Mobil versiya
Alim Babək Abuşovun ədəbi və əbədi dünyası
Tarix: 05-03-2018 | Saat: 14:59
Bölmə:Karusel / Ölkə / Seçilənlər-3 | çapa göndər

Alim Babək Abuşovun ədəbi və əbədi dünyası


Azərbaycan xalqının görkəmli alimi, biologiya elmləri doktoru, professor, Amerika Elmlər Akademiyasının üzvü, beynin morfofunksinonal analizinə dair yüzlərlə elmi əsərin, monoqrafyanın müəllifi, tanınmış şair, yazıçı, publisist Babək Xalistürkün (Babək Məmməd oğlu Abuşov) bu yaxınlarda nəfs tərtibatla nəşr olunan “Tanrıdan kəm sevinc payım” (Şeirlər) və “Həyat labirintlərində” adlı (on dörd həkayə, üç povestdən ibarət) kitabları işıq üzü görüb.
Doğrusu, bu kitabları oxuduqdan sonra belə yüksək bədii əsərlərin, sənət incilərinin ərsəyə gəlməsi məni çox sevindirdi və indiyə qədər belə gözəl ziyalı, haqsevər insanla tanış olmadığım üçün təəssüf hissi keçirdim. Dərin xəyallara daldım, düşündüm ki, belə əsərlərin müəllifi şəksiz dərin biliyə, savada malik olmaqla yanaşı, həm də yüksək əxlaq, ədəb və mənəviyyat sahibidir. Söz yox ki, Babək Xalistürkün ədəbiyyatı sevməsində, bir şair, nasir, publisist kimi yetkinləşməsində 50 il ədəbiyyat müəllimi işləmiş, bütün şagirdlərinin sevimlisi olan atası Məmməd müəllimin də müstəsna xidmətləri olub.

Dediyim kimi, Babək Xalistürkün yeni kitablarında onun publisistikası, poeziyası və nəsr əsərləri öz əksini tapıb.

Əvvəlcə qısaca da olsa, Babək Xalistürkün publisistikası haqqında danışım. Onun publisistikasına diqqət yetirdikdə görünür ki, bu publisistika elmi cəhətdən çox zəngin və yığcamdır. Belə ki, Babək Xalistürk biologiya elmini gözəl bildiyi qədər də tarix, fəlsəfə elmini gözəl bilir. O jurnalist kimi də pərgardır, çünki jurnalistikanın incəliklərinə dərindən bələddir.

Babək Xalistürk bəşəri mövzuda publisist əsərlər yazsa da, onun publisistikasının əsasını Vətənimizin taleyi ilə bağlı əsərləri tutur. Onun məqalələrində ikiyə parçalanmış Azərbaycan faciəsi, rus və fars imperiyasının iyrənc siması göstərilir. Azərbaycan türklərinin qəvi düşməni olan ermənilərin xalqımızın qəniminə çevrilməsi, ərazimizə sahib çıxması üçün ağlasığmaz vəhşilik, qəddarlıq, xəyanətlər törətməsi himayədarları vasitəsi ilə Azərbaycan ərazisindən “Böyük Ermənistan” düzəltmək iddiası öz əksini tapır.

“Qarabağ münaqişəsi” əsasında 1987-ci ildən başlayaraq bu günə qədər davam edən“Ermənistan”-Azərbaycan müharibəsinin xalqımız üçün ağır itkilərlə nəticələnməsi onun publisistikasında belə ifadə olunur: “Bu müddət ərzində Azərbaycan Respublikasının 900 yaşayış məntəqəsi, 12421 kv kilometr ərazisi ermənilər tərəfindən zəbt olunmuşdur, on minlərlə əsgərimiz şəhid olunmuş, dinc əhalimiz kütləvi şəkildə qətlə yetirilmişdir, Azərbaycan Respublikasının Dövlət büdcəsinə yüz milyardlarla dollar ziyan dəymişdir”.

Coşqun şairlik təbinə malik Babək Xalistürkün “Tanrıdan kəm sevinc payım”adlı kitabında ömrünün gənclik illərindən ağsaqqallıq dövrünə qədər olan şeirləri toplanmışdır.

Şair hələ 16 yaşında inamla qələmə aldığı “Söz qəsrimi quracağam” şeirində belə deyirdi:

Toxuduğum söz xalıma,

Şux ilmələr vuracağam.

Şeir, sənət dünyasında,

Söz qəsrimi quracağam.

