Mobil versiya
Marketlərdə qiymətləri kim qaldırır?
Tarix: 25-04-2016 | Saat: 16:57
Bölmə:Aia TV | çapa göndər




Azərbaycanda son günlər əksər sahələr üzrə qiymətlərin bahalaşdığı müşahidə olunur.

Aia.az qafqazinfo-ya istinadən bildirir ki, xüsusən də gündəlik tələbat məhsullarından olan ərzağın qiymətinin qalxması istehlakçılar üçün narahatedici amilə çevrilib. Belə ki, alıcılar üç gün əvvəl aldıqları məhsulun bir neçə gündən sonra qiymətinin əsaslı dərəcədə qalxmasından təşvişə düşüb.

Qeyd edək ki, bu cür hal təkcə supermarketlərdə deyil, eyni zamanda tikinti materiallarının, geyimlərin, ev əşyalarının, texnologiyaların qiymətində də özünü büruzə verməkdədir.

Nəzərə alsaq ki, son bir ayda dolların məzənnəsində əsaslı dərəcədə olmasa da, bir qədər enmələr baş verib. Bəs belə olan halda, sahibkarlar qiymətləri niyə qaldırırlar? Əhalinin cibinə işləyən bu durumun səbəbləri nələrdir? Nazirlik qiymət artımına nəzarət edirmi?

Qeyd olunan suallarla bağlı millət vəkili Əli Məsimli, iqtisadçı ekspert Natiq Cəfərli, İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevə müraciət etdik.



Əli Məsimli xatırladıb ki, manatın məzənnəsinin sabit qalan vaxtlarında belə bayram ərəfələrində bütün dünyada qiymətlər aşağı düşdüyü halda, Azərbaycanda qiymətlər əhəmiyyətli dərəcədə qalxırdı: "Azərbaycanda qiymətlərin aşağı salınması istiqamətində bir mədəniyyət yoxdur. Ona görə ki, inhisarçılıq, işbazlıq baş alıb gedir. Burada əsas məsələ əhalinin cibindən daha çox pul qopartmaqdır. Belə bir şəraitdə dəyişiklik manatın ucuzlaşması istiqamətində getdisə, bunu bəhanə edərək qiymətləri qaldırıblar və yenə də qaldırmaqda davam edəcəklər. Əgər dolların ucuzlaşması olacaqsa, bu, qiymətin aşağı düşməsinə gətirib çıxarmayacaq. Bunun üçün qiymətlərin aşağı salmaq mədəniyyəti, rəqabət olmalıdır.

Qiymətlərin formalaşması üçün bazar münasibətlərinin fundamental prinsiplərinə əsaslanan bir şərait olmalıdır. Bunların heç biri olmayan təqdirdə manatın bahalaşması, dolların cüzi ucuzlaşması qiymətlərin aşağı düşməsinə gətirib çıxarmayacaq".

Sahibkarların vergi şərtlərinin ağırlığından şikayət etməsinə gəlincə isə, millət vəkili bildirib ki, güzəştlər prioritet sahələrdə edilməlidir: "Ötən ilin 21 dekabrında qiymətləri 48 faiz qaldırdılar, sahibkarlar gördülər ki, heç bir reaksiya yoxdur, 70 faiz, bəzilərinin isə qiymətlərini 100 faiz qaldırdılar. Əməkhaqqı 10 faiz artdığı halda, məhsulların qiymətinin 50-60 faiz artma halı yarandı. Alıcılıq qabiliyyəti aşağı düşdü. Məsələn, marketlər əvvəl 100 manat qazanırdısa, indi 50 manat qazanırlar. Az qazanmağı da özlərinə ziyan hesab edirlər. Burada isə vətəndaşların heç bir günahı yoxdur. Əsas günah qiymət qoymaq sahəsindəki mədəniyyətsizlik, monopoliya, işbazlıq və xalqın cibinə girmək ehtirasıdır. Bu da nəticədə əhalinin gəlirlərindən qat-qat yüksək səviyyəyə gəlib çatıb".



