Mobil versiya
Dollar düşdü, bəs qiymətlər? - Marketlərdə son vəziyyət
Tarix: 24-05-2016 | Saat: 16:41
Bölmə:İqtisadiyyat | çapa göndər




Azərbaycanda ilk devalvasiya baş verən tarixi, yəqin, hamınız xatırlayırısınız. Həmin gün məşhur supermarketlərin daxilində insan əlindən tərpənmək olmurdu. Kassalara yaxınlaşmaq üçün saatlarla gözləmək tələb olunurdu. Səbəb isə sadə idi. Dolların manata qarşı məzənnəsi qalxdığı üçün ərzaqların qiymətinin də qalxacağı müştərilərə gün kimi aydın idi. Elə buna görə də müştərilər kütləvi şəkildə marketlərə axışmışdı. Həmin müddətdə marketlərin anbarlarında devalvasiyadan əvvəl alınmış ehtiyat malları qalsa da, səhəri gün marketlər qiymət artımına getdilər. Növbəti mal idxalını artıq yeni məzənnə ilə edəcəklərini vurğuladılar. Ziyana düşməmək üçün də əhalinin cibinə girməli oldular.

Son iki həftədə isə 21 fevral və 21 dekabr devalvasiyasından bu yana dolların qiymətinin düşdüyünü müşahidə edirik. Ötən gün isə dollar devalvasiyadan sonra ən aşağı həddə, yəni 1,4929 səviyyəsində müəyyənləşib. Bu məqamda xatırladaq ki, bir neçə müddətdir ki, ölkədə fəaliyyət göstərən marketlər şəbəkələrinin rəhbərləri devalvasiyaya görə əlavə dəyər vergisindən (ƏDV)-dən azad olunmaq üçün İqtisadiyyat və Səanye Nazirliyinə, Vergilər Nazirliyinə müraciət ediblər. Vergilər naziri Fazil Məmmədov isə belə bir azadetmənin mümkünsüz olacağını demişdi.

Maraqlıdır ki, əvvəl dolların qalxdığından ehtiyatlanıb bir gecədə qiymət artımına gedən market sahibləri hazırda istehlak mallarının qiymətini az da olsa aşağı salıbmı?

Aia.az bildirir ki, qafqazinfo məsələ ilə bağlı bir neçə supermarketin marketinq şöbəsi ilə əlaqə saxlayıb.

"Rahat" marketlər şəbəkəsinin Marketinq şöbəsinin rəhbəri Kənan Şirinov marketlərdə əvvəlki qiymətlərin olduğunu bildirib: "Heç bir qiymət dəyişikliyi yoxdur, əvvəli qiymətlərlə satışımızı davam etdiririk".

"Araz" supermarketlər şəbəkəsindən isə bildirdilər ki, marketlər şəbəkəsi hazırda mallarının 95 faizini yerli tədarük malları hesabına tədarük edir. Əgər yerli tədarükçülər hər hansı qiymət dəyişikliyi edərlərsə, bu marketlərdəki qiymətlərə də öz təsirini göstərəcək. Hazırda isə belə bir qiymət endirimi olmadığı üçün dəyişiklik yoxdur.
Ümumilikdə isə müşahidələrimiz onu deməyə əsas verir ki, digər marketlərdə də qiymətlər əvvəlki səviyyədə qalmaqdadır.

Məsələ ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov qafqazinfo-ya bildirib ki, istehlak mallarının qiymətinin hər gün dəyişilməsi mürəkkəb məsələdir: "Təsəvvür edin ki, siz hər gün marketlərə gedirsiniz, xarici valyutanın kursuna uyğun olaraq qiymət görürsünüz. Bu həm alıcılar, həm də pərakəndəı satış qiymətlərini təşkil edən satıcılar üçün problem yaradır. Son iki həftədə isə dolların ucuzlaşması iki faiz həcmindədir. Bu devalvasiyanın nəticələrinin aradan qaldırılmasında ciddi problemlərlə üzləşmiş biznes sektoru üçün nəsə ifadə etmir. Bu baxımdan yanaşdıqda da manatın az bir şəkildə möhkəmlənməsindən sonra qiymətlərin ucuzlaşmasını gözləmək sadəlövhlük olardı".

Onun sözlərinə görə, manat il ərzində dəyərini iki dəfə itirsə də, əksər məhsulların qiymətində iki dəfə artım görülməyib: "Təbii ki biznesmen çalışar ki, qiyməti iki dəfə də artırsın. Amma faktiki olaraq əhalinin alıcılıq qabiliyyəti o qədər aşağı düşüb ki, prosesi izah etmək mümkün deyil. Eyni zamanda müəyyən qədər pərakəndə ticarət müəssisələri arasında rəqabət var ki, bu da qiymətlərin aşağı düşməsinə imkan vermir. Bununla yanaşı, hökumətin apardığı inzibati təzyiqlər nəticəsində də bazarda faktiki olaraq qiymətlər öz yerini tapmayıb. Hazırkı gömrük dəyişiklikləri də bir çox hallarda malların qiymətlərini müəyyənləşdirmək üçün sahibkarlara çətinlik yaradır. Hazırda biznes çox ciddi problem içindədir".

Ekspert vurğulayıb ki, manatın iki faiz möhkəmlənməsi ilə qiymətlərin aşağı salınması tələbini sahibkarların qarşısında qoymaq düzgün olmaz: "Azərbaycanda alqı-satqı əməliyyatları manatla həyata keçirilir. Xaricdən ölkəyə məhsul gətirən idxalçılar məzənnə dəyişikliyini qiymətlərində əks etdirmirlər. Son nəticədə bu məhsullar pərakəndə satış obyektlərinə belə ucuz şəkildə daxil olmur ki, həmin obyektlər də hansısa formada qiymət dəyişiklikləri aparsınlar. Hazırda qiymətlər üzərində ən böyük təzyiqi zəif istehlak qabiliyyəti formalaşdırır. Bu, ərzaq məhsullarında nisbətən öz təsirini göstərir. Bunlar məcburi təlabat hesab olunur.

Qeyri-ərzaq kateqoriyalı məhsullarda, xüsusilə də lüks kateqoriyalı məhsullarda isə hiss ediləcək dərəcədə qiymət ucuzlaşması baş verməkdədir. Üstəgəl manatın məzənnəsinin bundan sonra artan xətlə möhkəmələnəcəyi ilə bağlı biznes sektorunda ciddi şübhələr vardır. Bir çox hallarda düşünürlər ki, qısa müddət sonra yenidən ciddi rəqəmlərlə ifadə olunan dəyər itirmə prosesi baş verəcək. Ona görə də bu gün qiymətləri dəyişmək, sabah yenidən dəyişmək fikrimcə, doğru deyil".

İqtisadiyyat və Sənayə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Abbas Əliyev də problemə münasibət bildirib. O qeyd edib ki, manatın dollara nisbətən məzənnəsinin dəyişməsi böyük ölçüdə deyil: "Hazırda manatın dollara nisbətən bir qədər möhkəmlənməsi müşahidə olunur. Kurs dəyişikliyinin çox kiçik ölçüdə olması isə bazara hələ ki öz təsirini göstərməyib. O baxımdan da qiymətlərdə dəyişiklik müşahidə olunmur. Şübhəsiz ki, kurs dəyişikliyi daha böyük olarsa, birinci növbədə idxal olunan məhsulların qiymətində dəyişiklik hiss oluna bilər".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə