Mobil versiya
BDU – milli sərvətimiz
Tarix: 25-05-2018 | Saat: 10:58
Bölmə:Manşet / Təhsil / Seçilənlər-1 | çapa göndər






Millətimizin adət-ənənələrinə və maddi-mənəvi dəyərlərinə qiymət verən və onları gələcək nəsillərə ötürə bilən yüksək ixtisaslı kadrlar hazırlamaq Bakı Dövlət Universitetin üzərinə düşən tarixi vəzifədir

“Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir!” – Heydər Əliyev

Şərəfli tariximizdən bir səhifə...

Bakı Dövlət Universiteti 1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilmişdir. Ümummilli lider Heydər Əliyev BDU-nun yaradılması kimi mühüm tarixi hadisəyə olduqca obyektiv qiymət verərək demişdir ki, əsrin əvvəlindən bu günə kimi Azərbaycan elminə çıraq tutan universitetimizin yaradılması xalqımızın tarixində ən əlamətdar hadisələrdən biridir. Tarixi haqsızlıq ucbatından uzun müddət müstəqilliyini və dövlətçiliyini itirməyə məcbur olmuş Azərbaycan xalqı milli təhsil sistemini və mənəvi tərbiyə formalarını yaratmaq imkanlarından da məhrum edilmişdi. Yalnız 1918-ci ildə müstəqillik qazanaraq Azərbaycan Xalq Cümhuriyyətini elan edən xalqımız neçə yüz illərdən sonra milli və ictimai tərəqqidə elmin, təhsilin rolunu qiymətləndirmək imkanı qazandı. Azərbaycan milli hökuməti yarandığı ilk günlərdən həlli mühüm olan bir sıra iqtisadi və siyasi problemlərlə üzləşsə də, xalqın maariflənməsi üçün çox ciddi addımlar atmış, bütün məktəblərdə təhsilin icbari olması və ana dilində aparılması sahəsində konkret tədbirlər həyata keçirmişdir. Bu tədbirlərin içərisində bütün müsəlman Şərqində ilk Avropa tipli ali məktəb kimi fəaliyyətə başlayan, hazırda Azərbaycan Respublikasının aparıcı ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin yaradılması xüsusi yer tutur.

BDU – bir müasir təhsil brendi

Müasir dövrdə vətəndaş cəmiyyəti quruculuğunda sürətlə inkişaf edən elmi-texniki tərəqqi, informasiyanın sürətli artımı və yeniləşməsi təhsil prosesinin təkmilləşməsini və dinamik inkişafını zəruri edir. Dövlətimizə, cəmiyyətimizə və ümumiyyətlə, tariximizə bələd olan, yeni düşüncəyə malik gənclər yetişdirmək, onlara bilik və bacarıq vermək, millətimizin adət-ənənələrinə və maddi-mənəvi dəyərlərinə qiymət verən və onları gələcək nəsillərə ötürə bilən yüksək ixtisaslı kadrlar hazırlamaq Bakı Dövlət Universitetin üzərinə düşən tarixi vəzifədir. Bu gün BDU-da mütəxəssis və elmi-pedaqoji kadr hazırlığı Azərbaycan Respublikası Konstitusiyası, Təhsil Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin fərman və sərəncamları, Təhsil sahəsində İslahat Proqramına və digər normativ-hüquqi sənədlər əsasında həyata keçirilir. BDU-da ali təhsilin hər üç səviyyəsində – bakalavriat, magistratura və doktorantura səviyyələrində kadr hazırlığı Avropa kredit transfer sisteminə uyğun həyata keçirilir. Hazırda universitetin 17 fakültəsində müxtəlif elmi istiqamətlərdə bakalavriaturada 60 ixtisas, magistraturada 197 ixtisaslaşma, doktorantura səviyyəsində 70 ixtisas üzrə 20 minə yaxın tələbə, magistrant və doktorant təhsil alır. İxtisaslar üzrə tədris prosesinin təşkili ali təhsil pilləsinin dövlət təhsil standartlarına uyğun hazırlanmış və rektor tərəfindən təsdiq edilmiş tədris planları əsasında həyata keçirilir. Təhsil 3 dildə – Azərbaycan, rus və

ingilis dillərində aparılır. Universitetdə dünyanın bir çox ölkələrindən 1000 yaxın tələbə də təhsil alır. Tədris prosesinə 127 kafedrada 1500-ə yaxın professor-müəllim heyəti cəlb edilmişdir. Bununla yanaşı, BDU-da Tətbiqi Riyaziyyat və Fizika Problemləri elmi-tədqiqat institutları, Azərbaycan dili, ədəbiyyatı və tarixinin klassik məsələlərini, genetika, nanotexnologiya, nanomaterialların alınması problemlərini ehtiva edən çox geniş spektrdə mövzular üzrə elmi araşdırmalar aparan 30 elmi-tədqiqat laboratoriyası və mərkəz fəaliyyət göstərir.