Şeirlərindən göründüyü kimi, şairin ən yaxın sirdaşı dəli-dolu dağ seli kimi axan ilhamıdır. O, bu ilhamı ilə yazıb-yaratsa da, heç zaman müdrikliyini itirmir, haqqı-nahaqla, mərdi-namərdlə səhv salmır. Biz onun “Pozarsan” şeirində bunu açıq-aydın görürük:

Sənə azar diləyənə can desən,

Qanmayana dönə-dönə qan desən,

Zatıqırıq bir gədaya xan desən,

Haqq yolundan uzaq düşər azarsan.

Bu dünyanın nizamını pozarsan.

Babək Xalistürk poeziyası bütünlüklə insanlığın tərənnümü olduğundan, o öz poeziyasında insan fəlsəfəsini açmağa can atır.

Sevimli xalq şairimiz Səməd Vurğun insan fəlsəfəsini-

İnsan- o müqəddəs bir kainatdır,

O saf qəlbi pozan yalnız həyatdır –

deyə açırdısa, Babək Xaklistürkdə insan fəlsəfəsini “İnsan var” şeirində belə açır:

İnsan var-ac qalar, haram tam yeməz,

İnsan var-haramdan heç doydum deməz.

İnsan var-dilinin hər sözü şəkər,

İnsan var-vücudu büsbütün zəhər.

İnsan var-kamildir, insan var kaldır,

İnsan var-varlığı elə sualdır.

Publisistikasında olduğu kimi, poeziyasında da Babək Xalistürkün əsas mövzusu Vətən mövzusudur. Onun bu mövzuda şeirləri Vətəninin ağrılı dərdlərinin ovqatını özündə təcəssüm etdirir. O “Yazıq Vətən” şeirində Vətən dərdlərini belə dilə gətirir:

Sərvətini qaphaqapdır hər yanda,

Görməsəydim,inanmazdım, doğrusu,

Belə ölkə yenə varmı cahanda?

Məmləkətin nə çox imiş oğrusu...

Şüşədə quş güc qoymayıb divlərdə,

Vətən yanıb, torpaq yanıb, el yanıb.

Cinayətlər gizlənibdir ciblərdə,-

Xocalının ünü ərşə dayanıb.

Azəbaycanın şair diyarı, Azərbaycan xalqının şair xalq olması haqqında həm öz mütəfəkkirlərimiz, həm də Qərb, Şərq mütəfəkkirləri çox sözlər deyiblər. Söz yox ki, Azərbaycan xalqının şairi olmaq çox çətindir və bunun da bir çox şərtləri var. Bu şərtlərdən ən birincisi də odur ki, bu xalqın şairi anadan şair doğulmalıdır. Bu hikməti anlayan şair Babək Xalistürk anası rəhmətə gedəndən sonra onu dünyaya şair bəxş edən anasına həsr etdiyi “Ana, ay ana” şeirində anasını belə xarakterizə edir!

Silinsə də yol-cığırdan izlərin,

Hopub qalıb gözlərimdə gözlərin,

Rişə atıb yaddaşımda sözlərin,

Nə tez köçdün sən əbədi ünvana?

ANA! AY ANA!

Babək oğlun heç kirimir ağlayır,

Göz yaşları dağ seli tək çağlayır,

Anasızlıq sinəsini hey dağlayır,

ANA deyə səs salıbdır hər yana –

ANA! AY ANA!

Babəkin ANA haqqında şeirlərini oxuduqca qəlbim riqqətə gəlir, onun ANA haqqında yazdığı bütün şeirlər bir-birindən gözəldir. Bu şeirləri dönə-dönə oxumaqdan həzz alıram, kövrəlirəm, öz-özümə deyirəm: “Şair qardaşım Babək Xalistürk, səni şair doğan ANAya eşq olsun, səndəki ANA qədirdanlığına da eşq olsun, sən ANANA məhəbbətdə sanki mübarək peyğəmbərimiz Məhəmmədin (s.ə.s) istəklisi ANA qulluğunda duran Üveyssən ki, Anaya qulluq etməyi peyğəmbərin görüşünə getməkdən üstün tutursan. Yoxsa ANA haqda bu qədər yanıqlı şeirlər yaza bilməzsən, yoxsa Anana bu qədər həsrət qalmazsan, yoxsa Ananın torpağına qovuşmağa bu qədər can atmazsan: -

Ötən hər saatım dönür bir ilə,

Gözümdən süzülür yaş gilə-gilə,

Nədən çox uzanır bu həsrət belə,

Anama həsrətəm, anama ellər.

