Mobil versiya
Maliyyə böhranı Azərbaycana necə təsir etdi
Tarix: 14-07-2015 | Saat: 08:35
Bölmə:İqtisadiyyat / Aia TV / Karusel | çapa göndər

Maliyyə böhranı Azərbaycana necə təsir etdi
"Dövlət büdcəsinin mədaxili proqnoza qarşı 101,2 faiz yerinə yetirilməklə 7 milyard 807 milyon manat vəsait təmin edilib".
“Ölkəmizin 2015-ci ilin birinci yarımilliyinin ictimai-sosial və iqtisadi həyatının ən əlamətdar hadisəsi sözsüz ki, Bakıda ilk Avropa Oyunlarının keçirilməsi olub.

Müstəqillik tariximizin qürurverici səhifələrindən birinə, ölkə üzrə ümummilli həmrəyliyin göstəricisinə çevrilən bu möhtəşəm idman bayramı müstəqil Azərbaycanın yetirmələri olan gənc idmançılarımızın doğma azarkeşlərə bəxş etdikləri hədsiz qələbə sevinclərini, onların əzmli mübarizəsini və gücünü nümayiş etdirməklə yanaşı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin artan qüdrətini, böyük məsuliyyət və təşkilatçılıq tələb edən ən mötəbər tədbirləri belə yüksək səviyyədə keçirməyə qadir olduğunu bir daha sübut etdi”.

ANS PRESS-in məlumatına görə, bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir deyib ki, onilliklər ərzində ideya kimi qalan Avropa Oyunlarının tarixdə ilk dəfə təşkil olunmasında, köhnə qitənin 50 ölkəsindən ən güclü atletlərin bir araya gətirilməsində və Oyunların bütün beynəlxalq standartlara cavab verən yüksək təşkilatçılıq səviyyəsində keçirilməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin peşəkar komanda işi, fədakar fəaliyyəti və yüksək vətənpərvərliyi xüsusi qeyd olunmalıdır: “2015-ci ildə ölkəmizin xarici-iqtisadi siyasətinin Asiya vektorunun möhkəmləndirilməsində də nəzərəçarpan addımlar atılıb. May ayında Bakıda 67 ölkənin üzv olduğu Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısının keçirilməsi Asiya və Sakit okeanı regionunda iqtisadi inkişafın və təkamülün təmini istiqamətində növbəti bir mərhələ olmaqla yanaşı, ölkəmizin Asiya dövlətləri ilə hərtərəfli əməkdaşlığının genişlənməsinə böyük imkanlar açıb. Bundan başqa, cənab Prezident, Sizin tapşırığınızla Azərbaycan Respublikasının yeni yaradılan və Asiya regionunda infrastrukturun inkişaf etdirilməsini dəstəkləyəcək Asiya İnfrastruktur İnvestisiya Bankına təsisçi üzv kimi qoşulması təmin olunub”.

S.Çərifov deyib ki, cari ildə qlobal iqtisadi artım proqnozu növbəti dəfə Beynəlxalq Valyuta Fondu tərəfindən aşağı salınıb (ilin əvvəlində BVF tərəfindən artıq ikinci dəfədir ki, proqnoz aşağı salınır) ki, bu da hazırda beynəlxalq iqtisadi və maliyyə durumunda mövcud olan mürəkkəbliyi təsdiq edir: “Yunanıstanın borc öhdəliklərinə xidmət etmək iqtidarında olmaması səbəbindən avrozonanı tərk etmə riski ilə üzləşməsi, Çinin iqtisadi artım sürətinin geriləməsi və fond birjalarındakı təlatümlər qlobal iqtisadi artım proqnozuna mənfi təsir göstərən əsas amillərdən olmaqla, xammal məhsullarına, o cümlədən neft və neft məhsullarının qiymətlərinə də mənfi təsir göstərməkdədir.

Neft və neft məhsullarının 2014-cü ilin ortalarından bəri kəskin aşağı düşməsinin qlobal iqtisadi artıma müsbət təsir edəcəyi barədə beynəlxalq maliyyə institutları tərəfindən verilən proqnozlar (illik 0,5 faiz artım) da özünü tam doğrultmur, bu dövrdə dünya iqtisadiyyatı nəzərəçarpan qeyri-müəyyənliklə səciyyələnir.

Mövcud vəziyyət digər ölkələrlə yanaşı, Azərbaycanın qonşu ölkələrində də mürəkkəb iqtisadi duruma, milli valyutaların qismən dəyərsizləşməsinə, iqtisadi artım templərinin azalmasına səbəb olub.

Heç şübhəsiz ki, bu qlobal iqtisadi proseslər Azərbaycanın iqtisadi inkişafına da təsirsiz ötüşməmiş, ilk növbədə ölkənin valyuta daxilolmalarının azalması və tədiyyə balansının müsbət saldosunun daralması, Azərbaycan mənşəli məhsulların rəqabətliyinin enməsi ilə müşahidə olunur”.

