Mobil versiya
“Hacıbalanın imzası var, pulumu verib almışam...”
Tarix: 22-09-2016 | Saat: 12:17
Bölmə:Manşet | çapa göndər


Paytaxtda növbədti dəfə ağaclar öz ömürlərini hansısa tikinti layihəsinə bağışlamaq üzrədir. Virtualaz.org xəbər verir ki, Bakıda 4-cü mikrorayon, Əlisgəndər İsgəndərov küçəsi, 5 saylı məktəbin yaxınlığında ağaclar tikinti işlərinə görə kəsilir. Ətrafda yaşayan sakinlərin sözlərinə görə, bir neçə gün öncə yaşadıqları binanın həyətindəki kiçik ərazi qazılıb. Həyətdə olan çoxillik ağaclar qazılan bünövrənin içərisinə salınıb, bir neçəsi isə kəsilib. Uşaqlara oynamağa heç bir meydança buraxılmadığı azmış kimi, həyətə girişi təmin edən avtomobil yolu da tamam daraldılıb.



“Gərək tullanıb keçək...”

Ərazidə yaşayan Səmayə Əkbərovanın sözlərinə görə, həyətdə yerləşən çoxillik ağaclar hələ kəsilməsə də, qazılan bünövrə onların köklərini zədələyib:“Bu ağacların azı 10-15 yaşı var. Hasara alıblar, guya kəsilməyəcək. Amma görürsünüz ki, qazdıqları bünövrə onların köklərini artıq zədələyib. Kəsməsələr belə, onsuz da hamısı quruyacaq. Bu boyda ağacları necə məhv eləmək olar, bu vəhşilikdir! Bundan da əlavə, həyətdən məktəbə gedən yol buradan keçir. Hər gün uşaqları məktəbə aparanda bu yolda avtomobil əlindən tərpənmək mümkün olmur. İndi yol daralandan sonra vəziyyəti təsəvvür edirsiniz? Gərək binaların üstündən tullanıb uşaqları məktəbə gətirək”, - deyə şikayətçi bildirdi.

Yaxınlıqda yerləşən avtomobil yuma məntəqəsinin işçiləri burada 3 mərtəbəli fərdi ev tikiləcəyini desələr də, ərazidə işləyən fəhlələr nə tikdiklərindən xəbərsiz idilər, yaxud bunu demək istəmirdilər. Onların sözlərinə görə, bura sadəcə olaraq bünövrəyə beton tökmək üçün armaturlar toxumağa çağırılıblar.



Xozeyin gəldi: “Hacıbalanın imzası var, pulumu verib almışam...”

Tikinti sahəsindən uzaqlaşmışdıq ki, fəhlələr tikintinin sahibinin gəlib çıxdığını xəbər verdilər. Özünü Əsəd Əsədov kimi təqdim edən şəxs tikintinin “Müsamir” MMC tərəfindən aparıldığını dedi. Onun sözlərinə görə, pulunu ödəyib kupça aldığından burada tikinti aparmağa icazəsi var: “Biz ağacları kəsmirik, hasar çəkirik də, burada nə var ki? Şəxsi mülkdür, kupçalı, sənədli yerdir. Çıxarışımız da var. Bir ildən çoxdur ki, Bakı Şəhər İcra Hakimiyyətindən pulumu verib yerimi almışam, indi də hasarı çəkirəm. Sənəddə Hacıbala müəllimin öz imzası var. Ola bilər ki, ağacların quruyan hissələri kəsilsin. Onu da Yaşıllaşdırma İdarəsi kəsir, biz kəsmirik, - deyə Ə. Əsədov bildirdi.

Lakin bu şəxs tikintiyə aid sənədləri bizə təqdim etmədi.



Sənədi göstərməyibləsə, deməli yoxdur?

Faktla Bağlı Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova isə virtualaz.org-a bildirdi ki, həmin MMC-yə onlar tərəfindən icazə verilməyib: “Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) heç vaxt belə böyük ağaclar olan sahədə tikinti işləri aparmağa icazə verməz. Əgər onlar sizə BŞİH-dən aldıqları sənədi göstərməyiblərsə, deməli bu sənəd yoxdur. Çünki qanuni tikinti fəaliyyəti ilə məşğul olan şirkətlər həmişə bu sənədi özərlərində gəzdirirlər və göstərirlər. Biz belə hallarla dəfələrlə rastlaşmışıq ki, qanunsuz iş görüb BŞİH-in üzərinə atırlar. Ekologiya Nazirliyinin icazəsi olmadan heç bir ağac kəsilə bilməz”, - deyə N. Məmmədova bildirdi.



“Vicdansıqlıqdır, biabırçılıqdır, cinayətdir...” - prezident belə demişdi

Qeyd edək ki, prezident İlham Əliyev keçirdiyi müşavirələrdə dəfələrlə ağacların kəsilməsini sərt şəkildə tənqid edib. Dövlət başçısı bunun vicdansızlıq və cinayət olduğunu, ağac kəsənlərin cəzalandırılacağını bildirib: “İctimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir”.

Amma bununla belə paytaxtın hər yerində ağaclar kəsilir və indiyə kimi hələ ağac kəsilməsinə görə heç bir məmur cəzalandırılmayıb.











Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə