Mobil versiya
Polis duracağında 50 maşın yandı: günahkar kimdir?
Tarix: 30-06-2018 | Saat: 14:12
Bölmə:Karusel / Gündəm | çapa göndər

Polis duracağında 50 maşın yandı: günahkar kimdir?


Paytaxtın Nizami rayonunda, Mikayıl Əliyev küçəsində yerləşən duracaqda baş vermiş yanğın böyük müzakirələrə səbəb oldu. Həs kəs inzibati qərarla və ya normativ aktla "DYP-nin mühafizə olunan duracağı” adlanan cərimə meydançasına aparılan avtomobillərin normalara uyğun mühafizə olunmadığını düşünür.

Ekspertlər də hesab edir ki, duracaqda yanan avtomobillərin məsuliyyətini cərimə meydançasına məsul olan qurumlar daşıyır.

Dünənki hadisə ilə bağlı Axar.az-a açıqlama verən nəqliyyat eksperti Azər Allahverənov bildirib ki, həmin duracağı təşkil edən tərəfin duracaqdakı nəqliyyat vasitələrinin təhlükəsizliyini də təmin etməsi mütləqdir:

“Duracaqda müəyyən sayda nəqliyyat vasitəsinin saxlanılması inzibati qərarla və ya normativ aktla həyata keçirilirsə, təbii ki, həmin duracağa cavabdeh olan qurumlar birmənalı şəkildə oranın təhlükəsizliyini təmin etməlidir.

Bu, təkcə yanğın hadisələrinə aid deyil. Oradakı avtomobildən oğurluq hadisəsi də ola bilərdi və ya avtomobilin hansısa ehtiyat hissəsi çıxarıla bilərdi.

Bunun üçün məsul qurum bütün zəruri tədbirləri həyata keçirməlidir. Əgər bu zəruri tədbirlər həyata keçirilmirsə, deməli, baş verə biləcək istənilən hadisənin də məsuliyyətini həmin qurum daşıyır”.

A.Allahverənov bildirib ki, əksər duracaqlarda heç bir normativlər nəzərə alınmır:

“Şahidi olduğum bəzi duracaqlar var ki, daha çox yer olsun deyə, hasarın düz dibinə bir-birinə sıx şəkildə avtomobilləri park edirlər. Bəzən bu hasarlarda çatlar olur. Bu o deməkdir ki, adi bir hadisə baş versə o divar avtomobillərin üzərinə aşa bilər. Bu da avtomobil sahibinə dəyən zərərdir. Hər bir halda vətəndaşın mülkünü etibar etdiyi ərazi qorunmalıdır.

Dünənki yanğında əgər quru otlar yanğına səbəb olmuşdusa, deməli, həmin otlar təmizlənməliydi, bu təhlükənin olma ehtimalına qarşı tədbir görülməliydi”.

Ekspert bildirib ki, avtomobillərin texniki müayinəsi zamanı avtomobildə yanğınsöndürənin olub-olmadığına baxılır:

“Atomobilimizi texniki baxışa aparanda bizdən əvvəlcə maşında yanğınsöndürənin olub-olmadığını soruşurlar. Əgər avtomobilimizdə yanğınsöndürən yoxdursa, texniki müayinədən keçə bilmirik. İndi təsəvvür edin ki, böyük bir ərazi əhatə olunub, ora avtomobillər park edilib, ancaq adi yanğınsöndürən avadanlıq yoxdur. Təbii ki, burada yanğın olarsa, qarşısını almaq mümkün olmayacaq. Xüsusilə nəzərə alınmalıdır ki, havalar çox isti keçir, quraqlıqdır, istənilən plastik qab, ağac, qurumuş kol tez bir zamanda alışan elementlərdir. Bunlar nəzərə alınaraq, xüsusilə belə günlərdə diqqətli olmaq lazımdır”.

Hüquqşünas, yol-nəqliyyat eksperti Ərşad Hüseynovun fikrincə isə 50-dən çox avtomobilin yanmasına səbəb olan yanğın 2 ciddi problemi bir daha qabardıb.

Onun fikrincə, bu gün hamının "cərimə meydançası" dediyi, rəsmi adı "DYP-nin mühafizə olunan duracağı" adlan yerdəki avtomobillər təkcə öz sahiblərindən deyil, bütün təhlükələrdən mühafizə olunmalı idi:

“Hadisə yerindən çəkilən fotolardan görünür ki, oranı hətta ot basıb. İndiki 40 dərəcəlik istidə də həmin qurumuş otlara sadəcə söndürülməmiş siqaret kötüyü də bəs edir ki, belə yanğın olsun.

Həmin meydançada nəinki asfalt örtük, hətta onun üstündə avtomobillərin duracağa qoyulma yerini bildirən xətlər və digər abadlaşma əlamətləri də olmalıydı. Özü də bunu etmək çətin deyil axı”.

Ekspert bildirib ki, yanan avtomobillərin bir çoxunun sahibsiz olmasına baxmayaraq, onlar mühafizə olunmalı idi:

“Deyilir ki, yanan avtomobillərin çoxu sahiblərinin maraqlanmadığı, yəni atılmış avtomobillərdir. Amma yenə fotolardan görünür ki, orada yararlı və normal qiymətli avtomobillər də olub. Tutaq ki, orada doğrudan da sahiblərinin dalınca gəlmədiyi avtomobillər olub. Dünyanın hər yerində belə atılmış, faktiki sahibsiz avtomobillərin çıxdaş edilməsinin və utilizasiyasının dəqiq hüquqi mexanizmi var”.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov isə bildirib ki, hadisənin təfərrüatları hazırda araşdırılır:

"Yanğınla bağlı araşdırma gedir. Maşınların sayı və dəyən ziyan hesablandıqdan sonra konpensasiya ilə bağlı ictimaiyyətə məlumat veriləcək".

Qeyd edək ki, paytaxtın Nizami rayonunda, Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağında yanğın hadisəsi baş verib.

Hadisə nəticəsində Nizami rayonunun Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağı kimi istifadə olunan ərazidə 3,7 hektar quru ot və müxtəlif markalı 51 minik avtomobili (əksəriyyəti qəzaya uğramış və istismara yararsız vəziyyətdə olan) yanıb. Ərazidə olan müxtəlif markalı 200 minik avtomobili və yaxınlıqdan keçən neft boru kəmərləri yanğından mühafizə edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024