Mobil versiya
Dövlətə xidmətdə keçən ömür
Tarix: 13-11-2019 | Saat: 12:46
Bölmə:Manşet / Gündəm | çapa göndər

Dövlətə xidmətdə keçən ömür




Prezident İlham Əliyev: “Şəmsəddin Xanbabayev həm təcrübəli insandır, eyni zamanda, ən ağır dövrdə Heydər Əliyevə öz dəstəyini göstərmişdi...”

Artıq xəbər verildiyi kimi, oktyabr ayının 31-də Şəmsəddin Xanbabayev dövlət başçımızın müvafiq sərəncamı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Qeyd etmək lazımdır ki, Şəmsəddin müəllimin Xaçmaza rəhbərlik etdiyi 2004-2019-cu illər ərzində bu rayon həqiqətən böyük inkişaf yolu keçib. Başqa cür ola da bilməzdi. Uzun illər Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında çalışmış Şəmsəddin Xanbabayev öz fəaliyyətini hər zaman dövlətə və ölkə rəhbərliyinə sədaqət prinsipləri əsasında qurub. Şəmsəddin müəllim bu prinsiplərə nə ötən əsrin 60-cı illərində Abşeronda, 70-80-ci illərdə isə Naxçıvan MR-da müxtəlif məsul vəzifələrdə çalışdığı dövrdə, nə də keşməkeşli 90-larda, artıq daha yüksək rəhbər vəzifələrdə, o cümlədən Naxçıvan Muxtar Respublikasının baş naziri vəzifəsində çalışdığı zaman xəyanət etmədi. 2000-ci ildən əmək fəaliyyətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsində davam etmək üçün yenidən paytaxta gəldikdən sonra isə, Şəmsəddin Xanbabayev Heydər Əliyev siyasi xəttinin davamlı olaraq həyata keçirilməsi yönümündə daha böyük əzmkarlıqla çalışmağa başladı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilməsi isə Şəmsəddin Xanbabayevin Vətənə və dövlətçiliyimizə xidmətə həsr olunmuş ömür yolunda yeni bir mərhələnin başlanğıcı oldu. Məhz həmin tarixdən etibarən Xaçmaz regionların inkişafına dair dövlət proqramlarının icrasının səmərəlilik göstəricilərinə görə digər rayon və bölgələrimizin sırasında liderlik mövqeylərinə çıxmağa başladı. Birmənalı olaraq demək lazımdır ki, son on beş ildə Şəmsəddin Xanbabayevin rəhbərliyi altında Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının aparatı, onun şöbələri, həmçinin rayonda fəaliyyət göstərən bütün digər qurumlar Ölkə Prezidentinin Qərar, Fərman və Sərəncamlarını, eləcə də ölkə daxilində həyata keçirilən siyasi xətti əldə rəhbər tutaraq rayonda iqtisadi inkişafı sürətləndirmək, ictimai-siyasi sabitliyi qorumaq, qanunların icrasını təmin etmək məqsədilə yüksək səmərəliliklə fəaliyyət göstərmişlər.

Bu illər ərzində Xaçmazda kifayət qədər böyük həcmli tikinti-quruculuq, abadlıq işləri görülmüşdür. Rayon üzrə ümumdaxili məhsulun və əsas kapitala yönəlmiş investisiyaların həcmi müntəzəm olaraq artmış və ən əsası da insanların rifah səviyyəsi əvvəlki illərlə müqayisə olunmayacaq dərəcədə yüksəlmişdir. Xaçmazı isə bu gün haqlı olaraq parklar və muzeylər şəhəri adlandırırlar. Bütün bunlar da əlbəttə ki, rayon əhalisinin daima Şəmsəddin müəllimə böyük hörmət və sonsuz rəğbət bəsləmələrinə səbəb olmuşdur.

Təsadüfi deyildir ki, Şəmsəddin Xanbabayevin fəaliyyəti hər zaman ölkə rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Şəmsəddin Xanbabayev 30 mart 2009-cu ildə “Şöhrət” ordeni, 04 aprel 2014-cü ildə “Şərəf” ordeni və 28 mart 2019-cu ildə “1-ci dərəcəli əmək” ordeni ilə təltif olunmuşdur.

Dövlət başçımızın Şəmsəddin Xanbabayevin fəaliyyətinə verdiyi yüksək qiymət bu günlərdə möhtərəm Prezidentimizin ifadə etdiyi fikirlərdə bir daha öz təsdiqini tapmış oldu. Belə ki, Prezident İlham Əliyev Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı və Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən, öz çıxışında Şəmsəddin Xanbabayevin fəaliyyəti barədə bunları demişdir: “Xaçmaz rayonunda uzun illərdir ki, Şəmsəddin Xanbabayev işləyir. Şəmsəddin Xanbabayev Naxçıvanda ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Baş Nazir vəzifəsində işləmişdir. Ondan sonra Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsində işləmişdir. Əvvəlki nazir onu işdən çıxarmaq istəmişdi, mən qoymadım. Çünki Şəmsəddin Xanbabayev həm təcrübəli insandır, eyni zamanda, ən ağır dövrdə Heydər Əliyevə öz dəstəyini göstərmişdi və Heydər Əliyev onu Naxçıvanın Baş Naziri vəzifəsinə təyin etmişdi. Son illər ərzində Xaçmaz rayonunda abadlıq işləri aparılıbdır, böyük infrastruktur layihələri icra edilibdir. Mənim təşəbbüsümlə modul tipli elektrik stansiyası tikilib, aqroparklar işə başlayıb, həm Bakıdan Xaçmaza qədər, eyni zamanda, kənd yolları çəkilib...” Əlbəttə ki, dövlət başçısının dilindən səslənən bu sözlər özü-özlüyündə artıq ən vacib göstərici və ən yüksək qiymətləndirmədir.

Lakin Şəmsəddin müəllimin xalqa və dövlətə xidmət etmək imkanları hələ tükənməmişdir. Şübhə etmirik ki, Şəmsəddin Xanbabayev bundan sonra da öz bilik və bacarığını, uzun illərdən bəri topladığı zəngin təcrübəsini gənc nəsillərə ötürməklə ölkəmizin inkişafına, Azərbaycan dövlətçiliyinin daha da möhkəmlənməsinə xidmət edəcək və ali məqsədlər uğrunda görülən işlərə öz dəyərli tövhələrini verməkdə davam edəcək.

P.S. Etiraf edim ki, məhz bu son sətirlərin üzərində bir qədər artıq düşündüm. Yəni əslində bu kəlmələri ümumiyyətlə yazıya daxil etmək istəmirdim. Amma bəzi həmkarlarımızın yolverilməz davranışı məni buna vadar etdi. Məsələ bundadır ki, bu günlərdə bəzi mətbu orqanlarına aid saytlarda Şəmsəddin Xanbabayev barəsində əsassız ittihamların əks olunduğu iftira xarakterli materiallar dərc olunub. Dediyim kimi, həmin ittihamların boş cəfəngiyyatdan ibarət olması birmənalıdır və mənim burada onları təkzib etmək kimi niyyətim də yoxdur. Sadəcə olaraq, belə materialları dərc edən həmkarlarımıza demək istəyirəm ki, gördükləri bu iş nə jurnalist etikasına, nə də cəmiyyətimizdə qəbul edilmiş ümumi mənəvi dəyər ölçülərinə qətiyyən sığmayan bir hərəkətdir.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024