Bəli, şairciklər deyil, Babək Xalistürk kimi əsl şairlər yalnız Böyük Ana adına layiq şeirlər yaza bilərlər...

Şairin bitib-tükənməz mövzularından biri də məhəbbət mövzusudur. Filosoflar çox haqlı olaraq məhəbbəti bəşəriyyətin xilaskarı adlandırmışlar. Ülvi məhəbbətin tərənnümü Babək Xalistürk poeziyasının ən ürəyə yatan, ən ruhu oxşayan mövzusudur. O məhəbbəti eşq səviyyəsinə qaldırmağı bacaran şairdir!!!

Babək Xalistürk gənclik illərində sevdiyi gözəli saf məhəbbətlə belə tərənnüm edir:

Ah, o gözlər necə baxır,

Can evimi oda yaxır,

Bilirəm ki, əvvəl-axır,

Öldürəcək bu qız məni.

O ahıl yaşlarında da öz saf eşqini qoruyur, öz məhəbbətinə yenə də sadiqdir və yenə də sevdiyi gözələ üz tutaraq belə deyir:

Varsa əgər qəbahətim,

Olsun mənim cinayətim.

Xalistürkəm öldür məni,

Cinayətsə məhəbbətim.

Babək Xalistürkün bu şeirini oxuyanda qədim bir bayatımız yadıma düşür:

Qadağandır,

Qada qırğın, qada qandır,

Görün necə ölkədir bu,

Məhəbbət də qadağandır.

Şairin ilk məhəbbətinə həsr etdiyi bu şeiri də oxucu könlündə ülvi duyğular oyadır:

Məhəbbət oduna qoşa yanardıq,

Səadət qoynunda xumarlanardıq,

Gözlər danışanda lal dayanardıq,

Qayıt, o günləri geriyə qaytar!

Babək Xalistürk filosof şairdir. Onun aləmində dünya gözəl dünyadır. Onu nataraz adamlar pis günə salır:

İşimiz dolaşıb dara düşəndə,

Başımızı tutur, dizə döyürük.

Nə vaxtsa, hardasa bərk ilişəndə,

Günahsız dünyanı söy ki, söyürük.

Babək Xalistürkün poeziyası haqqında çox sözlər demək olar. Bu poeziya bulaq suyu kimi axar-baxarlı və safdır. Bu poeziya öz səsini haqdan, folklorumuzdan, klassik ədəbiyyatımızdan, dünya ədəbiyyatından aldığı üçün çağladıqca-çağlayacaqdır. Odur ki, Babək Xalistürkə poeziyada yeni-yeni uğurlar arzulayıram!!!

İndi də onun “Həyat labirintlərində” adlı nəsr əsərləri (hekayələri, povestləri) toplanan kitabı haqqında danışmaq istəyirəm. Dediyim kimi, kitabda müəllifin 14 hekayəsi, 3 povesti nəşr olunub. İstər hekayələrdə, istərsə də povestlərdə bugünkü həyatımızda baş verən hadisələr öz əksini tapıb. Müəllif öz hekayə və povestlərində fikirlərini səlist və yığcam şəkildə oxucuların diqqətinə çatdırır. Onun nəsr əsərlərində də həyat həqiqətləri çox rəvan dillə deyildiyindən oxucunu yormur. Bu əsərlərdə o həyata yalnız ağ və qara rəngdə baxmır. Belə ki, o həyatda mövcud olan yeddi rəngi bütün çalarları ilə öz hekayə və povestlərində tərənnüm etməyi bacarır. Bu hər nasirin bacardığı hünər deyil.

Onun “Ana yalanı” hekayəsində bu günümüzün acı gerçəkliyi göstərilir, yəni doğmaların bir-birinə və valideynlərə qarşı biganəliyi qələmə alınır. Hekayənin qəhrəmanı Nərmin müəllimənin həyat yoldaşı rəhmətə gedir. Onun övladları Rusiyada yaşayır. O təqaüdə çıxsa da, öz evini və ərinin qəbrini tənha buraxa bilmədiyindən övladları ilə Rusiyaya getmir.

