Mobil versiya
Dodaq boyasının içindən nə çıxdı? Kimyəvi TERROR
Tarix: 10-05-2016 | Saat: 11:20
Bölmə:Media | çapa göndər




Kimisi cərrahiyyə əməliyyatına ehtiyac duyur, kimisi də pulunu kosmetik vasitələrə xərcləməklə gözəl görünməyə çalışır. Bahalı məhsullar ala bilməyənlər isə bazarlardan, topdansatış mərkəzlərindən, mağazalardan aldıqları kosmetika ilə təlabatını ödəyir. Hazırda Azərbaycan bazarında istənilən firmanın məhsulunu əldə etmək mümkündür. Amma bu məhsulların orijinal və keyfiyyətli olub-olmadığını müəyyənləşdirmək imkanı məhduddur.

Dünyanın əksər ölkələrində kosmetik vasitələrin keyfiyyətinə nəzarət edən xüsusi qurumlar var. Məsələn, Türkiyədə Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Tibbi dərman və cihaz qurumunun verdiyi sertifikat məhsulun keyfiyyət göstəricisi hesab edilir. Bəs Azərbaycan bazarındakı məhsullar yoxlanılırmı? Məhsulun keyfiyyətini necə müəyyənləşdirə bilərik? Saxta və keyfiyyətsiz kosmetik məhsullar səhhətimizə necə təsir edir?

Aia.az bildirir ki, virtualaz.org saytı bu sualların cavabını öyrənməyə çalışıb. Saytın əməkdaşları paytaxtın məşhur topdansatış mərkəzindən dodaq boyası (pomada) alaraq Səhiyyə Nazirliyinin Sanitar Karantin Müfəttişliyinin laboratoriyasına təqdim ediblər. Fransız məhsulu kimi satılan, əslində isə Çindən gətirilən dodaq boyasının tərkibi ilə bağlı analizlərin nəticələrini təqdim edəcəyik. Amma bu barədə bir qədər sonra...

Nəzarətsiz biznes və ya qeyri-rəsmi statistika

Əvvəlcə kosmetikaya xərclənən vəsaitə nəzər salaq. "Azərbaycanlılar il ərzində kosmetikaya 280 milyon dollar xərcləyirlər. Bununla da Azərbaycan xanımları bəzənməyə çox pul sərf edənlərin sırasındadır", - bunu iqtisadçı alim Vüqar Bayramov bildirir.

Onun sözlərinə görə, qadınların kosmetikaya xərclədiyi vəsaitlə yoxsulluğun səviyyəsinin azaldılması mümkündür.

Rəsmi statistikaya görə, Azərbaycana Türkiyə, Rusiya, Ukrayna, Fransa, Almaniya, İtaliya, İsveç, İsveçrə, Böyük Britaniya da daxil olmaqla 40-a yaxın ölkədən kosmetik vasitələr gətirilir. 2015-ci ildə Azərbaycana 3 tondan çox ətir, dodaq boyası, göz kölgələri və digər kosmetik məhsullar gətirilib. 2014-cü ildə isə ölkəyə 3 min 448 ton mal kosmetika daxil olub. Ötən il ölkəyə gətirilən kosmetik vasitələrin dəyəri 531,7 mln manatdan artıq olub.

İqtisadçı Nübar Seyidova isə deyir ki, Azərbaycana gətirilən kosmetik vasitələrin həcmi və dəyəri rəsmi statistikadan dəfələrlə çoxdur. İqtisadçı statistik fərqi beynəlxalq təşkilatların hesabatlarına nəzər salmaqla müəyyənləşməyin mümkün olduğunu deyir. "Bunu nəzərə alaraq, ölkəyə gətirilən kosmetik vasitələrin müəyyən faizinin nəzarətdən yayındığını iddia edə bilərik", - N.Seyidova bildirir.



