AKİF KƏRİMOVUN 200 MİN DOLLARA VAQİF AXUNDOVUN İDARƏSİNƏ İŞƏ DÜZƏLTMƏ QALMAQALI-YENİLƏNİR
Tarix: 21-11-2018, 13:05 | Saat: 15:47:00
Bölmə:Manşet / Seçilənlər-3 | çapa göndər

AKİF KƏRİMOVUN 200 MİN DOLLARA VAQİF AXUNDOVUN İDARƏSİNƏ İŞƏ DÜZƏLTMƏ QALMAQALI-YENİLƏNİR


AİA.Az: “Kür-Xəzər”in sədri, Azərbaycan Ağsaqqallar Şurasının üzvü Akif Meybulla oğlu Kərimov Salyan rayon sakini Qoşqar Rəhimovdan 200 min dollar alaraq onu Xüsusi Dövlət Mühafizə Xidmətinə işə düzəldəcəyinə söz verir, amma sonradan bu əməlinə görə həbs edilir, müstəntiq isə...

Cəhd eylə, sən ancaq nəzəri-xəlqdə pak ol,
Məxluqu inandır;
Xasiyyətin od olsa da, ətvardə xak ol
sök aləmi, yandır;
M.Ə.Sabir

...Bilənlər bilir ki, mən yazıçı deyiləm. Bir məsələni qələmə almaq istərkən çox fikirləşirəm, götür-qoy edirəm, həyəcanlanıram, hıqqına-hıqqına qalıram, axırını bir tərəfə çıxara bilməyib, hər şeyi atıram kənara. Amma bu şeytan ki var ha, bu çox təhlükəli məxluqdur. Qəlbinə ki girdi, səni rahət buraxmır, yaxan qalır əlində, başlayır səni qıdıqlamağa, məcbur olub bir də kağız- qələmi qabağa qoyub başlayırsan qurdalanmağa ki, bəlkə bir şey çıxardasan. İndi də başıma belə bir iş gəlib ki, salyanlılar demişkən, əlində girinc olmuşam. Danışım qulaq asın. Mənə belə gəlir ki, sizin də köməyinizə ehtiyac var.
...Salyan şəhərində yaşayan dostumun oğlu 2018-ci ilin mart ayının əvvələrində yanıma gəldi ki, başıma bir iş gəlib, danışmağa da utanıram, məni danlayacaqsınız. Mən də dedim ki, əgər utanacaqsansa danışma, burda nə məcburiyyət var. Dedi yox, danışmamaq da mümkün deyil, bir nəfər ağsaqqal mənə bərk üskük fırladıb. Dedim, axı bala, ağsaqqal hara, üskük fırlatmaq hara? Dedi ki, elə dərd də orasıdır ki, bizi onun ağsaqqallığı, özünün sadaladığı titulları aldatdı, inandıq və üskük fırlandı.
Başladı danışmağa:
-Mən iş axtarırdım. Xüsusi Dövlət Mühafizə Xidmətində işləmək arzusundayam. Bilirsiniz ki, idmançıyam, fiziki sağlamlığım yerindədir. Amma yaşım bir az ötübdür. Atamın tanışı, həmyerlimiz, özünü bizə “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədri, Respublika Ağsaqqallar Şurasının üzvü, hansısa Qeyri Hökümət Təşkilatı idarə heyətinin üzvü kimi qələmə verən Kərimov Akif Meybulla oğlu işə düzəlmək istədiyim barədə xəbər tutub atama və mənə xəbər göndərib ki, bu məsələ mənim əlimdədir, həll edərəm, səni Xüsusi Dövlət Mühafizə Xidmətinə işə düzəldərəm, sənədlərini hazırla.

“Akif Kərimov məni Xüsusi Dövlət Mühafizə Xidmətinin 3-cü idarəsinə mühafizəçi düzəldəcəyinə söz verdi və dedi ki, ora işə düzəlməyə 200 000 ABŞ dolları verəcəksən...”

Mən də diplomumun surətini, tərcümeyi- halımı, sağlamlıq barədə arayışı, şəxsiyyət vəsiqəmin surətini hazırlayıb, Akif müəllimə verdim. Akif Kərimov məni Xüsusi Dövlət Mühafizə Xidmətinin 3-cü idarəsinə mühafizəçi düzəldəcəyinə söz verdi və dedi ki, ora işə düzəlməyə 200 000 ABŞ dolları verəcəksən, ora hər adamı işə götürmürlər, yaşın da bir az ötüb. Amma o mənim əlimdə asan işdir.
Söhbətimiz 2014-cü ilin yanvar ayında Salyanda hüzür yerində oldu. Mən və atam məsləhətləşdik. Atam dedi ki, yaşlaşmışam, şəkərim var, sən bir normal işə düzəlsən mənim narahatçılığım olmaz. Akif müəllimlə razılaşdıq, amma pulun toplanmasına vaxt aldıq. 2014-cü ilin martında Akif müəllimlə əlaqə saxladıq, bizi çağırdı Bakı şəhəri Afiyəddin Cəlilov (Allah rəhmət eləsin) küçəsindəki ofisinə, atamla birlikdə 200 000 ABŞ dollarını və sənədlərimi Akif Kərimova verdik. Akif Kərimov 2016-cı ilin yanvar ayına qədər aldada-aldada gətirdi, yanvar ayında bizi Bakıya ofisinə çağırdı. Atam, bacımın əri və mən getdik Akif Kərimovun ofisinə. Akif müəllim dedi ki, səni Xüsusi Dövlət Mühafizə İdarəsinə düzəldə bilmirəm, yaşın artıq 33-dür, götürmürlər. Gəl səni ya Beynəlxalq Hava Limanına, ya da Prezidentin Mühafizə İdarəsinə işə düzəldim. Mən razı olmadım, xahiş etdim ki, pulu qaytarsın. Akif müəllim mənə 33 000 ABŞ dolları qaytardı və dedi ki, qalan 167.000 dolları isə satdığa ev qoyub, onu satıb verəcəkdir. Əlacımız kəsildi, razılaşdıq.
AKİF KƏRİMOVUN 200 MİN DOLLARA VAQİF AXUNDOVUN İDARƏSİNƏ İŞƏ DÜZƏLTMƏ QALMAQALI-YENİLƏNİR
“2016-cı ilin noyabrında Xətai Rayon Prokurorluğunda fakta görə AR CM-nin 178.3.2-ci maddəsi ilə ona 160116440 saylı cinayət işi qaldırıldı və o, həbs olundu...”


Amma qoçağım yenə üsküyü fırlatdı, 167 000 dolları vermədi. Mən məcbur olub, 2016-cıilin noyabr ayında Xətai Rayon Prokurorluğuna şikayət verdim. Xətai rayon prokuroru, hörmətli Yusif İldırımzadə tərəfindən 18 noyabr 2016-cı ildə fakta görə AR CM-nin 178.3.2-ci maddəsi ilə, yəni külli miqdarda dələduzluğa görə 160116440 saylı cinayət işi qaldırıldı və istintaq aparılması üçün Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərildi. Cinayət işinin istintaqını müstəntiq Məhəmmədəli Cümşüdov apardı və 21 noyabr 2016-cı ildə Akif Kərimovu həbs elədi. Akif Kərimov həbsdə olarkən mənə 20 000 manat da ödədi və xahiş etdi ki, ona möhlət verək, 2 ay ərzində qalan pulu da ödəsin. Akif Kərimov müdafiəçisi Əlizadə Kazımovun iştirakı ilə 23 noyabr 2016-cı ildə istintaq orqanına yazılı iltizam verdi ki, mən Qoşqar Rəhimovdan 2009-cu ildə borc aldığım pulun 20 000 manatını indi ödəyirəm, yerdə qalan pulun 2 ay müddətinə, yəni 23 yanvar 2017-ci il tarixə qədər ödəyəcəyimə dair öz üzərimə öhdəçilik götürürəm. Mən də ona və istintaq orqanına inandım, ərizə verdim ki, mənim qalan pulumu da ödəyəcəyinə iltizam verdiyi üçün onun həbsdən buraxılmasına etiraz etmirəm. Müstəntiq Məhəmmədəli Cümşüdov Akif Kərimova Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə dələduzluğa görə ittiham verdi, dindirdi və barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçərək həbsdən azad etdi...
Mən bu yerdə hövsələsizlik edib zərərçəkmiş Qoşqara sual verdim ki, bəs sonrası nə oldu? Dedi:
-Nolacaq, sivişib aradan çıxdı, başladı yenə üskük fırlatmağa, pulu qaytarmadı, cinayət işini Xətai Rayon Polis İdarəsindən aldıraraq verdirdi Bakı şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsinə müstəntiq Əflatun Səlimovun icraatına, o da gözünə döndüyüm deyir ki, işi xitam eləmişəm, fakt təsdiq olunmur.
Dedim, bəs Akif Kərimovun 167 000 dollar borcdan sənə qaytardığı 20 000 manat necə oldu? Dedi, balam sağ olsun, heç olmasa onu geri istəmədi.
Dedim, Qoşqar, bəs sən belə “səxavətli”, “əlaçıq”, “Hatəmsima” kişidən nə istəyirsən? Dedi, vallah pulumun qalanını istəyirəm, başqa heç tələbim yoxdur. Sizdən xahiş edirəm mənə vəkillik edin, öyrənin görək müstəntiq bu yekəlikdə cinayətin arxasına necə keçib? Dedim bəs müstəntiq sənə hər hansı qərar və məlumat göndəribmi? Dedi xeyr.
