Mobil versiya
Xələf Xələfov: Xocalıda törədilən cinayətlər tam sübuta yetirilib
Tarix: 26-02-2020 | Saat: 13:00
Bölmə:Siyasət | çapa göndər

Xələf Xələfov:


30 ildən artıqdır ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü davam edir. Münaqişənin ən qanlı səhifələrindən biri isə Xocalı soyqırımıdır.

Trend xəbər verir ki, bunu Xarici İşlər nazirinin müavini Xələf Xələfov Xarici İşlər Nazirliyində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı rəsm sərgisində deyib.

Onun sözlərinə görə, Xocalı soyqırımı nəticəsində 613 nəfər dinc sakin xüsusi qəddarlıqla qətlə yetirilib:

“Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən aparılan tədbirlər nəticəsində Xocalıda cinayətlərin törədilməsi tam sübuta yetirilib. Bu cinayətlər həm dövlət, həm də fərdi qaydada məsuliyyət yaradır”.

Nazir müavini vurğulayıb ki, Azərbaycan tərəfi bu cinayəti, soyqırımını törədənlərin layiqli cəzasını alması üçün beynəlxalq səylərini davam etdirir: "Bununla yanaşı, Xocalıda törədilmiş məlum cinayət əməlləri bu cinayəti törədənlərin fərdi məsuliyyətə cəlb edilməsini tələb edir”.

X. Xələfov qeyd edib ki, Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması, o cümlədən “Xocalıya ədalət” kampaniyası çərçivəsində təşkil edilən tədbirlər nəticəsində bir çox dövlət tərəfindən Xocalı soyqırımını qınayan sənədlər qəbul edilib: “Xocalı soyqırımı dünyada baş verən ən ağır soyqırımları ilə eyni sırada dayanır. Lakin təəssüflə qeyd etmək istəyirəm ki, Xocalı soyqırımına dünya birliyi tərəfindən lazımi qiymət verilməyib”.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın qədim Xocalı şəhərinin üzərinə hücum edib və onun dinc əhalisinə amansızcasına divan tutublar.

Hücum zamanı şəhərdə olan 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyil. Səkkiz ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.

Ermənilərin bu cəza tədbiri hərtərəfli planlaşdırılıb və yeganə bir məqsədlə törədilib – dinc sakinləri milli mənsubiyyət əlamətinə görə qismən və ya tamamilə məhv etmək. Beynəlxalq hüquqa görə belə hərəkətlər “soyqırımı” anlayışına uyğundur və dünya ictimaiyyəti tərəfindən bu cür tanınmalıdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024