Kosmetika bazarı nəzarətsiz qalıb

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə kosmetika bazarının nəzarətsiz qaldığını iddia edir. "Hazırda ölkə bazarında satılan kosmetik məhsulların 70-80 faizi saxta və ya keyfiyyətsizdir. Nazirlər Kabinetinin 21 may 1998-ci il tarixli 114 saylı qərarına əsasən, qüsursuz və lazımi keyfiyyətə malik parfümer-kosmetik mallar pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısına daxildir. İşbazlar bu qərardan istifadə edərək istehlakçıları aldada bilirlər".

Hüquq müdafiəçisinin sözlərinə görə, ölkə bazarında 3 manatdan 20 manata qədər qiymətə satılan kosmetik vasitələrin qabları Çindən gətirilir. "Təşkilata daxil olan məlumatda deyilir ki, ətir, dodaq boyası və ya digər məhsulların qabları gətirilərək yerli sexlərdə yığılır. Və ya sifariş əsasında Çindəki sexlərdə yığılan məhsullar da Azərbaycan bazarına rahat yol tapa bilir".

Təşkilat rəhbəri Bakının məşhur otellərindən birində qab pastasının şampun qablarına tökülərək müştərilərə təklif edilməsi ilə bağlı hadisəni xatırladır: "Araşdırma zamanı hətta ən məşhur mağazalarda belə keyfiyyətsiz, saxta məhsul satıldığı aşkarlanır. Təşkilata edilən müraciətlər arasında 300 manata aldığı kremdən narazı qalanlar da olub. Yəni məhsulun hansısa mağazadan alınması onun keyfiyyətinə zəmanət olmur. Saxta kosmetik vasitələrin əsas bazarlarından biri Sədərək və Binə ticarət mərkəzləridir. İstehlakçılar üzərində istehsal və son yararlılıq tarixi olmayan məhsulları almasınlar. Məhsul alarkən malın gigiyenik sertifikatını tələb etsinlər".

Məhsullar necə yoxlanılır...

Respublikaya daxil olan əksər məhsullar, o cümlədən kosmetik vasitələr Səhiyyə Nazirliyinin Sanitar Karantin Müfəttişliyində yoxlanılır. Amma problem ondadır ki, bu yoxlama məcburi xarakter daşımır. Yəni yalnız sahibkar istədiyi halda laboratoriyaya məhsul təqdim edib, onun tərkibini yoxlatdıra bilər.

"Sahibkarlar müraciət edəndən sonra əvvəlcə sənədlər yoxlanılır. Sonra məhsulların üzərindəki kodlar vurulur və həmin məhsulun sənədlərlə uyğunluğu araşdırılır. Bundan sonra məhsulun tərkibinin yoxlanılmasına başlanılır".

Bunu isə sayta açıqlamasında müfəttişliyin laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev deyib.

Onun sözlərinə görə, Almaniya, Türkiyə və Rusiyadan gələn məhsullar yoxlanılıb. "Gətirilən məhsullar yoxlanılandan sonra onlara sertifikat verilir. Amma nəticələr yaxşı olmadıqda məhsul geri qaytarılır. Məsələn, təqdim edilən dodaq boyalarının birinin içində turşuluq normadan dəfələrlə yüksək idi. Turşuluq isə dərini yandıra, aşılaya bilər. Buna görə də sahibkar məhsulu geri qaytardı".



Amma T.Vəliyev də bütün məhsulların yoxlamadan keçmədiyini və məhz problemin bundan qaynaqlandığını etiraf edir. "Kosmetik vasitələr allergiya yarada bilir. Bundan əlavə, üzdə yaralar əmələ gəlir. Ən yaxşı halda isə müalicə məqsədilə istifadə edilən kosmetik məhsuldan istənilən nəticəni ala bilmirlər. Amma təəssüf ki, müraciət olmadan məhsulları yoxlaya bilmirik", - deyə laboratoriya rəhbəri əlavə edir.

