Mobil versiya
Ağdam Musiqi Kolleci – musiqi və sənət beşiyi
Tarix: 15-11-2018 | Saat: 15:20
Bölmə:Manşet / Təhsil / Seçilənlər-4 | çapa göndər

Ağdam Musiqi Kolleci – musiqi və sənət beşiyi



Laura Ağayeva: “Elə bil ki, Qarabağsız gözəl səsə malik insanların sayı da azalıb”

Danılmaz bir həqiqətdir ki, Qarabağ Azərbaycanda bir çox sahələrin inkişafına zaman-zaman öz dəyərli tövhələrini verib. Bununla belə, bu bölgənin məxsusi olaraq ölkəmizin mədəniyyətinə verdiyi töhvələri birmənalı olaraq əvəzolunmazdır. Əbəs yerə deyil ki, Qarabağı Azərbaycanın musiqi beşiyi adlandırırlar. Həqiqətən də bu torpaq təkcə ölkəmizə deyil, dünyaya saysız-hesabsız dahi musiqiçilər bəxş edib. Bu musiqiçilərin yetişməsində və ümumiyyətlə son yarım əsrdə Qarabağda musiqi sənətinin inkişafında isə sözsüz ki, Ağdam Musiqi Kollecininin isə müstəsna rolu olub.

Seçilmiş rəhbər



Ağdam şəhərində orta ixtisas musiqi məktəbi 1958-ci ildə yaradılıb. Məktəbin yaranması və formalaşmasında Əlipaşa Daşdəmirovun xüsusi xidmətləri olub. Dahi bəstəkar Üzeyir Hacıbəylinin adını daşıyan musiqi məktəbində ilk dövrlər fortepiano, xalq çalğı alətləri, xor dirijorluğu, musiqi nəzəriyyəsi, xanəndəlik ixtisasları tədris olunub. Orta ixtisas musiqi məktəbi 2000-ci ildə musiqi texnikumu, 2010-cu ildə isə musiqi kolleci adlandırılıb. 1989-cu ildən bu təhsil ocağına Laura Ağayeva rəhbərlik edir. Maraqlıdır ki, Laura xanım bu vəzifəyə məhz seçki yolu ilə təyinat alıb. Bu isə o deməkdir ki, onun işlədiyi kollektiv məhz Laura Ağayevanın peşəkarlığına, təcrübəsinə inanıb və ona etimad göstərib. Artıq uzun illər kollecə rəhbərlik edən Laura xanım da hər zaman bu məsuliyyəti hiss edib, ona göstərilən etimadı tam olaraq doğruldub.

Köçkünlük həyatı da yaşadıq...



Tam səmimi olaraq demək olar ki, son 30 ildə Ağdam Musiqi Kolleci həqiqətən də böyük bir inkişaf yolu keçib. Enişli-yoxuşlu bu yolda böyük uğur və nailiyyətlər də, işğal kimi böyük itkilər də olub. Kollecin direktoru mətbuata verdiyi açıqlamalardan birində torpaqlarımıza hərbi təcavüzü nəticəsində Ağdam Musiqi Kollecinin də taleyinə köçkünlük həyatı yazıldığını bildirib: “Ağdam şəhəri işğal edildikdən sonra məktəb rayonun Xındırıstan kənd icra nümayəndəliyinə köçdü. 1993-cü ilin ağır günlərində Qərvənd və Xındrıstan kəndində qəbul imtahanlarını hecə keçirməyimizi indi də unuda bilmirəm... 1993-2006-cı illərdə Bərdə şəhərindəki mədəniyyət sarayında fəaliyyət göstərdik. 2006-cı ildə isə Quzanlı qəsəbəsində yeni bina ilə təmin olunduq”.



Lakin bütün bunlara rəğmən bu musiqi və sənət beşiyi indi də yaşayır və öz fəaliyyəti ilə Azərbaycan mədəniyyətinin inkişafına dolğun tövhələrini verir. Hazırda kollecdə respublikanın bütün bölgələrindən olan 450-dən çox tələbəyə 68 müəllim tərəfindən instrumental ifaçılıq, xalq çalğı alətləri, xor dirijorluğu, musiqi nəzəriyyəsi, xanəndəlik ixtisasları üzrə musiqi təhsili verilir. Hər il kolleci bitirən onlarla məzun respublikanın müxtəlif incəsənət və uşaq musiqi məktəblərində pedaqoji fəaliyyətə başlayır və ya təhsillərini ali musiqi təhsili müəssisələrində davam etdirirlər.

Ağdama geri dönəcəyik

Məktəb fəaliyyətdə olduğu dövrlərdə Azərbaycan mədəniyyətinə bir çox tanınmış musiqiçilər bəxş edib. Onun məzunları arasında respublikanın Xalq artistləri Ramiz Quliyev, Qədir Rüstəmov, Rafiq Hüseynov (Rəmiş), professor Vaqif Əbdülqasımov, tanınmış xanəndə və müğənnilər Sədi Məmmədov, Barat Fərhadov, Şahmalı Kürdoğlu, Elza Qaybalıyeva, Aydın Məmmədov, Aydın Niftalıoğlu, Tacir Allahverdiyev, Nadir Bayramlı, İlhamiz Paşayev və onlarla digər tanınmış musiqi xadimləri var.



Lakin kollecin direktoru Laura Ağayeva hesab edir ki, bu uğurların gələcəkdə də davam etməsi üçün biz mütləq öz torpaqlarımızı geri almalıyıq. Mətbuata verdiyi digər bir müsahibəsində Laura xanım bu barədə fikirlərini belə ifadə edib: “Təəssüflər olsun ki, son illər xanəndəlik ixtisası üzrə kollecə daxil olanların sayı getdikcə azalır. Elə bil ki, Qarabağsız gözəl səsə malik insanların sayı da azalıb. Müəllimlərimiz burada təhsil alan gənclərin musiqinin müxtəlif sahələrini dərindən mənimsəmələri üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Ancaq hər bir qarabağlı kimi, onların da ürəyində bir yurd həsrəti var. Ən böyük arzumuz gələcək fəaliyyətimizi işğaldan azad ediləcək Ağdam şəhərində yenidən davam etdirməkdir”.

aia.az
Nuranə Əsədova
Aydın Babayev



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024