Ana Sayfa > Media > Dindarla ateistlərin MÜBAHİSƏSİ: “Dini tənqidi özlərinə çörək ağacı ediblər” - “Mömin kişilərə cənnətdə bakirə hurilərin vədi lağlağıdır”

Dindarla ateistlərin MÜBAHİSƏSİ: “Dini tənqidi özlərinə çörək ağacı ediblər” - “Mömin kişilərə cənnətdə bakirə hurilərin vədi lağlağıdır”


8-07-2017, 17:26. Yazar: admin
Dindarla ateistlərin MÜBAHİSƏSİ: “Dini tənqidi özlərinə çörək ağacı ediblər” - “Mömin kişilərə cənnətdə bakirə hurilərin vədi lağlağıdır”



Son zamanlar Azərbaycanda istər sosial şəbəkələrdə, istərsə də reallıqda ateistlərin fəallığı müşahidə edilir və təbii olaraq onların dindarlarla tez-tez mübahisələri düşür. Bəzən bu mübahisələr qarşılıqlı təhqirlərə yol açır ki, sonda da digər xoşagəlməz halların başvermə ehtimalı artır.

Modern.az məsələyə hər iki tərəfin aktiv nümayəndəsindən münasibət öyrənib.

“Bəzən ateistlərin tənqid etdiyi dini biz də tənqid edirik”

“Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənli bildirib ki, ateistlərin fəallığına baxmayaraq xalq dini inancını qoruyub saxlayır:
“İnancından asılı olmayaraq, hər kəs azad şəkildə fikrini ifadə edə bilər. Dinimiz də bu haqqı insanlara tanıyır. Lakin məni narahat edən bir məsələ var. Ateistlər bəzən dinə qarşı təhqiramiz sözlərdən istifadə edir və aqressiv yanaşmalar sərgiləyirlər. Bu, tamamilə yanlışdır. Amma hesab etmirəm ki, Azərbaycan cəmiyyətinin böyük bir hissəsi ateistdir. Ölkəmizdə ateistlərin sayı o qədər də çox deyil.
Ateistlərin fəallığına , müxtəlif təbliğatların aparılmasına baxmayaraq, xalqımız inanclarını qoruyub saxlayır. Bu gün dini inancların vəzifəsi ateistlərin səsləndirdiyi iradları elmi şəkildə cavablandırmaq, dini çatdırmaqdır.
Əslində müşahidə edirəm ki, bəzən ateistlərin tənqid etdiyi dini biz də tənqid edirik. Yəni ateistlərin tənqid etdikləri çox zaman din yox, xurafatlar olur. Xurafatı biz də qəbul etmirik. İlk növbədə din haqqında təsəvvürlərimizi dəyişməliyik. Bundan sonra dini hökmləri elmi şəkildə müdafiə edə bilərik. Ateistlər və dindarlar arasında müzakirələr elmi müstəvidə gedirsə, bunda qəbahət görmürəm. Amma qarşılıqlı ittihamlar, təhqirlər yanlışdır”.

“İslama qarşı kampaniya və hücum həddində təbliğatlar aparılır”

İlahiyyatçı düşünür ki, ateistlərin xüsusilə İslam dinini hədəf alması artıq tendensiya halını alıb:
“İslam dini ən gənc və mütərəqqi dindir. Dinimiz dünyanın hər yerində yayılmaqdadır. Bu isə bəzilərində narahatlıq yaradır və ümumiyyətlə, dünya miqyasında bəzən islam haqqında yanlış təsəvvürlər yaratmaq , onu hansısa qorxunc simada təqdim etmək üçün təbliğatlar aparılır. Bəzən bilərəkdən və ya bilməyərəkdən özünə ateist deyən şəxslər də bu antitəbliğatın təsirinə düşür. Əgər insan ateistdirsə, bütün dinlərə qarşı tənqidi mövqedə olmalıdır. Amma məhz islama qarşı kampaniya və hücum həddində təbliğatlar aparılır. Dinimizin hədəfə alınması onun mütərəqqi mahiyyətindən qaynaqlanır. Bir şey çox dəyərli olarsa, onu dəyərdən salmağa çalışarlar. Bizdə olan ateistlər ola bilər ki, bu cür təsirlərə düşsün”.


