Mobil versiya
Azərbaycanda beşuşaqlı ailələrin sayı 3 dəfəyədək azalıb
Tarix: 17-09-2018 | Saat: 07:57
Bölmə:Manşet / Ölkə | çapa göndər

Azərbaycanda beşuşaqlı ailələrin sayı 3 dəfəyədək azalıb

Son 17 il ərzində Azərbaycan ailələrində beşinci və daha çox uşağın doğulması halları 3 dəfəyədək azalıb.

2000-ci ildə Azərbaycanda 2940 uşaq ailədə sayca beşinci və daha sonrakı uşaq kimi doğulub.

2010-cu ildə belə uşaqların sayı 702, 2005-ci ildə 1285, 2010-cu ildə 702, 2011-ci ildə 643 olub.

Sonrakı illərdə ailədə beşinci və daha sonrakı uşaq kimi doğulan körpələrin sayının nisbətən artmasına baxmayaraq, bu say yenə də əvvəlki həddə çata bilməyib.

Beləliklə, 2015-ci ildə 1108, 2016-cı ildə 1019, 2017-ci ildə 946 uşaq ailənin sayca beşinci və daha sonrakı uşağı kimi dünyaya göz açıb.

Son illər ərzində ailədə dördüncü uşağın dünyaya gətirilməsi halları bir qədər çoxalsa da, ümumilikdə son 17 il ərzində dördüncü uşağın doğulması halları da azalıb.

2000-ci ildə 6149 uşaq ailənin dördüncü uşağı kimi dünyaya gətirilib. 2005-ci ildə belə uşaqların sayı 3866, 2010-ci ildə 3018, 2011-ci ildə 3130, 2012-ci ildə 3625, 2013-cü ildə 3827, 2014-cü ildə 4509, 2015-ci ildə 4404, 2016-cı ildə 4346, 2017-ci ildə 4053 olub.

Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycanda çoxuşaqlı ailə anlayışının dəyişdirilməsini təklif edib.
Onun sözlərinə görə, əvvəllər Azərbaycanda çoxuşaqlı ailələrdə 5 uşaq olurdusa, indi 3 uşaq var. Ona görə də çoxuşaqlı ailə məfhumunda 3 uşağa enmək daha düzgün olar.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin məsləhətçisi Aynur Veysəlova isə Trend-ə bildirib ki, Azərbaycanda çoxuşaqlı ailələrə dövlət dəstəyi bu və ya digər normativ hüquqi aktlarda nəzərdə tutulsa da, ailə institutu üzrə aparılan araşdırmalar, təhlillər və eyni zamanda beynəlxalq praktika bu kateqoriyadan olan ailələrin hərtərəfli dəstəklənməsi üçün yetərli olmadığını göstərir:

"Bu məsələ ilə əlaqədar olaraq qeyd etmək lazımdır ki, bir sıra Avropa ölkələrində çoxuşaqlı ailələrə uşaqlara onların ayrı-ayrı yaş qrupları üzrə müxtəlif sosial paketlər təklif olunur. Uşaqlar məktəbəqədər yaşdadırsa, onları qida məhsulları, geyim və oyuncaqlarla təmin edirlər. Məktəb yaşlı uşaqlar üçün isə məktəb ləvazimatları, paltarlar verilir. Onların təhsil haqqı ödənilir, məktəbdə pulsuz yeməklə təmin edirlər. Bir çox ölkələrdə çoxuşaqlı ailələrə xüsusi status, əlavə güzəşt və imtiyazlar verilir. Fransada hələ 1921-ci ildən "Böyük ailə” adlı dövlət proqramı fəaliyyət göstərir. Həmin proqrama əsasən dövlət siyasəti çərçivəsində çoxuşaqlı ailələrə subsidiyaların və imtiyazların verilməsi nəzərdə tutulub. Çoxuşaqlı ailələrə həmçinin vergi imtiyazları da təqdim olunur. Hər doğulan uşaq vergilərin azalması deməkdir. Beləliklə, əgər ailədə 4 uşaq varsa, həmin ailə praktik olaraq vergi ödəmir. Avropada ən çox doğum Fransanın payına düşür. İsveçdə çoxuşaqlı ailələrə proqressiv müavinətlər verilir və bu müavinətlər hər yeni doğulmuş uşağa görə artır. Əlavə olaraq yaşayış üçün ev haqqı, məktəbəqədər müəssisələrin xərci dövlət tərəfindən ödənilir, hətta ərzaq üçün xüsusi talonlar verilir. Finlandiyada isə çoxuşaqlı ailələrə, tək valideynli ailələrə hər hansı bir imtiyaz verilmir. Lakin müxtəlif səpkilərdə sosial müavinətlər verilir”.

Almaniyada çoxuşaqlı ailələrdə uşaqlara verilən imtiyazların yaşa görə fərqli olduğunu deyən A.Veysəlova əlavə edib ki, Rusiyada çoxuşaqlı ailələrə 30 il müddətində, ilkin ödənişsiz ev krediti verilir. Rusiyada 1 uşağa görə 1500 rubl, 2 uşağa görə 3000 rubl, 3 uşağa görə 3500, 4 uşağa görə 4000 rubl verilir: "Göstərilən bu nümunələrdən də aydın olur ki, çoxuşaqlı ailələrə sosial yardım müxtəlif ölkələrdə müxtəlif cür həyata keçirilsə də, ümumi məqsəd eynidir. Dövlətin inkişafı onun vətəndaşlarının inkişafı və rifahı ilə bağlıdır. Məhz buna görə də, dövlət çoxuşaqlı ailələrə sosial dəstək üçün bir sıra monetar və qeyri- monetar imtiyazlar ayırmalıdır. Bu siyasət bazar iqtisadiyyatına uyğun olaraq tənzimlənə bilir. Ailənin möhkəmləndirilməsi, sağlam uşaqların yetişdirilməsi, onların psixi və mənəvi tərbiyəsinin inkişaf etdirilməsi, ailələrin sosial-iqtisadi ehtiyaclarının ödənilməsi - bütün bunlar bütövlükdə Azərbaycanın inkişafı deməkdir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024