Ana Sayfa > Karusel / Cəmiyyət > Hansı halda kimisə öldürəndə cinayət sayılmır?

Hansı halda kimisə öldürəndə cinayət sayılmır?


25-12-2017, 17:31. Yazar: admin
Hansı halda kimisə öldürəndə cinayət sayılmır?


Bəzi xarici ölkələrdə elə cinayət halları olur ki, onlara görə ,ümumiyyətlə,cəza tətbiq edilmir. Son zərurət, zəruri müdafiə,affekt halı zamanı edilən cinayət tərkibli əməllərə görə şəxs günahsız hesab edilir və azadlığa buraxılır.



Azərbaycanda isə bu hallara demək olar ki, rast gəlinmir və ya nadir hallarda rast gəlinir.



Kriminalist-ekspert Mahmud Hacıyev Modern.az-a açıqlamasında bildirdi ki, son zərurət zərərçəkmiş vətəndaşın kiməsə ağır bədən xəsarəti yetirməkdən və ya öldürməkdən başqa heç bir çıxış yolunun olmaması kimi başa düşülməlidir:



“Tutaq ki, bir cinayətkar onu öldürmək istəyir. Ölüm təhlükəsi var və zərərçəkmişin qarşısındakına ağır bədən xəsarəti yetirməkdən və ya öldürməkdən başqa yolu yoxdur. Ancaq burada qeyd etməliyəm ki, mütləq qaydada ona qarşı yönəldilən təhlükə əvvəla real olmalıdır,həm də onun verdiyi adekvat reaksiyaya uyğun olmalıdır. Başqa sözlə, xüsusi çəkiləri eyni olmalıdır. Son zərurət vəziyyətində qalan şəxsin törətdiyi əməl ona qarşı yönəldilən təhlükəli əməldən ağır olmamalıdır”.



Mahmud Hacıyevin sözlərinə görə, eyni zamanda zəruri müdafiəyə də bunu aid etmək olar. Zəruri müdafiə zamanı təhlükə mütləq ona qarşı yönəldilən təhlükə ilə çəkidə eyni olmalıdır:



“Məsələn, tutaq ki, bir nəfər digərinin üstünə taxta parçası ilə hücum edir, taxta parçası ilə onun başına zərbə endirmək istəyir və yaxud bədəninə xəsarət yetirmək istəyir. Təhlükədə olan şəxs qanuni şəkildə özü ilə gətirdiyi silahla qarşısındakını vurub öldürür. Bu son zərurət deyil,zəruri müdafiədən də söhbət gedə bilməz. Burada adekvat hərəkət, yəni təhlükəyə qarşı yönəlmiş hərəkətin xüsusi çəkisi daha ağır olur. Əgər bir nəfər sənə ağac parçası ilə hücum edirsə,sən də özünü başqa predmet ilə qoruya bilərsən. Onu iki metr məsafədən güllə ilə vurub öldürürsənsə bu artıq cinayət məsuliyyətindən azad etmir”.

Mahmud Hacıyev qeyd edib ki, bu, zəruri müdafiə həddini aşmaqdır.



“Cinayət qanunvericiliyində də bu haqda maddə var. Zəruri müdafiə halında kimisə xəsarət yetirmək və ya öldürməklə, zəruri müdafiə həddini aşmaqla kiməsə xəsarət yetirmək və ya öldürmək arasında fərq ayırd edilməlidir. Məhkəmə- istintaq təcrübəsi zamanı tarixən, bu maddələrə çox nadir hallarda rast gəlinir.Son 5-10 ilin istintaq materiallarını götürsək, ancaq bir-iki belə hala rast gəlmək olar”.



Mahmud Hacıyev söyləyib ki, affekt vəziyyəti güclü ruhi həyəcan deməkdir.

“Affekt vəziyyətdə kiməsə xəsarət yetirmək və ya öldürmək güclü ruhi həyəcanla bağlı olur. Güclü ruhi həyəcan iki cür olur: pataloji affekt və fizioloji affekt. Pataloji affektin xüsusi çəkisi fizioloji affektdən daha çox olur. Patoloji affektdə olan insan müəyyən müddət ərzində özündə olmur. Fizoloji affektlə müqayisədə müddəti uzun olur. Məsələn tutaq ki, bir nəfərin gözü qarşısında onun doğma övladını,valideynini və ya ona yaxın olan kimisə öldürürlər. Ya ağır bədən xəsarəti yetirirlər.Və ya doğmasına,xüsusilə qadına qarşı təhqiramiz hərəkətə yol verirlər. Həmin vaxt onda affekt vəziyyəti yaranır. Həmin an o özündə olmur,istənilən cinayəti törədə bilər. Bu affekt halı kimi qiymətləndirilə bilər və müəyyən qədər cəzasının yüngülləşməsinə səbəb olur. Amma bəzən olur ki, bir nəfər eşidir ki, kimsə dünən onun qohumlarındamn birini öldürüb, o da gedir onu öldürür, bu halda affekt vəziyyətindən söhbət belə gedə bilməz”.



Mahmud Hacıyevin sözlərinə görə bu məsələdə müddət çox önəmlidir. Bir müddət keçdikdən sonra şəxsin psixoloji durumunda müəyyən qədər sərbəstlik,durğunluq,sakitləşmə yaranır:



“Buna görə cinayətin affekt halı kimi qiymətləndirilməsi üçün cinayət həmin anda və yaxud yaxın zamanda olmalıdır”.



Mahmud Hacıyev qeyd edib ki, Azərbaycanda bu maddələr çox az hallarda tətbiq edilir. Bunun obyektiv və subyektiv səbəbləri var:



“Baxsaq görərik ki, bəzi hüquqi-demokratik ölkələrdə, Rusiya da bu maddələr çox tətbiq olunur. Azərbaycanda isə bu istiqamətdə haradasa qeyri-peşəkarlıq var,müəyyən neqativ hallar da var, ona görə bizim ölkədə bu çox az tətbiq edilir.



Bütün istintaqçılar, bütün məhkəmə işçiləri humanist deyil, hamısı qanunun aliliyinə riayət eləmir ki! Bəzən olur ki, onlar dırnağarası diplomatik danışıqlara gedirlər.



Təəssüf ki,belə hallara rast gəlinir. Məsələn,həmin şəxsin qohumları ilə,yaxınları ilə danışırlar ki, belə bir maddə tətbiq edilə bilər, amma bunun müqabilində də “ nəsə” olmalıdır. Qarşı tərəf isə əksinə, görür ki, tutaq, son zərurət maddəsi tətbiq olunacaq, onlar da danışıqlar a gedir. Bəzi məhkəmə-istintaq orqanları belə vəziyyətlərdə balanslaşdırılmış siyasət aparırlar. Hansı tərəf belə desək “salam əleykum” edirsə,qalib də o olur”.

aia.az
Geri dön