Mobil versiya
Vergilər Nazirliyi: ƏDV ödəyiciləri yanvarın 31-dək Məlumat Forması təqdim etməlidirlər
Tarix: 27-01-2020 | Saat: 14:31
Bölmə:Gündəm | çapa göndər

Vergilər Nazirliyi:

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli Qanununa əsasən, ƏDV ödəyiciləri 2020-ci il yanvarın 1-nə yaranan debitor borcları və alınmış avanslar üzrə kreditor borcları barədə Məlumat Forması tərtib etməli və yanvarın 31-dək vergi orqanına təqdim etməlidirlər.

Trend xəbər verir ki, bu barədə Vergiler Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin şöbə rəisi Emil Rəhimov yanvarın 27-də keçirdiyi brifinqdə deyib

O bildirib ki, bu formanın təqdim edilməsində məqsəd ƏDV-yə cəlb olunan əməliyyatın vaxtı ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 166-cı maddəsinə edilmiş dəyişikliklərin nəzərə alınması, aparılan əməliyyatlar üzrə vergilərin düzgün hesablanmasını təmin etməklə yanvarın 1-dən əvvəlki dövrlərdə hesablanmış vergilərin təkrar hesablanmasının qarşısını almaqdır. Formanı həm də yanvarın 1-dək ƏDV ödəyicisi olmuş, bu ilin yanvarından isə qeydiyyatdan çıxmış ödəyicilər də təqdim etməlidir. Yanvarın 1-dən sonra qeydiyyata alınmış ƏDV ödəyiciləri üçün Məlumat Formasının təqdim edilməsi nəzərdə tutulmayıb. Məlumat Forması kağız və ya elektron formada tərtib olunaraq vergi orqanına təqdim edilir. Kağız formasında tərtib edilən Məlumat Forması vergiödəyicisinin uçotda olduğu vergi orqanına təqdim edilir. Vergiödəyiciləri Məlumat Formasını elektron qaydada təqdim etmək üçün İnternet Vergi İdarəsi portalında yeni istifadəyə verilmiş elektron xidmətdən istifadə edə bilərlər. Bu məqsədlə İnternet Vergi İdarəsinin "Onlayn kargüzarlıq və e-VHF" bölməsində yeni ərizə forması istifadəyə verilib. Vergiödəyiciləri vaxtlarına qənaət edərək gücləndirilmiş "ASAN İmza"dan istifadə etməklə Məlumat Formasını elektron qaydada vergi orqanına təqdim edə bilərlər.

“Lakin aparılmış monitorinqlər göstərir ki, vergiödəyiciləri tərəfindən qeyd olunan Məlumat Formasının təqdim edilmə vəziyyəti qənaətbəxş deyil. Həmçinin məlumat formalarının göndərilməsi zamanı tələb olunan qaydalara riayət olunmur. Müvafiq forma təqdim edilmədikdə (və ya heç bir göstərici olmadan təqdim edildikdə) vergiödəyicisinin yanvarın 1-nə təqdim edilmiş mal, iş və xidmətlərlə bağlı debitor borclarının və alınmış avanslar üzrə kreditor borcunun olmadığı hesab olunur. ƏDV-nin məqsədləri üçün vergitutulan əməliyyatın vaxtı ilə bağlı qanunvericilikdə edilmiş dəyişikliklərlə yanaşı, Vergi Məcəlləsinə əlavə edilmiş yeni məzmunlu 76.1-1-ci maddənin tələblərinə əsasən, vergi öhdəliklərinin müəyyən edilməsi məqsədilə ƏDV qeydiyyatında olan vergiödəyicilərinin hesabları üzrə aparılmış əməliyyatlar barədə aylıq məlumatlar banklar tərəfindən elektron qaydada hər ay bitdikdən sonra növbəti ayın 10-dək vergi orqanına təqdim edilməlidir. Bu zaman daxil olan vəsaitin əvvəlki dövrdə aparılmış əməliyyatlara aid olub-olmadığının vergi orqanı tərəfindən müəyyən edilməsində çətinliklər yaşanacağından, qeyd olunan hal vergilərin yenidən (təkrar) hesablanması ilə nəticələnə bilər. Eyni zamanda, qanunvericiliyə edilmiş dəyişikliklər nəzərə alınmaqla ƏDV bəyannaməsinin təsdiq olunmuş yeni formada debitor borcların hərəkəti ilə bağlı ayrıca hissə nəzərdə tutulduğundan debitor borcların yanvarın 1-nə qalığı müəyyən edilərək bəyannamədə əks olunmalıdır. Daxil olacaq vəsaitin yanvarın 1-dən əvvəlki dövrdə aparılmış əməliyyatlara aid olub-olmadığının vergi orqanı tərəfindən müəyyən edilməsində çətinliklər yaşanacağından, vergilərin yenidən (təkrar) hesablanmasının qarşısının alınması, əlavə inzibati yük və maliyyə riskinə məruz qalmamaları üçün vergiödəyiciləri Məlumat Formasını yanvarın 31-dək 2020-ci il təqdim etməlidirlər”, - deyə E.Rəhimov qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024