Mobil versiya
Region – Salyan Sosial-iqtisadi inkişafa dair dördüncü Dövlət Proqramının icrasına hazırıq
Tarix: 07-02-2019 | Saat: 16:48
Bölmə:Manşet / Ölkə / Seçilənlər-2 | çapa göndər

Region – Salyan Sosial-iqtisadi inkişafa dair dördüncü Dövlət Proqramının icrasına hazırıq




Bu deviz altında aia.az (Azərbaycan İnformasiya Agentliyi) xəbər və informasiya saytı yeni layihəsini həyata keçirir. Layihənin gedişində regionların üçüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramının yekunları və dördüncü Dövlət Proqramının icrasına hazırlıq işləri ilə bağlı rayon və bölgələrimizdə mövcud vəziyyət ətrafında araşdırmalar aparılacaq, əldə olunan uğur və nailiyyətlərdən, həmçinin görüləcək işlərdən bəhs olunacaq.

Layihənin bugünkü seçimi Salyan rayonudur.

Salyan rayonu Azərbaycan Respublikasının paytaxtı Bakıdan Cənubda, Cənub-Şərqi Şirvan və Salyan düzündə yerləşir. Rayon Şimaldan Şirvan şəhəri, Hacıqabul rayonu, cənubdan Neftçala rayonu, qərbdən Biləsuvar və Sabirabad rayonları ilə, Şərqdən Bakı şəhərinin Qaradağ rayonu və kiçik sahədə Xəzər dənizi ilə həmsərhəddir. Ərazinin çox hissəsi okean səviyyəsindən – 26-28 metr aşağıda yerləşir.

Salyan XIX əsrdə Cavad qəzasının, bütünlüklə Muğan-Salyan zonasının inzibati idarəçilik və mədəni mərkəzi olmuşdur. 1916-cı ildən şəhər hesab olunan Salyan 1916-cı ildən 1930-cu ilə kimi Qəza Mərkəzi olmuşdur. Salyan rayonu isə 1930-cu ildə yaradılıb.

Əhalinin sayı – 135 600 (2017-ci ilə olan məlumat) nəfər.

Sahəsi – 1 792 km².

Əhalinin orta sıxlığı – 76 nəfər / kv km.

İnzibati mərkəzi – Salyan şəhəri.

Regionların 3-cü sosial-iqtisadi inkişafı Dövlət Proqramında Salyan rayonu üzrə nəzərdə tutulmuş bütün tədbirlər uğurla həyata keçirilib. 24 yanvar 2019-cu il tarixində Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının inzibati binasında Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2018-cı ilin yekunlarına dair keçirilmiş hesabat yığıncağında təqdim olunmuş məlumatlarda da bu fakt öz təsdiqini tapmışdır.

Kənd təsərrüfatı məhsullarının emalı müəssisələri səmərəli fəaliyyət göstərir



Ötən beş ildə Salyanda kənd təsərrüfatının inkişaf etdirilməsi, yeni istehsal sahələrinin yaradılması istiqamətində davamlı olaraq müvafiq tədbirlər həyata keçirilib. Rayonda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun kreditləri və sahibkarların vəsaiti hesabına yeni istehsal və emal sənayesi sahələrinin yaradılması istiqamətində işlər aparılıb. Belə ki, ölkə başçısı tərəfindən sahibkarlığın inkişafına yaradılmış münbit şəraitin nəticəsi olaraq rayonda “BRM üzüm” MMC, “Gilə” MMC, “Qaraçala” MMC, “Balacans” MMC, Qarabağlı kooperasiya və sair kimi iri təsərrüfatlar yaradılmışdır. Eyni zamanda Kürsəngi kəndində “NNEM Fermer təsərrüfatı” MMC tərəfindən illik istehsal gücü 100 min dekalitr olan şərab zavodunun və “Ələddin Fermer” MMC-nin illik istehsal gücü 600 ton olan meyvə qurutma müəssisəsinin, Qaraçala qəsəbəsində 2400 başlıq heyvandarlıq kompleksinin, Kür Qaraqaşlı kəndində “Nurgün Aqro” MMC-də 400 başlıq heyvandarlıq kompleksinin və 40 başlıq müasir tələblərə cavab verən kompüterləşmiş sağım sexinin tikintisi başa çatdırılmışdır. Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədi ilə 14 süni mayalama məntəqəsi fəaliyyət göstərir. Rayonda müasir tələblərə cavab verən quşçuluq təsərrüfatlarının yaradılması istiqamətində tədbirlər aparılıb. Xələc kəndi ərazisində “Ranço” MMC quşçuluq müəssisəsi yaradılıb.

