Mobil versiya
Əməkdar artist ürəyini boşaltdı: "Qaynatamın evində yaşayıram" - FOTO
Tarix: 26-01-2017 | Saat: 21:21
Bölmə:Aia TV / Karusel | çapa göndər

Əməkdar artist ürəyini boşaltdı: "Qaynatamın evində yaşayıram" - FOTO







Bu günlərdə sosial şəbəkədə bezdiyi və qaçıb gedəcəyi ilə bağlı yazdığı statusla diqqət çəkdi. Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktyor və rejissorunun nədən birdən-birə belə "boğaza yığılması" hər kəsi təəccübləndirdi. Amma həmin ərəfədə o bu barədə bir kəlmə də olsun açıqlama vermək istəmədi.

Aia.Az-a müsahibə verən Nicat Kazımov elə mənimlə də "şərti şumda kəsdi ki, xırmanda yabalaşmayaq". Amma söhbətin sonunda şərti pozmalı oldum. İncəvara, o da bunun fərqində olmadı, deyəsən. Ürəyini boşaltdı.

- Son vaxtlar fikir vermişəm, tamaşa başlamaqla zalda insanların telefonla məşğul olmaları bir olur... Bu sizi qıcıqlandırmır ki?

- Əslində, bu böyük problemdir. Hərçənd tamaşa başlayan zaman elan olunur ki, mobil telefonları söndürün. Buna çox az halda riayət edənlər olur. Deyən lazımdır ki, əgər sən kiminləsə mesajlaşacaqdınsa, vaxtını, pulunu sərf edib teatra niyə gəlirdin? Telefonun işığı eyni zamanda aktyora da mane olur, fikrini yayındırır. Təəssüf ki, bu belədir.

- Bəlkə, bu elə aktyorun günahıdır ki, zəif oyunu ilə tamaşaçını özünə cəlb edə bilmir?

- Yox, sənətdə təsadüfi adamlar olduğu kimi, təsadüfi tamaşaçılar da var. Ən gözəl tamaşada belə kimsə telefonla oynaya bilər. Səbəb də bunu gətirər ki, kimsə ona təcili zəng edib. Yəqin, telefon qarderobu da yaradılmalıdır ki, tamaşa zalına daxil olmamışdan qabaq insanlar telefonlarını təhvil versinlər (gülür). Bir də görürsən, kimsə şəkil çəkir, telefonun işığı yenə də aktyoru yayındırır. Amma deyim ki, bunun yaxşı tərəfini də görmüşəm.

- Necə?

- Mənim "Qoca kloun" tamaşam oynanılırdı, qəfildən işıqlar söndü. Uzun müddət işıq yanmadı, tamaşaçılar telefonlarının işıqlarını yandırdılar və o işıqla tamaşanı oynamağa davam etdik. Çox da maraqla baxıldı.

- Əvvəlki tamaşaçılarınızla indikiləri müqayisə edirsinizmi heç?

- Əvvəlki tamaşaçılar teatra məbəd kimi baxırdılar, indikilər özlərini hamıdan ağıllı sayırlar. Təbii ki, bunu bütün tamaşaçılara şamil eləmirəm. Amma ümumən mən tamaşaçımdan narazı deyiləm. Əgər məni on adam başa düşürsə, elə onlar üçün də işləyirəm.

- Son vaxtlar afişalarda "18+" xəbərdarlığı olunan tamaşalara daha çox tamaşaçı gəlir... Sizcə, tamaşaçını bu vasitə ilə cəlb etmək nə dərəcədə doğrudur?

- Əslində, bizim teatrda hər hansı tamaşa hazırlananda yaş kateqoriyası nəzərə alınır. Tamaşa var uşaqlar üçün, tamaşa var böyüklər üçün. Əslində bu afişalarda yazılsa, daha yaxşı olar. Bəzən valideynlər, yaxud da müəllimlər uşaqları elə tamaşaya gətirə bilərlər, hansı ki, bu onların yaşına ziddir. Buna görə afişalarda yaş qadağasının qoyulmasının tərəfdarıyam. Qaldı ki "18+"ə, dünya səhnələrində də elə şeylər oynanılır ki... Əgər əsər bunu tələb edirsə, bədii həllinə cavab verirsə, oynanılsın, yoxsa ki, sırf erotika naminə belə tamaşaların hazırlanmasının əleyhinəyəm. Tamaşa estetika çərçivəsindən kənara çıxmamalıdır.

- Özünüz hazırladığınız tamaşalarda belə səhnələrdən istifadə etmisiniz?

- Olub. Vaxtilə "Pəri cadu" tamaşamın afişasına "18+" xəbərdarlığının yazılmasını istəyirdim. "Leyli və Məcnun" tamaşasının afişasına da hesab edirəm ki, "18+" xəbərdarlığı yazılmalıdır. Tamaşadakı səhnələri nəzərə alaraq belə deyirəm.

Amma deyim ki, tamaşaçı yaxşı tamaşaya həmişə baxmaq istəyir. Məsələn, mənim "Qoca kloun" adlı tamaşam var, teatr adamlarının faciəsindən bəhs edir. Adına görə elə də maraq cəlb eləmirdi. Amma tamaşa bitəndən sonra zalı tərk etmək istəmirdilər. Trabzonda bu tamaşa oynanıldı, 20 dəqiqə durmadan əl çaldılar. Mənim üçün kriteriya budur. "Leyli və Məcnun" tamaşamda elə bir səhnə yox idi ki, alqışlanmasın.

- Bəs tamaşada istifadə olunan söyüş, təhqirlərə münasibətiniz necədir?

- Sizə bir misal çəkim. 3-4 il əvvəl Çexiyada beynəlxalq bir festivalda münsif kimi iştirak edirdim. Oraya bütün dünyadan teatr xadimləri gəlmişdilər. Elə bir tamaşa yox idi ki, səhnədə çılpaq insan olmasın. Bu, tamaşanın bədii həllinə uyğun olanda gözəl idi, amma bədii həllə cavab verməyəndə biədəb görünürdü. Soyüş də elədir, əgər bu lazımdırsa, bunsuz keçinmək mümkün deyilsə, olmalıdır. Amma tamaşaçını güldürmək naminə ucuz tryuk kimi istifadə edilirsə, əleyhinəyəm.

- Bilirəm, bu barədə danışmaq istəmirsiniz, onda heç olmasa, deyin görək, çıxıb getmək istəyiniz sənətlə bağlı idi?

- Aydın məsələdir. Tamaşaçı bizi yalnız alqışlayır, amma təəssüf ki, kimlərdən ki asılıyıq, onlar ürək bulandırırlar. Kimsə kimlərəsə sosial şəbəkələrdə nələrsə yazdırır. Oxuyanda görürəm ki, bu cümlələrin müəllifi başqasıdır, bezirəm. Tamaşanı hazırlayıramsa, bu mənim üslubumdur, sən hazırlayanda başqa cür hazırlayarsan. Nəsə bir iş görürsənsə, bunun müqabilində hörmət, diqqət gözləyirsən. Adamın əməyi yerə vurulanda bezirsən.

- Rəhbərliyi nəzərdə tutursunuz?

- Açıqlamaq istəmirəm. Çünki bezmişəm davadan da, mübahisə etməkdən də... Çalışıram, cavab verməyim, o gün əsəbiydim, içimi boşaltmaq üçün nələrsə yazdım. Mən həmişə Azərbaycan teatrına xidmət eləmişəm, bir dəfə də olsun səhnədə "xaltura" etməmişəm. Heç vaxt sənətimə xəyanət etməmişəm. Teatrda 70-dən artıq rol oynamışam, 30-dan artıq tamaşa hazırlamışam. Uzun müddət tamaşalarım repertuarda olub. Amma bunların müqabilində mən nəyə nail olmuşam? O maaşa ki mən işləyirəm, ağıllı adam orada qalmazdı.

- Nə qədərdir ki?

- 240-250 arası.

- Teatrda bu qədər işləyirsiz. Yorğunluğunuzu çıxarmaq üçün lüks şəraitli eviniz varmı barı?

- Siz hələ soruşun ki, ümumiyyətlə evim var, ya yoxdur?

- Soruşuram...

- İllərdir ki, qaynatamın evində yaşayıram. Bir otaq ayırıblar bizim ailəyə. Oğlum İncəsənət Universitetində oxuyur. Çox istədim ki, onu bu sənətdən ayırım, bacarmadım. İndi onu da mənim taleyim gözləyir.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024