Mobil versiya
Qaradağ Su-Kanal və Kanalizasiya İdarəsində bazar
Tarix: 15-01-2019 | Saat: 16:01
Bölmə:Manşet / Ölkə / Seçilənlər-3 | çapa göndər

Qaradağ Su-Kanal və Kanalizasiya İdarəsində bazar



Şikayətçi: “Doğrudanmı, idarənin rəisi İman Həsənov Baş Prokuror Zakir Qaralovun zəhmindən qorxmur?!”

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun rəhbərliyi dövründə ölkənin su təsərrüfatında lazımi irəliləyişlər olmuşdur və bu işlər davamlıdır. Artıq Bakının və ətraf qəsəbələrin su təchizatındakı keçmiş çatışmazlıqlar o qədər də gözə dəymir. Suyun fasiləsiz verilməsi üçün nasosxanaların, su qurğularının və boruların saz vəziyyətdə olması üçün ehtiyat hissələr və texnikalar yetərincədir. Bircə qalır bunlardan təyinatı üzrə istifadə edib əhalini içməli su ilə fasiləsiz təmin etmək və kanalizasiya xəttlərini qaydasında saxlamaq üçün məsuliyyətlə işləmək.

Amma çox təəssüf ki, “Azərsu” ASC-yə daxil olan bəzi rayon idarələrində yerində olmayan rəhbər kadrların yarıtmazlığı nəticəsində ümumi işə kölgə salanlar var. Bunlardan biri də Qaradağ rayon Su-Kanal və Kanalizasiya İdarəsinin rəisi İman Həsənovdur.

Rəisin idarədəki bazar prinsipləri...