Vallah əvvəlcə baş qoşmaq istəmədim, dedim bəlkə Qoşqar işi bir az şişirdir, belə biabırçılıq olmaz. Amma gördüm ki, maraqlı hadisədir. Razılaşdım, müqavilə bağladıq, orderimi qoltuğuma vurdum, zəng elədim Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin ağır cinayətlərin istintaqı şöbəsinin xüsusiylə mühüm işlər üzrə baş müstəntiqi, polis polkovnik-leytenantı cənab Əflatun Səlimova. Özümü təqdim etdim, çox yaxşı salamlaşdıq, mehriban danışdıq, Allah rizası, indi də mehribanıq. Vədələşdik ki, mən gəlib həmin cinayət işinin materialları ilə tanış olmaq istəyirəm. Dedi bəçeşm, istənilən vaxtı gələ bilərsiniz. Vədələşdiyimiz vaxt Əflatun Səlimov məni qəbul etdi. Hal-əhval tutduq, işin rəsmi tərəfini həll etdikdən sonra Əflatun Səlimov Kərimov Akif Meybulla oğlu barəsində Qoşqar Rəhimovun verdiyi şikayətə əsasən Xətai rayon prokuroru hörmətli Yusif İldırımzadə tərəfindən fakta görə AR CM-nin 178.3.2-ci maddəsi ilə başlanan, 09.01.2018-ci ildə Ə.Səlimov tərəfindən xitam edilən 160116440 №-li cinayət işini qoydu stolun üstünə ki, buyurun tanış olun.
Mən istərdim ki, cinayət işinin materiallarını oxucularımızla birlikdə təhlil edək, sonda görək ayə, bu nə məsələdir? Ona görə də Siz də qeydiyyat üçün kağız-qələm götürün başlayaq. Beləliklə, Qoşqar Rəhimov işin 20-24-cü səhifəsindəki 18.11.2016-cı ildə verdiyi ifadəsində belə göstərir: “...2014-cü ilin yanvar ayında Akif müəllimlə Salyanda hüzür yerində görüşdük. Akif müəllim məndən soruşdu ki, harada işləyirsən, mən heç yerdə işləmədiyimi bildirdim. O məni Xətai rayonunda yerləşən “AMAY” ticarət mərkəzinin yanında olan yeni tikilmiş binalarda yerləşən ofisinə dəvət etdi və mənim işə düzəlməyimdə köməklik göstərəcəyinə söz verdi. Odur ki, bir neçə gündən sonra mən onun ofisinə gedib görüşdüm. Söhbət zamanı o öz iş fəaliyyətindən söhbət açıb özü barədə xeyli danışdı. Dediyinə görə “Kür-Xəzər” Xeyriyyə Cəmiyyətinin sədridir, bir sıra jurnallarda onun haqqında məqalələr yazılmışdır.
Həmin vaxt o məqalələr çıxan jurnalları mənə göstərdi və məndə onun haqqında xeyli müsbət fikir formalaşdı. Akif müəllim özü haqqında danışdıqdan sonra məni işə düzəltməsi barədə söhbət açdı və məndən harada işləmək arzusunda olmağımla maraqlandı. Mən idmançı olduğumu, Xüsusi Dövlət Mühafizə Xidmətində (XDMX) işləmək arzusunda olduğumu bildirdim. Akif müəllim məni H.Əliyev adına Beynəlxalq Hava Limanında və Prezidentin Mühafizə İdarəsində işə düzəldə biləcəyini, həmin İdarələrin yüksək vəzifəli şəxsləri ilə geniş əlaqələrinin olmasını bildirdi. Odur ki, mən Akif müəllimə atamla məsləhətləşdikdən sonra konkret hara işə düzəlmək istədiyimi bildirəcəyimi deyib ondan ayrıldım. Sonra Salyana gedib atamla məsləhətləşdik və belə qərara gəldik ki, atamla birlikdə Akif müəllimin yanına gəlib konkret söhbət edək. Odur ki, bir neçə gün sonra atamla birlikdə Akif müəllimin yanına gəldik. Xahiş etdik ki, məni XDMX-də işə düzəltsin. Akif müəllim yenə də Prezident Aparatında yüksək vəzifədə işləyən tanışları olduğunu, həmin şəxslərin vasitəsiylə məni Xüsusi Dövlət Mühafizə Xidmətinin 3-cü İdarəsinə mühafizəçi kimi işə düzəldəcəyini vəd etdi və bildirdi ki, həmin işin müqabilində məndən 200 000 ABŞ dolları alacaqdır. Mən də atamla birlikdə onun dediyi məbləğə razılaşdıq və bir həftə ərzində çatdıracağımı bildirdim. Akif müəllim dedi ki, pulu çatdırana qədər şəxsiyyət vəsiqəmin, diplomlarımın, hərbi biletimin surətlərini və tərcümeyi-halımı yazıb ona çatdırım. Mən həmin sənədlərin surətlərini Akif müəllimə çatdırdım. Mən pulu bir həftəyə çatdıracağıma söz versəm də böyük məbləğ olduğundan bir qədər gecikdirdim və nəticədə 2014-cü ilin mart ayının əvvəllərinə qədər həmin məbləği düzəldib atamla birlikdə Akif müəllimin ofisinə gəlib onun tələb etdiyi 200 000 ABŞ dolları pulu ona verdim. Akif müəllim 2015-ci ilin sonuna qədər 2 ilə yaxın məni aldatdı. Beləliklə, Akif müəllim bizi xeyli müddət aldadıb sonda vəziyyətin pis olduğunu, artıq onun məni işə düzəltmək fikri olmadığını başa düşdüyümü, ondan şikayət etmək fikrində olduğumu görüb 2016-cı ilin yanvar ayında mənə zəng vurub ofisə dəvət etdi. Mən, atam və bacımın əri ilə birlikdə Akif müəllimin ofisinə getdik. O həmin vaxt mənə başqa işə düzəltməyi təklif etdi, amma mən onun fikri ilə razılaşmayıb pulumu tələb etdim. Odur ki, Akif müəllim həmin gün pulun 33 000 dollarını qaytardı və yerdə qalan pulu qısa vaxta qaytaracağına söz verdi və məndən şikayət etməməyimi xahiş etdi. Lakin hal-hazıradək yerdə qalan 167 000 ABŞ dolları pulumu qaytarmayıb”.
***
...Mənim diqqətli oxucularım, Qoşqar Rəhimovun ifadəsi Sizə bəlli oldu. Həmin ifadəni Qoşqarın atası işin 30-34-cü səhifəsindəki 19.11.2016-da istintaqa verdiyi ifadəsiylə, bacısının əri 19.11.2016-cı il tarixli ifadəsiylə təsdiq etmişlər.
İndi biz sizinlə hörməli Akif Kərimovun ifadəsini oxuyacağıq, xahiş edirəm əlinizə rəngli qələm götürün bəzi məqamların altından qarabağlılar demişkən, çertələmək lazım gələcək.
Akif Kərimov işin 36-43-cü səhifəsində istintaqa verdiyi 20 noyabr 2016-cı il tarixli ifadəsində göstərir: “Təxminən 2010-cu ilin iyun ayında mən Qoşqar Rəhimovun atasından 200 000 ABŞ dollarını aylıq 7% olmaqla, müddətsiz olaraq faizə pul götürdüm (bax bu “müddətsiz olaraq” sözünün altını çertələyin.İ.İ.). Pulu faizə götürməkdə məqsədim o olmuşdur ki, qızıma məxsus olan və Binəqədi rayonu Varovski qəsəbəsində yerləşən evinə Dövlət Əmlak Komitəsindən Çıxarış alım. (bu cümlənin altından bütövlükdə çertə qoyun ki, yazıq Kərəm Həsənov... İ.İ.)) Bundan sonra mən tarixi dəqiq yadımda qalmayıb, lakin 2010-cu ildə 90 000 ABŞ dolları, 50 000 ABŞ dollarını mənim sürücüm olan Məhəmməd Əfəndiyev aparıb Salyanda Qoşqargilin yaşadığı evdə atasına verib. Bundan sonra mənim digər sürücüm Həsən Hacıyev 120 000 ABŞ dollarını 2011-ci ilin axırlarında aparıb Salyan rayonunda Qoşqarın atasına məxsus “Yanar dağ” kafesində vermişdir.
Həmin tarixdən təxminən 2-3 ay sonra Həsən 50.000 ABŞ dollarını aparıb onun kürəkəni adı yadımda qalmayan şəxsə Bakı şəhərində yerləşən Türkiyə Cümhuriyyətinin səfirliyinin yaxınlığında vermişdir. 30 000 ABŞ dollarını isə mən qızıma məxsus və özəlləşdirdiyim evi satdıqdan sonra özüm mənim ofisimdə 2012-ci ilin noybarında Qoşqarın atasına vermişəm. Bununla da mən Qoşqarın atasından götürdüyüm 200 000 ABŞ dolları müqabilində ona 340 000 ABŞ dolları qaytarmışam. Lakin həmin vaxta qədər mən ona 200 000 ABŞ dolları öz pulunu, 406 000 ABŞ dollar isə faiz pulu verməli idim. Lakin mən həmin puldan ona cəmi 340 000 ABŞ dolları qaytardığım üçün, yerdə qalan 266 000 ABŞ dollarını ödəyə bilmədiyim üçün məndən şikayət etmişdir”.
Sizə balaca əziyyət verəcəm ki, bu ifadənin hamısının altını çertələyin, çünki sonrakı ifadələrlə tutuşdurmalı olacağıq. Bir də yadınızdadırsa, çünki çertələmisiniz, Akif müəllim 200 000 ABŞ dolların “müddətsiz olaraq” faizə götürdüyünü demişdir... Bax bu “müddətsiz” faizə götürmək çox maraqlı məsələdir, demək olar ki, möcüzədir.
Akif Kərimov həmin ifadəsində müstəntiqin bir sualına belə cavab verir: “... (ifadə olduğu kimi göstərilir.İ.İ.) Qoşqar mənə demişdir ki, o Dövlət Mühafizə Xidmətində işləmək arzusundadır, mən isə ona bildirmişəm ki , onu Heydər Əliyev adına Beynəlxalq Hava Limanında və Prezidentin Mühafizə İdarəsində işə düzəldə biləcəyimi, həmin İdarələrin yüksək vəzifəli şəxsləri ilə geniş əlaqələrim olmasını bildirmişəm və onu pulsuz olaraq işə düzəltməsinə köməklik edə bilərəm. Bildirmək istəyirəm ki, mənim əlaqələrim var. Belə ki, işimlə əlaqədar camaata köməklik etmək məqsədi ilə qeyd edilən yerlərin yüksək vəzifəli şəxsləri ilə əlaqələrim olub, indi də var. Lakin həmin şəxslərin adlarını çəkmək istəmirəm”.
Göründüyü kimi ifadənin bu hissəsi də çertələnməyə gedir.
İndi bir qurtum çay için, Akif Kərimovun müstəntiqin sualına çertələnəsi bir cavabını da oxuyaq. Cavab: “Bildirmək istəyirəm ki, Qoşqar sənədlərinin surətini və tərcümeyi halını yazıb mənə 2012-ci ildə vermişdir. Həmin sənədlərin isə mənə verilməsində məqsəd o olmuşdur ki, onu harasa işə düzəlməsində köməklik edim. Lakin mən ondan bu işin müqabilində heç bir məbləğdə pul istəməmişəm və almamışam. Sadəcə olaraq mən ona xeyriyyəçi kimi məsləhətlər vermişəm”. (axırıncı cümləni çertələyin.İ.İ.) Cinayət işini vərəqləyirəm. 21.11.2016-da Qoşqar atası və yeznəsi Akif Kərimovla üzləşmişlər.Üzləşmələrində də Akif Kərimovun üzünə demişlər ki, o, Qoşqarı Xüsusi Dövlət Mühafizə Xidmətinin 3-cü İdarəsinə mühafizəçi kimi işə düzəltmək adıyla ondan 200 000 ABŞ dolları almış, 2016-cı ilin yanvar ayında öz ofisində onların üçünün yanında 33 000 ABŞ dollarını Qoşqara qaytarmış, 167 000 dollarını qaytarmır.
Amma Sizə ikiqat çertələməli bir yeri oxuyuram. 21 noyabr 2016-cı il tarixdə saat 16:30-da Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin ağır cinayətlərin istintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis polkovnik-leytenantı cənab Əflatun Səlimov Qoşqarın yeznəsi ilə Akif müəllimi aşağıdakı qaydada üzləşdirir. Səhifə 54-58.
Yeznəyə sual: -Siz qarşınızda əyləşən şəxsi tanıyırsınızmı və onunla nə kimi münasibətiniz var?
Yeznənin cavabı: -Bəli mən qarşımda oturan şəxsi tanıyıram, onun adı Akifdir, mən onu qaynatama görə tanımışam, əvvəllər tanımamışam. Onunla heç bir düşmənçiliyim yoxdur.
Akif Kərimova sual: -Siz qarşınızda əyləşən şəxsi tanıyırsınızmı və onunla nə kimi münasibətiniz var?
Akif Kərimovun cavabı: -Bəli qarşımda əyləşən şəxsi tanıyıram Qoşqarın yeznəsidir, onu Qoşqarın atasına görə tanımışam, mənim onunla heç bir düşmənçiliyim yoxdur.
AKİF KƏRİMOVUN 200 MİN DOLLARA VAQİF AXUNDOVUN İDARƏSİNƏ İŞƏ DÜZƏLTMƏ QALMAQALI-YENİLƏNİR
İndi hazırlaşın çertələməyə. Bildiniz ki, Akif Kərimovun qarşısında əyləşən və onunla üzləşən şəxs Qoşqarın yeznəsidir, atası yox.
Müstəntiq, polis polkovnik-leytenantı cənab Əflatun Səlimov Akif Kərimova sual verir:
Sual: Qoşqarın qarşınızda əyləşən atasının dediklərini eşitdiniz və onun dedikləri barədə nə deyə bilərsiniz?
Cavab: -Mən Qoşqarın qarşımda əyləşən atasının dediklərini eşitdim, onun dediklərini təsdiq etmirəm .
İndi burda daha neçə çertə qoyarsınız özünüz bilərsiz, o işə mən qarışmıram. Neyləyək buyuq, beləyik! Akif Kərimovu Qoşqarın yeznəsi ilə üzləşdirən müstəntiq Əflatun Səlimov Akif Kərimova sual verir ki, Qoşqarın qarşınızda əyləşən atasının dediklərini eşitdiniz.... Yeznəni dindirir, iş materiallarında isə onu Qoşqarın atası kimi təqdim edir. Bərəkallah müstəntiq!
Gəlirik irəli. Görürük ki, müstəntiq Akif Kərimovu vəkilin iştirakı ilə 21.11.2016-da saat 1830-da şübhəli şəxs qismində dindirir və belə sual verir:
Sual: -Siz ilk ifadənizdə göstərmisiniz ki, Qoşqarın yeznəsi Sizin ofisinizə gəlməmiş və onun yanında siz Qoşqara və atasına 33 000 ABŞ dolları qaytarmamısınız. Yeznə ilə üzləşəndə isə dediniz ki, o sizin ofisinizdə Qoşqar və atası ilə olmuşlar. Siz onlara 33 000 ABŞ dolları qaytarmısınız. Bu ziddiyəti necə izah edirsiniz?
Akif Kərimovun cavabı: -Bildirmək istəyirəm ki, yeznənin ora (ofisə) gəlməsi mənim yadımda qalmamışdır. Lakin o özü mənə dedikdən sonra yadıma gəlmişdir. Lakin o mənim yanımda 2012-ci il tarixdə olmuşdur. Həmin vaxt isə mən Qoşqarın atasına faiz pulunu, yəni 33 000 ABŞ dollarını qaytarmışam.
