Mobil versiya
Yüz ildə bir dəfə baş verən hadisə
Tarix: 25-02-2017 | Saat: 19:43
Bölmə:Media | çapa göndər

Yüz ildə bir dəfə baş verən hadisə


Lincoln adını eşidəndə ağlınıza nə gəlir? Əminəm ki, bu, ilk növbədə Amerika Birləşmiş Ştatlarının bəlkə ən məşhur prezidenti, Abraham Lincoln olacaq.
O Lincoln ki, ölkədə quldarlıq sistemini ləğv etdi, irqindən fərqli olmayaraq, hər bir insanın bərabərliyi ideyası naminə hətta vətəndaş müharibəsinin başlanmasından qorxmadı və nəticə etibarı ilə Amerikanın qüdrətli dövlət olmasının təməlini qoydu.
Sonra isə, teatr tamaşasını izləyərkən, qətlə yetirildi. Bu, demək olar ki, dünyanın əksər hissəsinin tanıdığı Lincoln-dur.
Lakin ötən həftənin sonunda dünyanın əhəmiyyətli bir hissəsi başqa bir Lincoln-la tanış oldu. Məlum oldu ki, İngiltərədə belə adlı bir şəhər var.
Milli.Az BBC-yə istinadən bildirir ki, bu şəhər həm də bir rayon mərkəzidir ki, ölçüsünə görə İngiltərənin 326 rayonu arasında düz 300-cü yerdədir.
Təvazökarlıqdan uzaq olsa da, deyim ki, mən özümü həm futbol, həm də coğrafiyada kifayət qədər bilikli bir adam hesab etsəm də, indiyədək nə bu şəhərin, nə də onun ən böyük futbol klubunun adını eşitməmişdim.
Bu klubun adı Lincoln City-dir və 97 min əhalisi olan şəhərdə ondan başqa daha iki klub var - Lincoln United və Lincoln Moorlands Railway.
Bu klublar müxtəlif liqalarda çıxış edir və onların arasında ən uğurlusu məhz City-dir. Bu komanda İngiltərənin beşinci futbol liqasında yarışır.
City Lincoln-un ən populyar klubudur. O dərəcədə populyardır ki, 15 il bundan əvvəl klubun sponsoru iflasa uğrayanda və klub özünü müflis elan etmək ərəfəsində olanda, şəhər əhalisi təmənnasız olaraq, böyük vəsait toplayaraq, sevimli komandasını məhv olmaqdan xilas etdi.
Və ötən həftə klub tarix yazaraq, şəhərə olan borcunu qaytardı.
Ötən həftə Lincoln City son 103 il ərzində İngiltərə Kubonunun 1/4 finalına çıxan ilk qeyri-peşəkar klub oldu. Sonuncu dəfə belə nailiyyətə 1914-cü ildə Queens Park Rangers imza atmışdı. 1914-cü ildə!
Son mərhələdə Lincoln City rəqib meydanında Premyer-Liqa təmsilçisi Burnley-yə qalib gəlib. Əlbəttə, Burnley İngiltərənin ən aparıcı klublarından deyil, lakin bu komanda Premyer-Liqada, yəni dünyada ən güclü hesab olunan futbol liqasında çıxış edir və hazırda orada yarış cədvəlinin ortalarında qərarlaşıb.
Lincoln City isə həvəskarlar klubudur və açığını desək, bu iki klubda çıxış edən futbolçuların səviyyələrində də böyük fərq var. Təbii ki, və şübhəsiz ki, Burnley futbolçularının xeyirinə.
Lakin bu oyunda peşəkarlar həvəskarlara məğlub oldular. Özü də öz meydanlarında.
Əminəm ki, bunun səbəbini bilmək istəyirsiniz. Bu səbəbi indi sizə deyəcəyəm. Amma əvvəlcədən deyim ki, heç bir qeyri-adilik gözləməyin.
Elə bilməyin ki, Lincoln-un baş məşqçisi bu oyunda hansısa möhtəşəm oyun sxemini tətbiq edərək, Premyer-Liqadakı rəqibini çarəsiz vəziyyətə qoydu.
Elə bilməyin ki, Lincoln-un heyətində hansısa fitri istedada malik oyunçu peyda olub və məhz onun yaratdığı hariqələr komandasına qələbə gətirib.
Əsl səbəb bunlardan xeyli sadədir - odur ki, Lincoln futbolçuları meydana son döyüşə kimi çıxmışdılar.
Onlar döyüşdülər, hər top uğrunda qarpışdılar, hər ötürmənin dalınca qaçdılar, topa yiyələnən hər rəqibin üstünə cumdular, canlarını meydançada qoydular ki, bu qələbəni əldə etsinlər. Və nəticədə adlarını tarixə yazdılar.
Amma... Əslində bu da Lincoln-un qələbəsinin əsas səbəbi deyil. İngiltərədə bütün komandalar mübarizəni məhz belə aparırlar.
Xüsusən də Futbol Assosiasiyasının Kuboku oyunlarında. İkiqat xüsusən isə, onların rəqibi Premyer-Liqa komandası olanda.
Burnley-nin məğlub olmasının səbəbi bu klubun futbolçularının Lincoln-a bir qədər etinasız yanaşması oldu.
Onlar elə bildilər ki, rəqiblər İngiltərənin klub sıralamasında onlardan təxminən 90 yer aşağıdadırlarsa, onların bir həftədə qazandığı pulları bu rəqiblər heç bir ilə qazana bilmirlərsə, demək onlara qarşı nisbətən canfəşanlıqsız da oynamaq olacaq.
Amma futbol, xüsusən də İngiltərə futbolu, belə yanaşmanı sevmir. Burada bütün rəqiblərə qarşı var güclə oynamasan, məğlub olacaqsan. Lap elə rəqibin kiçik şəhərcikdən olan həvəskarlar olsa belə...
Dörddə bir finalda Lincoln City Arsenalla qarşılaşacaq. Düzdür, bu dəfə Lincoln-un qalib gələcəyinə inanmaq çətindir, amma mən bu oyunu çox böyük maraqla izləyəcəyəm.
Heç olmasa ona görə ki, sonra nəvələrimə deyə bilim ki, yüz ildə bir dəfə baş verən hadisəni izləmişəm...(Milli.az)

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə