Mobil versiya
Şuşa tam dolğunluğu ilə öz həyatını yaşamaqdadır
Tarix: 31-01-2018 | Saat: 16:50
Bölmə:Manşet | çapa göndər

Şuşa tam dolğunluğu ilə öz həyatını yaşamaqdadır





Əslində cəbhəyanı bölgələr, xüsusən də işğal altında olan ərazilər mövzusuna hər dəfə xüsusi həssaslıqla yanaşmanın tələb olunduğu biz jurnalistlərə hər kəsdən daha yaxşı məlum olmalıdır. Lakin təəssüflər olsun ki, elə biz özümüz də çox zaman bu həssasiyyatı nümayiş etdirmirik. Bəlkə də bunu etmək istəmirik. Halbuki, məhz biz jurnalistlər bu kimi məqamlarda digərlərinə də örnək olmalıyıq...

Bizdən belə həssaslıq tələb edən bölglərimizdən biri və bəlkə də məhz elə birincisi Qarabağın qiymətsiz cəvahiri olan Şuşa şəhəridir. Artıq 26 ildir ki, işğal altında olmasına baxmayaraq, Şuşa yenə də bizim müqəddəs məbədimiz olaraq qalır. Ərazisi düşmənin nəzarətində olsa da, Şuşanın bütün dövlət infrastrukturları bu gün Şuşa Rayon İcra Hakimiyyətinin rəhbərliyi altında səmərəli fəaliyyət göstərməkdədir.

Ötən ilin oktyabr ayında keçirilmiş və Şuşa rayonunun sosial-iqtisadi inkişafının 9 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş şura iclasında çıxış edən Şuşa RİH-nin başçısı Bayram Səfərovrayonun sosial-iqtisadi göstəriciləri haqqında,təhsil, səhiyyə və mədəniyyət, kənd təsərrüfatı, rayonda ideoloji işin təşkilindən, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulunun təşkilindən də geniş və ətraflı danışmışdır. O, bildirmişdir ki, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Səyyar qəbulların yerlərdə daha çox keçirilməsi vətəndaşların razılığına səbəb olmuş və səmərəli nəticələr vermişdir. Qəbullar zamanı vətəndaşların müraciətlərinin böyük əksəriyyəti yerindəcə həllini tapmışdır. Bu da əvvəlki illərlə müqayisədə müraciətlərin azalmasına səbəb olmuşdur.

Həqiqətən də Şuşa Rayon İcra Hakimiyyətinin həyata keçirdiyi layihələrin, qatıldığı və təşkilatçısı olduğu tədbirlərin siyahısına nəzər salarkən, insanda elə bir təəssürat yaranır ki, sanki bu rayon heç işğal altında deyil. Məsələn, ötən ilin noyabr ayının 10-da Beynəxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin, Şuşa Şəhər İcra Hakimiyyətinin, Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Niyazi adına Şuşa Şəhər Uşaq İncəsənət məktəbinin 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Bu tədbirdə “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxış edərək bütün mədəniyyət işçilərini, məktəbin kollektivini , pedaqoji heyətini ürəkdən təbrik etmişdir. Cənab başçı çıxışını bu sözlərlə yekunlaşdırmışdı: “İnanırıq ki, möhtərəm prezident İlham Əliyev cənablarının böyük və məntiqi uzaqgörənliyi ilə, ərazi bütövlüyümüz uğrunda apardığı siyasət nəticəsində yurd-yerlərimiz işğaldan azad olunacaq, böyük festivalların, müsabiqələrin, konsertlərin sizinlə birlikdə Şuşada iştirakçısı olacağıq. Hamınıza Şuşalı günlər arzu edirəm! “

Daha sonra, noyabr ayının 16-da Şuşa rayon İcra Hakimiyyətində “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək məktəblilərlə görüşkeçirilmişdi. Tədbirin gedişində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşan, gənclərin və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayan "Ölkəmizi tanıyaq" devizi ilə onların respublikanın müxtəlif bölgələri ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiyası çərçivəsində Şuşa rayonundan olan, təhsildə, idmanda və oxuduqları tədris müəssisəsinin ictimai həyatında fərqlənən 20 nəfər məktəblinin Şuşa rayon İcra Hakimiyyətinin başçısı cənab Bayram Səfərovla görüşü baş tutmuşdu. Görüşdə tur iştirakçılarının valideynləri, Rayon Təhsil şöbəsinin müdiri, rayonun orta məktəb direktorları və rayon ictimaiyyətinin nümayəndələri də iştirak etmişdilər.

Həmçinin 21-23 noyabr 2017-ci il tarixlərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Qaçqın və məcburi köçkün gənclərin IV Yaradıcılıq festival-müsabiqəsi keçirilmişdir. Adı gedən müsabiqədə Şuşa rayonundan 9 gənc rəsm əsərləri, musiqi və rəqs nömrələri ilə təmsil olunmuşlar.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın Mərkəzi Qərargahında 29 noyabr 2017-ci il tarixdə “Azərbaycan Xalq Cümhuriyyəti və Qarabağ məsələsi“ mövzusunda tədbir keçirilmişdir.

2017-ci il dekabr ayının 12-də Şuşa rayon İcra Hakimiyyəti tərəfindən müasir Azərbaycan dövlətinin xilaskarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin vəfatının 14-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilmişdir. Rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də ictimaiyyət nümayəndələri Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, məzarı önünə gül dəstələri düzdülər. Rayonun bir sıra idarə, müəssisələrində eləcə də Niyazi adına Şuşa Şəhər Uşaq İncəsənət Məktəbində, Bülbülcan adına Şuşa şəhər uşaq musiqi məktəbində, Şuşa rayon Mədəniyyət Mərkəzində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilmişdir.

24 dekabr 2017-ci il tarixdə Yasamal rayonunda yerləşən Şuşa rayon 1 saylı tam orta məktəbdə Cüdo idman növü üzrə 2001-2002 və 2003-2004 -cü il təvəllüdlü idmançılar arasında Şuşa rayon birinciliyi keçirilmişdir."31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü"nə həsr olunmuş yarışda Şuşa rayon Gənclər və İdman məktəbinin və müxtəlif idman klublarının 170-ə yaxın idmançısı iştirak etmişdir.
2018-ci il 18 yanvar tarixində Şuşa rayon İcra Hakimiyyətinin və Şuşa Dövlət Musiqili Dram Teatrının birgə təşkilatçılığı ilə şəhər 1 nömrəli tam orta məktəbində 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir...

Əslində bu siyahını hələ çoz uzatmaq olardı. Lakin biz buna elə də ciddi bir ehtiyac duymuruq. Vacib olanı budur ki, Şuşa və şuşalılar bu gün həqiqətən də tam dolğun bir həyatla yaşamaqda davam edirlər. Doğma Şuşamızın işğaldan azad olunması isə, sadəcə zamana bağlı bir məsələdir və bu zaman da artıq tam dolmaq üzrədir.

aia.az

Mahir Səmədov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024