Mobil versiya
“Baş nazir körpüyə çıxıb intihar etmək istəyən kişiyə deyib ki...”
Tarix: 31-07-2018 | Saat: 14:23
Bölmə:Manşet / Gündəm | çapa göndər

“Baş nazir körpüyə çıxıb intihar etmək istəyən kişiyə deyib ki...”



Akif Əli: “Novruz müəllim gələndən sonra özünü təqdim edib ki, baş nazirəm, bu adam onunla dialoqa girib və dərdini danışıb”

Baş nazir Novruz Məmmədovun 30 iyulda "Koroğlu” metro stansiyası yaxınlığındakı körpünün üzərinə çıxmış bir kişini (1969-cu ildə Tovuzda anadan olan, fəhlə Əhmədov Yaşar Məmmədəli oğlu-red.) intihar fikrindən daşındırması mediada və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Əksəriyyət baş nazirin addımını təqdir etsə də, hadisəyə "film kimi” yanaşmasını sərgiləsə də, fərqli yanaşanlar da var. Mövzu ilə əlaqədar Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli ilə danışdıq.

- Akif müəllim, yəqin ki, baş nazirin vətəndaşı intihar fikrindən yayındırması ekspromt alınıb, eləmi?

- Təbii ki, ekspromt alınan şeydir. Başqa variant mənim heç təsəvvürümə də gəlmir.

- Hadisənin təfsilatı barədə məlumat verə bilərsinizmi? Necə olub ki, Novruz Məmmədov hadisədən xəbər tutub?

- O ərazidə yol kəsilmişdi, yol polisi bütün avtomobilləri Zığ şosesinə yönləndirirdi. baş nazir də işə gələndə yolun kəsildiyini görüb və kortej Zığ şosesinə dönüb. Novruz müəllim maraqlanıb ki, yol niyə kəsilib, nə hadisə baş verib? Ona telefonla məruzə ediblər ki, belə bir hadisə olub. baş nazir də Zığ şosesindən kortejə əmr edib ki, yenidən fırlanın, Heydər Əliyev prospektindən hadisə olan yerə gedin. Kortej əmrə uyğun şəkildə hərəkət edib. Beləliklə, baş nazir işə gəlməyib, hadisə yerinə gedib.

- Novruz müəllimin intihar etmək istəyən şəxslə birbaşa əlaqə yaratması, onunla telefonla danışması da maraq doğurub. Telefon nömrəsini necə əldə edib?

- Orada fövqəladə hallar, polis əməkdaşları işləyirdi. Onlar yolu kəsib tədbirlər görmüşdülər ki, intiharın qarşısı alınsın. Yəni müvafiq qurumlar artıq işləyirdi. Yəqin onlarda əlaqə telefonu var imiş, danışırlarmış baş nazir gələnə qədər. Deyəsən, o vətəndaş səhər saat 6-dan sonra körpüyə çıxıbmış, amma baş nazir 9-a qalmış ora gəlib.

- Deməli, baş nazir gələnə qədər onu intihar fikrindən daşındırmaq mümkün olmayıbmış?

- Hə. O, ayrı-ayrı adamların çağırılmasını tələb edirmiş. Deyirmiş kimlər gəlsin, mən sözümü ona deyim. Mən orada olmadığım üçün dəqiq bilmirəm. Amma o adam aşağı düşməyə heç cür razılaşmırmış və özünü körpüdən atmaq istəyirmiş. Sadəcə, Novruz müəllim gələndən sonra özünü təqdim edib ki, baş nazirəm, bu adam onunla dialoqa girib və dərdini danışıb. Novruz müəllim də söz verib ki, nə mümkündürsə, kömək edəcək. Sonra da bura - Nazirlər Kabinetinə dəvət etdi. O adam səhər-səhər buraya gəldi, baş nazir onu qəbul elədi, situasiyanı ətraflı öyrəndi. O da danışıb ki, ailədaxili problemləri var. Baş nazir ona deyib ki, axı sən bu işi araşdırmadan, öz övladlarının harada olduğunu dəqiq öyrənmədən necə intihara cəhd edirsən? İnsandır, görünür, o, emosional vəziyyətdə olub, psixoloji gərginlik keçirib, özünü atmaq istəyirmiş. Ona görə də baş nazir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə tapşırıq verdi ki, bu ailənin problemlərini araşdırın, nə kömək lazımdır, edin.