Taxılçılıq, faraş tərəvəz və meyvə istehsalı sahələrində yüksək məhsuldarlıq əldə edilib

Rayonda faraş tərəvəz istehsalının artırılması və ixracının təşviq edilməsi istiqamətində tədbirlər aparılıb. Belə ki, rayonun Qaraçala qəsəbə, Yenikənd və Qarabağlı kənd ərazilərində istixanalarda yetişdirilən faraş tərəvəzlər (xiyar, pomidor) xarici bazarlara, əsasən Rusiyaya göndərilir. Beş illik dövrün ortalarında, 2016-cı ildə Salyan rayonunda 503,2 tondan çox üzüm tədarük edilmişdir. Üzümçülüyün inkişaf etdirilməsi, süfrə üzüm sortlarının istehsalının artırılması istiqamətində tədbirlər həyata keçirilir. Hazırda rayonda 1187 hektar üzüm bağları var, bundan 951,9 ha bar verən üzüm bağlarıdır. Qeyd olunan tarixə rayonda mövcud meyvə bağlarının bərpası və yeni bağların salınması istiqamətində tədbirlər həyata keçirilmiş, 1125,5 tondan çox meyvə tədarük edilmişdir.



Rayonda 21239 ha taxıl sahəsindən 64850 ton olmaqla, 30,5 sentner məhsul toplanmışdır. Bundan 14738 ha arpa sahəsindən 43248 ton olmaqla, 29,3 sentner, 6501 ha buğda sahəsindən 21602 ton olmaqla, 33,2 sentner məhsul toplanmışdır. 2016-cı il də rayonda 2284 ha sahədə pambıq əkilmiş bundan 2168 ha sahədə çıxış alınmışdır. Rayonda hal-hazırda pambıq yığımı aparılır. 870 ha sahədə qarğıdalı sahəsinin 283,5 hektarından 2401,3 ton olmaqla, 84,7 sentner məhsul toplanmışdır. 423 ha kartof sahəsindən 5107,5 ton olmaqla 120,7 sentner məhsul yığılmışdır. 1092 ha bostan sahəsindən 15708 ton olmaqla 143,8 sentner məhsul toplanmışdır. Rayonda 1272 hektar tərəvəz sahəsindən 11909,6 ton olmaqla 93,6 sentner məhsul yığılmışdır.

Mavi yanacaq kəndlərə gəlir

Salyan rayonunun kəndlərinə təbii qaz yanacağı verilişi üzrə işlər ötən il də uğurla davam etdirilib. Belə ki, 30 oktyabr 2018-ci il tarixində dövlət başçısının tapşırığına əsasən Salyan rayonunun növbəti yaşayış məntəqəsi - 970 nəfər əhalisi olan Düzənlik kəndinə təbii qazın verilməsi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Sevindik Hətəmov çıxış edərək bu əlamətdar hadisə münasibətilə kənd sakinlərini təbrik etmiş, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışmışdır. Qeyd etmişdir ki, hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi, Salyan rayonunda da inkişaf yüksək səviyyədə gedir. Bu gün rayonun Düzənlik kəndinə təbii qazın verilməsi təmin olunmuşdur. Kəndin bütünlüklə mavi yanacaq ilə təmin olunması bütün regionlarımızda dövlətimiz tərəfindən həyata keçirilən modern inkişaf və müasirləşmə imkanlarının sübutudur və əhaliyə dövlət qayğısının bariz nümunəsidir. Ümumilikdə 151 abonenti olan kəndin qazlaşdırılması üçün tikinti işlərinə müxtəlif ölçülü 2282 metr polietilen və 17500 metr müxtəlif diametrli polad borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.