Nazirin sözlərinə görə, bununla yanaşı, ortamüddətli dövrdə ölkə iqtisadiyyatı üçün regionda geosiyasi gərginliyin artması, xarici iqtisadi mühitin daha da pisləşməsi, dövlət və özəl sektorlarının gəlirlərinin azalması, bunun nəticəsi olaraq sahibkarların iqtisadi fəallığının səngiməsi və maliyyə-bank sektorunun dayanıqlığının zəifləməsi kimi çağırışlar yaranır:

“Göstərilən qeyri-münbit iqtisadi fonunda 2015-ci ilin ilk 6 ayında ölkə iqtisadiyyatının nail olduğu makroiqtisadi göstəricilər təqdirəlayiq və uğurlu hesab oluna bilər.

Belə ki, möhtərəm Prezident, qeyd etdiyiniz kimi, cari ilin ötən dövrü ərzində ölkədə 26,3 milyard manat ümumi daxili məhsul istehsal olunmaqla real artım 5,7 faiz təşkil etmiş, qeyri-neft sektoru üzrə isə daha çox, yəni, 9,2 faiz artım əldə edilib.

Cari ilin fevral ayında manatın xarici valyutalara nisbətdə ucuzlaşmasına baxmayaraq, ölkədə istehlak qiymətlər indeksi (inflyasiya) olduqca qənaətbəxş səviyyədə – 3,5 faiz olub.

Eyni zamanda, qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə uyğun olaraq ölkə iqtisadiyyatına kənardan mənfi təsirlərin minimuma endirilməsi istiqamətində atılmış kəsərli addımlar nüfuzlu beynəlxalq maliyyə-iqtisadi təşkilatlar tərəfindən (Beynəlxalq Valyuta Fondu, Dünya Bankı) yaranmış makroiqtisadi vəziyyətə adekvat qiymətləndirilməklə dəstəklənib.

Aparıcı reytinq agentlikləri də öz növbəsində (Fitch Ratings və Standard and Poor`s) bu qiymətləndirməni bölüşmüş və cari ilin birinci yarısında keçirdikləri reytinq dəyərləndirmələri əsasında Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada reytinqini “BBB-“ investisiya səviyyəsində bir daha təsdiq edib.

Möhtərəm Prezident, bu kontekstdə cari ilin ötən dövrü ərzində dövlət büdcəsinin gəlirləri üzrə proqnoz göstəricilərinin icrasını da müsbət hesab etmək olar.

Belə ki, dövlət büdcəsinin mədaxili proqnoza qarşı 101,2 faiz yerinə yetirilməklə 7 milyard 807 milyon manat vəsait təmin edilib.

Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozlaşdırılan transfert nəzərə alınmadan digər mənbələr üzrə dövlət büdcəsinin gəlirləri 4 milyard 246 milyon manat və yaxud proqnoza nisbətən 29,0 milyon manat (0,7 faiz) çox icra olunub.

Təsdiq olunmuş proqnoza Vergilər Nazirliyi 100,2 faiz yerinə yetirilməklə büdcəyə 3 milyard 329 milyon manat vəsait təmin edib. Həmin vəsaitin 68,3 faizi və ya 2 milyard 275 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 11,4 faiz-bənd çoxdur.

Proqnoza 100,3 faiz əməl edən Dövlət Gömrük Komitəsi xətti ilə büdcəyə 765,0 milyon manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz çox deməkdir.

Dövlət Neft Fondundan büdcəyə 3 milyard 562 milyon manat vəsait transfert daxil olub.

Sair daxilolmalar üzrə büdcəyə 152,0 milyon manat vəsait təmin edilib.

Eyni zamanda, dövlət büdcəsinin gəlir və xərcləri arasında fərq 2014-cü ildə dövlət büdcəsinin icrası zamanı əldə edilmiş profisit hesabına maliyyələşib, 2015-ci il 1 yanvar vəziyyətinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığından 771,0 milyon manat bu məqsədə yönəldilib.

Cənab Prezident, hökumətin qarşısında qoyduğunuz vəzifələrə uyğun olaraq 2015-ci ilin altı ayında dövlət büdcəsində nəzərdə tutulan bütün sosial öhdəliklərin, əsas dövlət proqramlarının, sosial, mədəniyyət, idman və fiziki infrastruktur layihələrin icrasının maliyyələşdirilməsi təmin olunub.

Bu dövrdə dövlət büdcəsinin xərcləri 8 milyard 578 milyon manat təşkil etmiş və yaxud proqnoza nisbətən 85,0 faiz icra olunub.