Avropa ali təhsil məkanına inteqrasiya sürətləndirilir

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra BDU-da təhsildə yüksək göstəricilər əldə etmiş və ictimai işlərdə fərqlənən tələbələr üçün adlı təqaüdlər– Heydər Əliyev, Əziz Əliyev, Zərifə Əliyeva, Ziya Bunyadov, Mirzə Kazımbəy, Aida İmanquliyeva, Abdulla Qarayev, Şəfayət Mehdiyev, Səttar Süleymanov, Musa Əliyev, Mirəli Qaşqay, Nizami Gəncəvi, Mir Cəlal Paşayev, Abbas Zamanov, Arif Babayev, Yəhya Məmmədov, Həsən Əliyev, Zeynəlabdin Tağıyev, Məmməd Xələfov, Məmmədəmin Rəsulzadə, Murtuz Ələsgərov və d. adına adlı və xüsusi təqaüdlər təsis olunub. Bu stimullaşdırıcı tədbirlərlə yanaşı isə, Avropa ali təhsil məkanına inteqrasiya prosesinin sürətləndirilməsi, ali təhsil sənədlərinin və ixtisasların qarşılıqlı tanınması, təhsilin keyfiyyətinin və tələbələrin akademik mobilliyinin Boloniya Bəyannaməsinin tələblərinə uyğun artırılması istiqamətində də müvafiq addımlar atılır. Artıq 2011-2012-ci tədris ilində universitetin mexanika-riyaziyyat, tətbiqi riyaziyyat və kibernetika, fizika, kimya, hüquq, beynəlxalq münasibətlər və iqtisadiyyat, sosial elmlər və psixologiya fakültələrində ingilisdilli qruplar yaradılıb. İlk olaraq 8 ixtisas üzrə təşkil olunmuş ingilisdilli qruplar hazırda 16 ixtisası əhatə edir. Riyaziyyat, fizika, kimya, biologiya, kompyuter elmləri, ekologiya, hüquqşünaslıq, beynəlxalq münasibətlər, tarix, psixologiya, sosiologiya, dünya iqtisadiyyatı, iqtisadiyyat, turizm və otelçilik, kitabxanaçılıq-informasiya və jurnalistika ixtisasları üzrə ingilis dilində kadr hazırlığı həyata keçirilir. Tədris prosesinə yüksək ixtisaslı yerli kadrlarla yanaşı, xarici ölkədən dəvət olunmuş mütəxəssislər də cəlb edilir.

“SABAH”ın uğur təminatçıları

2014-2015-ci tədris ilindən başlayaraq, BDU-da savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət SABAH qrupları fəaliyyət göstərir. Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan SABAH qruplarının əsas məqsədi Azərbaycanın inkişafına töhfə verəcək, savadlı, bacarıqlı və hazırlıqlı gənc mütəxəssislər hazırlamaq, yerli və beynəlxalq əmək bazarında rəqabətə davamlı peşəkarlıq kadr hazırlığı həyata keçirməkdir. BDU-da 12 ixtisası əhatə edən SABAH qruplarında 214 nəfər tələbə təhsil alır. Fizika müəllimliyi, riyaziyyat müəllimliyi, kimya müəllimliyi, kimya, hüquqşünaslıq, beynəlxalq münasibətlər, kompyuter elmləri, geologiya, coğrafiya, coğrafiya müəllimliyi, tarix və tarix müəllimliyi ixtisasları üzrə xüsusi tərtib olunmuş tədris planları əsasında təhsil alan tələbələr müasir avadanlıqlarla təchiz olunmuş auditoriyalarda dərs keçirlər. SABAH qruplarında təhsil alan tələbələrə SABAH təqaüdü verilməklə yanaşı, bölgələrdə yaşayan və sosial təminatı az olan tələbələr üçün güzəştlər nəzərdə tutulur, yaşayış üçün yataqxana ilə təmin edilirlər. SABAH qruplarının koordinasiyasını təmin etmək məqsədi ilə universitetdə xüsusi SABAH Mərkəzi fəaliyyət göstərir. Mərkəz tərəfindən Azərbaycan gəncləri üçün yeni imkanların yaradılması, onların fərdi və peşəkar inkişafına dəstək vermək üçün tələbələr üçün mütəmadi olaraq konfranslar,

görüşlər, yerli və əcnəbi müəllimlərin mühazirələri təşkil olunur, əmək bazarı ilə daimi bağlılıq yaradılması üçün biznes nümayəndələrinin iştirakı ilə dəyirmi masalar keçirilir.

Etiraf olunmalıdır ki, Bakı Dövlət Universiteti kimi fundamental bir elm və təhsil mərkəzinə rəhbərlik etmək heç də sıradan bir iş deyildir. Bu işin çətinlikləri və məsuliyyəti barədə isə, biz sadəcə olaraq müəyyən ehtimallar irəli sürə bilərik ki, onlarından mövcud reallığa uyğunluqları yalnız təxmini ola bilər. Məlum olduğu kimi, 1999-cu ildən etibarən bu şərəfli vəzifəni görkəmli kimyaçı-alim, akademik Abel Məhərrəmov həyata keçirir.

