Ana Sayfa > Gündəm / Manşet > AQİL ABBAS: «DÜŞMƏNƏ GÖZ DAĞI TƏRTƏR»

AQİL ABBAS: «DÜŞMƏNƏ GÖZ DAĞI TƏRTƏR»


9-05-2017, 11:10. Yazar: admin
AQİL ABBAS: «DÜŞMƏNƏ GÖZ DAĞI TƏRTƏR»



Respublika Prokurorluğunun, Daxili İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi birgə əməliyyat nəticəsində Tərtər rayonu ərazisində bir qrup hərbçi və mülki şəxs ermənilərə casusluq etdiklərinə, yəni Vətənə və dövlətə xəyanət etdiklərinə görə həbs olunublar və istintaq gedir. Təbii ki, bu bir günün işi deyil, həm hüquq-mühafizə orqanlarının, həm də xüsusi xidmət orqanlarının gərgin işi nəticəsində belə bir ağır cinayətin üstü açılıb. Hər kəs də layiq olduğu cəzanı alacaq.

Bu məsələ müzakirə mövzusu deyil və bu məsələyə müxtəlif yanaşmalar da doğru deyil. Bu, sırf istintaqın işidir. Yəni bizim yozumlar düşmən dəyirmanına su tökməkdir.

Ən ağrılı cəhət də odur ki, bir para ağzıgöyçəklər müharibənin, ön xəttin nə olduğunu bilməyənlər tərtərliləri qınamağa başlayıb. Bu isə qeyrətli Tərtər camaatının heysiyyatına toxunmaya bilməz.

Tərtər camaatı o camaatdır ki, onların qeyrəti hesabına Ermənistan Silahlı Qüvvələri nəinki Tərtərin bir qarış torpağını işğal edə bildilər, əksinə, sərdarların, vəzirlərin, elxanların və adlarını çəkmədiyim neçə-neçə tərtərli qəhrəmanların şücaəti nəticəsində Ağdərə rayonunun beşi böyük olmaqla on bir kəndi erməni işğalçılarından azad edildi və bu gün də həmin kəndlər bizdədi.

Hələ bu hərbçilərin və xüsusilə də mülki şəxslərin kimlər və haralı olduqları açıqlanmayıb. Lap o mülki şəxslərin içində iki-üç tərtərli olsa belə, bu heç kimə qəhrəman Tərtər camaatını qınamağa haqq verə bilməz.

Diqqətli olun və camaatın heysiyyatı ilə oynamayın!

AİA.az
Geri dön