Mobil versiya
Ləman Əşrəfqızının əsassız etirazının arxasında hansı gizlinlər dura bilər?
Tarix: 15-02-2020 | Saat: 17:56
Bölmə:Manşet / Gündəm / Seçilənlər-2 | çapa göndər

Ləman Əşrəfqızının əsassız etirazının arxasında hansı gizlinlər dura bilər?




Bəzi qərb ölkələrində məskunlaşaraq dövlətimizə qarşı böhtan kampaniyaları düzənləməyi özlərinə peşə seçmiş bədnam jurnalistlərin sırasında artım gözlənilirmi?

Əslində belə bir ağır ittihamla hər hansı bir həmkarımıza qarşı çıxış etməyi özümüzə qətiyyən rəva bilməzdik. Lakin çox təəssüflər olsun ki, 09 fevral 2020-ci il tarixində keçirilmiş növbədənkənar parlament seçkilərində 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Ləman İsmayılovanın dövlət başçısına ünvanladığı və mətbuatda dərc olunmuş açıq məktubun mətni ilə tanış olduqdan sonra bu kimi şübhələrin yaranması qaçılmaz olur. Məsələ bundadır ki, həmin məktubda yer almış bir çox ehkamlar Ləman Əşrəfqızının artıq öz əyninə dissident libasını geyinməyə cəhd etdiyini söyləməyə əsas verir.

İlk növbədə Ləman Əşrəfqızının seçicilərin əhval-ruhiyyəsini təsvir etmək üçün seçdiyi ifadələr diqqəti cəlb edir – “ yorğun, ümidsiz, çarəsiz, inamsız...”. Ləman xanım, biz kimdən bəhs edirik? Dövlət başçımız tərəfindən həyata keçirilən və həyatımızın bütün sahələrini əhatə edən növbəti möhtəşəm islahatlar paketinin reallaşdırılması prosesi fonunda həm suveren dövlətimizin daha sürətli inkişafı, həm də şəxsən özünün, ailəsinin daha yaxşı yaşaması üçün daha böyük əzmkarlıq və ruh yüksəkliyi ilə çalışan Azərbaycan vətəndaşındanmı, yoxsa bütün sərvəti yadellilər tərəfindən sovrulub-daşınan hansısa bir müstəmləkə dövlətinin vətəndaşından? Bu kimi ifadələrlə insanlarımızı təhqir etməyə sizə kim haqq verib?

Maraqlıdır ki, Aqiyə Naxçıvanlı özünün seçkiqabağı təbliğat-təşviqat kampaniyasının gedişində 15 min nəfərə yaxın seçici ilə görüşmüş, onlarla söhbətləşmiş, onları narahat edən məsələlər barədə dediklərini dinləmiş, müzakirələr aparmışdır. Lakin nəticə etibarı ilə Aqiyə xanım görüşdüyü insanlarda ruh düşgünlüyünə dəlalət edə biləcək heç bir hiss müşahidə etməmişdir. Ləman Əşrəfqızı isə eyni zaman kəsiyində cəmi 1000 nəfərlə görüş keçirmişdir. Böyük ehtimalla da özünü bürümüş bədbin hisslərdən qurtula bilməyən namizəd, qapıldığı həmin ruh düşgünlüyünü də vətəndaşların boynuna qoymağa çalışıb.

Ümumiyyətlə, istər 9 fevral parlament seçkilərindən öncə keçirilən təbliğat-təşviqat kampaniyalarının gedişində, istərsə də seçkilərdən sonra artıq uğursuzluğa uğramış bir çox namizədlərin çıxış və bəyanatlarında çox qəribə bir tendensiya müşahidə olunmaqda idi. Bu namizədlərin fikrincə, bu gün Azərbaycanda dövlət başçısı tərəfindən həyata keçirilən islahatlara xalqın inanması, dəstək göstərməsi və hətta bu islahatların həyata keçməsi və müsbət nəticə verməsi üçün məhz onların vasitəçiliyi zəruri şərtdir. Görəsən namizədliyini irəli sürdüyü ərazilərdən bir neçə yüz insanın etimadını belə qazana bilməyən bu şəxslərdə bu qədər ambisiya hardandır? Amma Ləman Əşrəfqızı bu xüsusda digər həmkarlarından da çox daha irəli gedib: “Onlarla (seçicilərlə - red.) dil tapmaq, onları Sizin müəllifiniz olduğu İslahatlara inandırmaq, Azərbaycanın daha güclü, daha qüdrətli olması üçün öz Prezidenti ətrafında sıx birləşməyə dəvət etmək, necə deyərlər çəkici bir zindana vurmaq mənim çıxışlarımın əsas leytmotivi oldu. Və budur, Oğuz-Qəbələ camaatı artıq bizimlə birlikdə addımlayır. Təşviqatın ilk günündəki yorğun, inamsız insanlardan əsər-əlamət yoxdur! Hamı bizim ətrafımızda birləşib, hamı dövlətin, Prezidentin yanındadır.” Diqqət edirsinizmi, yəni Oğuz-Qəbələ sakinlərini Ölkə Prezidentinin ətrafında birləşdirən faktor Ləman İsmayılovadır. Bu qədər də özündən razılıq olmaz axı...