Qısa arayış:

Abel Məhərrəmov 1950-ci ildə anadan olmuşdur. 1966-cı ildə Amasiya rayonu Güllübulaq kənd orta məktəbini qızıl medalla bitirdikdən sonra, elə 1966-cı ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinə qəbul olmuş və oranı 1971-ci ildə əla qiymətlərlə bitirmişdir. Universiteti bitirdikdən sonra təyinatla Ümümittifaq Olefinlər Elmi-Tədqiqat İnstitutunda operator, sonra isə mühəndis vəzifəsində çalışmışdır. 1973-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində "Üzvi kimya" ixtisası üzrə əyani aspiranturaya daxil olmuşdur. 1976-ci ildə akademik N.S.Zefirovun rəhbərliyi altında "İkiqat rabitələrə birləşmə reaksiyalarında sulfenxloridlərin elektrofilliyinin artırılmasının yeni metodu" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1991-ci ildən "Alkenlərin, üçüzvlü karbo və heterotsiklik birləşmələrin elektrofil reaksiyaları əsasında yeni sintetik yanaşmalar" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir və həmin ildən "Üzvi kimya" kafedrasının professorudur. Elmi-pedaqoji fəaliyyəti dövründə xaricdə və Azərbaycanda 600-ə yaxın elmi məqalə dərc etdirmişdir. O cümlədən 33 ixtiranın müəllifidir, 10-a yaxın monoqrafiya və 37 dərslik və dərs vəsaiti çap olunmuşdur. Üzvi kimya kafedrasının müdiri, "Zərif üzvi sintez" elmi-tədqiqat laboratorayasının rəhbəri, AMEA-nın həqiqi üzvü, Əməkdar Elm Xadimi, kimyanın əsas sahələrindən hesab edilən neft kimyası, üzvi kimya sahəsində geniş və dərin tədqiqatlar aparan, onu yeni biliklərlə zənginləşdirən, elmi məktəb yaradan tanınmış kimyaçı alimdir. "Alkenilfenolların kimyası", "Аминотиолы и их производные" monoqrafiyalarının və "Neft kimyası və neft-kimyəvi sintez", "Dərman maddələrinin sintezi" dərsliklərinin müəllifidir.

Abel Məhərrəmov elmi nəticələrinə və təhsil quruculuğuna görə 11 fevral 2000-ci ildə Azərbaycan Respublikasının "Əməkdar Elm xadimi" fəxri adına, Y.Məmmədəliyev adına qızıl medala layiq görülmüşdür. Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 30 oktyabr 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif edilmişdir. Bundan başqa müxtəlif vaxtlarda Beynəlxalq EKO mükafatına və Rumıniyanın Ali Komandor dərəcəli Qızıl ulduz ordeninə layiq görülmüşdür.

Avropanın bir neçə universitetinin fəxri doktoru, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür. Beynəlxalq ali təhsil assosiasiyalarının prezidenti və idarə heyətinin üzvüdür.

AMEA-nın həqiqi üzvüdür.

Beynəlxalq əlaqələr ən yüksək səviyyədə inkişaf etdirilir

Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələrin inkişaf etdirilməsi istiqamətində fəaliyyəti də böyük əhəmiyyət kəsb edir. Universitet bu gün dünyanın elm və təhsil sahəsində lider sayılan bir çox ölkələrinin elmi, ictimai və dövlət təsisatları ilə sıx əlaqələr yarada bilmişdir. Elə cari təhsil ilinin əvvəllərində (19 sentyabr 2017-ci il tarixində) BDU-nun Şərqşünaslıq fakültəsində Yaponiya hökuməti tərəfindən maliyyələşdirilən layihə nəticəsində əsaslı təmir və müasir texniki avadanlıqlarla təmin edilmiş auditoriyaların açılış mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov ölkələrimiz arasında bütün sahələrdə uğurlu əməkdaşlıq

əlaqələrinin qurulduğunu bildirib, 1998-ci ildə ümummilli lider Heydər Əliyevin və 2006-cı ildə Prezident İlham Əliyevin Yaponiyaya səfərlərini xüsusi vurğulayıb. Bu münasibətlərin elm-təhsil müstəvisində də sürətlə inkişaf etdiyini söyləyən akademik Abel Məhərrəmov bu ilin sentyabrında Azərbaycanın Yaponiya ilə diplomatik münasibətlərinin 25 ilinin tamam olduğunu qeyd edib. O, müəllim-tələbə heyətinin ixtiyarına veriləcək bu auditoriyaları həm də həmin yubileylə əlaqələndirib. Rektor Abel Məhərrəmov Yapon dilinin Azərbaycanda ilk dəfə 2000-ci ildən BDU-da yüksək səviyyədə tədris olunduğunu bildirib, yeni tədris ilində dörd auditoriyanın istifadəyə verilməsini də Yaponiya dövləti tərəfindən universitetə göstərilən diqqət kimi dəyərələndirib.

Qeyd edək ki, 2017-2017-ci tədris ilində Bakı Dövlət Universiteti tərəfindən Respublikada və xarici ölkələrdə fəaliyyət göstərən 19 elmi təşkilat və ali təhsil müəssisəsi ilə anlaşma memorandumu və əməkdaşlıq müqaviləsi imzalanıb.

aia.az

Orxan Babayev



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024