Ana Sayfa > Gündəm > Nazir meşə müdirini işdən qovdu

Nazir meşə müdirini işdən qovdu


20-06-2017, 18:01. Yazar: admin
Nazir meşə müdirini işdən qovdu


Bir sıra saytlarda və sosial şəbəkədə Şabran meşəsində qırıntı olması ilə bağlı video görüntü yayılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Modern.az -a verilən məlumata görə, Nazirliyin apardığı araşdırma nəticəsində məlum olub ki, həmin görüntülər 16 iyun 2017-ci il tarixində Şabran meşə müdirinə yönələn ittihamlarla birlikdə yerləşdirilib və sonradan saytdan çıxarılıb.

"Bir neçə gündən sonra isə həmin görüntülər, artıq bu dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və onun rəhbərliyinin ünvanına əsassız ittihamlarla yenidən yerləşdirilib.

Məlum olub ki, yazının və görüntülərin yenidən yerləşdirilməsində məqsəd Nazirlik rəhbərliyinin diqqətini cəlb edib meşə müdirinə təzyiq göstərməkdən ibarət imiş. Çünki birinci dəfə rayon meşə müəssisəsinin müdiri onun ünvanına yönələn və yazı ilə müşayiət olunan bu görüntülərin yerləşdirilməsinin qarşısını hansı yollasa ala bilib.
Amma görünür, bu, məlumatı yayanları qane etməyib. Buna görə də təzyiq ünvanı dəyişdirilib, şər-böhtan və şantajla xarakterizə olunan başlıqlardan istifadə etməklə saytlarda və sosial şəbəkədə Nazirliyin rəhbərliyinin ünvanına təhqiramiz yazılar və şərhlər verilib.

Belə böhtanlara dərhal ETSN-dən reaksiya verilib. Nazirlikdə görüntülərdə əks olunan qırıntılarla bağlı qrup yaradılıb. Həmin qrup çəkilmiş görüntülərin müəllifini müəyyənləşdirib və onu Şabran meşələrində aparılan araşdırmada iştirak etmək üçün dəvət edib. Həmin şəxs görüntülərin çəkildiyi ərazini göstərəcəyinə söz versə də, sonradan araşdırmada iştirakdan yayınıb. Komissiya üzvlərinə məlum olub ki, bu şəxs rayon meşə müdirinin yanında olub, onunla görüşəndən sonra araşdırmada iştirakdan imtina edib.

Bu görüşün məzmununun nədən ibarət olduğu o qədər birmənalı görünür ki, bu kontekstdə Nazirlik, faktiki olaraq qanunsuz təzyiq yolu ilə meşə rəhbərini özünə tabe etdirən qrupun qarşısında təslim olan müdirin vəzifəsində qalmasını mümkünsüz hesab edib. Prinsipiallıq göstərmədiyinə görə Şabran meşə mühafizəsi və bərpası müəssisəsinin direktoru tutduğu vəzifədən azad olunub", - deyə məlumatda bildirilir.

Məlumatda o da qeyd olunur ki, Şabranın meşə ərazisində araşdırma davam etdirilir.

"Video görüntünü yayanlar araşdırmada iştirakdan imtina etdikləri və yuxarıda göstərilən səbəbdən istəklərinə nail olduqları üçün Şabran meşə müəssisəsində başdan-başa yoxlama həyata keçirilir. Yoxlamanın nəticələrinə görə, toplanmış sənədlər hüquq mühafizə orqanlarına təqdim olunacaq. Nazirliyin rəhbərinin ünvanına, guya parket sexinin mövcudluğu barədə söylənilən təsdiqi və sübutu olmayan fikirlərlə bağlı isə bildiririk ki, bu, birmənalı olaraq həqiqətə uyğun deyil, böhtandır. ETSN adından bəyan edirik ki, Nazirliyin rəhbərliyinin mülkiyyətində olması ehtimal edilən istənilən meşə materialı ilə bağlı müəssisə barədə məlumatı olan varsa, həmin obyekt o şəxsə sənədli əsaslarla hədiyyə olunacaq", - deyə nazirlikdən bildirilib.


AİA.az
Geri dön