Sosialyönümlü tədbirlərin həyata keçirilməsi, onların maliyyə təminatı üzrə dövlətin siyasətinin prioritetliyi təmin edilmiş, həmin məqsədə dövlət büdcəsi xərclərinin 23,6 faizi və yaxud 2 milyard 25 milyon manatı yönəldilib.

Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün cari ilin altı ayında icmal və dövlət büdcələrindən üst-üstə 201,0 milyon manat, o cümlədən dövlət büdcəsinin cari və əsaslı xərclərindən 111,0 milyon manat, Dövlət Neft Fondunun büdcəsindən 90,0 milyon manat vəsait ayrılıb.

Möhtərəm Prezident, xüsusi diqqətiniz sayəsində ölkəmizin müdafiə qabiliyyətinin və hərbi potensialımızın artırılması, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi dövlətimizin ən ümdə vəzifəsi kimi gündəmdə qalmaqdadır. Bu məqsədə 2015-ci ilin ilk altı ayında dövlət büdcəsinin müvafiq xərc bölmələrindən əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz çox vəsait yönəldilib.

Cari ilin altı ayında dövlət büdcəsinin vəsaiti hesabına investisiya xərcləri 3 milyard 102 milyon manat təşkil edib. Həmin vəsaitin 1 milyard 656 milyon manatı elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin, o cümlədən Bakıda Avropa Oyunlarının keçirilməsi, 1 milyard 150 milyon manatı ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisi və yenidən qurulması üçün istifadə olunub.

Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən 166,0 milyon manat vəsait ayrılıb. Bunun 24,0 milyon manatı muxtar respublikada həyata keçirilən investisiya layihələrinə sərf edilib.

Dövlət büdcəsindən ayrılmış əsaslı xərclərlə yanaşı, ölkəmizdə yol, su təchizatı və meliorasiya, kənd təsərrüfatı, sosial və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün Azərbaycan Hökuməti tərəfindən xaricdən cəlb olunmuş kreditlər hesabına 264,0 milyon manat, Dövlət Neft Fondunun vəsaiti hesabına 467,0 milyon manat investisiya qoyulub.

Hesabat dövründə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan həlli vacib hesab edilən bir sıra sosial və infrastruktur layihələrinin həyata keçirilməsi, şəhər, rayon və qəsəbələrdə abadlıq və quruculuq işlərinin davam etdirilməsi, kənd təsərrüfatının dəstəklənməsi, kəndlərarası yolların tikintisi üçün üst-üstə 74,0 milyon manat vəsaitin ayrılmasına dair sərəncamlar imzalanıb.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyinin verilməsi işi davam etdirilməklə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası üçün hesabat dövründə 25,0 milyon manat vəsait yönəldilib.

Sahibkarlığın inkişafına dəstək olaraq Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə cari ilin ilk altı ayında iqtisadiyyatın müxtəlif sahələri üzrə 2972 sahibkara 96,0 milyon manat həcmində güzəştli kreditlər verilib.

Cənab Prezident, məruzə edirəm ki, dövlət büdcəsinin sabit icrasının təmin edilməsi ilə bağlı aparılan fiskal tədbirlərlə yanaşı, dövlət maliyyə-iqtisadi və bank orqanları tərəfindən Sizin qeyri-neft sektorunun inkişafına əlavə təkan vermək, sahibkarların investisiya fəaliyyətinin dəstəklənməsinə dair tapşırığınıza uyğun olaraq əlavə tədbirlərin həyata keçirilməsinə başlanılıb.

İlk növbədə, inflyasiya və məzənnə hədəflərinə xələl gətirməyən səviyyələrdə pul-kredit siyasətinin yumşaldılması və iqtisadiyyatın real sektoruna kredit dəstəyinin artırılması, maliyyə-bank sisteminin dayanıqlığının möhkəmləndirilməsi, ipoteka kreditləşməsinə ölkə əhalisinin çıxışının genişləndirilməsi kimi tədbirlərin keçirilməsi nəzərdə tutulur.

2016-cı il və sonrakı üç il üçün dövlət və icmal büdcə layihələrinin tərtibi prosesinə də başlanılıb.

Büdcə layihələri ölkədaxili və xaricindəki makroiqtisadi mühitin və çağırışların təhlili əsasında, ölkəmizin sosial-iqtisadi inkişafının prioritet istiqamətləri və hədəfləri rəhbər tutulmaqla hazırlanır.

Bu zaman, büdcə gəlirlərinin proqnozları hazırlanarkən Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin tədricən azaldılması və Fondun aktivlərinin mümkün qədər yüksək səviyyədə saxlanılması hədəflənir. Digər tərəfdən, büdcə xərclərinin səmərəliliyini daha da artırmaqla əsas sosial vəzifələrin təmin edilməsinə, regionların tarazlı inkişafının davam etdirilməsinə, dövlətin müdafiə potensialının və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafının dəstəklənməsinə diqqət yetirilir”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə