Mobil versiya
“Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır”
Tarix: 26-06-2018 | Saat: 16:38
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır”


Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır.

Bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Bakının Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə keçirilən təntənəli hərbi paradda çıxışında deyib.

Dövlətimizin başçısı qeyd edib: "Əziz əsgərlər, zabitlər, generallar. Əziz hərbçilər. Hörmətli qonaqlar. Xanımlar və cənablar. Mən sizi və bütün Azərbaycan xalqını Azərbaycan Ordusunun 100 illiyi münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətinə yeni uğurlar, yeni nailiyyətlər arzulayıram.

Keçən ay biz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etmişik. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş ən önəmli qərarlardan biri Azərbaycan Ordusunun yaradılması ilə bağlı idi. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. İki ildən sonra respublika süqut etdi və Azərbaycan öz dövlət müstəqilliyini itirdi. Bu, bir daha onu göstərir ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətin işdir. Azərbaycanın dövlət müstəqilliyi 1991-ci ildə bərpa edilmişdir. Ancaq bildiyimiz kimi, müstəqilliyimizin ilk iki ili ölkəmiz üçün ağır keçmişdir, faciəvi illər idi. Sanki tarix XX əsrin sonunda təkrarlanırdı”.

İlham Əliyev bildirib ki, 1991-1993-cü illərdə Azərbaycan böyük fəlakətlə üz-üzə qalmışdı: "Ölkə idarəolunmaz vəziyyətdə idi. Müstəqilliyimiz formal, şərti xarakter daşıyırdı. Azərbaycan müstəqil siyasət apara bilmirdi. Ölkədə daxili çəkişmələr, hakimiyyət uğrunda mübarizə vəziyyəti daha da ağırlaşdırırdı. İqtisadi tənəzzül, iqtisadi böhran hökm sürürdü. 1992-ci ildə Xalq Cəbhəsi və Müsavat tərəfindən dövlət çevrilişi vəziyyəti daha da ağırlaşdırdı. Azərbaycanda vəziyyət kritik həddə çatmışdı. Bundan istifadə edən Ermənistan xalqımıza, gənc dövlətimizə qarşı öz işğalçılıq siyasətini aparırdı və bu siyasət nəticəsində torpaqlarımızın bir hissəsi işğal altına düşmüşdür. Demək olar ki, müstəqilliyimizin ilk iki ili Azərbaycanın gələcək müstəqil ölkə kimi yaşamasını sual altına qoymuşdu”.

Prezident vurğulayıb ki, belə bir ağır vəziyyətdə Azərbaycan xalqı həmişə olduğu kimi müdriklik göstərdi, ulu öndər Heydər Əliyevə müraciət etdi, onu haklimiyyətə dəvət etdi: "Ancaq bundan sonra, ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra vəziyyət sabitləşdi və Azərbaycan bu ağır vəziyyətdən çıxa bildi.

Müstəqillliyimizin ilk illərində nizami ordu yaradılmamışdı. Ayrı-ayrı silahlı birləşmələr Azərbaycanın ərazi bütövlüyünü qoruya bilməmişlər. Ona görə də ulu öndər tərəfindən qəbul edilmiş bir çox önəmli qərarlar əsasında nizami ordunun yaradılması qərarı xüsusi yer tutur. Nizami ordunu yaratmaq üçün iqtisadi imkanlar olmalı idi. Məhz buna görə o illərdə Azərbaycanda çox ciddi iqtisadi islahatlar aparılmışdır, xarici sərmayənin cəlb edilməsi təmin edilmişdir. Azərbaycan beynəlxalq təcriddən çıxa bilmişdir. Ölkədə aparılan siyasi və iqtisadi islahatlar vəziyyəti sabitləşdirdi və Azərbaycan bundan sonra, 1993-cü ildən sonra inkişaf və tərəqqi yolu ilə gedir. Bu siyasət bu gün də davam etdirilir. 1993-2003-cü illər tariximizdə sabitlik və inkişaf illəri kimi qalıb”.

Dövlət başçısı deyib ki, 2013-cü ildən başlayaraq bütün istiqamətlər üzrə, o cümlədən ordu quruculuğu sahəsində işlər sürətlə gedir: "Ordu quruculuğu bizim üçün ən başlıca prioritet məsələdir. Bu da təbiidir, çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Bizim əsas vəzifəmiz ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir. Qeyd etdiyim kimi, Ermənistan müstəqilliyimizin ilk illərində ölkəmizdə gedən mənfi proseslərdən, o cümlədən Xalq Cəbhəsi-Müsavat tərəfindən başlanmış vətəndaş müharibəsindən istifadə edərək torpaqlarımızı zəbt edib”.

İlham Əliyev qeyd edib ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır: "Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşamış, yaratmışdır. Beynəlxalq hüquq tərəfindən də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Son illər ərzində dünyanın aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı bir çox qərar və qətnamələr qəbul etmişlər. O cümlədən BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir, orada da göstərilir ki, Ermənistan Silahlı Qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr hələ də qüvvədədir, öz qüvvəsini itirməyib.

Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Xocalı soyqırımı törədilmişdir. 600-dən çox günahsız insan, onların arasında uşaqlar, qadınlar, qocalar erməni cəlladları tərəfindən qətlə yetirilmişdir. 1000-dən çox insan itkin düşmüşdür. Bu gün dünyanın 10 ölkəsindən çoxu Xocalı soyqırımını rəsmən soyqırım kimi tanıyıb”.

Prezident bildirib ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq: "Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcək. Bunun üçün güclü ordu yaratmalıydıq və bu gün tam əminliklə deyə bilərəm ki, buna nail ola bilmişik. Bu gün dünyada Azərbaycan güclü ordular sırasındadır. Ordu quruculuğu əsas vəzifəmizdir. Güclü ordu yaratmaq üçün güclü iqtisadiyyatımız olmalıdır. Biz bu istiqamətdə çox fəal işləmişik”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024