Bəllidir ki, işbazlar pul qazanmaq üçün bütün vasitələrdən istifadə edirlər. İstehlakçılar isə məlumatsızlıqdan asan tora düşürlər. T.Vəliyev deyir ki, alıcılar sahibkarlardan gigiyenik sertifikat tələb etmirlər. "Paytaxtda satılan məhsullar az-çox yoxlanılır. Rayonlarda isə, ümumiyyətlə, məhsulun keyfiyyətinə, istehsal tarixinə nəzər salan yoxdur. Buna görə də istehlakçıların maarifləndirilməsinə diqqət yetirmək lazımdır. İstehlakçılar onu da bilməlidirlər ki, hər məhsula ayrıca sertifikat veriməlidir. Yəni bir sertifikat bütün məhsullara şamil edilmir".

Mütəxəssis söyləyir ki, məhsulun üzərində xüsusi nişan qoyulur. Məhz həmin nişanla məhsulun doğrudan da həmin firmaya aid olub-olmadığını müəyyənləşdirmək mümkündür. "Məhsulun keyfiyyəti, təhlükəsizliyi qiymətlə ölçülmür. Məsələn, sahibkar məhsulu birbaşa zavoddan əldə edə bilər. Bu zaman birinci əl məhsulu olduğu üçün qiymətlər nisbətən aşağı olur".

Topdansatış mağazasından aldığımız dodaq boyasının içindən nə çıxdı...

Nəhayət, metronun "28 May" stansiyasının çıxışında yerləşən kosmetik vasitələrin topdansatış mağazasından aldığımız dodaq boyasının tərkibinə nəzər salaq. Əvvəl onu qeyd edək ki, topdansatış mərkəzində İtaliya, Türkiyə, Fransa istehsalı kimi satılan bütün məhsullar Çindən gətirilib. Analizə görə, dodaq boyası zərərsizdir. Hətta o qədər zərərsizdir ki, tərkibindəki maddələr normadan aşağı səviyyədədir. Bir sözlə, boyanın içərisində boyayıcı maddədən başqa heç nə yoxdur.

Dermatoloq Səbinə Nəbiyeva deyir ki, hazırda satışda olan kosmetik vasitələrlə kimyəvi terrora məruz qalırıq. "Onsuz da kosmetik vasitələrin tərkibində 4 mindən çox kimyəvi qatqılar var. Bu maddələrin normadan çox qatılması dəri xərçəngi, sonsuzluq yarada bilər. Məsələn, saç boyaları piy vəzilərinə mənfi təsir göstərməklə şişin yaranmasına səbəb ola bilər. Ən yaxşı halda dəridə allergiya, qıcıqlanma, aşınma, yara əmələ gəlir. Xüsusilə də, tərkibinə alüminium, butan, dietanolamin, propan, mineral, texniki yağ qatılmış kosmetik vasitələri alarkən diqqətli olmaq lazımdır. Məsələn, məhsulun üzərində hipoallergen olduğu qeyd edilibsə, bu, məhsulun tərkibində dərini güclü qıcıqlandıran komponentlərin olmadığını bildirir", - mütəxəssis belə deyir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti isə bildirir ki, kosmetik vasitələrin saxlama müddəti məhsulların istehsalçıları tərəfindən müəyyən edilir və bu müddət ərzində malların keyfiyyətinə təminat verilir. Məsələn, göz üçün tuş orta hesabla 3-6 ay, tonal krem, sürmə 6-12 ay, göz kölgələri, göz və qaş qələmi, dodaq boyası, ənlik və kirşan 12-18 ay müddətində istifadə edilə bilər.

Məhsulun sertifikatlaşdırılması ilə məşğul olan qurumlardan biri də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsidir. Bu komitənin fəaliyyəti isə saxta məhsul aşkarlandığına dair hərdənbir məlumat yaymaqla yekunlaşır. Əksini sübut etmək istəyənlər çox uzağa getməsinlər, istənilən mağazada məhsulun sertifikatını tələb edə bilərlər.

Əhalinin maddi durumunu nəzərə alsaq, deməli, hələ uzun illər kəmiyyət keyfiyyəti üstələyəcək...

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024