Mobil versiya
“Xalqbank” şəhid ailəsinin mənzilini əlindən alıb
Tarix: 08-11-2019 | Saat: 12:26
Bölmə:Karusel / Ölkə | çapa göndər

“Xalqbank” şəhid ailəsinin mənzilini əlindən alıb


Mingəçevir şəhər sakini Cəfərova Nərminənin atası Şaban Cəfərov 1992-ci ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub. Anası iki balasını sinəsini sıxaraq, yarıqarnı ac, yarıqarnı tox onları böyüdüb, boya-başa çatdırıb. Ailə 1994-cü ildə Prezident Heydər Əliyevin göstərişinə əsasən, mənzillə təmin olunub.

Əvvəllər Mingəçevir şəhərindəki “Azərişıq”da çalışan Nərmin xanım yaxşı işçi olduğundan Bakıya göndəriş alıb.

O, Moderator.az-ın əməkdaşına “Xalqbank” tərəfindən mənzillərinin əlindən alınması ilə bağlı açıqlama verib:

“Anamın əməliyyatı ilə əlaqədar 2014-cü ilin avqust ayında Mingəçevir şəhərindəki evimizi “Xalqbank”a girov qoyub, 14802 manat kredit götürdüm (bu ilin sentyabrın 10-da anamı əməliyyat etdirmək üçün Mehriban xanım Əliyevaya müraciət etdim və çox sağ olsun ki, səsimə səs verdi. Anam ikinci dəfə yenə də ayağından əməliyyat olundu). Müqavilədə isə pul dollarla yazılıb. Mən də inanırsınız, müqaviləni oxumadan pulu götürdüm. Birinci ay krediti ödəməyə gedəndə gördüm ki, dollarladır. Yaxınlaşdım “Xalqbank”a ki, bəs nə etmisiniz? Bu dollar qalxsa, mən ayda 500 AZN maaş alıram, ödəyə bilməyəcəyəm. Nəyə gücüm çatırsa, ona vermisən. Aylıq əmək haqqıma görə mənə pul verilib. Dedilər ki, narahat olma, siz şəhid ailəsisiniz, dollar qalxsa da, düşsə də, sizə aidiyyatı yoxdur”, - deyən Nərminə xanım bir il ərzində “Xalqbank”a olan kreditini gecikdirmədən aybaay ödəyib. Bir ildən sonra dolların kursu qəfildən qalxdığından şəhid qızı bir çoxları kimi kreditini ödəyə bilməyib.

“Ailədə tək mən işlədiyimə görə ödəyə bilmədim. Nə qədər müraciət etdim, kömək istədim, bank mənə yardım etmədi. Gedib Mingəçevir müdiriyyətindən şikayətçi oldum deyə, Anar adlı müdiri işdən çıxartdılar. Yenisi gəldi yerinə, dedi ki, qızım, əsas iş Bakıdadır. Yəni baş ofisdədir. Gəldim Bakıya, şöbə müdiri Vasif müəllimlə danışdım. Çox kobud danışdı mənimlə. Dedi, sənin evin sənin üçün ocaqdırsa, bizim üçün heç nədir, get zəhmət çək pulunu ödə! Mən də Nəzarət Palatasına şikayət etdim, bu şöbə müdiri dedi ki, xanım mənə şər atır. Elə bir söz deməmişəm, sonradan yumşaldı. 14802 manatın qarşılığında 13275 manat ödəmişdim. Dedim, faizi nə qədərdisə, 0.78 ilə qalanını da verim, bağlansın. Dedilər, 30 min borcun var! Şoka düşdüm. Belə çıxır ki, bunlar mənə 42 min manat veriblər? 14 min pul verilib, dedim, lap 20 min ödəyim əvəzində. 42 mini necə ödəyim? Dedilər, dolların kursu artıb, devolvasiya olub, 1.70 kursu ilə istəyirik pulu. Ölkə rəhbərimiz sağ olsun, kredit götürənlər üçün şərait yaratdı ki, köhnə kursla borclarını bağlasınlar, amma 10 min manata kimi, məndə isə 19 min manat hesablanmışdı deyə, bizə şamil olunmadı o güzəşt”, - deyən şəhid qızı bir çox məmurların qəbullarına düşdüyünü də bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyevin şəhid ailəsinə bağışladığı ikiotaqlı mənzil dəfələrlə “Xalqbank” tərəfindən hərraca çıxarılıb. Sonda Ali Məhkəmə tərəflərin birinin – yəni özünü zərərçəkən qismində təqdim edən Nərminə xanımın iştirakı olmadan aprel ayında qərar çıxarıb. Qərara əsasən, mənzil hərraca çıxarılıb.

“Mənsiz bütün məsələləri həll ediblər, mənə qətnamə də gəlməyib. Xəbərim olmayıb heç nədən. İki gün əvvəl mənə məktub gəlib ki, ev hərraca çıxarılıb, noyabr ayında gəlib iştirak edə bilərsiniz. Zəng vurdum getdim banka, dedilər, nə etsəniz də, artıq mümkün deyil. Ya gətirib 28 min manatın hamısını ödəməlisiniz, ya da mənzili boşaldın. Anam xəstədir, iki aydır əməliyyatdan çıxıb. Qardaşımla bərabər yaşayırlar. Onları qarşıdan gələn qışın çağında necə çölə atmaq olar?!” – deyə acınacaqlı durumda olan şəhid balası fəryad edərək, ölkə rəhbəri cənab Pezident İlham Əliyevdən, birinci vitse-prezident Mehriban xanım Əliyevadan düşdükləri durumla bağlı yardım istəyir.

- Mən 13275 manat pul ödəmişəm. Az pul deyil. Heç bir güzəşt etmədilər mənə. Mən də onlaı məhkəməyə verməli oldum. Bank mənə dedi ki, sən bizi məhkəməyə verənə kimi gətirib aybaay pulu ödəyərdin gərək. Deyirm, siz məndən 40 mindən çox pul tələb edirsiniz! Mən tək, qız uşağı, ayda 600-700 manata işləyən adam 40 mini necə ödəyim axı? Belə haqsızlıqmı olar?! Ayın sonunda biz evdən çıxmalıyıq... Daha doğrusu, bizi çıxaracaqlar evdən.

Qarşı tərəfin mövqeyini öyrənmək üçün “Xalqbank”ın mətbuat xidmətinin rəhbəri Elşən Abdullayevlə əlaqə saxlasaq da, o, telefonu açmadı.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024