Mobil versiya
Masallı – inkişaf sürətlənir
Tarix: 21-05-2018 | Saat: 10:31
Bölmə:Manşet / Ölkə / Seçilənlər-3 | çapa göndər





Rayonda sosial proqramların ardıcıl olaraq uğurla həyata keçirilməsi artıq qarşısıalınmaz bir prosesə çevrilmişdir

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən son illər ərzində imzalanmış regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının reallaşdırılması istiqamətində bu gün Masallıda da qızğın iş gedir. Ölkəmizin ümumi iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən bu sənədlərdə irəli sürülmüş vəzifələrin icrası üçün Masallı rayon rəhbərliyi sözün əsil məmasında yerli sakinlərlə birlikdə bütün resurs və potensialların səfərbər olunmasını yüksək səviyyədə təmin etmişdir. Bu səylərin nəticəsidir ki, hazırda rayonun iqtisadiyyatının və mədəni həyatının daha da çiçəklənməsi aşkar müşahidə olunur. Bu gün Masallının aqrar-sənaye kompleksinin sürətli inkişafı, dinamik şəkildə həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işləri, sosial proqramların ardıcıl olaraq həyata keçirilməsi, insanların getdikcə daha firavan yaşaması artıq qarşısıalınmaz bir prosesə çevrilmişdir.

Əlbəttə ki, dövlətimiz tərəfindən yaradılan bu şəraitdən, açılan imkanlardan maksimum düzgün yararlanıb rayon və bölgələrimizdə davamlı inkişafa, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaq üçün artıq yerli hakimiyyət orqanlarının da məqsədyönlü və səmərəli fəaliyyət göstərmələri əsas amillərdən biri kimi çıxış edir. Bu baxımdan Masallı Rayon İcra Hakimiyyəti rəhbərliyinin fəaliyyəti də yerli ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

Qısa arayış:

Rafil Hüseynov 1953-cü ildə Bərdə rayonunun Gülgəzli kəndində anadan olub. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini, 1980-ci ildə UİLKGİ MK-yanında AKM-ni, 1989-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Kənd təsərrüfatı istehsalının iqtisadiyyatı fakultəsini bitirmişdir.

08.1969-02.1977-ci illərdə Bərdə rayonu “Kommunizm yolu” qəzetinin redaksiyasında korrektor, ədəbi işçi, müxbir, şöbə müdiri vəzifələrində çalışmışdır. 1977-ci ildən 1991-ci ilə qədər müxtəlif dövlət vəzifələrində işləmişdir. 1991-1996-cı illərdə Bərdə rayon İcra Hakimiyyəti Başçısı aparatında RİH Başçısının birinci müavini vəzifəsinin icraçısı, Bərdə rayonu Dövlət Vergi İnspeksiyasının rəisi, Bərdə rayonu İcra Hakimiyyəti Başçısı aparatında RİH Başçısının müavini, rayon kənd təsərrüfatı və ərzaq idarəsinin rəisi işləmişdir. 1996-1998-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin Baş aqrar islahatlar idarəsində şöbə rəisi, 1998-2003-cü illərdə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İslahatlar və Sahibkarlığın inkişafı Baş İdarəsində rəis müavini, idarə rəisi, 2003-2006-cı illərdə Kənd Təsərrüfat Nazirliyinin Aqrar İslahatlar və sahibkarlığın inkişafı şöbəsində müdir müavini, sektor müdiri, 2006- 2007-ci illərdə “Qara Torpaq” konsalting MMM-in icraçı direktoru, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının İcraçı katibliyinin Bələdiyyələrlə İş üzrə departamentinin direktoru, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi, 2007-2009-cu illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının

Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Regionların sosial-iqtisadi inkişafının analitik sektorunun müdiri, 2009-2010-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Regionların sosial-iqtisadi inkişafının analitik sektorunun müdiri, 2010-2012-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifələrində çalışmışdır.


Dövlət qulluğunun baş müşaviridir. “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 aprel 2012-ci il tarixli sərəncamı ilə Masallı rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.

Masallının iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayonun ümumi ərazisi 72100 hektardır. Kənd təsərrüfatına yararlı torpaqların ümumi sahəsi 32522 hektar, kənd təsərrüfatına yararsız torpaqların sahəsi 21373 hektar, heyvandarlıq üçün otlaqların sahəsi 3892 hektar təşkil edir. Çoxillik əkmələrin ümumi sahəsi 1433 hektardır. Kənd təsərrüfatına yararlı torpaq sahələrindən 24950 hektar əkin torpaqlarıdır, ondan 2017-ci ilində təsərrüfatlarda 16781.9 hektarı əkilmişdir. Rayonda Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının 2014-2018-ci illər üzrə nəzərdə tutulan tədbirlər uğurla davam etdirilir. Tərəvəzçilik, taxılçılıq, heyvandarlıq torpaq payçılarının təşəbbüsü və şəxsi vəsaiti hesabına inkişaf etdirilmişdir. 2017-ci ildə rayon üzrə 17843.2 ton taxıl, 58914 ton tərəvəz, 5867 ton ət, 50101 ton süd, 56.9 milyon ədəd yumurta istehsal olunmaqla, iri buynuzlu mal-qaranın sayı 72611 başa, qoyun və keçilər 90102 başa, quşların sayı isə 525514 minə çatmışdır. Qeyd edək ki, aprelin 6-da Masallı Rayon İcra Hakimiyyətində 2018-ci ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş hesabat yığıncağında cari ilin birinci rübündə əldə olunmuş nəticələr öz aydın əksini tapmışdır. Hesabat məruzəsilə çıxış edən Masallı RİH-nin başçısı cənab Rafil Hüseynov bildirmişdir ki, 2018-ci ilin birinci rübü sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olmuş və yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilmişdir.


Masallıda abadlıq-quruculuq işləri geniş vüsət alıb

Masallı – inkişaf sürətlənir


Şəhərin mərkəzindən keçən Viləş çayının ətrafında Park-Bulvar kompleksində çay yatağının beton məcraya salınması işləri davam etdirilmişdir. İlkin olaraq ümumi uzunluğu 750 p/m olan beton bəndin 591 p/m hissəsində işlər yekunlaşmışdır. Burada müxtəlif istirahət mərkəzləri, idman meydançalarının tikintisi və uşaq əyləncə qurğularının quraşdırılması planlaşdırılır. Hazırda çay yatağının 159 p/m-lik hissəsinin beton məcraya salınması işləri ilə bağlı müvafiq tədbirlər həyata keçirilir və tikinti işləri davam etdirilir. Şəhərin Baş Planında Viləş çayının şəhər ərazisindən keçən hissəsi rekreasiya zonası kimi nəzərdə tutulduğundan həmin ərazidə rayon İcra
hakimiyyəti tərəfindən ərazinin zibilliklərdən təmizlənməsi, yaşıllıqların salınması və ağacların əkilməsi işlərinə start verilmişdir. Artıq 20 hektara yaxın ərazidə meşə zolağı salınmışdır. Eyni zamanda park bulvar kompleksinin yaradılması ilə bağlı müvafiq layihə təşkilatına layihələndirmə tapşırığı verilmiş və ərazidə parkın salınması ilə bağlı hazırlıq işlərinə başlanılmışdır.

Ümumi uzunluğu 24,7 km olan Eminli-Qarğalıq-Səmidxan-Seybətin, Şatroba-Hişkədərə-Miyankü kəndləri istiqamətində yolların asfaltlaşdırılması işləri davam etdirilir. Həmçinin Bakı prospekti və Seybətin küçəsinin yenidən qurulması işlərinə start verilmişdir. Belə ki, hər iki ərazidə piyada səkilərinin salınmasından ötrü bordur düzülməsinə başlanılmış və müasir işıqlandırma sistemlərinin qurulması üçün 200 işıq dirəyi sifariş edilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir.


Sənaye məhəlləsi – iqtisadi inkişafın yeni mərhələsi



Masallı rayonunda Sənaye məhəlləsinin yaradılması üçün Azərbaycan Respublikası Prezidenti tərəfindən 13 iyun 2016-cı il tarixdə Sərəncam imzalanmışdır. Masallı şəhər ərazisində Sənaye məhəlləsinin yaradılması məqsədi ilə Ələt-Astara avtomobil yolunun 165-ci kilometrində sol tərəfdə Masallı şəhəri ərazisində yerləşən 10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış və tikinti işlərinə başlanılmışdır. Sənaye məhəlləsinin yaradılması ilə əlaqədar rayondan olan kiçik və orta sahibkarlarla müzakirələr aparılmış və fəaliyyət göstərmək istəyən sahibkarlar barədə müvafiq məlumatlar toplanılmışdır. Sənaye məhəlləsinin tikintisi Masallı iqtisadiyyatının sürətli inkişafına, təkmilləşməsinə yeni təkan verəcək və 800-ə yaxın yeni iş yerinin açılmasına səbəb olacaqdır. Hazırda Sənaye məhəlləsində tikinti işləri yekunlaşma mərhələsindədir.


