Mobil versiya
Rəsmi Bakı Ermənistanla bağlı ATƏT ölkələrinə ÇAĞIRIŞ ETDİ
Tarix: 01-08-2018 | Saat: 15:18
Bölmə:Manşet / Siyasət | çapa göndər

Rəsmi Bakı Ermənistanla bağlı ATƏT ölkələrinə ÇAĞIRIŞ ETDİ


Helsinki Yekun Aktının 43-cü ildönümü münasibətilə bütün ATƏT üzv dövlətlərini Ermənistandan Helsinki Yekun Aktı əsasında üzərinə götürdüyü öhdəliklərinə əməl etməsi, Azərbaycana qarşı gücdən istifadəyə son qoyması və öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmasını qəti və birmənalı şəkildə tələb etməyə israrla çağırırıq.



aia.az xəbər verir ki, bu barədə Helsinki Yekun Aktının qəbul edilməsinin 43-cü ildönümü ilə əlaqədar XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyevın açıqlamasında deyilir.


Açıqlamada deyilir: "Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) çərçivəsində 1 avqust 1975-ci ildə Helsinki Yekun Aktı qəbul edilib.



Helsinki Yekun Aktı xüsusilə dövlətlərarası münasibətləri tənzimləyən, Avropada sülh və təhlükəsizliyin qorunmasına xidmət edən 10 fundamental prinsipi (Decalogue) müəyyən edib.

1992-ci ilin yanvarında Azərbaycan Respublikası ATƏM-in üzvü olub və Azərbaycan Helsinki Yekun Aktı əsasında üzərinə götürdüyü öhdəliklərinə tam sadiqdir.

Təsisatlanma prosesinin tərkib hissəsi olaraq ATƏM 1994-cü il dövlət və hökumət başçılarının Budapeşt Sammitinin qərarı ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı adlandırılıb.

Helsinki Yekun Aktı güc yolu ilə ərazi əldə edilməsini qadağan edib. Sənədə görə gücdən istifadə olunmaması prinsipi bilavasitə sərhədlərin zorla dəyişdirilməsinin qəbuledilməzliyi ilə bağlıdır. Bu məqsədlə Helskin Yekun Aktı BMT Nizamnaməsinin 2(4) bəndini genişləndirərək ərazi bütövlüyü prinsipini xüsusi vurğulamaq üçün ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və gücdən istifadə edilməməsini ayrı prinsiplər kimi kodifikasiya edib. Nəticə etibarilə, bunlar Helsinki Yekun Aktında ərazi bütövlüyü fundamental normasından irəli gələn ardıcıl prinsiplər kimi müəyyən olunub. Helsinki Yekun Aktının 8-ci bəndi isə öz müqqəddəratını təyin etmə prinsipinin BMT Nizamnaməsi, beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə ərazi bütövlüyünə uyğun şəkildə ifadə edilməsini təsbit edib.



ATƏT üzv dövləti olaraq Ermənistan Respublikası Helsinki Yekun Aktı ilə üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozaraq gücdən istifadə etməklə Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf regionlarını işğal edib. İşğal edilmiş ərazilərdə mülki Azərbaycan əhalisinə qarşı qanlı etnik təmizləmə törədib. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu Azərbaycana qarşı gücdən istifadə etmək və gücdən istifadə etməklə hədələmək siyasətinin davamıdır.

Ermənistan Azərbaycana qarşı qeyri-qanuni əməllərini, o cümlədən Azərbaycanın ərazi bütövlüyü və siyasi müstəqilliyinə qarşı güc tətbiq etmə və ya güclə hədələmə, işğal olunmuş ərazilərin ilhaqı cəhdləri və əhalinin zorla öz doğma yurdlarından qovulması kimi beynəlxalq hüquqa zidd hərəkətlərini ört-basdır etmək məqsədilə Helsinki Yekun Aktında təsbit olunan xalqların bərabər hüquqluluğu və öz müqəddəratını təyin etmə prinsiplərini hər vəchlə təhrif edir.



Helsinki Prinsiplərinin və ATƏT-in digər öhdəliklərinin Ermənistan tərəfindən pozulması, bu prinsiplərin tətbiqində seçimli yanaşma və ikili standartlara yol verilməsi Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllinin uzanmasına və nəticə etibarilə, gərginlik riskinin saxlanmasına səbəb olur.

1995-ci ilə aid müvafiq ATƏT sənədində qeyd olunduğu kimi, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mandatının əsasını da BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə bərabər Helsinki Yekun Aktı təşkil edir.



Helsinki Yekun Aktında təsbit olunmuş prinsiplərə uyğun olaraq, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini təmin edəcəkdir".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024