Bu şəxs haqqında demək olar, elə bir təsəvvürüm yox idi. Çünki yaşadığım Müşfiqabad qəsəbəsində işığın, suyun, qazın hansısa problemi olanda, təbii ki, ilk növbədə qəsəbədəki aidiyyəti idarənin mütəxəssislərinə müraciət edirik. Bu günlərdə qəsəbədə su probleminin yarandığını görüb, yenə adiyyətı üzrə sahə ustası Canabbas Rüstəmova zəng vurdum. Bildirdi ki, o indi Səngəçalda işləyir. 30 ilə yaxındır Müşfiqabad qəsəbəsində bu sahəyə cavabdeh olan bir insanın birdən-birə əraziyə nabələd olduğu Səngəçala keçməsinin səbəbini soruşdum. Dedi ki, rəhbərlik belə məsləhət bilib, mən də əməl etməliyəm. Çox cəhd etsəm də C.Rüstəmov bundan artıq heç nə demədi. Amma bəzi mətləbləri araşdırmağa başladım.
Əvvəlcə istədim ki, Qaradağ Su-Kanal və Kanalizasiya İdarəsinin rəisi İman Həsənovla görüşüm. Lakin getdiyim idarədə bildirdilər ki, rəis ərazidədir. Belə olan sürətdə rəhbərlikdən kiminləsə görüşüb məni maraqlandıran məsələyə aydınlıq gətirmək istəyirdim. Bu zaman qarşıma təxminən 50-53 yaşlarında bir kişi çıxdı. Yaxınlaşıb özümü təqdim etdim və gəlişimin səbəbini söylədim. Məlum oldu ki, Rasim Sarvan oğlu Hidayətov sahə ustasıdır, özü də Qarabağ döyüşçüsüdür. Məni görən kimi, sanki R.Hidayətovun dərdi açıldı. Sən demə, rəis İ.Həsənovun etdiyi qanunsuzluqlara görə, R.Hidayətov daim onunla mübarizədədir. Açığı öz rəhəbərinə qarşı qanunun tələbləri ilə olsa belə, mübarizə aparmaq, hər işçinin hünəri deyil. Ona görə də R.Hidayətovu söhbətə dəvət etdim. Məmnuniyyətlə razılaşdı. “Deyim, “Azərsu”yun rəisi Qorxmaz müəllim çox bacarıqlı, xalqına, dövlətinə bağlı insandır. Gələn gündən məqsədi, amalı bu olub ki, əhalinin su təchizatı yüksək səviyyədə olsun. İdarələrə bundan ötrü lazımı qədər avadanlıqlar və ehtiyat hissələri verilir. Lakin Qaradağ Su Kanal və Kanalizasiya İdarəsinin Rəisi İman Həsənov Qorxmaz Hüseynovun əleyhinə gedərək, idarəni özünün şəxsi biznes obyektinə çevirib, Qorxmaz müəllimin bütün zəhmətini yerə vurur...”, -deyir həmsöhbətim. Sonra əlavə edir: “...Mən də bu yöndə mübarizə aparıram ki, İ.Həsənov kimilər “Azərsu” ASC-nin adına və nüfuzuna zərbə vurmasınlar. Mən ermənilərlə döyüşdən qorxmamışam, ölümün gözünə dik baxmışam. İndi durub İman Həsənov kimi qanunsuzluğa yol verən, dövlətin və idarənin maraqlarının əleyhinə gedən birindən qorxmalıyam? İstəyirəm ki, sizin qəzet vastəsilə nəinki mənim, demək olar bütün idarə işçilərinin haqq səsini yuxarı dairələrə çatdırım”.
İndi isə R.Hidayətovun dedikləri əsasında İman Həsənovun yol verdiyi korrupsiya məqsədli əməllərinin ardıcıllığına baxaq. Müşfiqabad qəsəbəsində sahə ustası Canabbas Rüstəmovun yerdəyişməsi ilə başına gələn müsibət yeganə deyilmiş. Sən demə, sahə ustası kimi İman Həsənova ərazidən pul yığıb gətirmədiyindən onun yeri dəyişdirilib. Məlum olur ki, İ.Həsənov “Azərsu” ASC-nin rəisi Qorxmaz Hüseynovun göstəriş və tövsiyyələrini qətiyyən saya saymır. Ətrafında da dəfələrlə bildirib ki, “mən bu idarədə nə istəsəm, onu da edə bilərəm. Qorxmaz Hüseynov kimdir ki, mənə nəsə edə bilsin. Mənim arxamda Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin sədri Kərəm Kəsənov dayanıb. Ona görə də Qorxmaz Hüseynov mənə heç nə edə bilməz”.