Bax ona görə Sizə rəqəmləri çertələdirdim ki, çaşmayaq. Akif müəllim ilkin ifadəsində, üzləşməsində, indiki ifadəsinin əvvəlində göstərir ki, pulun 50 000 ABŞ dollarını sürücüsü Həsən yeznəyə Türkiyə Səfirliyinin yanında verib.
Müstəntiq 23 noyabr 2016-cı ildə Akif müəllimi dələduzluq törətməsinə görə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edərək həmin gün də dindirmişdir. Bu ifadəsində çertələnəsi yer budur ki, müstəntiq Akif müəllimə sual verir ki, Siz Qoşqara demisiniz ki, pul çatana qədər sənədləri gətirsin, o da gətirmişdir, sənədlər hardadır?
Cavab: -Bildirmək istəyirəm ki, belə bir şey olmayıb, həmin sənədləri mənə təhvil verməmişdir.
Amma əvvəlki ifadələrində və üzləşmələrində çertələnən yerlərdə göstərir ki, bildirmək istəyirəm ki, mən həmin sənədləri heç yerə vermədim, hal-hazırda sənədlərin surətlərinin harada olmasını deyə bilmərəm.
İşi vərəqləyib çatdıq 109-cu səhifəsinə. 23.11.2016-cı il tarixdə Qoşqar Rəhimov müstəntiq Məhəmmədəli Cümşüdova ərizə verir ki, “Akif Kərimov məndən işə düzəltmək adıyla aldığı 200 000 ABŞ dollarının 20 000 manatını indi, 2016-cı ilin yanvar ayında isə 33 000 ABŞ dollarını ödəmişdir. Yerdə qalan pulu 2 ay ərzində ödəyəcəyinə söz verdiyi üçün Akif Kərimov barəsində həbs qətimkan tədbirinin seçilməməsinə heç bir etirazım yoxdur”.
İndi işin 110-cu səhifəsində altından ayrı rənglə çetələnəsi bir sənəd var.
“İltizam
Mən, Kərimov Akif Meybulla oğlu, Qoşqar Rəhimovdan 2009-cu ildə borc aldığım pulun 20.000 manatını indi ödəyirəm, yerdə qalan pulun 2 ay müddətinə, yəni 23 yanvar 2017-ci il tarixə qədər ödəyəcəyimə dair öz üzərimə öhdəçilik götürürəm. Əks təqdirdə barəmdə həbs qəti imkan tədbiri seçiləcəyi barədə mənə xəbərdarlıq edildi və mən buna etiraz etmirəm”.
A.Kərimov və vəkilin imzası.
23.11.2016-cı il çertələdiyiniz yerin birində Akif Kərimov deyir ki, “...mən 2010-cu ilin iyun ayında Qoşqar Rəhimovun atasından aylıq 7%-ə müddətsiz 200 000 ABŞ dolları borc götürmüşəm. Amma iltizamında göstərir ki, mən Rəhimov Qoşqardan 2009-cu ildə borc aldığım pulun...”
Pah atonnan dələduz yiyəsi! Pah atonan müstəntiq yiyəsi!
***
...Cinayət işinin 113-cü səhifəsindəki 23.11.2016-cı il tarixli qərardan görünür ki, müstəntiq Məhəmmədli Cümşüdov Akif Kərimovu həbsdən azad edir ki, kişi söz verib, pulu 23.01.2017-ci il tarixə kimi ödəyəcək.
114-cü səhifədəki 23 dekabr 2016-cı il tarixli qərarla M.Cümşüdov cinayət işi üzrə icraatı dayandırır ki, Akif Kərimov “Bakı Medikal Plazadan” sənədlər təqdim edib ki, ağır xəstədir.
125-ci səhifədəki 16.02.2017-ci il tarixli qərardan görünür ki, müstəntiq M.Cümşüdov cinayət işinin istintaqını təzələyir ki, “hal-hazırda cinayət təqibi üzrə icraatın dayandırılması üçün əsaslar aradan qalxdığından (yəqin ki, müstəntiq demək istəyir ki, Akif Kərimovun ağır xəstəliyi aradan qalxdığından.İ.İ.) Cinayət işinin icraatı təzələnərək icraata qəbul edilsin və istintaq davam etdirilsin.
Beləliklə, müstəntiq M.Cümşüdov 25 dekabr 2016-cı ildən 16 fevral 2017-ci ilə kimi Akif Kərimova istirahət verib ki, nə qədər mən varam, kef elə.
Çox xahiş edirəm, bilirəm Sizi yoruram, amma bir az da səbirli olun irəlidə çertələnəsi çox məqamlar var. İşin 143-cü səhifəsində Akif Kərimovun vəkili, hörmətli həmkarım 30.03.2017-ci il tarixdə müstəntiqə belə bir ərizə verir:“Hüquqlarını müdafiə etdiyim Kərimov Akif Meybulla oğlu 2009-cu ildə Salyan rayon sakini Qoşqar Rəhimovun atasından şəxsi işləri ilə əlaqədar ayda 7% (illik 84%) ödəməklə 200 000 ABŞ dolları borc alıb. Aldığı pulun əsasını tam məbləğdə ödəyib. Hazırda şikayətçinin ondan tələb etdiyi 167 000 ABŞ dolları faiz borcudur”.