Təbii ki, bu populist-demaqoji bəyanatlardan sonra da növbə çatır seçkilərdə səs üstünlüyü əldə etmiş digər namizədə. Əslində etirazın məhz bu hissəsi öz məğlubiyyətilə barışmaq istəməyən bütün digər uğursuz namizədlərin çıxışlarında yer alır. O cümlədən, Ləman Əşrəfqızı da 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsində 65,5% səs toplamış Aqiyə xanım Naxçıvanlının bu uğrunu həzm edə bilmir və seçkilərin saxtalaşdırıldığı barədə iddia ortaya qoyur. Lakin bir məsələ də var ki, şəxsən biz, “Azərbaycan İnformasiya Agentliyi” (aia.az) saytının əməkdaşları olaraq, Aqiyə xanım Naxçıvanlının seçkiqabağı təbliğat-təşviqat kampaniyasını yaxından müşahidə etmişik. Həmçinin kampaniyanın gedişi zamanı tərəfimizdən 117 saylı Dairənin əhatə etdiyi ərazilərdə sosioloji sorğu da aparılıb. Həm sorğunun, həm də müşahidələrimizin nəticələri birmənalı olaraq deməyə əsas verir ki, Aqiyə xanım ilk gündən bütün digər namizədləri qabaqlayırdı və məhz onun bu dairədən deputat seçiləcəyi heç bir şübhə doğurmurdu. Bu nəticəni şərtləndirən amilləri qeyd etmək lazım olarsa, ilk növbədə bunları deyə bilərik. İlk növbədə, Aqiyə xanım artıq neçə ildir ki, məhz bu seçki dairəsindən millət vəkilidir və onun bir millət vəkili kimi fəaliyyətindən də sakinlərin böyük əksəriyyəti çox razıdır. Düzdür, bu deputatın fəaliyyəti barədə konkret məlumatlar əldə etmək elə də asan deyil. Amma bu da Aqiyə xanımın təvazökarlığından irəli gəlir ki, məhz o, özü gördüyü işlərin mətbuatda işıqlandırılmasının çox zaman əleyhinə olur. Bununla belə, Aqiyə Naxçıvanlının seçiciləri onun özünü də kifayət qədər yaxşı tanıyırlar və gördüyü işlərdən də hamıdan yaxşı xəbərdardırlar. Bu səbəbdən son seçkilərdə də Oğuz-Qəbələ sakinləri öz etimadlarını məhz Aqiyə xanıma bildirdilər.

İkinci bir tərəfdən isə Aqiyə Naxçıvanlının deputatlığa namizədliyinin Yeni Azərbaycan Partiyasından irəli sürülməsi faktını da nəzərə almaq lazımdır. Belə ki, 117 saylı Oguz-Qəbələ seçki Dairəsində ümumi secici sayı 47175 nəfər, həmin dairədə YAP üzvlərinin sayı isə 7060 nəfərdir ki, bu da seçkilərin nəticəsinə təsir göstərə biləcək bir rəqəmdir.

Təbii ki, bütün bu deyilənlərdən Ləman Əşrəfqızı ehtimal ki, hər kəsdən daha yaxşı məlumatlıdır. Buna rəğmən həmkarımızın yenə də seçkilərin nəticələrinə etiraz etməsi, dövlət qurumlarını və seçki orqanlarını saxtakarlıqda ittiham etməsi artıq onun gizli məqsədlər güdməsi ehtimalını ortaya qoyur. Bu məqsədlərdən birinin də məhz nədən ibarət ola biləcəyi ehtimalını isə biz artıq yazının əvvəlində oxucularımızın müzakirəsinə təqdim etmişik...


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024