“Ateistlər maddi maraq güdür”

“Azərbaycan müsəlman ölkəsidir, bu səbəbdən tendensiya özünü islam üzrə daha çox göstərir. Əksəriyyət dinimizi inkişafa mane kimi görür deyə, dini hədəfə alır. Hətta bəzən maddi maraqlar da olur. Dini tənqid edən ateistlər sırf bunun üçün fəaliyyət göstərə bilərlər. Dini xurafat kimi təqdim etməklə kimlərəsə xidmət etmiş olurlar. Tarixən də bu cür nümunələr olub. “Mən ateist olduğuma görə Azərbaycanda yaşaya bilmərəm” deyib təmənna güdən insanlar da var. Dini tənqid etməyi özünə çörək ağacı edənlər az deyil”.

“Kütləni əzablarla qorxutmaq daha əvvəlki kimi alınmır”

Ateist dünyagörüşü ilə seçilən, sosial şəbəkədə dinə yönəlik tənqidi statusları ilə aktivlik nümayiş etdirən “Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov düşünür ki, son vaxtlar Azərbaycanda ateistlər artıb:
“Bunu sezməmək mümkün deyil. Bu da təbiidir, çünki dinin kütləvi şüurda 3 dayağı var: Möcüzələrə inam, əzablardan qorxu və ümid. Müasir dövrdə daha kütləni möcüzələrlə aldatmaq olmur. Ona görə də, ilahiyyatçılar özləri dində möcüzə olmadığını deməyə başlayıblar. Çünki ayrı cür mümkün deyil, gülüş obyektinə çevrilməmək üçün əsrlərlə İslamın ideoloji sütunu olan sakral, fundamental anlayışlardan - Meracdan, Ayın bölünməsindən və s. imtina edirlər.
Kütləni əzablarla qorxutmaq da daha əvvəlki kimi alınmır. Çünki bəşəriyyət humanizm mərhələsini yaşayır, dövlətlər ölüm cəzasından imtina edirlər, ümumiyyətlə, bütün cəzalar yumşaldılır, islah etməyin qeyri-cəza yollarına keçilir. Belə bir dünyada “Allaha inanmayan şəxs sonsuza qədər diri-diri yandırılacaq” demək artıq vəhşiliyin apogeyi kimi görünür. Ağlınız 7-ci əsrə getməsin... Ona görə, ilahiyyatçılar cəza hədələrini də yumşaldırlar”.


“Gələcəkdə “din” deyilən bir şey olmayacaq”

“Ümidə gəlincə, yenə də ilahiyyatçılar özləri deyilər ki, pirlərə inanmaq, seyidin cəddinə güvənmək, hansısa niyyət üçün nəzir demək lazım deyil, bunlar yalandır. Təsəvvür edirsinizmi, 20 il ateistlərin dediklərini bu gün ilahiyyatçılar özləri deyirlər! Cənnətdə mömin kişilərə veriləcək əbədi bakirə hurilər vədi artıq hamı üçün lağ obyektinə çevrilib...
Nəticədə nə alınır? Möcüzə və ümid ləğv edilir, cəza qorxusu isə xeyli yumşaldılır. Bu isə ona gətirib çıxarır ki, dinin kütlə şüurunu məngənədə saxlamaq imkanları zəifləyir. Və getdikcə daha da zəifləyəcək. Ümumiyyətlə, gələcəkdə “din” deyilən bir şey olmayacaq, bu, birmənalıdır. Biz bu gün Zevsə və Poseydona necə yanaşırıqsa, uzağı 100 ildən sonra yaşayan insanlar da islamın allahına o cür yanaşacaqlar”.


AİA.az
Geri dön