İndi çertələdiyiniz yerlərə baxsaq görərik ki, Akif Kərimov ifadələrində göstərir ki, 200 000 ABŞ dolları borcu Qoşqarın atasından 2010-cu ilin iyununda alıb. Akif Kərimov 23 noyabr 2016-da müstəntiqə verdiyi iltizamda deyir ki, Rəhimov Qoşqardan 2009-cu ildə aldığım borcdan 20 000 manat qaytarıram. Müdafiəçi yazır ki, Akif Kərimov Qoşqarın atasından 2009-cu ildə 200 000 ABŞ dolları borc alıb, 200 000 dolları qaytarıb, 167 000 dollar faizdir. Akif Kərimov isə ifadələrində göstərir ki, Qoşqarın atasına 200 000 ABŞ dolları müqabilində 340 000 ABŞ dolları qaytarmışam. Əslində 606000 qaytarmalı idim, 266 000 ABŞ dolları borcum qaldığından məndən şikayət ediblər.
Bərəkallah istintaq yiyəsi!
İndi özünüzü hazırlayın, dəhşətli bir sənədi oxuyuruq.
Cinayət işinin 151-ci səhifəsindəki 17 aprel 2017-ci il tarixli qərarda müstəntiq belə göstərir: Qərar verdim: “160116440 nömrəli cinayət işi üzrə 26.09.1950-ci ildə Salyan şəhərində anadan olmuş (məntiqə fikir verin, belə çıxır ki, Akif Kərimov 26.19.1950-ci ildə Salyan şəhərində 160116440 nömrəli cinayət işi üzrə anadan olub.İ.İ.) azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ailəli, evli, (bunların fərqini bilmədim.İ.İ.) ali təhsilli, “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədri, Respublika Ağsaqqallar Şurasının üzvü, QHT-nin İdarə Heyəttinin üzvü olan (QHT-nin adı da yoxdur.İ.İ.) Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi ev 27, mənzil 49-da yaşayan və qeydiyyatda olan Kərimov Akif Meybulla oğlu barəsində axtarış elan edilsin və tutulduqda Xətai RPİ-nin İŞ-nə təhvil verilsin”.
Akif Kərimov xeyli “axtarıldıqd an” sonra tapılmış və 07 iyun 2017-ci ildə polisə gətirilərək istintaqa təhvil verilmiş və yenidən dindirilmişdir.
Cinayət işinin 182-185-ci səhifələrindəki həmin ifadəsində Akif Kərimov 184-cü səhifədə belə göstərir: “Mən Qoşqarın atasından borcu qısa müddətə götürmüşdüm ki, problemlərimi həll edim. (yadınızdadır və altından çertələmisiniz ki, əvvəlcə ifadələrində deyib ki, mən ondan 200 000 ABŞ dollarını 7%-lə müddətsiz götürmüşdüm.İ.İ.).Mən 2011-ci ilin axırlarında Qoşqarın atasına sürücüm Həsəndən bir dəfə 70000 ABŞ dolları, 2-3 aydan sonra isə 50000 manat pul göndərmişəm. Həsən hər iki dəfə Salyana gedib onunla görüşüb, pulları ona şəxsən vermişdir (altından çertələyin ki, Həsən tək gedib.İ.İ.)".
Cinayət işinin 38-ci səhifəsindəki 20 noyabr 2016-cı il tarixli ifadəsində göstərir ki, mənim sürücüm Həsən Hacıyev 120 000 ABŞ dollarını 2011-ci ilin axırlarında aparıb Salyan rayonunda yerləşən, Qoşqarın atasına məxsus “Yanar dağ” kafesində ona vermişdir. Həmin vaxtdan təxminən 2-3 ay sonra Həsən 50 000 ABŞ dollarını aparıb Qoşqarın yeznəsinə adı yadımda qalmayan şəxsə Bakı şəhərində yerləşən Türkiyə Cumhuriyyətinin Səfirliyinin yaxınlığında vermişdir. Deməli, əvvəlki ifadəsindən belə çıxır ki, sürücü Həsən bir dəfəyə 120 000 ABŞ dolları aparıb Salyanda Qoşqarın atasına verib, 50 000 ABŞ dolları da Bakıda Qoşqarın yeznəsinə verib. Deməli, sürücü Həsən 170 000 ABŞ dolları çatdırıb. İndi görün gözünə döndüyüm sürücü Həsən Akif Kərimovun atasını necə yandırıb. Həsən işin 231-233-cü səhifəsindəki 09.06.2017-ci il tarixli ifadəsində belə göstərir: “Bildirirəm ki, 2011-ci ilin axırlarında Akif məni öz ofisinə çağırdı və dedi ki, seyfdə pul var, onu götür gətir. Mən də seyfi açıb orada salafanda olan pulu götürüb Akifin otağına gətirdim. Akif pulu saymağımı tapşırdı, mən də pulu sayıb 70 000 ABŞ dolları olduğunu gördüm. Bundan sonra mən və Akif mənim idarə etdiyim, Akifə məxsus “Lexsus” markalı 10 FX 004 markalı avtomobilə əyləşdik və birlikdə (altından çertələyin ki, Akif əvvəlki ifadəsində deyir Həsən tək gedib.İ.İ.) Salyan rayonuna gəldik, orada yerləşən “Yanar dağ” restoranının qarşısında Qoşqarın tanıdığım atasıyla görüşdük. Akif mənə dedi ki, maşında olan pulu götürüb ona verim. Mən də avtomobilin saxlanc yerində olan 70 000 ABŞ dollarını götürüb bağlama şəklində ona verdim dedim ki, pulu say. O isə saymadı və pulu alıb getdi: Daha sonra biz Bakıya qayıtdıq. Bundan təxminən 2-3 ay sonra Akif mənə 50 000 manat pul verdi ki, Qoşqarın yeznəsiylə görüşüb pulu ona verim. Mən də həmin 50 000 manatı səfirliyin yanında ona verdim”.
Deməli, Akif Kərimovun ifadəsindən görünür ki, o, sürücü Həsənə bir dəfə 120 000 ABŞ dolları verib, Həsən də tək aparıb, Salyanda Qoşqarın atasına verib qayıdıb. Bir dəfə də 50 000 dollar verib ki, Qoşqarın yeznəsinə versin. Həsən göstərir ki, o Salyana Akiflə gedib və 70 000 ABŞ dolları aparıblar, Qoşqarın yeznəsinə də 50 000 ABŞ dolları yox, 50 000 manat verib. Maraqlı burasıdır ki, Akif Kərimovun ifadələrindən belə çıxır ki, 20 min, 50 min, 100 min ABŞ dolları onun üçün təxmini rəqəmlərdir. Yəni cuzi məbləğlərdir, boş şeydir.
Həəə, əzizlərim bütün bunlardan sonra işin sonunda Bakı Şəhəri Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin xüsusilə mühüm işlər müstəntiqi, polis-polkovnik leytenantı, qadasın aldığım Səlimov Əflatun Ağasəf oğlu 09.01.2018-ci ildə belə qərar verib: “Qərar: Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Kərimov Akif Meybulla oğlunun əməlində cinayət tərkibi olmadığından cinayət işi üzrə icraata xitam verilsin”.
Yəni, loru dildə desək, Akif Kərimovun əməlində dələduzluq yoxdur. O, çox təmiz və dürüst adamdır. A balam, ay başına dönüm, bəs onda Akif Kərimov 23 noyabr 2016-cı ildə Qoşqara borclu olduğu puldan 20 000 manat qaytarmışdı, qalan pulu da 23.01.2017-yə kimi qaytaracağına dair iltizam vermişdi. Bəs Akif Kərimova vurulan 20 000 manat ziyan necə olsun! Həə!
İşi yavaş-yavaş vərəqləyib gəlib çatırıq 354-cü səhifəyə. Bıy!!! Balam, bu nə ərizədir? “Bakı şəhər Baş Polis İdarəsinin müstəntiqi Əflatun Səlimova.
Səbail rayonu Ü.Hacıbəyov küçəsi ev 27, mənzi l-49-da yaşayan Akif Kərimov tərəfindən
Ərizə
Yazıb bildirirəm ki, 160116440 №-li cinayət işi üzrə mənə verilmiş ittihamla özümü təqsirli bilməmişəm, belə ki, istintaqda göstərdiyim kimi mən Rəhimov Qoşqarın atasından faizə borc alıb qaytarmışam. Ondan və oğlu Qoşqardan işə düzəltməklə bağlı heç vaxt pul almamışam. İstintaqın nəticəsi olaraq mənim əməlimdə cinayət tərkibinin olmadığı sübut olunduğundan cinayət işinə xitam verilmişdir. Xətai Rayon Polis İdarəsində vəkilimin təkidi və məsləhəti ilə Qoşqara ödədiyim 20 000 manatla bağlı heç bir iddia və tələbim yoxdur və gələcəkdə də olmayacaq.
Akif Kərimov: imza, 10 yanvar 2018-ci il”


Deməli belə. Hesabladım ki, Akif Kərimov 200 000 ABŞ dollarından 33 000 dollar şəklində, 20000 manat şəklində qaytardı (11800 dollar). 167000-11800=155200 dollar! Allah Kərimdir. Çünki Akifin də soyadı Kərimovdur.
Həə! Cinayət işini örtdüm, qeydiyyatlarımı götürdüm, qələm kağızlarımı çantama qoydum. Əflatun Səlimov işindən ayrılıb gülümsəyərək mənə tərəf baxdı, bic-bic: “Ağsaqqal, necədi, narazılıq yoxdu?” Dedim, var! Gərək rəhbərlik sənin və Akif Kərimovun “İgidliyə görə” medalı ilə təltif olunmanız üçün təqdimat verəydi. Çünki bundan böyük “igidlik” olmaz. Hər ağsaqqal və hər müstəntiq belə üskük fırlada bilməz. Bərəkallah! (tezadlar.az)
İkram İnad, vəkil-publisistшаблоны для dle 11.2



5258 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
23-11-2016, 11:52 İlham Əliyev sərgidə



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

14-12-2018
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
{sape_links}{sape_article}