Elə sonrakı fəaliyyəti də göstərir ki, doğrudan da İman Həsənov Qaradağ Su-Kanal və Kanalizasiya İdarəsində “burada mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə işləyir. Özünün işçiləri dedilər ki, İ.Həsənov Canabbas Rüstəmov kimi çoxlarının, ərazidən pul yığıb gətirmədiyi üçün yerlərini dəyişib. Məsələn, Sahil qəsəbəsinin sahə ustasını Şankar qəsəbəsinə, Qobustanın sahə ustasını Ümid qəsəbəsinə atmaqla yerdəyişmələr edib. Onların yerinə isə, 4-5 min manat pul alıb, Cəlilabaddan olan yerlilərini təyin edir. Bu isə həmin ərazilərdə suyun fasiləsiz verilmsində böyük problemlər yaradır. Çünki həmin sahə ustaları illərdir işlədikləri ərazinin problemlərinə yaxından bələd idilər. Hər hansı bir qəza baş verəndə də, onu dərhal aradan qaldırmağı bacarırlar. Hətta Müşfiqabad qəsəbəsinin yaxınlığındakı hərbi hissədə 2 gün suyun olmaması əməlli -başlı qalmaqal yaratmışdır. Görəsən əhalini və hərbçiləri narazı salmaqda İman Həsənovun məqsədi nədir və kimə xidmət edir? “İ.Həsənov adicə fəhləni 2000 manata işə götürürsə, buna nə ad vermək olar? İ.Həsənovun pul qazanma üsulu çox mütərəqqidir. Məsələn, yeni tikilən fərdi evlərdə abonentlər suya və kanalizasiya xətlərinə texniki şərt almalıdırlar. Bunun üçün də “Azərsu”yun uyğun mütəxəssisləri layihə və smeta hazırlamalı, abonent tərəfindən ASC-yə müəyyən məbləğdə pul ödənməlidir. Bu da xeyli vaxt aparan məsələdir. Amma İ.Həsənovun mütərəqqi üsulu abonentləri bu problemdən azad edir. Yəni, dövlətə çatası pul artıqlaması ilə İ.Həsənovun özünə ödənilir və bunun üçün də heç bir qəbz-filan verilmir”, - deyir sakinlər.
Bu da konkret faktlar: Ələtin Nizami küçəsində 300 metr kanalizasiya xətti çəkilib. Burada “Azərsu”yun texnikaları və Qaradağ Su-Kanal və Kanalizasiya İdarəsinin işçiləri işləyib. Lakin pulu qeyri-qanuni olaraq İ.Həsənov alıb. Burada heç bir layihə və smeta sənədləri hazırlanmayıb. Qeyri-qanuni çəkilən kanalizasiya xətlərinin ünvanlarını təqdim edirəm: Yenə Ələt qəsəbəsi Edvard İmanov küçəsində fərdi evlərə 500 metrə qədər kanalizasiya xətti, Qobustan qəsəbəsi, 2-ci Massiv deyilən ərazidə 800 metr, dəmiryolunun qarşı tərəfindəki yaşayış evlərinə 1000 metrlik kanalizasiya xətləri, əks tərəfə isə 700 metr kanalizasiya xətti çəkilib, qurtarmaq üzrədir. 7-ci Massivdə hazırda 180 metrlik kanalizasiya xətlərinin çəkilişi gedir. Səngəçal qəsəbəsi, yolun kənarında “Şaka” kimi tanınan vətəndaşın evinin yanından 300 metrlik kanalizasiya xətti, Qorki küçəsində Yusif Əsgərovun evininn yanından 500 metrdən çox, Sahil qəsəbəsindəki bazarın yanında 2 yerdə, hərəsi 400 metr olmaqla, kanalizasiya xətti, məscidin yanında 300 metrdən çox, “Təzə evlər” deyilən ərazidə 400-500 metr kanalizasiya xəttləri çəkilib. Və bu qədər kanalizasiya xəttlərinin çəkilişində “Azərsu”ASC-yə bir qəpik də ödənilməyib, pullar İ.Həsənovun cibinə gedib.
Kanalizasiya xətlərinin çəkilməsi üçün “Azərsu”yun texnikaları və işçiləri işləyir, qazanan isə İ.Həsənov olur. Axı adama deyərlər, insafın olsun. Heç olmasa, dövlətə də 5-10 manat ödə ki, sonradan yalandan da olsa, and içə biləsən ki, texnikaların və işçilərin pulunu dövlətə ödəmisən. İ.Həsənovun qanunsuz yolla pul qazanma ünvanı çoxdur. Məsələn, abonentlərə su sayğacı “Azərsu”ASC tərəfindən pulsuz verilir. Ancaq bu qanun İ.Həsənov üçün keçərli deyil. Çünki onun arxasında dövlətin qanunu, o cümlədən rəhbəri olan Qorxmaz Hüseynov yox, Kərəm Həsənov dayanıb. Arxasında Kərəm Həsənovun gücünü necə hiss edirsə, istənilən qanunsuzluğa getməyə hazırdır və gedir də. Elə ona görə də pulsuz verilən sayğacları əhaliyə 25-30 manatdan satır. Ələt qəsəbəsinin hərbi şəhərciyində olan sakinlər- İlham, Məcid, Qərənfil Qasımova, Habil, Salyan yolunda Rəsul Əzizov, “Azneft” küçəsində Asif Əliyev pulsuz sayğacları pulla alan “xoşbəxt” abonentlərdəndir.
