Mobil versiya
İdman Akademiyası – beynəlxalq idman təhsili sahəsində hədəflər müəyyənləşdirilib
Tarix: 05-07-2018 | Saat: 10:11
Bölmə:Manşet / Təhsil | çapa göndər

İdman Akademiyası – beynəlxalq idman təhsili sahəsində hədəflər müəyyənləşdirilib




Rektor Fuad Hacıyev bu hədəflərə çatmaq üçün aparılan islahatların səmərəliliyini təmin edə bilib

“Azərbaycan dövlət təhsil siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirir, təhsil müəssisələri qarşısında yeni hədəf və çağırışlar qoyur”. Bu sözlər ölkəmizin aparıcı ali təhsil müəssisələrindən birinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevə məxsusdur. Və təbii ki, bu fikirlərin müəllifi qarşıya qoyulan hədəflərə yetişmək üçün ilk növbədə bilavasitə özünün rəhbərlik etdiyi ali təhsil müəssisəsində zəruri islahatların uğurla aparılmasına görə böyük məsuliyyət daşıyır. Akademiyada son vaxtlar həyata keçirilən islahatlar isə, həqiqətən də kifayət qədər yüksək nəticələrin inamla hədəfə alındığından xəbər verir.

Biz Azərbaycanı yalnız peşəkar idman sahəsində deyil, həmçinin idman təhsili sahəsində də aparıcı yerlərdə görmək istəyirik...

Öz çıxışlarının birində məhz bu ideyanı ADBTİA-nın əsas inkişaf konsepsiyalarından biri kimi təqdim edən Fuad Hacıyev, həqiqətən də Akademiyaya rəhbərlik etməyə başladığı ilk günlərdən artıq bütün potensialların bu məqsədlər üçün səfərbər olunacağına heç bir şübhə yeri qoymadı. 2016-cı ildən başlayaraq Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında idman təhsilini dünya standartlarına uyğunlaşdırmaq, təhsilin keyfiyyətini artırmaq və beynəlxalq əmək bazarında rəqabət qabiliyyətinə malik mütəxəssislər hazırlamaq kimi hədəflərə nail olmaq məqsədilə ardıcıl islahatlar aparılır, tam yeni infrastruktur yaradılır, təhsil imkanları genişləndirilir, beynəlxalq təcrübə öyrənilir və beynəlxalq əməkdaşlıqlar qurulur. Gənc nəslin idman sahəsində hərtərəfli biliyə yiyələnməsi məqsədi ilə hər cür şərait yaradılır. Bütün bunlar isə, yaxın gələcəkdə Akademiyanın məzunlarının dünya idman bazarında rəqabətə dözümlü mütəxəssis olacaqlarına qəti inam yaradır.

Yeni ixtisaslar yaradılır...

Hələ 2017-2018-ci tədris ilinin əvvəlində, noyabrın 6-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yeni yaradılmış ixtisasların təqdimatı böyük müvəffəqiyyətlə keçirilmişdi. Belə ki, 2017-ci ilin sentyabrından başlayaraq, Akademiyada “İdman jurnalistikası”, “İdman menecmenti”, “İdman tibbi və reabilitasiya” üzrə modul tipli ingilis dilində magistr ixtisaslarının tədrisinə start verilib. Hər üç ixtisasın tədris proqramına daxil edilməsinin məqsədi qeyd edildiyi kimi, beynəlxalq idman əmək bazarında rəqabətqabiliyyətli kadrların hazırlanması və ölkədə gündən-günə inkişaf edən idman sahəsində tələb olunan ixtisaslar üzrə mütəxəssislərin yetişdirilməsidir. Həmin magistr ixtisasları Azərbaycan təhsil sistemində yeni olduğuna görə Akademiya onların tədrisi üçün Böyük Britaniyanın bir sıra tanınmış ali təhsil ocaqları ilə əməkdaşlıq sazişləri də imzalayıb. Tədris prosesi zamanı əsas modullar Avropanın qabaqcıl təhsil müəssisələrinin professor-müəllim heyəti tərəfindən həyata keçirilir. Tədrisin ingilis dilində keçirilməsi, eyni zamanda, beynəlxalq standartlara cavab verən dərsliklər və materiallardan yararlanmağa imkan verir. Yeni magistr proqramlarında yerli ingilis dilli akademik heyətin də potensialından istifadə olunur.

İnfrastruktur müasir beynəlxalq tələblərə uyğunlaşdırılır...

Bu gün İdman Akademiyasında yaradılan müasir şərait və infrastrukturun bütün beynəlxalq standartlara uyğun olaraq yenilənməsi prosesi də diqqəti cəlb edir. Belə ki, məhz son iki ildə ümumi ərazisi 12,8 min kvadratmetr olan ərazinin 9 min kvadratmetrdən artıq sahəsində müasir standartlara uyğun təmir və yenidənqurma işləri aparılıb, kommunikasiya, təhlükəsizlik sistemləri yenidən qurulub. Müəllim və tələbə heyəti üçün elektron tələbə bileti tətbiq edilməklə müasir elektron buraxılış-nəzarət sistemi yaradılıb. Təmir edilən tədris auditoriyaları və kafedralar zəruri mebel və avadanlıqla tam təmin olunub. Auditoriyaların texniki vasitələrlə - kompüterlər, proyektorlar, monitorlar və digər qurğu və cihazlarla təchizatı işi başa çatdırılıb.



Akademiyada ümummilli lider Heydər Əliyevin büstü qoyulub, Azərbaycanın Milli qəhrəmanlarının və idmançı şəhidlərin xatirəsinə həsr olunan stendlər qurulub. Həmçinin müasir standartlara cavab verən Heydər Əliyev İnteraktiv Muzeyi və tam funksional konfrans zalı yaradılıb. Tələbə mərkəzi, tibb məntəqəsi, müasir tipli kafe və tələbə yeməkxanası istifadəyə verilib. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Bundan başqa akademiyanın ərazisi yüksəksürətli Wi-Fi ilə təmin edilib. Dünyanın 60 mindən çox kitabxanasında fəaliyyət göstərən və kitabxanadaxili bütün prosesləri avtomatlaşdıran “Follett Library Manager System” proqramını dəstəkləyən tam funksional elektron kitabxana, eyni zamanda, 200 min kitabdan ibarət fond yaradılıb. Tədrisin şəffaflığını təmin etmək məqsədilə ixtisaslaşmış və müvafiq texniki vasitələrlə təmin edilmiş imtahan mərkəzi yaradılıb.

Bütün bu sadalanan faktlar tam əminliklə deməyə əsas verir ki, bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası həqiqətən də ölkəmizin aparıcı ali təhsil müəssisələrindən biri olmaqla yanaşı, eyni zamanda Azərbaycanı məhz idman təhsili sahəsində bütün dünyada yüksək səviyyədə təmsil etməyə layiq olan bir təhsil ocağına çevrilmişdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024