüsət almışdır. Sosial-iqtisadi, mədəni sahələrdə qazanılan nailiyyətlər də ürəkaçandır.

Aydındır ki, hər hansı rayonda inkişafından danışarkən ilk növbədə həmin rayonun iqtisadi göstəricilərinə əsaslanmaq lazımdır. Lerik rayonu üzrə bu göstəricilər isə, oktyabrın 17-də rayon rəhbərliyinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, ağsaqqallar, gənclər və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilmiş və 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına dair rayon icra hakimiyyəti başçısının hesabatına həsr olunmuş Şuranın geniş iclasında öz əksini tapmışdır.

Dördüncü tarixi səfər


Şura iclasını giriş nitqi ilə açan rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov Prezident cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı Azərbaycanda hesabat dövründə qarşıya qoyulan vəzifələrin uğurla və vaxtında icra edildiyini, dinamik inkişafın təmin olunduğunu, ölkəmizin əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşadığını diqqətə çatdırdı. İcra başçısı xüsusi olaraq vurğuladı ki, ölkə başçısı tərəfindən həyata keçirilən uğurlu iqtisadi reformalar Lerik rayonunun da sosial-iqtisadi inkişafına ciddi təsir göstərmişdir. Bu inkişafın bariz nümunəsi kimi isə, Rövşən Bağırov möhtərəm Prezidentimiz İlham Əliyevin 15 oktyabr 2018-ci il tarixində Lerikə dördüncü tarixi səfərini qeyd etdi.




Bir məqamı xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ucqar dağlıq rayona səfər etmiş ilk dövlət başçısıdır. Bu səbəbdən də Prezident İlham Əliyevin Lerik rayonuna səfərləri leriklilərin yaddaşında silinməz izlər qoyub.


Lerikin inkişafına ayrılan dövlət vəsaitləri məqsədyönlü şəkildə xərclənir


Cənab Prezidentin rayona tarixi səfərindən sonra Lənkəran-Lerik avtomobil yolunun tikintisinə 9,2 milyon manat, Lerik şəhərində 48 mənzilli binanın tikintisinə 3 milyon manat və Orand kəndində məktəbin tikintisinə 1 milyon manat, cəmi 13,2 milyon manat vəsaitin ayrılması rayonun gələcək inkişafından xəbər verir. Cari ilin keçən 9 ayı ərzində əvvəlki illərdə olduğu kimi rayonda aparılan quruculuq-abadlıq işləri barədə məlumat verərək, Rövşən Bağırov Lerik şəhərində və rayonun kəndlərində abadlıq işlərinin davam etdirildiyini bildirdi.



Məlumdur ki, Lerik rayonu aqrar rayonudur və əhalinin də əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq sahələridir. Öz məruzəsində icra başçısı bu məqamı da vurğulayaraq bildirmişdir ki, hesabat dövrü ərzində rayon üzrə vətəndaşlarla aparılmış maarifləndirmə və izahat işləri nəticəsində əkin sahələrinin dövriyyəsi xeyli artmışdır. 3158,91 hektar sahədən 6828,6 ton, keçən ilə nisbətən 178,5 ton çox taxıl və digər dənli-paxlalı məhsul tədarük edilmiş, 1655 hektar, keçən ilin müvafiq dövrünə nisbətən 927 hektar sahədə herik şumu aparılmış, 481 hektar sahədə buğda səpini həyata keçirilmişdir. Həmçinin 19 kənd inzibati ərazi dairəsi üzrə 27,0 hektar sahədə “Virciniya” və “İmmuna” tütün sortları əkilmişdir. Hal-hazırda məhsulun yığımı və qurudulması işləri davam etdirilir.

Təhsilin inkişafı xüsusi diqqət mərkəzindədir




Lerikdə rayon rəhbərliyi tərəfindən hər zaman xüsusi diqqət mərkəzində saxlanılan istiqamətlərdən biri də təhsil sahəsinin inkişafıdır. Hazırda rayonda 107 ümumtəhsil məktəbi vardır. Onlardan 37-si tam orta, 47-si ümumi orta, 23-ü ibtidai məktəbdir. Rayon üzrə 7505 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1269 müəllim məşğul olur, onlardan 760-ı ali təhsilli, 509 nəfəri orta ixtisas təhsillidir. Təkcə 2003-2015-ci illər ərzində rayonda 6384 şagird yerlik 49 məktəb, o cümlədən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 870 şagird yerlik 4 məktəb binası inşa edilmişdir. 1128 şagird yerlik 6, o cümlədən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 180 şagird yerlik 1 məktəb binası əsaslı təmir edilmişdir. Hər biri 35 yerlik olmaqla 3 məktəbəqədər müəssisə üçün bina inşa edilmişdir.

Sakinlərin sağlamlığı əmin əllərdədir




Bu gün Lerik Rayon Mərkəzi Xəstəxanası 82,8 min nəfər əhaliyə tibbi xidmət göstərir. Səhiyyə sahəsində aparılan islahatlarla bağlı bir neçə xəstəxana, həkim məntəqəsi ləğv edilmiş və həmin səhiyyə ocaqlarının bazasında yeni müəssisələr yaradılmışdır. Hazırda rayonda əhaliyə ambulator və stasionar tibbi yardım göstərən 90 çarpayılıq rayon mərkəzi xəstəxanası, 15 çarpayılıq 6 kənd xəstəxanası, 51 tibb məntəqəsi, 19 həkim məntəqəsi mövcuddur ki, bunlarda da 50 nəfər həkim və 157 orta tibb işçisi çalışır. Rayon mərkəzi xəstəxanası və uşaq şöbəsi, Qosmalıan, Peştətük, Əliabad kənd xəstəxanaları, Vizəzəmin həkim məntəqəsi əsaslı təmir edilmiş, Şingədulan, Cəngəmiran, Brkandul, Barzavu, Blaband, Piran kənd həkim məntəqələri üçün yeni binalar inşa edilmişdir.


Turizmin inkişfı prioritet istiqamət kimi qeyd olunur


Uzunömürlülər diyarı olan Lerik rayonunun əsrarəngiz gözəlliyi, flora və faunası burada turizmin inkişafı üçün geniş imkanlar yaradır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərə müvafiq olaraq, Lənkəran-Lerik magistral yolu boyunca yeni turizm obyektləri və istirahət mərkəzləri inşa edilmişdir. Rayonda dağ turizminə üstünlük verənlər də çoxdur. Turistləri xarici dilləri mükəmməl bilən bələdçilər müşayiət edirlər. Turizmin Lerikdə nisbətən yeni bir sahə olmasına baxmayaraq, keçən qısa vaxt ərzində rayonda bu sahədə bir sıra uğurlara imza atılmışdır. Dövlət Proqramının icrası ilə bağlı rayonda fəaliyyət göstərən “Relax”,



“Təbəssüm”, “Meşəbəyi”, “Çənlibel”, “Xəyal”, “Həyat”, “Qala”, “Cənub”, “Möcüzə”, “Səfa” turizm-istirahət-əyləncə mərkəzlərində istirahət edən qonaqlara vaxtlarının səmərəli keçirmələri üçün hər cür şərait yaradılmışdır. Bu mərkəzlərdə eyni vaxtda 700 nəfərdən artıq turistin qalması və istirahət etməsi üçün ən müasir standartlara uyğun hər cür şərait yaradılmışdır.

Bu arada belə bir məqamı da vurğulamaq istərdik ki, Lerik rayonunda bu gün müşahidə edilən dinamik inkişafın bərqərar olmasında Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun da danılmaz xidmətləri vardır. Belə ki, bir çox hallarda gün məhz cənab Rövşən Bağırovun səmərəli idarəetmə təcrübəsi, onun ölkə rəhbərliyi tərəfindən müəyyən edimiş iqtisadi islahatlar kursunu uğurla həyata keçirmək bacarığı rayonun bütün sahələrində dinamik inkişafın getdikcə sürətlənməsini təmin edən əsas amillərdən biri kimi çıxış edir. Qeyd edək ki, Rövşən Bağırov Azərbaycan Respublikası Prezidentinin 02 aprel 2007-ci il tarixli 2078 nömrəli Sərəncamı ilə Lerik Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin edilmişdir. Rayon sakinlərinin rəyinə görə, məhz Rövşən Bağırovun bu rayona başçı təyin olunduğu vaxtdan bəri, Lerikin əksər sahələrində böyük canlanma, dinamik inkişaf müşahidə olunmaqdadır.

aia.az

Mehman Həsənov
Geri dön