Mobil versiya
Hamılıqla bütün imkanlarımızı səfərbər etməliyik
Tarix: 04-04-2020 | Saat: 12:50
Bölmə:Gündəm | çapa göndər

Hamılıqla bütün imkanlarımızı səfərbər etməliyik




Xanoğlan Əhmədov: “İqtidarla müxalifət arasında siyasi dialoqun və ümummilli məsələlərdə əməkdaşlığın vacibliyi, ölkənin siyasi həyatında partiyaların rolu düzgün dəyərləndirilməlidir”

Azərbaycanda vətəndaş cəmiyyətinin dövlətə tərəf müqabili kimi çıxış etməsinə bəlkə də indiki qədər ehtiyac duyulmayıb. Bir tərəfdən koronavirus epidemiyasının vəd etdiyi təhlükə və onun təsirindən dolayı iqtisadiyyatda və sosial həyatda yaşanan təbəddülatlar, digər tərəfdən, Yaxın Şərqdə və Dağlıq Qarabağda baş verən hadisələr səbəbindən geosiyasi vəziyyətin mürəkkəbləşməsi ölkəmizə, dövlətimizə, xalqımıza təhdidlərin qarşısının alınmasına ictimai dəstəyi təmin etmək üçün cəmiyyətin bütün təbəqələrinin bir araya gəlməsini zəruri edir. Bu və sadalamadığımız digər məsələlərə münasibətini bildirməsi üçün “Media və Mülki Cəmiyyət” İctimai Birliyinin sədri Xanoğlan Əhmədova suallarla müraciət etdik.

- Qlobal pandemiya elan olunmuş koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bu gün ölkəmizdə dövlət və cəmiyyət tərəfindən həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz? Özünütəcrid və “evdə qal” kampaniyaları ilə bağlı vətəndaşlarımıza nələri çatdırmaq istərdiniz?

- Məlum olduğu kimi, koronavirus (COVID-19) pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması üçün martın 31-dən ölkəmizdə karantin rejimi daha da sərtləşdirilib. Bu da təhlükənin nə qədər real və ciddi olduğunun göstəricisi hesab edilməlidir. Doğrudur, pandemiyanın ölkəmizdə yayılmasının qarşısının alınmasına dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən əlavə tədbirlər müəyyənləşdirilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət qurumları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib. Ancaq bu qabaqlayıcı tədbirlər öz müsbət nəticəsini versə də, çox sürətlə yayılma qabiliyyətinə malik koronavirusa yoluxanların sayı hər gün artmaqda davam edir.

Təbii ki, bu qorxulu təhlükənin yayılmasının qarşısının alınmasında dövlət qurumları ilə yanaşı hər bir vətəndaşın və vətəndaş cəmiyyəti institutlarının da üzərinə böyük məsuliyyət düşür. Hamılıqla bütün imkanlarımızı bu istiqamətdə səfərbər etməliyik.

Bir təşkilat olaraq martın 27-dən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və REAL TV-nin birgə başlatdığı ölkəmizdə koronavirus epidemiyasının geniş yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə “Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına qoşulmuşuq. Bu gün isə QHT-lərin koronovirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransına qatıldıq. 400-dən çox QHT təmsilçisinin iştirak etdiyi konfransda öz təkliflərimizi səsləndirdik.
Bu gün biz virtual məkanda məlumatlandırma kampaniyası aparırıq. Çünki əhalinin çoxu bu bəla barədə tam məlumatlı deyil, ciddi yanaşmırlar.
Yeri gəlmişkən, bizim təşkilat Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2020-ci il 1-ci qrant müsabiqəsinin qalibi elan olunub. Layihə “Vətəndaşların sosial hüquqlarının təmin edilməsi istiqamətində maarifçilik tədbirləri” adlanır. Ancaq QHT Şurasının rəhbərliyinə müraciət etmək istəyirik ki, layihənin istiqamətini dəyişərək koranavirusa qarşı mübarizəyə həsr edək. Ucqar rayonlarda, kəndlərdə maarifləndirici bukletlər paylayaq, marketlərdə, dayanacalarda və s. yerlərdə məlumatlandırma plakatları asaq, digər maarifləndirici aksiyalar keçirək.İnanıram ki, koronavirusla mübarizədə və xalqımızın təhlükəsizliyi, sağlamlığı istiqamətində üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirəcəyik.

- Ölkə Prezidenti cənab İlham Əliyevin VI çağırış Milli Məclisin açılış sessiyasındakı çıxışında, eləcə də Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik çıxışında ölkədə yeni siyasi dövrün başlanması, siyasi partiyaların dövlətçilik mövqeyindən çıxış etməli olduqları və iqtidar-müxalifət dialoqunun formalaşmasının zəruriliyi ilə bağlı söylədiyi fikirlərindən sonra ölkədə fəaliyyət göstərən siyasi partiyaların fəaliyyəti, eyni zamanda Prezident Administrasiyasında yeni yaradılmış “Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr” şöbəsinin fəaliyyətini necə qiymətləndirirsiniz?

- Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bütün siyasi partiyalara dialoq təklif edilməsindən danışanda bu dialoqun nəticələrinin xalqımız və ölkəmizin gələcək inkişafı üçün müsbət olacağını xüsusi qeyd etdi. Bu mənada Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevin partiya sədrlərilə görüşlərini müsbət qiymətləndirirəm. İnanmaq istərdim ki, daha çox tanışlıq xarakteri daşıyan bu görüşlərdə iqtidarla müxalifət arasında siyasi dialoqun və ümummilli məsələlərdə əməkdaşlığın vacibliyi, ölkənin siyasi həyatında partiyaların rolu düzgün dəyərləndiriləcək. Mən özüm də həmişə dialoq tərəfdarı olduğumdan indiki iqtidar-müxalifət dialoqunun davamlı olmasını arzu edərdim.
Prezident Administrasiyasında yeni yaradılmış “Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr” şöbəsinin fəaliyyətini necə qiymətləndirməyimə gəlincə, onu deyə bilərəm ki, ilkin təəssüratlarım nikbindir. Novruz bayramında Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin partiya sədrlərinə zəng edərək Prezidentin adından bayram təbrikini çatdırması yaxşı bir ənənənin əsasını qoydu. Hesab edirəm ki, bu münasibətlər daha da dərinləşməlidir.

- Yeni formalaşmış Milli Məclisin rəhbər heyətində bütün mandat qazanmış siyasi partiyaların təmsil olunmasını necə qiymətləndirirsiniz? Qanunvericilik hakimiyyətinin gələcək fəaliyyətini necə görürsünüz?

- Fikrimcə, bu dəyişikliklər ictimai rəydə müsbət qarşılanıb. Əgər gələcəkdə proporsional seçki sistemi bərpa olunarsa, daha ciddi dəyişikliklərə nail olmaq olar. Yəni siyasi partiyaların parlamentdə daha çox təmsilçiliyinə zəmin yarada bilər.

Abbas Abbasov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024