Mobil versiya
Qədim el sənətini yaşadanlar
Tarix: 25-12-2017 | Saat: 13:29
Bölmə:Manşet | çapa göndər

Qədim el sənətini yaşadanlar




Azərbaycanda xalça toxuculuğu tətbiqi sənət növünün ən qədim sahələrindən biri hesab edilir. Ölkə ərazisində aparılan arxeoloji qazıntılar və yazılı mənbələrə görə, Azərbaycanda xalça toxuculuğu tunc dövründə, yəni 5 min il bundan əvvəl meydana gəlib. Azərbaycanın ərazisindəGültəpə qazıntıları zamanı bizim eradan əvvəl IV-III yüzillikdə xalçaçılıqda işlədilən alətlər, boyaq maddələrin izləri aşkara çıxmışdı.

Azərbaycan xalçası təkcə milli həyat tərzinin əsas elementlərindən, dekorativ-tətbiqi sənətin növmüxtəlifliyi deyildir. Bu sənətlə həm də xalqın mövcudluğunun mənəvi və əxlaqi normaları bağlıdır. Azərbaycan xalçası boyalarının tükənməz zənginliyi, naxışlarının təkraredilməz qovuşuğu, yaradıcılıq təxəyyülünün gücü və yüksək sənətkarlığı ilə fərqlənir.



Əlbəttə ki, hər bir sənət növündə olduğu kimi, xalçaçılığın da əsrlərdən bəri qorunub-saxlanmasında, bu günümüzə gəlib çıxmasında əsas rolu konkret insanlar, bu sahədə məşğul olan sənətkarlar oynayıblar. Bu gün də qədim el sənətimizin inkişaf etdirilməsində, onun bütün dünyaya tanıdılmasında müasir dövr sənətkarlarımızın, bu sahə üzrə elmi araşdırmalar aparan mütəxəssislərimizin rolu danılmazdır. Bu baxımdan Azərbaycanda xalçaçılıq sənətinin inkişaf etdirilməsi, Azərbaycan xalçalarının bütün dünyaya tanıdılması işində “Azərilmə” müəssisəsinin və bilavasitə həmin müəssisəyə rəhbərlik edən xalçaçı-ekspert, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovun fəaliyyəti əlbəttə ki, müstəsna əhəmiyyət kəsb edir.

Bakının mərkəzində fəaliyyət göstərən “Azərilmə” müəssisəsi bu gün dünyanın bir çox ölkələrində yaxşı tanınır. Müxtəlif ölkələrin muzeylərində, mədəniyyət müəssisələrində, şəxsi kolleksiyalarda ən dəyərli sənət nümunələri kimi saxlanılan Azərbaycan xalçalarının da əksəriyyəti həmin sahiblərinə məhz “Azərilmə” tərəfindən təqdim olunmuşdur. Bu gün "Azərilmə"də peşəkar xalçaçı-rəssamlardan, ustad toxuculardan, bərpaçı və boyaqçılardan, həmçinin peşəkar müəllimlərdən, respublikamızın müxtəlif bölgələrində öz faəliyyətini bu müəssisə ilə əməkdaşlıq zəminində quran xalçaçılardan ibarət 300 nəfərlik böyük bir kollektiv fəaliyyət göstərir. “Azərilmə”nin xalçaları 1997-ci ildə Amerika Birləşmiş Ştatlarının Atlanta, 1999-cu ildə Almaniyanın Hanover, 2003-cü ildə Rusiya Federasiyasının Moskva şəhərlərində uğurla sərgilənmiş, Amerika Birləşmiş Ştatları, Almaniya, Fransa, Türkiyə, Rusiya, Avstraliya, Yaponiya, İsveçrə, İtaliya, Norveç, Cənubi Afrika və digər ölkələrdəki muzeylərdə, şəxsi kolleksiyalarda Azərbaycanın səfiri, təmsilçisi olmuşlar.