"O adam aşağı düşməyə heç cür razılaşmırmış və özünü körpüdən atmaq istəyirmiş”
- İntihar fikrinə düşən ailə başçısıdır, həm də fəhlədir. Sosial problemlər də ailədaxili gərginliklərə səbəb olur. baş nazir həmin adamı işlə təmin etməklə bağlı hansısa təşəbbüs göstərməyib ki?

-Yox. Burada sosial problem yoxdur. O şəxs də işlə bağlı heç nə deməyib. Deyib mən uşaqlarımı tapa bilmirəm. Deyib ki, uşaqlarımı tapa bilmirəmsə, mənim də yaşamağım mənasıdır. Buna görə özünü öldürmək istəyirmiş. Onun iki oğlu var, biri 3, digəri 6 yaşında. Uşaqlarının harada olduğunu öyrənə bilməyib, problem oradan yaranıb.

- Akif müəllim, baş nazir hadisədən xəbər tutdu və bir nəfəri ölüm fikrindən daşındırdı. Əks təqdirdə, bəlkə də hadisə acı sonluqla bitəcəkdi. Amma bir gün qabaq da eyni saatlarda iki kişinin intiharı xəbəri yayıldı. Bu kimi hadisələrlə bağlı hökumətdə müzakirələr aparılırmı, hansısa tədbirlər planının hazırlanmasından bəhs olunurmu?

- İntiharı əvvəlcədən bilmək olmaz. Bütün dünyada intihar hadisələri baş verir. Mən hökumətin bununla bağlı hansısa tədbir planlaşdırdığını eşitməmişəm. Amma gördüyünüz kimi, konkret situasiyada onun qarşısını almaq üçün tədbir görülür.

- Həmin körpüyə polis postu da qoyulmuşdu, amma cəhdlərin qarşısını almaq olmur. Bəlkə hökumət səviyyəsində hansısa addımların atılmasına, vətəndaşlara müraciətə, ya digər önləyici tədbirlərə ehtiyac var?

- Sən deyən kimi, hökumət səviyyəsində çağırış etmək o deməkdir ki, intihar baş alıb gedir. Elə deyil axı. İntihar tək-tük, fərdi olan hadisədir. Hökumət səviyyəsində çağırış etmək bir az qəribə görünər.

- Təəssüf ki, statistika ciddi narahatlıq doğurur. Bu günlərdə ali məktəbə qəbul olmayan qız özünü binadan atdı. Ardınca bir gənc, başqa ortayaşlı kişi özünü asdı. başqa acı nümunələr də var. Bəlkə cəmiyyət mütəxəssislərinin, psixoloqların sayının artırılması ilə bağlı qərara ehtiyac var?

- Onu mütəxəssislər daha yaxşı deyə bilərlər. Amma konkret nümunədə adam öz övladlarının harada olduğunu öyrənmədən çıxıb körpünün üstünə ki, "özümü atıram”, bu da düzgün deyil. Yaxud uşaq imtahanda kəsilibsə, gərək valideynləri bunu anlayışla qarşılasın ki, bu gün kəsilər, sabah instituta girər. Yəni uşağın stress keçirməməsi üçün təbii ki, ailədaxili mühitin özünün də mühüm rolu var.

- Amma intihar edən bir yeniyetmənin anası da özünü öldürdü, dəhşətlisi budur...

- Bunlar hamısı ruhi-psixoloji məqamlardır. İnsanın daxili aləmi ilə bağlı məsələlərdir. Burada psixoloqların analiz etməsi və rəy verməsi daha doğru olar yəqin ki. Amma hesab edirəm ki, intihar geniş, kütləvi hal almayıb ki, onunla bağlı hökumət səviyyəsində müraciət olunsun. Məncə, buna ehtiyac yoxdur. Sosioloqların, psixoterapevtlərin, psixoloqların bəlkə bu sahədə köməyi dəyə bilər. Psixi travması olanlara yardım etmək baxımından...

- Körpüdə intihar etmək istəyən həmin vətəndaşın sonrakı taleyi barədə məlumatlısınızmı?

- Tapşırılıb ki, onunla məşğul olsunlar. Hazırda o istiqamətdə iş gedir.


"Yeni Müsavat”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə