Mobil versiya
AzTV ləğv oluna bilər? - “Dövlətin üzərində yükdür”
Tarix: 18-01-2019 | Saat: 11:24
Bölmə:Karusel / Gündəm | çapa göndər

AzTV ləğv oluna bilər? - “Dövlətin üzərində yükdür”




"Əlbəttə ki, demokratik ab-havada Azərbaycan Dövlət Televiziyasının ləğvi və İctimai yayıma verilməsi çox normal təklifdir. Mən də bununla razıyam. Əslində Azərbaycan Avropa Şurasına üzv olanda belə bir öhdəlik götürmüşdü. Lakin yerinə yetirilmədi. Azərbaycandakı mövcud reallıq, şərtlər və sistem bu təklifin gerçəkləşməsinə imkan verməz. O səbəbdən güman eləmirəm ki, AzTV ləğv olunaraq maddi-texniki bazası İTV-yə veriləcək. Ən azından yaxın vaxtlarda belə bir dəyişiklik gözlənilmir”.

aia.az xəbər verir ki, bu fikirləri "Yeni Müsavat”a tanınmış jurnalist, teletənqidçi Qulu Məhərrəmli AzTV-nin ləğv edilərək maddi-texniki bazasının İTV-yə verilməsi haqda səslənən təkliflərə münasibət bildirərkən söylədi.

Onun sözlərinə görə, nəinki AzTV-nin ləğvi həyata keçirilib, yaradılan İctimai Televiziya da dövlətin əlində ikinci təbliğat olub: "Nəzəri baxımdan reallaşması mümkündür. Amma belə bir gözləntim yoxdur”.


Q.Məhərrəmlinin AzTV sədri postundan Arif Alışanovun çıxarılmasından sonra dövlət telekanalında yeni verilişlərin, proqramların hazırlanacağı, kursun dəyişəcəyi barədə gözləntiləri də yoxdur: "İndilik bir söz deyə bilmərəm. Bu haqda danışmaq tezdir. Amma belə gözləntim də yoxdur”.


Deputat Fərəc Quliyev isə qeyd etdi ki, gedənin arxasınca danışmazlar, amma Arif Alışanov deputat olanda onun haqqında tənqidi fikirlər səsləndirib: "Çox qeyri-operativ işləyirdilər. O baxımdan hesab edirəm ki, onun AzTV sədri vəzifəsindən gedişi doğru qərardır. Biz təklif vermişdik ki, cəmiyyətə açıq telekanal olmalıdır. Eyni zamanda parlament televiziyası yaradılmasını təklif etmişdim”.

Deputat hesab edir ki, bununla belə, dövlət telekanalının olması çox vacibdir və bütün ölkələrdə var: "Xərclər nöqteyi-nəzərindən AzTV dövlətin üzərində yük ola bilər, amma onu saxlamaq lazımdır. İlk növbədə AzTV-dəki xətt, yanaşma dəyişməlidir. Bu tərz artıq yorucu olub, monotonlaşıb. Televiziyanın bütün sahələrində axsaqlıq müşahidə olunur, AzTV-də hədsiz dərəcədə tənqidə dözümsüzlük var. Bu inkişafı tormozlayır.

Eyni zamanda verilişlərdə bəsit yanaşma, adilik görürük, insanlar baxmırlar. Əhali artıq belə yanaşmadan bezib. Ona görə dövlət telekanalı fərqli yanaşma ilə tamaşaçıların qarşısına çıxmalıdır, yenilənməlidir, rəngini dəyişməlidir".

Yada salaq ki, media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədli deyib ki, Azərbaycan Dövlət Televiziyasının, ümumiyyətlə, ləğv edilərək, onun bütün maddi-texniki imkanlarının İctimai yayıma verilməsi mümkündür.

Ekspertin sözlərinə görə, bu proseslə dövlətin yükünü azaltmaq olar, həmçinin dövlət televiziyasının ləğvi beynəlxalq öhdəliyimizdir.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024