Abunəçi çəkdiyi suyu sənədləşdirməsi üçün dövlətə 84 manat pul ödəməlidir. Amma İ.Həsənov bunun üçün hər bir abunəçiyə 156 manat qiymət qoyub. Özü bu qiyməti qoyub sahə ustaları vastəsilə həmin məbləği yığdırır, vəziyyət gərginləşəndə isə deyir ki, abunəçilərdən niyə əlavə pul alırsınız? Buna da deyərlər, “ilanı Seyid Əhməd əli ilə tutmaq”.
Bu yaxınlarda Ələt qəsəbəsinin Sülh küçəsində diametri 159 mm, uzunluğu isə 800 metr yararlı borunu İ.İmanov “uf” da demədən metalloma verib. Ələtin Şıxlar qəsəbəsində R.İmanov 8 sot torpaq sahəsi alıb. İdarənin Bəybala adlı işçisini 8 ay qeyri-qanuni olaraq orada işlədib. Fəhlə Elman Əbdüləliyev yerinin dəyişməsi üçün İ.imanova 2 qoç hədiyyə edərək, Ələtdən Səngəçala gedib. İndi Ələtdə fəhlə yoxdur ki, baş verən qəzanı aradan qaldıra bilsin.
Bunları da idarədə dedilər... Və idarədə onu da dedilər ki, İ.Həsənov əməlli başlı hərc-mərclik yaradıb. Məsələn, “OXU” qrupuna Cavanşir adlı bir işçi götürüb. İndi orada işləyən nəzarətçi Sahilə Babayevadan 1000 manat pul istəyir ki, işdən çıxarmasın, yoxsa yerinə artıq adam hazırdır. Nəzarətçilərin əmək haqlarından 20 faiz tutur ki, bu da İ.Həsənovun özünün icad elədiyi mütərəqqi üsullardan biridir. Əhalidən su pulunu yığmağa nəzarətçilər və mühəndislər olduğu halda, sahə ustalarını məcbur edir ki, onlar da pul yığmaqla məşğul olsunlar. Və beləcə 8 saatlıq iş olur 12-14 saat. Gündüz sahə ustaları ərazidə işləyir, işdən sonra isə İ.İmanov tərəfindən pul yığımına cəlb edilirlər. Bunun üçün də heç bir əlavə əmək haqqı yazılmır.
İnanırıq ki, “Azərsu”ASC-nin sədri cənab Qorxmaz Hüseynov bütün bu məsələlərə aydınlıq gətirəcək və İ.Həsənova onun rəhbərinin Kərəm Həsənov yox, özü olduğunu başa sala biləcək. İ.İmanovun törətdiyi qanunsuzluqları araşdırmaq üçün isə, Q.Hüseynovun xüsusi komissiyanın yaradılmasına göstəriş verəcəyinə də inanırıq. Yəqin ki, Korrupsiyaya qarşı Mübarizə İdarəsi də bu qədər korrupsiya faktına biganə qalmayacaq.
Bütün bu deyilənlərə aydınlıq gətirmək üçün Qaradağ Su-Kanal və Kanalizasiya İdarəsinin rəisi İman Həsənovun 055 ilə başlayan və axırı 89-11 olan mobil telefonuna dəfələrlə zəng etsək də cavab vermədi. İki dəfə idarəyə getdim, yenə də yerində tapılmadı. Belə olan sürətdə “Azərsu”ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq. O, bildirdi ki, “Hazırda Qorxmaz müəllim məzuniyyətdədir, gələn kimi bu barədə ona məlumat veriləcək. Mən sizə deyə bilmərəm ki, o yazını dərc etməyin... Bu sizin hüququnuzdur”.
Biz belə qərara gəldik ki, ortada konkret açıq korrupsiya faktları var, ona görə də yazını dərc etmək qərarına gəldik ki, məsələni adiyyəti qurumların diqqətinə çatdıraq.

Elçin MƏMMƏDLİ

P.S.Yazıda adı hal lanan hər kəsin mövqeyini dinləyib dərc etməyə hazırıq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024