İstehsalın və göstərilən xidmətlərin həcmi artır



İlin ilk rübü ərzində rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,0 % artaraq 153,5 milyon manat olmuşdur. Bu dövrdə sənaye məhsullarının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artaraq 11,5 milyon manata, kənd təsərrüfatı məhsullarının həcmi 1,2 faiz artaraq 15,9 milyon manata çatmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 0,7 faiz artaraq 20,2 milyon manat olmuşdur. Rüb ərzində adambaşına düşən pul gəlirləri 581,1 manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 301,1 manat olmuşdur.

2018-ci ilin birinci rübündə Masallı rayonunun gəlirləri 16 milyon 64 manata qarşı 16 milyon 235 min 28 manat və ya 101,4 % icra olunmuşdur. Rayonun yerli xərcləri isə 17 milyon 895 min 05 manata qarşı 14 milyon 723 min 17 manat və ya 82,2% icra olmuşdur.


Sahibkarlığın inkişafı xüsusi diqqət mərkəzindədir



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində Masallı rayonunda yeni sənaye müəssisələrinin açılması davamlı xarakter almışdır. Bu proses çərçivəsində

Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonda olan sahibkarlara güzəştli kreditlərin verilməsi işinin genişləndirilməsi və süni maneələrin aradan qaldırılması fəaliyyətimizin əsas istiqamətlərindəndir. 2018-ci ilin birinci rübündə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara 3 layihə üzrə 50 min manat kredit verilməsi milli iqtisadiyyatın lokomotivi kimi sahibkarlıq subyektlərinin sayının artmasına, fəaliyyət dairəsinin genişlənməsinə təkan vermiş və 3 yeni iş yerinin açılmasına səbəb olmuşdur.


Heydər Əliyev – 95



Müasir, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü yurdumuzun hər yerində olduğu kimi rayonumuzda da böyük təntənə və coşqu ilə qeyd edilib.

07 may 2018-ci il tarixdə Masallı şəhər Mədəniyyət Mərkəzində Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının, Masallı Regional Mədəniyyət İdarəsinin və Masallı Dövlət Regional Kollecinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon ictimayyətinin nümayəndələri, ziyalılar, veteranlar, müəllim və tələbələr iştirak ediblər.

09 may 2018-ci il tarixdə Masallı şəhər Heydər Əliyev parkında Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilı bayram konserti təşkil olunub. Tədbirin aparıcısı bildirib ki, bütün zamanların ən böyük azərbaycanlısı Heydər Əliyevin zəngin elmi-nəzəri irsi tükənməyən xəzinə, gələcək nəsillər üçün nadir mənəvi mənbədir. O, həmçinin ölkəmizin dünyada təkcə qaz-neft ölkəsi kimi deyil, zəngin mədəniyyətə malik bir ölkə kimi tanınmasında möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti nəticəsində həyata keçirilən layihələrdən danışıb .

Konsert proqramında “Viləş” uşaq bağçası-körpələr evinin balaca fidanları, “Halay” mahnı və rəqs qruplarının maraqlı çıxışları, tanınmış müğənnilərin ifasında ümummilli liderimizə, onun yadigarı olan çiçəklənən Azərbaycana həsr olunmuş, mahnılar eləcə də digər musiqi nömrələri tədbir iştirakçılarında xoş ovqat yaradıb. Axşam saatlarında incəsənət ustalarının bir-birindən gözəl ifaları masallılar tərəfindən alqışlarla qarşılanıb.

Heç bir şübhə yoxdur ki, Masallı sakinləri bundan sonra da doğma respublikamızın inkişafı naminə, ümummilli liderimiz Heydər Əliyevin bizə əmanət qoyduğu müstəqil Azərbaycanımızın tərəqqisi yolunda əzmlə çalışacaq, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin həyata keçirilməsini daim dəstəkləyəcəklər.

aia.az

Musa Əsədov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024