Ana Sayfa > Gündəm > Biz necə xərçəng olduq?

Biz necə xərçəng olduq?


8-05-2017, 14:07. Yazar: admin
Biz necə xərçəng olduq?

Günay Arda

Elə bir tanışım, dostum yoxdur ki, ailəsindən və ya qohumlarından xərçəng xəstəliyindən əziyyət çəkən, dünyasını dəyişən olmasın.
Yoxdur! Hər ailədən kimsə xərçəngin ağır yükünü döş nişanı kimi ürəyinin başında gəzdirir. Bizə xərçəng haqqında statistika da məlum deyil. İl ərzində nə qədər insanın xərçəngdən dünyasını dəyişdiyini bilmirik. Xərçəng olmaq qrip olmaq qədər adiləşib.

Həkim dostumuzun fikrinə görə, xərçəng orqanizmdə yaranan, lakin müstəqil şəkildə yaşayan, özünə yer edən, konkret varlığa çevrilən xəstəlikdir. Hər hansı bir orqanda cücərməyə münbit şərait tapdımı, böyüyür, genişlənir, qol-qanad açır.

Niyə bu qədər adam xərçəng olur?

Xərçəng infeksion xəstəliklərə aid deyil. Mikrobdan əmələ gəlib-gəlmədiyini də bilən yoxdur. Xərçəng bəlkə də sıxışdırılmış, üzə çıxa bilməyən hisslərin, arzuların toplusudur. Dünya insanlardan çox, hisslərə, arzulara qəbristanlıq funksiyasını həyata keçirir. Bəlkə də insan arzuları yığıntı kimi orqanizmin müəyyən bir yerinə toplanır. İltihablaşır, sonra metastaz verir. Vücudun, ruhun hər yerinə şaxələr atır. İnsanı içdən-içə yeyib-bitirir. Tibb isə bunun adına xərçəng deyir. Arzuları gözündə qalan, hissləri damarlarından çıxmayan insanlar zəhərlənir, xəstə yatağına düşür.

Şəxsən tanıdığınız adamların sosial şəbəkədə çıxdıqları oyunlara baxın. Gün ərzində sakit, səssiz həyatlarını yaşayanların çoxu sosial şəbəkədə zəhər axıdır. Özünə dönər almağa aciz insanlar Feysbuk-da, İnstaqram-da adalar almaq iqtidarında təqdim edir özünü. Xoşbəxt tanıdıqlarınız bədbəxt, problemi başından aşanlar sosial şəbəkələrdə klouna dönür bəzən.

Səndən hisslərini, arzularını gizlədən dostların sosial şəbəkədə özlərini bilməyərəkdən ifşa edir.

20 sm hündürlükdə ayaqqabılarda Fəvvarələr Meydanında gəzən qız tipləri yalnız bir şəkil paylaşacaq deyə 20 manatından keçib bahalı kafelərdə su içir. Sinəsi mədəsinə qədər açıq, "retuzlu" oğlanlar "parkovka"larda başqalarının maşınları ilə şəkillər çəkdirib sosial şəbəkələrdə paylaşır.

Sosial şəbəkələr hisslərin, fikirlərin, aruzların qəbristanlığına dönür. Hamının İnstaqram, Feysbuk hesabı şəxsi teatrına dönüb. Səhnə, meydan onundur. İstədiyini oynayır, istəmədiyini gizlədir.

Yaxşı oyunçu olmayanlar, reallığı oyundan ayıra bilməyənlər isə xərçəngə daha yaxın olur. Sosial şəbəkənin parıtısı onu gündəlik həyatından bir az da soyudur. Standart işi və həyatı, model tipli sevgilisi olmayan, ömrü qayğılarla keçən insan üçün sosial şəbəkə saqqız kimi uzanan bataqlıqdır. Hər gün İnstaqram-da olan qayğılı və sadəlöhv adam görür ki, hamı qayğısız, işsiz-gücsüz yaşayır.

Bu adamlar səhərini bahalı idman zallarında açır, naharı bahalı restoranlarda edir, axşamı isə əyləncənin dibinə girir. Hamı yaraşıqlı, gözəldir. Hələ yetkinləşməmiş bu insanın baxışlarında belə mənzərə yaranır: beynində və ruhunda heç nə olmayan qadın və ya kişi sırf qollarını, yanbızlarını şişirib deyə yaxşı həyat yaşayır. Həyat isə ona qarşı acımasızdır. Səhərdən axşama qədər işləsə də, o həyatı yaşaya bilmir. Ona bu bər-bəzəyin binaların köhnə üz qabığını ört-basdır edən karton lövhələrdən fərqli olmadığını anlatmaq çətindir.

İnsan yalnız özünə acıyanda yenilir. Özünə acımaq, özünə yazığı gəlmək isə insanı məsuliyyətlərindən rahatlıqla uzaqlaşdırır, sığortalayır.

Sosial şəbəkələr sayəsində tanıdığım və tanımadığım çox insan özünü qiymətləndirmə hissini itirib. Apardığı müqayisələr artıb. Bu müqayisələr onları ruhdan salıb, işdən və reallıqdan uzaqlaşdırıb.

Ümumi aqressivlik, gərginlik, hamının bir-birinə nifrəti arzuya çevrilən özgə həyatlarının iltihablaşmasının nəticəsidir. Kimsə öz ömrünə, həyatına yaxın durmaq istəmir. Özgə həyatları yad orqanizm kimi onlara daşıya bilmədikləri yük olub. Başqasının çəməni daha yaşıl görünür. Sosial şəbəkədə isə o çəmən yaşıldan artıq yaşıldır.

İndi hamının sosial şəbəkədə hesabı var. O hesablar üçüncü qolumuza, üçüncü ayağımıza, üçüncü gözümüzə dönüb. Bizi tanınmaz məxluqlara çevirib. İndi bizim nə hiss etdiyimiz yox, virtualda bizi izləyənlərin haqqımızda nə düşündüyü daha vacibdir.

Həyatınızın əllərindən tutun. Yoxsa xəçəng saysız-hesabsız ayaqları ilə boğazınızdan yapışacaq.
Geri dön