Ürəyi övladlarını və nəvələrini istədiyindən öz keçmiş tələbəsi, rayon xəstəxanasının baş həkimi Rafiq doktora belə deyir: “Mənim ölməyim barədə övladlarıma teleqram vur”. Müəlliməsinin keçirdiyi iztirabları başa düşən Rafiq doktor onun sözünə əməl edir. Övladları, nəvələri teleqramı alan kimi evlərinə gəlirlər. Onlar Nərmin müəlliməni sağ-salamat görüb şoka düşürlər. Nəhayət, ananın belə yalan danışmağa vadar olmasında günahkar olduqlarını anlayırlar, xəcalət təri tökürlər, laqeyd olduqları üçün özlərini qınayırlar.

Babək Xalistürəkün “Cin rədd etmə” povestində vaxtilə parça dükanında satıcı işləyən Mirzağanın həyat səlnaməsi qələmə alınır. Mirzağanı camaata kələk gətirdiyi üçün tuturlar. O həbsdən çıxandan sonra çoxlu pul qazanmağın yolunu arvadı Minayəyə belə başa salır: “Sən qonum-qonşudan qiymətli şeyləri götürüb gizlət, yerini mənə de, həm də onlara mənim haqqımda məlumat ver ki, Mirzağaya vergi verilib, hər dərdə dərman tapa bilir, kimin nəyi itsə yerini deyir, uşağı olmayana uşaq doğuzdurur. Arvadı Minayə o deyənlərə əməl edir. Beləliklə, Mirzağa şöhrətlənir, povestin sonunda onun yanına qonşu kənddən cahil Sona xanım adlı qayınana uşağı olmayan Təranə adlı gəlinini gətirir. “Molla” Mirzağa Təranənin cini olduğunu deyir və məsləhət görür ki, gəlin bir müddət onlarda qalmalıdır. O, gecələr “mələk” libasına bürünür, qızılgül yağıyla ətirlənir, Təranənin yataq otağına girib guya onun cinini qovur (əslindəsə onun namusunu ləkələyir). O, bu çirkin işi on gecədən çox davam etdirir. Sonuncu gecə o çox yorulduğundan yatıb qalır. Onun xorultusuna yuxudan ayılan bədbəxt Təranəyə iyrənc əməl agah olur. O başa düşür ki, mələk libasına bürünən əclaf və fırıldaqçı Mirzağanın özüdür. O, dərdini anası Sara xanıma danışaraq intihar edir. Cahilliyin törətdiyi bu faciədən sarsılan Təranənin qardaşı Əmirxan bacısının qisasını “axund”a çevrilmiş “molla” Mirzağadan belə alır. O, “Pobeda”sını “axund” Mirzağanın evinin yanında saxlayıb xeyli hərlənir, “axund” Mirzağa evindən çıxanda ona salam verib deyir. “Axund” əmi hara uğur ola. “Axund” cavab verir: “A bala, sən Qasım müəllimin oğlu deyilsənmi, poçta gedirəm”. Əmirxan elədir -deyə cavab verib, “Pobeda”nın qapısını açır, “axund” Mirzağa çar-naçar “Pobeda”ya oturur. Əmirxan onu şəhərdən kənarda pambıq tarlasında “Pobeda”dan sürüyüb düşürür.

“Axund” Mirzağa deyir: “Məndən nə istəyirsən?” Əmirxan cavab verir: “Sus dəyyus, camaatın arvadına, gəlininə sataşırsan. Mən sənin namusuna toxunduğun bütün gəlinlərin qardaşıyam”. O Mirzağanı ölümcül hala salır, sonra Mirzağanın başını deyil, cinsiyyət üzvünü kəsib ağzına qoyaraq ordan uzaqlaşır. O elə zənn edir ki, Mirzağanı qan aparıb öləcək. Lakin ordan keçən ata-oğul “axund”Mirzağanı ölümcül halda görüb xəstəxanaya gətirir, o, xəstəxanada bir müddət qaldıqdan sonra evinə gəlir, ondan sorğu-sual edən polisə həqiqəti açıb deyə bilmir. Altı aydan sonra cəhənnəmə vasil olur. Onun dəfnində oğlu belə iştirak etmir.

Doğrudan da, Babək Xalistürkün “Cin rədd etmə” povesti çox ibrətamiz əsərdir, çünki bu gün “molla, axund” Mirzağadan da oğraş “mirzağalar” peyda olub, qadınların namusuna toxunub, cahil adamları dolamaqla məşğuldurlar.

Fuad İsgəndərov

Faktinfo.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024