Lakin “Azərilmə”nin fəaliyyəti sadəcə nəfis xalçaların istehsalı ilə məhdudlanmır. Belə ki, xalçaçılığın elmi əsaslarla öyrənilməsi, zəngin tariximizə dəlalət edən bu qədim el sənətinin bütün dünyada təbliği kimi məsələlər də müəssisənin fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşib. Professor Vidadi Muradovun rəhbərliyi ilə aparılan tədqiqatların, kompleks axtarışların nəticəsi kimi 2008-ci ildə Azərbaycan, ingilis, rus dillərində "Azərbaycan xalçaları", 2010-cu ildə yenə də Azərbaycan, ingilis, rus dillərində "Azərbaycan xalçaları. Qarabağ qrupu", 2011-ci ildə Azərbaycan, rus, ingilis, alman, fransız, ərəb dillərində "Azərbaycan xalçaları. İrəvan qrupu", "Azərbaycan xalçaları. Qarabağ qrupu", "Azərbaycan xalçaları. İrəvan qrupu", "Azərbaycan xalçaları. Təbriz qrupu", "Azərbaycan xalçaları. Şirvan qrupu", 2012-ci ildə "Azərbaycan xalçaları. Naxçıvan qrupu", "Azərbaycan xalçaları. Quba qrupu", "Azərbaycan xalçaları. Bakı qrupu", "Azərbaycan xalçaları. Gəncə qrupu", "Azərbaycan xalçaları. Qazax-Borçalı qrupu", 2013-cü ildə Azərbaycan və rus dillərində "Azərbaycan xalçaçılıq sənəti", Azərbaycan, alman, italyan, türk, ingilis, rus, ivrit, fransız dillərində "Azərbaycan xalçaları. Təbriz qrupu" kitabları, 2014-cü ildə Azərbaycan, rus, ingilis dillərində "Qazax-Borçalı bölgəsinin xalçaçıları" adlı kitab-kataloqu (dərs vəsaiti), rus və ingilis dillərində "İrəvan xalçaları" broşür-kataloqu, 2015-ci ildə "Azərbaycanın İrəvan bölgəsi: tarixi və xalçaları" monoqrafiyası, 2016-cı ildə Azərbaycan, rus, ingilis dillərində “Qarabağ bölgəsinin xalçaçılıq tarixi" adlı kitab-kataloqu (dərs vəsaiti) işıq üzü görmüş, dünya muzeylərinə və kitabxanalarına göndərilmişdir.




Təbii ki, bütün bu işlər ölkəmizdə xalçaçılığın inkişafına birbaşa dövlət dəstəyi olmadan həyata keçirilə bilməzdi. Elə Azərbaycan xalçaçılığının ən böyük nailiyyətlərindən biri də onun inkişafına göstərilən dövlət qayğısıdır. Zaman-zaman zəifləyən, tarixin ayrı-ayrı mərhələlərində mövcud obyektiv və subyektiv səbəblərə görə demək olar ki, tam tənəzzülə uğramış xalçaçılıq işi Azərbaycan müstəqillik əldə etdikdən sonra, xüsusilə, 1993-cü ildəUlu öndər Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərlik etməyə başladığı vaxtdan etibarən yenidən dirçəlməyə başlamışdır. Ulu öndərin dövlətçilik siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səyləri nəticəsində isə, bu gün artıq ölkəmizdə xalçaçılığın inkişafının qanunvericilik bazası yaradılmışdır. 2004-cü il dekabrın 7-də "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" Azərbaycan Respublikasının qanunu təsdiq olunmuş, 2005-ci il fevralın 7-də həmin qanunun tətbiq edilməsi barədə fərman verilmişdir.

Bütün bunlar inamla deməyə əsas verir ki, Azərbaycan xalqının tükənməz sərvətlərindən olan xalçaçılıq sənəti bundan sonra da əsrlər boyu yaşayacaq və dövlətimizin, millətimizin zəngin mədəni-tarixi irsinin dünyada təbliğ olunması işinə öz misilsiz tövhələrini verəcəkdir.

aia.az

Kənan Vəliyev



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024