Həmçinin 01 noyabr 2018-ci il tarixində Salyan rayonunun 1350 nəfər əhalisi olan Peyk kəndinə təbii qazın verilməsi ilə əlaqədar tədbir keçirilmişdir. Qeyd edək ki, Peyk kəndinə təbii qazın verilməsi 1992-ci ildən dayandırılmışdı. Kənddə əhalinin təbii qazla təmin olunması məqsədilə tikinti işlərinə müxtəlif ölçülü 3300 metr polietilen və 27710 metr polad borularla qaz xətləri çəkilmiş və təbii qazla təmin olunacaq 232 evə fərdi qaz sayğacları quraşdırılmışdır.

Əhali ilə keçirilən görüşlər mövcud problemlərin həlli baxımından mühüm əhəmiyyət kəsb edir



Salyan Rayon İcra Hakimiyyətinin başçısı cənab Sevindik Hətəmovun fəaliyyətinin əsaslarını təşkil edən iş prinsiplərindən biri də rayonun əhalisi ilə mütəmadi görüşlərin keçirilməsidir. Belə ki, yerlərdə əhali ilə əlaqələri möhkəmləndirmək, onları narahat edən sosial problemləri öyrənmək və həlli istiqamətində müvafiq tədbirlər görmək, bununla əlaqədar müntəzəm səyyar görüş və qəbulların keçirilməsi kimi məsələlər daim icra başçısı tərəfindən diqqət mərkəzində saxlanılır. Mütəmadi olaraq keçirilən belə görüşlərdə vətəndaşlar tərəfindən qaldırılan tənqidi qeyd və təkliflər nəzarətə götürülür, onların həlli istiqamətində aidiyyəti üzrə müvafiq yuxarı orqan və təşkilatlar qarşısında məsələlər qaldırılır və həlli yerlərdə mümkün olan problemlərin aradan qaldırılması ilə əlaqədar təcili tədbirlər həyata keçirilir. O cümlədən, ötən ilin son aylarında da cənab Sevindik Hətəmov tərəfindən ardıcıl olaraq bir sıra belə görüşlər keçirilmişdi. Belə ki, 09 oktyabr 2018-ci il tarixində başçı rayonun Kolanı kəndində əhali ilə görüş baş tutmuşdur. Bundan sonra, oktyabrın 11-də Salyan şəhərinin Babazanlı yaşayış sahəsində əhali ilə görüş keçirilmişdir. Həmçinin, oktyabrın 16-da rayonun Cəngan kəndində, 23 oktyabrda Abadkənd kəndində, 01 noyabr tarixində Çuxanlı kəndində, 06 noyabrda Qaraçala kəndində, noyabrın 13-ü Sarvan kəndində, noyabrın 20-də Peyk kəndində, 27 noyabrda Salyan şəhərinin Dəmiryolu yaşayış sahəsində, dekabrın 4-də Pambıqkənd kəndində, eləcə də müxtəlif vaxtlarda digər ərazilərdə keçirilmiş görüşlərdən hər biri, insanların sosial-məişət problemlərinin həlli baxımından əhəmiyyət kəsb etmişdir. Salyanda yaxşı bilirlər ki, qarşıda duran vəzifələri uğurla həyata keçirmək üçün, ilk növbədə sadə vətəndaşların mövcud problemlərilə maraqlanmaq, onların həllinə çalışmaq və məhz bu yolla da rayonda əhali ilə icra strukturları arasında qarşılıqlı hörmət və etimad əsasında qurulmuş birliyə nail olmaq lazımdır.

Əminliklə demək olar ki, cənab Sevindik Hətəmovun təcrübəli rəhbərliyi altında Salyan rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması cari ildə də regionların artıq dördüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramının tələblərinə uyğun olaraq, uğurla davam etdiriləcək.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024