Mobil versiya
Kredit böhranı ilə bağlı PROQNOZ - 2 ilə həll olunacaq
Tarix: 17-05-2016 | Saat: 11:14
Bölmə:İqtisadiyyat | çapa göndər

Kredit böhranı ilə bağlı PROQNOZ - 2 ilə həll olunacaq


Ölkədə problemli kreditlərin məsələsi həllini tapmır. Hökumət, Mərkəzi Bank, banklar, üstəlik, yeni yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatası vətəndaşın mövqeyini dəstəkləmir. Əhalinin böyük əksəriyyətinin isə yüz faizlik devalvasiya nəticəsində iki dəfə artan borcunu ödəmək imkanı yoxdur.

Aia.az musavat.com-a istinadən bildirir ki, artıq qonşu Rusiyada da problem ciddiləşib. Problemli kreditlərin artım tempi 2016-cı ilin ilk rübündə 2 dəfə artaraq 17,82 faiz təşkil edib. Belə kreditlərdə ən çox artım isə nağd pul kreditlərində qeydə alınıb. İlin əvvəlindən bu kreditlərin artım tempi 1 bənd artaraq 21,95 faizə yüksəlib. Azərbaycanda isə rəsmi rəqəmlər problemli kreditlərin yeddi faiz civarında olduğunu göstərir. Rəsmi olmayan hesabatlarda isə bu rəqəm üç dəfə artıqdır. İlin sonuna rəsmi rəqəmin on faizə çatacağı proqnozlaşdırılır.

Ekspert Natiq Cəfərli məsələ ilə bağlı bildirib ki, problemli kreditlərlə bağlı vəziyyət müsbətə doğru dəyişməyib, əksinə, müəyyən dərəcədə problemlər dərinləşib: "Çünki problemli kreditlərin həcmi artır. Banklar daha çəkincəli mövqe tutublar. Banklar həm də manat problemi yaşayır, likvidlik problemi var. Manata çıxış və manatla kredit vermək imkanları məhduddur. Dollarla kreditləri isə əhali götürmür. Çünki iki dəfə devalvasiya əhalinin gözünü qorxudub. Yeni yaradılan palata da dollar kreditlərini qadağan edib. Banklarda əsasən dollar kreditlərinin geri qayıdışında problemlər davam edir. Bu, hər ay artan xətlə gedir. Nə Mərkəzi Bank, nə hökumət, nə bankların özü bununla bağlı ciddi addımlar atmaq istəyir. Müddətin uzanması problemin daha da dərinləşməsinə səbəb olacaq. Problemin həlli vaxt keçdikcə daha artıq xərc tələb edəcək, hökumət bu problemi daha çox vəsaitlə həll etməyə məcbur olacaq. Çünki bank iqtisadiyyatın qan-damar sistemidir və banklarda yaşanan problem, çöküş bütün iqtisadiyyatı iflic vəziyyətə sala bilər. Banklarda vəziyyət çox ağırdır".

Ekspert Əkrəm Həsənov isə qeyd edib ki, problemli borclar, o cümlədən dollar kreditləri üzrə dövlət tərəfindən heç bir əhəmiyyətli güzəşt olmayacaq: "Təxminən yaxın 1-1,5 il ərzində güzəşt olmayacaq. Ondan sonra borcların silinməsi, heç olmasa vətəndaşların müflisləşməsi haqqında qanunun qəbulu qaçılmazdır. Əks halda, borcların kütləvi ödənilməməsi şəraitində iqtisadiyyat çökə bilər. Digər tərəfdən, 2 ildən sonra prezident seçkiləri olacaq. Deməli, vaxt bankların əleyhinə işləyir. Uzağı 2018-ci ildə dövlət məsələyə müdaxilə etməyə və borcların çoxunu silməyə məcbur olacaq. Digər tərəfdən, banklar get-gedə zəifləyəcək və borclulara qarşı çoxsaylı və uzunmüddətli məhkəmə proseslərini apara bilməyəcək. Bankların məhkəmələri ələ alması və bütün qərarları öz xeyirlərinə çıxaracağı haqda söz-söhbət bankların özü tərəfindən buraxılmış şayiədir. Bankların o qədər gücü və pulu yoxdur. Digər tərəfdən, biznes kreditləri üzrə borclu sahibkarların məhkəmələrə təsir imkanları banklardan da çoxdur. Vaxt ən çox borcu manatla olanların xeyrinə işləyir. Çünki yaxın illərdə manatın növbəti kəskin devalvasiyaları qaçılmazdır. Beləliklə, onların gələcəkdə qaytaracağı manat xeyli ucuzlaşmış olacaq.

Ümumiyyətlə isə işsizliyin artması, gəlirlərin düşməsi və qiymətlərin artması şəraitində təminatsız kreditlərin əksəriyyəti faktiki batıb. Banklar bunu başa düşür. Ona görə də çox zaman məsələni məhkəmə yolu ilə deyil, hədə-qorxu ilə həll etməyə çalışır ki, borclular vahimədən haradansa pul tapıb krediti ödəsinlər. Deməli, gəliri olmayan, yaxud az olan şəxs borcunu sadəcə ödəməməli və heç nədən qorxmamalıdır. O cümlədən faiz və cərimələrin artmasından. Borcu indi verə bilmirsə, artan məbləğləri haradan ödəyəcək ki?! Belə borclular həm də ola bilsin, onsuz da əvvəl-axır özlərini müflis elan edə biləcəklər. Buna görə də məsələnin sırf məhkəmədə həll edilməsində inad etsinlər, sonra da məhkəmə qərarını icra edə bilməmələrini bildirsinlər".

Təminatlı kreditlərə gəldikdə isə ekspert bildirdi ki, burada da məhkəmə prosesinin uzunmüddətli olması borclunun xeyrinədir: "Çünki təminat qismində bir qayda olaraq, daşınmaz əmlakın girovu çıxış edir. Daşınmaz əmlakın qiyməti isə düşür və yaxın 1-2 ildə hələ xeyli düşəcək. Deməli, məhkəmə prosesi bankın xeyrinə bitsə belə, daşınmaz əmlakın satışından əldə edilən vəsait əksər hallarda qalıq borc məbləğindən xeyli az olacaq. İstisna deyil ki, borclular özləri məhkəmə prosesini müxtəlif yollarla uzadacaq ki, yekunda açıq hərracdan satılacaq həmin ucuzlaşmış daşınmaz əmlakı yaxınlarının əli ilə özləri də alsınlar. Qalan borcun tutulması üçün isə mənbə sadə olmayacaq və o da batacaq.

Beləliklə, problemli borcların ən böyük sirri vaxtın bankların əleyhinə, borcluların isə lehinə işləməsidir. Buna görə də banklar borclulara qarşı həmləsini gücləndirəcək ki, bacardığını qopara bilsin. Belə şəraitdə, təbii, borclular da prosesi mümkün qədər uzatmaqda maraqlı olacaq. Borclular bunu nə qədər çox, kütləvi və uzunmüddətli etsələr, bir o qədər hamısı udacaq. Çünki xarici təcrübə də göstərir ki, borcluların kütləvi müqaviməti bankları iflic vəziyyətə salır və güzəştə getməyə məcbur edir. Buna görə də banklara bir daha məsləhət görürəm ki, ciddi və əhəmiyyətli güzəştlərə getsinlər. Əks halda, darmadağın olacaqlar. Borclulara isə məsləhət görürəm ki, güzəşt gözləməklə özlərini aldatmasınlar. Mübariz olmalı, müqavimət göstərməlidirlər! Məhkəmə proseslərini uduzmaqdan da qorxmasınlar. Bir qismi udacaq, bir qismi uduzacaq həmin prosesləri. Lakin yekunda hamısı udacaq".

Ekspertlər onu da bildirirlər ki, ölkədə uzunmüddətli dövrdə həyata keçirilmiş məsuliyyətsiz kreditləşmə, eyni zamanda devalvasiyalardan sonrakı bank sektorundakı vəziyyət problemli kreditlərin həcminin kəskin artımının əsas səbəblərindəndir. Yəni kredit götürənlər üçün hər hansı güzəşt paketi olmazsa, qısa müddət sonra çox ciddi fəsadlar yaradacaq. Bildirilir ki, bu səbəblərdən ilin sonuna qədər Azərbaycanda bankların bağlanması ehtimalı çox yüksəkdir.


Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024