Mobil versiya
“Vətəndaş cəmiyyəti institutları ilə dövlət arasında siyasi dialoq müsbət istiqamətdə inkişaf edir”
Tarix: 04-04-2020 | Saat: 12:19
Bölmə:Gündəm | çapa göndər

“Vətəndaş cəmiyyəti institutları ilə dövlət arasında siyasi dialoq müsbət istiqamətdə inkişaf edir”




"Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi" İctimai Birliyinin sədri Ülvi Əliyev həmvətənlərimizi vətəndaş məsuliyyəti nümayiş etdirməyə səsləyir

Elə ilk günlərindən Azərbaycan cəmiyyətinin siyasi, ictimai, sosial, iqtisadi həyatında əhəmiyyətli dəyişikliklər vəd edən 2020-ci ilin artıq üç ayı arxada qalmışdır. Təəssüf ki, bütün bəşəriyyət üçün təhlükə törədən koronavirus (COVİD-19) infeksiyası və ona qarşı mübarizə zərurətindən irəli gələn tədbirlər az qala bütün başqa məsələləri arxa plana keçirmişdir. Bununla belə, oxucularımız vətəndaş cəmiyyəti fəallarının hazırki dövr üçün aktual olan mövzulara münasibətini öyrənməkdə maraqlıdırlar.

Müsahibimiz “Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi” İctimai Birliyinin sədri Ülvi Əliyevdir.

- Ülvi müəllim, qlobal pandemiya elan olunmuş koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bu gün ölkəmizdə dövlət və cəmiyyət tərəfindən həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz? Özünütəcrid və “evdə qal” kampaniyaları ilə bağlı vətəndaşlarımıza nələri çatdırmaq istərdiniz?

- Azərbaycanda koronavirus epidemiyası təhlükəsinə qarşı dövlət səviyyəsində səmərəli mübarizə təşkil olunub və bu proses birbaşa Azərbaycan Prezidenti cənab İlham Əliyevin nəzarəti altındadır. VC-nin nümayəndəsi olaraq dövlət başçısının bu təşəbbüslərini alqışlayıram. Ümumiyyətlə, insanların sağlam¬lığının qorunması bütün ölkələrin dövlət siyasətinin prioritetini təşkil edir. Dünyanı cənginə almış təhlükəli koronavirus pandemiyasına qarşı birliyimiz, özümüzə və ətrafdakılara münasibətdə ortaya qoymalı olduğumuz məsuliyyət hissimizlə qalib gəlməliyik. Yadda saxlamalıyıq ki, təhlükəli virusa qarşı mübarizədə təkcə hökumətin deyil, vətəndaşların da üzərinə böyük məsuliyyət düşür. Odur ki, bütün həmvətənlərimizi vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırırıq. Mən "Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi" İB-nin sədri kimi koronavirusla mübarizədə həmrəylik nümayiş etdirərək, Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürmüşəm və bunu özümün vətəndaşlıq borcu hesab edirəm. Digər insanları da bu ümumi bəlaya qarşı mübarizədə fəal olmağa və öz imkanları daxilində mümkün dəstək verməyə dəvət edirəm.

- Ölkə Prezidenti cənab İlham Əliyevin VI çağırış Milli Məclisin açılış sessiyasındakı çıxışında, eləcə də Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik çıxışında ölkədə yeni siyasi dövrün başlanması, siyasi partiyaların dövlətçilik mövqeyindən çıxış etməli olduqları və iqtidar-müxalifət dialoqunun formalaşmasının zəruriliyi ilə bağlı söylədiyi fikirlərindən sonra ölkədə fəaliyyət göstərən siyasi partiyaların fəaliyyəti, eyni zamanda Prezident Administrasiyasında yeni yaradılmış “Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr” şöbəsinin fəaliyyətini necə qiymətləndirirsiniz?

- Ölkə başçısının ən demokratik islahatlarından biri kimi respublikamızdakı bütün siyasi qüvvələri dialoqa dəvət etməsidir. Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edərkən Ölkə Prezidenti haqlı olaraq əminliklə bildirdi ki, bu dialoqun nəticələri xalqımızın və ölkəmizin gələcək inkişafı üçün müsbət olacaqdır. Hakimiyyət tərəfindən belə bir addımın atılması təqdirəlayiqdir və demək olar ki, əksər siyasi qüvvələrlə bu görüşlərin baş tutması vətəndaş cəmiyyəti institutları ilə dövlət arasında siyasi dialoqun müsbət istiqamətdə inkişafını göstərir. Çox təəssüflər olsun ki, dialoqdan imtina edən qruplaşmalar, onların həmfikirləri və xaricdəki havadarları ölkədə aparılan böyük quruculuq işlərini, sosial-iqtisadi problemlərin əsaslı həlli üçün görülən tədbirləri təqdir etmək əvəzinə, düşmənin "dəyirmanına su tökməklə" məşğuldurlar. Bu baxımdan Prezident Administrasiyasında yeni yaradılmış “Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr” şöbəsinin fəaliyyətini müsbət qiymətləndiririk və cəmiyyətə siyasi sabitliyin qorunması və daha da möhkəmləndirilməsi baxımından yeni töhfələr verəcəyinə inanırıq.

- Yeni formalaşmış Milli Məclisin rəhbər heyətində bütün mandat qazanmış siyasi partiyaların təmsil olunmasını necə qiymətləndirirsiniz? Qanunvericilik hakimiyyətinin gələcək fəaliyyətini necə görürsünüz?

- Mən qeyri-siyasi bir təşkilatın sədriyəm və siyasi fəaliyyətlə məşğul olmuram. Ona görə bu suala ətraflı cavab verməkdə çətinlik çəkirəm. Bir vətəndaş olaraq ümid edirəm ki, yeni formalaşmış olan qanunvericilik hakimiyyəti cəmiyyətdə baş verən proseslərə və yaranmış münasibətlərə çevik reaksiya verərək mükəmməl normativ sənədlər hazırlayacaq və reallaşdıracaq. Eyni zamanda ümid edirəm ki, yeni seçilmiş millət vəkilləri öz seçiciləri ilə daim təmasda olacaqlar və onların problemlərinin həllinə əməli köməklik göstərəcəklər.


Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024