Millət vəkili əlavə edib ki, dövlətin strukturları bu məsələyə nəzarət etməlidir: "Fevral devalvasiyasından sonra bazara nəzarəti gücləndirdilər. Xeyli dərəcədə qiymətlərin qalxmasının qarşısını aldılar. 21 dekabrda isə qiymətlərin artımı başlı-başına buraxıldı. Bundan istifadə edən sahibkarlar qiymətləri kəllə-çarxa çıxardılar. İndi də malları satılmır, şikayətlənirlər ki, gəlirləri azalıb".

İqtisadçı ekspert Natiq Cəfərli qiymət artımının iki səbəbdən qaynaqlandığını diqqətə çatdırıb: "Hər iki devalvasiyadan sonra hökumət inzibati yollarla qiymətləri nəzarətdə saxlamağa çalışırdı. Bir müddət buna nail olundu. Həm də biznesin əlində ikinci devalvasiyadan öncə köhnə məzənnə ilə alınıb gətirilmiş məhsullar var idi. Onlar da qiymətləri müəyyən müddət aşağı salmağa yardımçı olub. İndi görünən odur ki, köhnə məzənnə ilə alınan məhsullar bitib. Artıq yeni məzənnə ilə alınıb gətirilən məhsulların qiymətində 47-48 faiz fərq var. Təbii ki, bu da qiymətlərdə öz əksini tapır.

İkinci məsələ isə gömrüklə bağlıdır. Əvvəllər gətirilən məhsulların rəsmiləşdirilməsi korrupsiya yolları ilə azaldılırdı, daha az gömrük rüsumları ödənilirdi. İndi isə görünən odur ki, gətirilən məhsulların böyük hissəsi rəsmiləşdirilir. Bu zaman da sahibkarlar 18 faiz ƏDV, 15 faiz də dövlət rüsumu ödəməli olurlar. Bunlar da təqribən 33-34 faiz civarında əlavə ödənişlərdir. Bu zaman da sahibkarlar gətirdikləri məhsulları daha baha qiymətə satırlar".

Dolların məzənnəsinə gəldikdə isə iqtisadçı vurğulayıb ki, məzənnədə elə bir ciddi dəyişiklik olmayıb. İnsanlarda, iş adamlarında da hələ də gözləntilər ondan ibarətdir ki, manatın indiki məzənnəsi reallığa uyğun deyil. Bir müddət sonra məzənnədə yenidən dəyişikliklər ola bilər. Gələcəkdə Mərkəzi Bank məzənnəni qaldırsa, iş adamları ciddi itkiyə məruz qalmaqdan ehtiyatlanır".



İqtisadiyyat və Sənaye Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Abbas Əliyev isə deyib ki, sahibkarlıq sahəsində yoxlamalar iki il müddətinə dayandırılıb. Buna baxmayaraq, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti müayinə, müşahidə, baxış və digər metodlar vasitəsilə istehlak bazarına nəzarət tədbirlərini həyata keçirir: "Bizim apardığımız tədbirlər zamanı istehlak bazarında qiymət dəyişiklikləri qeydə alınmayıb. Nəzarət tədbirləri mütəmadi xarakterlidir. Bu tədbirlər istehlakçıların keyfiyyətli, təhlükəsizlik göstəricilərinə tam riayət olunan məhsullarla təmin olunmasına xidmət edir. Əgər istehlakçıları maraqlandıran məsələlər, qarşılaşdıqları hansısa problemlər varsa, nazirliyin "195-2" çağrı mərkəzinə, 498-15-04 nömrəli telefonlarla zəng edib onları maraqlandıran məsələlərə münasibət öyrənə bilərlər. İstehlakçılardan daxil olmuş müraciətlər operativ qaydada araşdırılır. Qanunvericiliyə uyğun tədbirlər görülür".

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024