Mobil versiya
Qalmaqalla yadda qalan Maqsud Mahmudov ölkədən qaçıb
Tarix: 14-11-2019 | Saat: 16:40
Bölmə:Karusel / Gündəm | çapa göndər

Qalmaqalla yadda qalan Maqsud Mahmudov ölkədən qaçıb


Qalmaqalla yadda qalan lombard sahibi Maqsud Mahmudov girov qoyulmuş pulları götürərək, Azərbaycandan qaçıb.

Bu barədə Oxu.Az-a Qaradağ Rayonu Polis İdarəsindən məlumat daxil olub.

Artıq üç gündür, insanlar zərgərlik biznesi ilə məşğul olan biznesmenin onları aldatması şikayəti ilə polisə müraciət ediblər. Təkcə Qaradağ rayonundakı polis məntəqəsinə bununla bağlı 70 şikayət daxil olub.

Zərərçəkənlərin dediyinə görə, 2017-ci ildən qızıl əşyalarını Lökbatan qəsəbəsi 28 May küçəsində yerləşən lombardda girov qoyublar.

Mədinə İsrafilovanın adına sənədləşən lombardın faktiki sahibi Maqsud Mahmudov olub.

M.Mahmudovun digər lombardının yerləşdiyi Yasamal rayonu ərazisinin Polis İdarəsinə də oxşar şikayətlərlə müraciətlər olub.

Şikayətlər hələ də davam edir. Hazırda biznesmenin alıcılarına vurduğu mənəvi zərərin dəyəri hesablanır.

Qeyd edək ki, M.Mahmudovun adı keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun hələ MTN-nin başçısı olduğu dövrdə onunla və ona tabe olan adamlarla bağlı fırıldaqçılıqda hallanıb.

M.Mahmudovun iddiasına görə, o, 2015-ci ilin dekabrın 20-də 1 saylı Bakı İstintaq Təcridxanasınında intihar edən MTN Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyevin və təhlükəsizlik orqanının digər keçmiş əməkdaşlarının qanunsuz fəaliyyəti nəticəsində öz var-dövlətini itirib.

Biznesmenin dediklərinə görə, keçmiş MTN əməkdaşları təhdid edərək, Həsən Əliyev küçəsində yerləşən, 650 min dollara aldığı ona məxsus “Oboy evi”ni bir gecədə 120 min dollara satmağını istəyiblər.

İlqar Əliyev və tərəfdaşları ondan 250 min dollar alıblar. Bu hadisə Eldar Mahmudovun istefaya göndərilməsindən təxminən bir ay əvvəl baş verib.

Biznesmenin iddiasına görə, 2015-ci ildə 40 kiloqram qızıl, bağ evi, obyekt girov qoyaraq, hazırda fəaliyyət göstərməyən “Texnika Bank”dan 1,5 milyon dollar kredit götürəndən sonra keçmiş təhlükəsizlik əməkdaşları onun yanına gəlib. Razılaşmaya əsasən, Mahmudov krediti 2020-ci ilə qədər ödəməli olub.

Lakin dörd ay keçməmiş bankda biznesmenə deyilib ki, o, kreditini indi bağlamasa, girov qoyduğu bütün var-dövləti əlindən çıxacaq.

“Texnika Bank”ın idarəçiliyində ikinci sima, 15 il müddətinə azadlıqdan məhrum edilən “Beynəlxalq Bank”ın keçmiş başçısı Cahangir Hacıyevin qardaşı oğlu Cəmil Hacıyev olub.

“Məni bütün var-dövlətimi əlimdən alacaqları ilə qorxutdular və təklif etdilər ki, krediti bağlamağa nağd pulum olmadığı üçün girov qoyduğum əmlakı satım.

Daha doğrusu, evdən başqa bütün əmlakımı ucuz qiymətə qohumlarına satdılar”, - deyə M.Mahmudov KİV-ə bildirib. Xatırladaq ki, bu barədə Azərbaycanda bütün aparıcı KİV məlumat yayıb.

M.Mahmudovun sözlərinə görə, bu qanunsuz hərəkətlərin nəticəsində ona 10 milyon manat zərər dəyib.

Bundan əlavə, o, “Azəriqazbank”a qarşı da iddia qaldırıb. Onun dediyinə görə, bu bankdan qızıl girov qoyaraq, kredit götürüb. Öncə zinət əşyalarını qəbul edən zərgərlər qızılları ümumi qaydada yoxlayıblar: komissiya tərəfindən ekspertiza aparılıb, akt tərtib edilib. Daha sonra müəyyən edilib ki, bankın girov olaraq götürdüyü brilyantlar adi qaşla əvəz olunub.

Son illər təşəbbüskar siyasətə qatılmış və “YouTube ulduzu”na çevrilmişdi. O, internetdə ölkə Prezidenti İlham Əliyevə qarşı çıxan Azərbaycandan gedən miqrantların çıxışlarına cavab videoları yerləşdirərək, özünü hakimiyyətin tərəfdaşı kimi təqdim edib.

Təbii ki, ölkə başçısının bütün bunlara ehtiyacı yoxdur.

Qeyd edək ki, M.Mahmudov daha əvvəl fırıldaqçılığa görə həbsdə olub.

Faktla bağlı istintaq davam edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024